Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Məmməd Nəbiyev Şahin me***@gmail.com ID: 6157
Mən sayt açmaq istəyirəm və açdığım saytda ödənişli "PUBG MOBİLE" oyunları keçirməyi düşünürəm. Amma bunun üçün hər hansı bir vergi ödəməli olub olmadığımı və bele bir saytın yaradılması üçün Azərbaycanda xüsüsi lisenziyaya ehtiyac varmı onu oyrənmək istəyirəm
17/03/2022 Read: 151 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Sorğunuzda qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün lisenziya və ya icazənin alınıb-alınmaması barədə məlumat almaq üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) müraciət etməyiniz daha məqsədəuyğundur.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci və 220-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Aqil Ağayev Ağa ag***@gmail.com ID: 6153
Xahiş edirəm, Vergi Məcəlləsinin aşağıda qeyd edilən maddəsinə açıqlama verərdiniz. Maddə 102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Qeyd edilən maddə göstərilib ki müəssisənin əməkdaşı güzəşt üçün təsdiq edici sənədi təqdim etdiyi andan yox əmək müqaviləsinin bağlandığı tarixdən nəzərə hesablanır. Sual.1. Əməkdaş məcburi köçkündür işə qəbul tarixi 01.01.2008 ci ildir. Məcburi köçkünlər üçün vergi güzəştin təsdiq edən sənədi 01.03.2022 tarixində təqdim edib. Bu hal da güzəşt konkret olaraq hansı tarıxdən və nəyə əsasən hesablanır? Sual 2. Əgər sual 1 də qeyd edilən şəxsin vergi güzəşti əmək müqaviləsi bağlandığı tarixdən nəzərə alınırsa o zaman Vahid Bəyannamədə necə göstərilir.? Sual 3. Vahid Bəyannamədə son 3 ilə dəqiqləşmə vermək olur. Əvvəlki illər üçün yuxarda qeyd edilən şəxs üçün necə konpensasiya edək?
16/03/2022 Read: 119 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Qeyd olunanlara əsasən vergi güzəşti hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yarandığından güzəşt hüququnu müəyyən edən sənədin əsas iş yerinə təqdim edilmədiyi müddət üçün vergi güzəşti tətbiq edilmir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

0/5 (0 Average count)
Qiymət ver:
Quliyev Məhəmməd Rafiz oğlu ja***@gmail.com ID: 6151
Əmək məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinin 4-cü abzasının "əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi" tələbi pozularsa, yəni, əmək müqaviləsi ilə tənzimlənməli olan əmək münasibətləri mülki hüquqi müqavilə ilə tənzimləndiyi halda, hansı cərimə və ya sanksiya tədbiq edilə bilər?
16/03/2022 Read: 95 Average count: 5

Bildiririk ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 286-VIQD nömrəli 2 aprel 2021-ci il tarixli Qanunu ilə bu Məcəllənin 7-ci maddəsinə 2-3-cü bənd əlavə edilmiş və tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri hesab edildiyi və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədiyi hallar müəyyənləşdirilmişdir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, həyata keçirilən nəzarət tədbirləri zamanı işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə fiziki şəxslərin mülki hüquqi müqavilə əsasında cəlb edilməsi halları üzrə aparılan araşdırma nəticəsində tərəflər arasında faktiki olaraq əmək münasibətlərini şərtləndirən əmək şəraiti olduğu halda, bu münasibətlər faktiki olaraq əmək münasibətləri hesab edilir və əmək müqaviləsinin bağlanmamasına görə müvafiq tədbirlər görülür. 

5/5 (1 Average count)
Qiymət ver:
Nəriman na***@mail.ru ID: 6150
Salam. Bilmək istəyirəm, yanacaq doldurma məntəqəsində benzin və dizel yanacağının təbii itkisi necə və hansı normalarla hesablanır?
16/03/2022 Read: 145 Average count: 5

Bildiririk ki, yanacağın təbii itki normasının müəyyən edilməsi və hesablanma qaydası Vergi Məcəlləsi ilə tənzimlənmir. Qeyd edilən məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Məlikrzayev Abdulla Əlimirzə oğlu ab***@mail.ru ID: 6149
Vergi Məcəlləsinin 102.1.7 maddəsində qeyd edilir ki, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən əldə edilən gəlir vergidən azaddır. Sualım ondan ibarətdir ki, mən vergi orqanlarında uçota alınmayan fiziki şəxs olaraq özümə məxsus qızıl məmulatını zərgərlik məhsullarının pərakənda satışı ilə məşğul olan vergi ödəyicisinə satdıqda, mənə ödəniləcək pul vəsaitindən ödəmə mənbəyində vergi tutulmalıdırmı?
16/03/2022 Read: 151 Average count: 0

Qiymətli daşların satışından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Belə ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinin müddəalarına əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99-cu və 101-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Sənan Səfərli Yusif oğlu no***@gmail.com ID: 6143
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə görə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Məcəlləinin 102.8-ci maddəsinə əsasən “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir (əvvəlki redaksiyada “yaranır”) və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir”. 3 dekabr 2021-ci il tarixli 406-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, 286) ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.8-ci maddəsinə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir: “Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır”. Azərbaycan Respublikası Konstutusiyasının “Normativ hüquqi aktlar” başlıqlı 149-cu Maddəsinin VII bəndinə əsasən “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir”. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.8-ci bəndinə yuxarıda göstərilən son düzəliş fiziki şəxslərin vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. Belə ki, həmin maddəyə əsasən vergi güzəştlərini əldə etməyə əsas verən statusun olduğu halda vergi güzəştinin əldə edilməsi güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi anı ilə deyil (bu andan hüquq tətbiq edilir), həmin hüququn yaranması anı - əmək müqaviləsinin (kontraktın) hüquqi qüvvəyə minməsi anı ilə şərtləndirilir. Bundan isə məqsəd odur ki, sənədlərin nə vaxt əldə edilməsi və təqdim olunmasından asılı olmayaraq, hüquq sahibinə öz hüququnu onun yarandığı vaxtdan gerçəkləşdirmək imkanı verilsin. Əks təqdirdə qanunvericiliyin vətəndaş üçün müəyyənləşdirdiyi hüquqlar, o cümlədən konstitusion hüquq pozulmuş olur. Belə ki, bu zaman hüquq sahibinə öz subyektiv hüququnu gerçəkləşdirməkdə imtina edilmiş olur. Bundan çıxış edərək, işçinin Vergi Məcəlləsinin 102-ci maddəsində sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusun olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədlər əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim edildiyi halda, işçinin malik olduğu vergi güzəştinin onunla bağlanmış əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanması, işçiyə kompensasiyası və büdcə ilə əvəzləşdirilməsi mexanizmi barədə məlumat verməyinizi xahiş edirəm.
15/03/2022 Read: 214 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Qeyd olunanlara əsasən vergi güzəşti hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yarandığından güzəşt hüququnu müəyyən edən sənədin əsas iş yerinə təqdim edilmədiyi müddət üçün vergi güzəşti tətbiq edilmir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Məlum olduğu kimi, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir. Belə ki, həmin maddəyə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 

Göründüyü kimi Konstitusiyanın yuxarıda qeyd olunan norması Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin hesablanmasına aid edilmir. Qanunla müəyyən edilən vergitutma obyektlərindən vergilərin ödənilməsi Vergi Məcəlləsi ilə tənzimlənir. Bu tənzimlənmənin (vergi dərəcəsinin və ya vergitutma obyektinin) dəyişməsi vergi ödəyicisinin hüquqi vəziyyətini və ya hüquq məsuliyyətini yaxşılaşdıra və ya pisləşdirə bilməz.

Qeyd olunanlara əsasən vergi ödəyiciləri vergiləri vaxtında və tam həcmdə vergi tutulan əməliyyatın aparıldığı dövrdə qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun olaraq ödəməlidirlər. Əks təqdirdə vergi ödəyiciləri arasında bərabərlik pozularaq diskriminasiyanın yaranmasına səbəb olar.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.  

Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur və heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır.  

Vergi Məcəlləsinin 3.6-cı maddəsinə əsasən vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz və mülkiyyət formasından və ya fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələrinin müəyyən edilməsi qadağandır.

Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 102.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu, Azərbaycan Respublikasının Konstitusiyası, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Xanım Orucova Nadir qızı kh***@gmail.com ID: 6126
Salam, VOEN nömrəm 1503451522. Voenimi 2017 ildə dondurmuşdum, tam bağlamaq istəyirəmsə hara müraciət edim? Onlayn etmək olar? Və xidmət ödənişsizdir? Təşəkkür.
14/03/2022 Read: 124 Average count: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki  “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

5/5 (3 Average count)
Qiymət ver:
İmran Cəfərov Bayram ce***@yahoo.com ID: 6123
Salam. Vətəndaşın rayonda torpaq sahəsi var və kənd təsərrüfatı mallarının əkinlə məşğuldur. Keçən il ərzində "B" şirkətinə 230 min manatlıq şirin bibər satıb. Vergilərdən zəng edib deyirki, sübut et görüm həqiqətən sən o malı satmısanmı, əgər satıbsansa adına məcburi VÖEN açıb 5 faiz məbləgində borc yazacq. Bu necə doğrudur və hansı qanunla tənzimlənir? Məyər, fermer təsərrüfatı ilə məşğul olan hansı qanuna əsasən VÖEN açmağa məcburdur?
13/03/2022 Read: 161 Average count: 5

Bildiririk ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Məlumat üçün bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də digər vergi ödəyciləri kimi ilk növbədə vergi orqanında uçota durmalı, bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 33-cü, 34-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 218-1-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Bədəlov Əlləz Abbas oğlu Al***@gmail.com ID: 6118
Mənim VÖEN-im var, sadəcə olaraq mən onu itirmişəm. İndi də mənə onun seriya nömrəsi lazımdır. Onu öyrənmək istərdim.
12/03/2022 Read: 103 Average count: 5

Bildiririk ki, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə şəxsin vergi orqanında qeydiyyatda olması vəziyyətini müstəqil şəkildə yoxlaya bilərsiniz.

Bədəlov Əlləz Abbas oğlu (VÖEN 1800057202) vergi ödəyicisi kimi uçotdadır. Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. .

5/5 (1 Average count)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 6117
Hesabat dövründə heç bir fəaliyyət olmayıbsa, bu dövr üçün təqdim olunacaq bəyannamə vaxtında təqdim edilmədikdə onda maliyyə sanksiyası (40 manat) tətbiq olunacaq ya yox?
12/03/2022 Read: 158 Average count: 5

Bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 57.1-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Fərrux Əsədzadə il***@mail.ru ID: 6115
Salam, belə bir sualım var: Pərakəndə satış nöqtəsinin ardıcıl 12 ayının dövriyyəsi 200 min AZN-dən çox olarsa və müəssisə mənfəət vergisi ödəyicisi olmaq istəyərsə, bu müəssisə eyni zamanda həm də ƏDV vergisi ödəməlidir? Sualı daha da dəqiqləşdirərək deyim ki, pərakəndə satış nöqtəsi həm alışını rəsmi qaimə ilə təsdiqləyir, həm də satışını rəsmi qaydada aparırsa, xərcləri rəsmi qaydada təqdim edə bilirsə, gəlirlər - xərclər = xalis mənfəətin 20%-ini ödəyəndən sonra əvəzləşdirmə qaydasında fərqdən 18% ƏDV də ödəməlidirmi?
12/03/2022 Read: 153 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Həmçinin, ƏDV vergi ödəyicisi olan hüquqi şəxs, eyni zamanda mənfəət vergisinin ödəyicisi kimi, əldə olunan gəlirlərdən Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərqdən 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün saytımızın "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 155-ci və 218-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Vüsal Həsənli Mirəli oğlu hv***@mail.ru ID: 6110
Salam, mən Vətən müharibəsinin iştirakçısıyam və bu yaxınlarda veteranlıqla bağlı mənə təqaüd verilməyə başlanılmışdır. Özüm qeyri-neft sektorunda işləyirəm, belə bir məlumat eşitmişəm ki, bizi kimi veteranlara vergi güzəşti var. Bununla bağlı sizdən dəqiq məlumat istəyirəm ki, mən bankda işləyirəmsə həmin güzəşt mənə də tətbiq olunmalıdırmı və ümumiyyətlə güzəştlər hansılardır?
11/03/2022 Read: 115 Average count: 0

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Həmçinin bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. 

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Kənan Həsənov Sulduz Ke***@gmail.com ID: 6109
Salam. Onlayn bizneslə məşğul olan bir tanış var, VÖEN-i yoxdur. Müştərilər ödəmə terminalı ilə onun kartına pul vururlar, o formada satışını həyata keçirir. Dünən bankdan zəng gəldi ki, bəs sizin kart hesabınız fiziki şəxsə uyğun olmadığından blok edilib, VÖEN açdırmalısınız. O da məndən xahiş etdi ki, bu məsələni araşdırım. Sual budur ki, bu şəxsə indi nəsə bir cərimə tətbiq olunacaq? Və ya gedib bankdan ikinci bir debet kart açdırıb ödənişləri yenidən qəbul etməyə başlasa və hələ də VÖEN açdırmasa, VÖEN-siz işə davam etsə, bu halda nəsə bir cərimə vəya cinayət düşürmü o şəxsə? Zəhmət olmasa, cavablandırardınız.
11/03/2022 Read: 163 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Fiziki şəxs "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Bununla yanaşı, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 57-ci, 58-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Əbülfəz Baxşıyev er***@mail.ru ID: 6108
Vergi ödəyicisi tikinti materiallarının pərakəndə satışı ilə məşğul olur. Rüb ərzində ümumi satış dövriyyəsi 30 000 manat təşkil etmişdir. Bunun 7500 manatı e-qaimə ilə rəsmilşədirilməklə topdansatış qaydasında mal satışı təşkil etmişdir. Vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi hüququnu saxlamaqla topdansatış qaydasında təqdim etmiş 7500 manatı gəlir vergisinə cəlb etməlidirmi?
11/03/2022 Read: 127 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Sorğunuzda qeyd olunan halda, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadığı üçün vergi ödəyicisi sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququna malikdir və əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
İlham Mansurov il***@mail.ru ID: 5762
16.11. Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir: 16.11.1. bu Məcəllənin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə – elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi; 16.11.1- qeyd olunanlardan belə başa düşmək olarmi ki, Təqvim ayı ərzindəeyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara görə ödəniş tapşırığı tərtib edildikə təyinartda yalnız müqavilə nömrəsi və tarixini qeyd etmək kifayət edirmi və buna görə hər hansı bir maliyyə sanksiyası tətbiq edilə bilərmi?
10/03/2022 Read: 240 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, vergi ödəyicisi olan şəxslər arasında Vergi Məcəlləsinin 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə ödəniş aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını aparan digər şəxslərə təqdim edilən ödəniş tapşırığında elektron qaimə-fakturanın seriya və nömrəsi göstərilir. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə  tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi barədə məlumatlar da əks etdirilir.

Əsas: Vergi Məcəlləsi, 16.11-ci və 71-1.5-ci maddələri.

4/5 (15 Average count)
Qiymət ver:
Şərif Əliyev Məhəmmədəli pğlu al***@mail.ru ID: 6106
Salam, məni maraqlandıran bu suala cavab veməyinizi çox xahiş edirəm. Sual belədir: pərakəndə ticarətdə ƏDV-dən azad olunan mal satılarkən həmin mala görə vergi necə hesablanır? Əgər bir ayda 50 000 AZN mal satılıb, onun 3000 AZN ƏDV-dən azad olunan maldır. 3000 AZN-ə görə vergisi necə hesablanır, misalla izah etməyinizi xahiş edirəm.
10/03/2022 Read: 202 Average count: 0

Bildiririk ki, əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

ƏDV ödəyicisi tərəfindən vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparılırsa, ƏDV-dən azad olunan malların dəyərinə ƏDV tətbiq olunmur. Sorğunuzda qeyd olunan misalda 50 000 manatlıq malların 47 000 manatlıq hissəsi 18 faiz dərəcə ƏDV tətbiq olunmaqla, 3000 manatlıq hissəsi isə ƏDV tətbiq olunmadan təqdim olunur. 

Eyni zamanda, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Qeyd olunanlarla yanaşı ƏDV ödəyicisi eyni zamanda mənfəət vergisinin (gəlir vergisinin) ödəyicisi olduğu üçün, malların təqdim olunmasında əldə olunan gəlirlərdən xərclər çıxılmaqla qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət (gəlir) vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 104-cü, 108-ci, 153-cü, 159-cu və 175-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Həsrətov or***@mail.ru ID: 6104
Salam. Bilmək istərdim müharibə veteranı statusu verilmiş şəxs hərbiçidirsə , ona şamil olunmuş hansı vergilərdən azad olunur və hesablanma qaydası necədir.
10/03/2022 Read: 104 Average count: 5

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Orucov Emin Əvəz oğlu Eo***@moethennessy.com ID: 6103
Salam. Məhsul satış üçün deyil, marketinq üçün istifadə edildikdə (dequstasiya, reklam və s.) hansı qiymətlə silinməli və hansı vergilər verilməlidir? Bu qiymət məhsulun anbar qiyməti olmalıdır yoxsa bazara satış qiyməti? Xahiş edirəm ətraflı izah verəsiniz. Öncədən təşəkkür edirəm.
10/03/2022 Read: 196 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsidir.

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri şirkətin vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.

Həmçinin, Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 14-cü, 96-cı, 104-cü və 159-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Vüqar Yaqubov Qabil vu***@gmail.com ID: 5765
Bildiyimiz kimi Vergi Məcəlləsinin 102.1.8 ci maddəsinə və Sosial sığorta haqqında qanunun 15-ci maddəsinə əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər həm gəlir vergisindən həmdə Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları sosial sığorta haqqı hesablanmsından azaddır. Yuxarıda qeyd edilənləri nəzərə alsaq bu zaman həyatın yığım sığortasına yönəldilən məbləğin 15 % miqdarında işəgötürən sığorta haqqı hesablamaqdan azaddır. Misal-1: Həyatın yığım sığortasına əmək haqqının 50 % yönəldən əməkdaşla yönəltməyən əməkdaşa görə işəgötürən tərəfindən hesablnamalı sosial sığorta haqqı bu zaman aşağıdakı hallardakı kimi olacaq 1. Qeyri-neft özəl sektorda işləyən və həyatın yığım sığortsına qoşulmayan və aylıq əmək haqqı 1000 azn olan işçiyə görə işəgötürən tərəfindən hesablanıb öədnilməli sosial sığorta haqqı Sosial sığorta haqqı = 44 + (1000-200)*15%=44+120=164 azn 2. Qeyri-neft özəl sektorda işləyən və 400 azn məbləğində həyatın yığım sığortsına qoşulan və aylıq əmək haqqı 1000 azn olan işçiyə görə işəgötürən tərəfindən hesablanıb ödənilməli sosial sığorta haqqı Sosial sığorta haqqı = 44 + ((1000-400)-200)*15%=44+60=104 azn Yuxarıdakı misallardanda aydın görünür ki, həyatın yığım sığortasına qoşulan əməkdaşa görə ödənilməli olan sosial sığorta haqqı məbləği həyatın yığım sığortasına qoşulmayan əməkdaşa nisbətən daha azdır. Bu zaman işəgötürən tərəfindən sığortaolunanın gəlirlərinin 50 faizini keçməmək şərti ilə onun xeyrinə sığortaedənə ödənilən 15 faiz (15 % həyat yığım sığortasına yönəldilən məbləğə görə işəgötürənin ödəməkdən azad olunduğu sosial haqq) həyatın yığım sığortasına yönəldilərsə bu məbləğ işçinin gəliri sayılır. Sualımız daha aydın izahını aşağıdakı misalla nəzərinizə çatdırırıq; Misal-2:Yuxarıda qeyd etdiyimiz misalın davamı olaraq işəgötürənin həyatın yığım sığortasına qoşulan əməkdaşa görə ödəməkdən azad olunduğu 60 azn sosial sığorta haqqı işçinin 400 azn məbləğinə əlavə olunaraq sığorta edənə köçürülərsə bu zaman köçürülən 60 azn məbləğ işçinin gəliri hesab edilən məbləğ işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilirmi? Sizdən xahiş olunur ki, Vergi Məcəlləsinin və Sosial sığorta haqqında qanunun yuxarıda qeyd etdiyimiz müvafiq maddələrini nəzərə alaraq göndərdiyimiz sualı cavablandırasınız.
10/03/2022 Read: 286 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Buna əsasən işçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.

Eyni zamanda sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqlarından sığortaedən tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən həmin məbləğlər işçinin gəlirlərinə və həmin ödənişlər işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

4/5 (3 Average count)
Qiymət ver:
Orxan or***@gmail.com ID: 6102
Salam. Mən 08 dekabr 2021 cu ildə Şəhadətnamənin nüsxəsinin alınması barədə müraciət etmişəm, amma cavab yoxdur hələ də. Necə edim?
10/03/2022 Read: 61 Average count: 5

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir. 

Müraciətinizlə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver: