Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Nicat Aslanov Rəhim Ni***@mail.ru ID: 6191
Salam. Mən dövlət işində işləyirəm, atam 1-ci Qarabağ müharibəsi veteranıdır, ha-hazırda yaşayır və veteran vəsiqəsi də var. Babam isə 1941-1945 müharibəsi veteranıdır, qırmızı bayraq ordeni və igidliyə görə medallari var. (vəfat edib) Bilmək istəyirəm ki, atamın və babamın veteran olmağı, mənim üçün əmək haqqından tutulan tutumlara hansısa güzəşti, köməkliyi var?
28/03/2022 Read: 115 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunanlara əsasən Vergi Məcəlləsinin qeyd olunan maddəsi üzrə güzəşt Sizə aid edilmir.

5/5 (4 Average count)
Qiymət ver:
Ramiz Əsədov ra***@gmail.com ID: 6190
Salam. 2021-ci il Fevral ayından VÖEN almışam. 1 il ərzində 4000 AZN-ə yaxın gəlirim olub və stabil olmayaraq müxtəlif vaxtlarda gəlib. Qaydaları tam bilmədiyim üçün DSMF və digər ödəmələri gecikdirmişəm. Lakin sərəncam daxil olandan sonra ödəmişəm. Mən hazırda sadələşmiş və ya gəlir vergi ödəyicisi olduğumu belə bilmirəm. Onu necə və haradan dəqiqləşdirə bilərəm? Ümumiyyətlə youtube-dan baxaraq edirdim. Lakin, son bəyənnaməni doldura bilmədim. Konkret bu mövzularda hara yaxınlaşaraq və ya hara daxil olaraq məlumat əldə edə bilərəm? Əsas sadələşmiş və ya gəlir vergi ödəyicisi olduğumu haradan öyrənə bilərəm?
28/03/2022 Read: 78 Average count: 0

Bildiririk ki, vergi qanunvericiliyi və inzibatçılığı barədə üzləşdiyiniz suallarla bağlı saytımızda (www.taxes.gov.az) yerləşdirilən məlumatlarla tanış ola, eyni zamanda Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Emin Məmmədov Əkbər oğlu em***@gmail.com ID: 6188
Salam, mən çatdırılma xidmətində çalışıram və vergi barədə sualım var. Məsələn aylıq gəlirim 600 azndir, 75 AZN DSMF, 12 AZN tibb sığorta ödəyəndən sonra 513 AZN qalır. Sual: Gəlir vergisini 513 AZN-dən ödəməliyəm, yoxsa 600-dən?
28/03/2022 Read: 171 Average count: 5

Bildiririk ki, gəlir vergisi əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan icbari tibbi sığorta və sosial sığorta haqları vergi ödəyicisinin gəlirindən çıxılan xərclərinə aid edilir.

Əlavə olaraq bildiririk ki, müəssisə tərəfindən əsas fəaliyyət növü ilə bağlı olan işlərin və xidmətlərin yerinə yetirilməsi üzrə işlərə cəlb etdiyi işçilərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmaqla əmək münasibətləri rəsmiləşdirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101-ci, 102.1.30-cu, 108-ci maddələri və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-3-cü maddəsi.

 

5/5 (1 Average count)
Qiymət ver:
Tahir Abbasov ta***@gmail.com ID: 6186
Mən onlayn növbə götürmək istəyirəm, amma 12 saylı Ərazi Vergi İdarəsi yoxdur, siyahıda mən necə edim?
28/03/2022 Read: 48 Average count: 0

Bildiririk ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərar nəzərə alınaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin işində müəyyən dəyişiklik edilib. Belə ki, vergi ödəyiciləri 2022-ci il martın 9-dan etibarən həmin mərkəzlərdə göstərilən xidmətlərdən, iş rejimi nəzərə alınmaqla, onlayn növbəyə yazılmadan istifadə edə bilərlər.

0/5 (0 Average count)
Qiymət ver:
Şabanova Şölə Bəşir ni***@mail.ru ID: 6183
Salam. YVÖK-umu necə əldə etmək olar? Bələdiyyəyə ödəniş etmək istəyirəm, lakin YVÖK-umu itirdiyim üçün ödəniş edə bilmirəm.
27/03/2022 Read: 91 Average count: 5

Bildiririk ki, yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Bu səbəbdən sorğunuzla bağlı aidiyyəti bələdiyyəyə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 8-ci və 32.2-ci maddələri. 

5/5 (1 Average count)
Qiymət ver:
Nicat Məmmədov Oruc ni***@gmail.com ID: 6182
Salam. Mən VÖEN-imi 2 ay əvvəl avqust ayına qədər dondurmuşdum. Bu tarixdən öncə fəaliyyətimi bərpa edə bilərəmmi? Mümkündürsə necə edə bilərəm? Yoxsa avqsut ayına qədər gözləməliyəmmi?
27/03/2022 Read: 91 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi istənilən vaxt fəaliyyətini aktivləşdirmək üçün vergi orqanına müraciət edə bilər. Bunun üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz. 

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya vergi orqanı tərəfindən verilən kod-parol olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və Vergilər Nazirliyi Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament”.

5/5 (3 Average count)
Qiymət ver:
Namiq Ramazanlı Seyidağa ra***@mail.ru ID: 6176
Salam. Vergi ödəyicisi olan rezident fiziki şəxsə (ƏDV ödəyicisi deyil) hər ay proqram təminatı üçün ödəniş edirəm. Bu zaman hansı vergi öhdəliklərim yaranır? Təşəkkürlər.
27/03/2022 Read: 162 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.23-cü maddəsinə əsasən ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlər royalti hesab olunur.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Sorğunuzda qeyd olunan ödənişlər royalti ödənişi hesab olunduğu halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 124-cü maddələri. 

0/5 (0 Average count)
Qiymət ver:
Səməd Qasımov se***@gmail.com ID: 6174
Salam. Məhdud məsuliyyətli cəmiyyət və qapalı səhmdar cəmiyyətin ödədiyi vergilər arasında hansı fərqlər var?
26/03/2022 Read: 66 Average count: 5

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyət və qapalı səhmdar cəmiyyətlərə münasibətdə vergi qanunvericiliyində xüsusi vergitutma qaydası nəzərdə tutulmamışdır. 

Hüquqi şəxslərin qeydiyyatı və vergi öhdəlikləri barədə ətraflı məlumat almaq üçün saytımızın "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Nəriman Məmmədalıyev Adil ne***@gmail.com ID: 6168
Salam. Türkiyə respublikası ilə bağlanan françayzinq müqaviləsinə əsasən aylıq royalti haqqı ödənilir və vergi məcəlləsinə əsasən həmin royalti məbləğindən 14% dərəcə ilə ödəmə mənbəyində vergi tutulur. Bilmək istəyirəm ki, ikiqat vergitutmanın aradan qaldırılması üzrə beynəlxalq müqaviləyə əsasən həmin royalti məbləği ömvdən azad olunurmu? Bu halda həmin azadolmanın tətbiqi üçün vergi ödəyicisi tərəfindən hansı proseduralar yerinə yetirilməlidir?
23/03/2022 Read: 247 Average count: 0

 Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının (bundan sonra - Qaydalar) 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. 

Eyni zamanda, Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

Bununla yanaşı, Qaydaların 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş DTA-03 forması vaxtında təqdim edilmədikdə və qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident, vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını(bundan sonra - DTA-05 forması) (Əlavə № 9) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.

0/5 (0 Average count)
Qiymət ver:
Elşən Abdullayev Beytulla el***@gmail.com ID: 6167
Salam. VM 175.12 maddəsinə əsasən Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Bu ƏDV bəyənnaməsində necə əks olunur. Üzülü sayın mən tapa bilmirəm.
22/03/2022 Read: 204 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 01.01.2022-ci il tarixdən qüvvəyə minən müddəalarına əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

ƏDV-nin bu qaydada hesablanması 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən 3 il müddətində həyata keçiriləcəkdir. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı müvafiq qaydada rəsmiləşdirilmədiyi halda ƏDV ümumi dövriyyədən hesablanır.

Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Əlavə olaraq bildiririk ki, tərəfinizdən təqdim olunan kənd təsərrüfatı məhsulları üzrə ticarət əlavəsindən hesablanmış ƏDV məbləğləri həmin malların dəyərinin ödənildiyi hesabat dövründə təqdim olunan ƏDV bəyannaməsinin 301.2-ci sətrində və bu sətrin ticarət əlavəsi üzrə açıqlaması bəyannaməyə 2 №-li Əlavədə əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 175-ci maddələri, “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənova Dilarə OSman qızı ve***@gmail.com ID: 6166
Salam, mağazadan aldığım hədiyyə kartını geri qaytarıb pulumu geri almaq istəyirəm. Ancaq geri qaytarmırlar, bunun üçün hansı addımları atmalıyam?
21/03/2022 Read: 157 Average count: 5

Sorğunuzda qeyd olunanlar Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, bu barədə ətraflı məlumat almaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (competition.gov.az/az) müraciət etməyiniz tövsiyə olunur. 

5/5 (2 Average count)
Qiymət ver:
Seyidov Seyidəhməd Qurban as***@gmail.com ID: 6165
Tələb olunan məbləğdən daha çox vergi ödədikdə həmin məbləğ balansda qalır?
19/03/2022 Read: 133 Average count: 4

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya vergi orqanı tərəfindən verilən kod-parolunuz olduqda, onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən vergi borcunuz və ya artıq ödəməniz barədə məlumatı əldə edə bilərsiniz. 

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin Yardım bölməsindən əldə edə bilərsiniz.

4/5 (3 Average count)
Qiymət ver:
Novruzov Şükür Əli oğlu sh***@gmail.com ID: 6000
Salam. Şəxsi yük avtomobili ilə yükdaşıma fəaliyyəti (49411) ilə məşğul olan vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçmiş (vöeni olan şəxs kimi) sabit vergisini və mdss və its haqlarını ödəyərək fərqlənmə nişanı ilə fəaliyyət göstərən şəxslər hüquqi şəxslərlə xidmət müqaviləsi bağlayaraq qarşlıqlı olaraq e-qaimə və bank köçürməsi ilə fəaliyyəti davam etdirərkən (hüquqi şəxslərnən olan dövriyyə ümumi dövriyyənin 30 % dən çox olduqda) sabit (sadələşdirilmiş) vergi ödəyicisi olmaq hüququndan məhrum olub gəlir vergisi ödəyicisinə çevrilir yoxsa olduğu kimi qalır?
18/03/2022 Read: 378 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Göründüyü kimi Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinin müddəaları mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslərə şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 221-ci maddələri.

5/5 (10 Average count)
Qiymət ver:
Yafət Səlimov Əlibala ya***@gmail.com ID: 6164
AKO firmasının adından Dövlət Xəzinədarlığı fonduna depozit pul köçürmək istəyirəm. Büdce səviyyə kodu necə olmalıdır?
18/03/2022 Read: 89 Average count: 0

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən büdcə səviyyəsinin kodları) və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

0/5 (0 Average count)
Qiymət ver:
Qafarov Qoşqar İlqar qa***@gmail.com ID: 6163
Salam. Sualım belədir ki, banklar plastik kart satışına görə ƏDV ödəməlidirlərmi?
18/03/2022 Read: 138 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsidir.

Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur və Vergi Məcəlləsinin 13.2.14-cü maddəsinə əsasən maliyyə xidmətlərinin siyahısı müəyyən edilmişdir.

Plastik kartların satışı yuxarıda qeyd olunan maliyyə xidmətlərin siyahısına aid edilmədiyindən, banklar tərəfindən plastik kartların satışı ümumi qaydada ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 159-cu və 164-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Yaqubova Mehparə Yusi qızı La***@mail.ru ID: 6016
Salam. Sualım müəssisəyə təsisçi tərəfindən göstərilən müvəqqəti maliyyə yardımı ilə əlaqədardır. Belə ki, yeni yaradılan müəssisəyə zəruri avadanlıqların alınması üçün təsisçi tərəfindən müvəqqəti maliyyə yardımı göstərilir. Az bir müddətdən sonra yardım alındığı məbləğdə geri qaytarılır. Yəni təsisçi heç bir faiz əldə etmir və ödəmə mənbəyində tutulan verginin vergitutma öbyekti yaranmır. Vergi Məcəlləsinin 123.1 maddəsi məhz ödənilən faizlərdən verginin tutulmasını nəzərdə tutur. Başqa sözlə, müəssisənin ödəmədiyi gəlirə görə vergi öhdəliyi yarana bilməz. Xahiş edirəm mövqeyinizi bildirəsiniz.
18/03/2022 Read: 359 Average count: 4

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə, maddə 739.2).

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).
Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

4/5 (9 Average count)
Qiymət ver:
Əliyev Məğrur Möhtərəm oğlu me***@mail.ru ID: 6005
Mən 2011-ci ildən 2020-ci il sentyabrın 22-dək "Kaspi" qəzeti redaksiyasında baş redaktorun müavini vəzifəsində işləmişəm. Bu haqda elektron kabinetimdə məlumatlar əks olunub. Daha sonra zabit kimi Vətən müharibəsində iştirak etmişəm. Xidmət etdiyim hərbi hissədən mənim hesabıma sosial yığımlar ödənilsə də, "Kaspi" qəzeti şirkəti tərəfindən 2020-ci ilin yanvar-sentyabr dövrü üçün heç bir ödəniş həyata keçirilməyib. Bu isə mənim kapital yığımı məbləğimdə özünü göstərib. Xahiş edirəm, hüququmun təmin olunması üçün tədbirlər görəsiz. Qeyd edim ki, bu barədə 2022-ci il yanvarın 24-də 195 çağrı mərkəzinə də müraciət etmişəm, şikayətimin qeydə alındığı bildirilib. Amma bu günədək nə məsələ həll olunub, nə də mənə cavab verilib.
18/03/2022 Read: 167 Average count: 4

Bildiririk ki, məcburi dövlət sosial sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir. 

Eyni zamanda məlumat üçün bildiririk ki, sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. 

Qeyd olunanlara əsasən, pensiya kapitalı ilə bağlı sorğunuzu aidiyyəti üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi".

4/5 (3 Average count)
Qiymət ver:
Çinarə Nəzərova ci***@mail.ru ID: 6004
"Az Trading Group MMC" hansı hesabatı verməlidir?
18/03/2022 Read: 255 Average count: 3

Bildiririk ki, sorğunuzda qeyd olunan hüquqi şəxsin təqdim edilməli bəyannamələri barədə məlumatlar kommersiya (vergi) sirri hesab olunan məlumat sayılır və “Sual-cavab” bölməsində kommersiya (vergi) sirri təşkil edən məlumatlar verilmir.

Kommersiya sirri təşkil edən məlumatları vergi ödəyicisinin rəhbəri və ya digər səlahiyyətli nümayəndəsi (rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla təsdiqlənmiş etibarnamə ilə) vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilər.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

 

3/5 (5 Average count)
Qiymət ver:
Nahidə Ağazadə Şirzaid mp***@mai.ru ID: 6002
Salam. Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsaslanaraq, sizə bir sual vermək istəyirəm. Bizim Mərdiyev Rəhim İspər oğlu adlı işcimizın 4 usağı var. Bu usaqların ikisi tələbədir (21 və 22 yaşlarındadır), 2-si də hal-hazırda işləyirlər. Həyat yoldaşı işləmir. Bu işçiyə yuxarıda göstərdiyimiz Vergi maddəsinə əsasən 50 manat məbləğındə güzəşt düşürmü?(195-dən aldığım məlumata görə düşür) Bu nə dərəcədə doğrudur?
18/03/2022 Read: 217 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Sorğunuzda qeyd olunan şəxs yuxarıda qeyd olunan təsdiqedici sənədləri iş yerinə təqdim etməklə, vergi güzəştindən yararlana bilər.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (3 Average count)
Qiymət ver:
Kərimov Fuad Əzim oğlu fu***@voltajmmc.com ID: 6162
2021-ci ildə məhsul istehsalı üçün 10 000 manat əmək haqqı, 20 000 manat mal-material, 5000 manatda sair xərclərim olub. 2021-ci ildə İstehsal etdiyim məhsulun yarısın satmışam, yarısı isə 2022-ci ildə satılıb. 2021-ci ildə satılan malın istehsalına əmək haqqı xərcim 5000 manat edir. Xahiş edirəm saulıma konkret cavab verəsiniz. 2021-ci ilin mənfəət vergisi bəyannaməsin təqdim edərkən 2021-ci il üçün əmək haqqı hesablanmasının hamısını xərcə salmalıyam, ya satılan malın istehsalına sərf olunan 5000 manat qədər ?
17/03/2022 Read: 111 Average count: 0

Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən, hazır məhsulun istehsalına çəkilmiş xərclər, o cümlədən əmək haqları və ona bərabər tutulan ödənişlər, istehsal prosesinə cəlb olunmuş əsas vəsaitlər üzrə amortizasiya ayırmaları həmin məhsulların dəyərini təşkil etdiyindən satılmayan məhsulların növbəti ildə təqdim edilməsi zamanı həmin məhsulların dəyərində olan xərclər təqdim edildiyi ildə gəlirdən çıxılan xərclərə aid edilir.

Bununla yanaşı istehsal prosesi ilə bağlı olmayan xərclər (inzibati və satış xərcləri) məhsulun maya dəyərinə daxil edilmir və vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 134-cü, 135-ci, 136-cı və 139-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver: