Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri (müqavilə, təhvil-təslim aktı, invoys və s.) ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır.
Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 125.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 125-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinin müddəalarına əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətlərinə aid edilməklə ƏDV-dən azaddır.
Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta vasitəçiləri (agentləri) istisna olmaqla, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığorta vasitəçilərinin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.
Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan halda hüquqi şəxsin sığorta xidmətindən əldə etdiyi gəlirlər ƏDV-dən azaddır və mənfəət vergisinə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 13-ü, 164-cü və 218-ci maddələri.
Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının rezidenti tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada əməliyyatlar aparıla bilər.
Bildiririk ki, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.
Yuxarıda qeyd olunan tələb etmə müddəti bitdiyi üçün sorğunuzda qeyd olunan hesabat dövrü üzrə yaranmış artıq ödənilmiş vergilərin geri qaytarılması imkan xaricindədir.
Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları.
Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Eyni zamanda vergi qanunvericiliyinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Buna əsasən malların alış və ya mədaxil sənədlərinin olmasından asılı olmayaraq vergi ödəyicisi tərəfindən malların digər vergi ödəyicisinə satışı elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməlidir.
Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və 58-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Fəaliyyət növlərinin siyahısı ilə aşağıdakı link vasitəsilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) tanış olmaq olar: https://www.taxes.gov.az/az/page/bir-pencere
Əlavə sual yarandıqda, fəaliyyətiniz haqda ətraflı məlumat verməklə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahəsi üzrə əmlak vergisi həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq etməklə hesablanır.
Yaşayış sahəsi dedikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla onun bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Eyni zamanda yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.
Əlavə olaraq bildiririk ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.
Əsas: Vergi Məcəlləsinin 4.4-cü, 198-ci, 199-cu, 200-cü və Mənzil Məcəlləsinin 12-ci maddələri, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı.
Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Bildiririk ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahəsi üzrə əmlak vergisi həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq etməklə hesablanır.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır və hesablanmış əmlak vergisi barədə tədiyyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dən gec olmayaraq vergi ödəyicilərinə verilməlidir.
Hesablanmış vergi məbləğləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Bələdiyyələrin qanunazidd hərəkətləri ilə bağlı isə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 4.4-cü, 198-ci, 199-cu, 200-cü maddələri, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” 13 may 2003-cü il tarixli 454-IIQ nömrəli Qanunu və Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2002-ci il tarixli 683 nömrəli Fərmanı.
Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=kvniIYW5518
Həmçinin bildiririk ki, ünvanlı dövlət sosial yardımı haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142,www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
Həmçinin bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları
Bildiririk ki, Məmmədov Çingiz Şahmar oğlunun (VÖEN 2900682892) vergi borcu mövcud deyil. Bununla yanaşı, vergi ödəyicisi digər öhdəliklərinin və ya təqdim etmədiyi bəyannamələrin (hesabatların) olub-olmaması haqda məlumat üçün, qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər.
Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicisinin bu cür fəaliyyəti çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir.
Bununla yanaşı, işçilərə yeməyin hazırlanması məqsədilə işə cəlb olunan aşpaza ödənilən əməkhaqqı gəlirin əldə edilməsi ilə bağlı olmadığından, gəlirdən çıxılan xərclərə aid edilmir.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.
Müvafiq normativ hüquqi aktlara əsasən vergi orqanında bir sıra prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
Həmçinin məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları
Bildiririk ki, vergi uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növü ilə faktiki fəaliyyət növü fərqli olduqda, fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.
İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.
Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.
Bəyannamənin (hesabatın) tərtib olunması haqda, praktiki köməklik üçün Dövlət Vergi Xidmətini Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, Vergi Məcəlləsinin 203-cü maddəsinə əsasən fiziki şəxs torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyədə uçota durmalı və bələdiyyə tərəfindən hesablanmış torpaq vergisini bələdiyyə büdcəsinə ödəməlidir.
Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 203-cü, 206-cı maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci və 58.7-ci maddələri.
“Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə şəxsin vergi orqanında qeydiyyatda olması vəziyyətini müstəqil şəkildə yoxlaya bilərsiniz.
Vergi ödəyicisi kimi uçotda olmadığınız halda, telefon nömrənizə mesaj səhvən gəldikdə xətanın aradan qaldırılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.
Adıçəkiləm maddədə, Vergi Məcəlləsinin 164-cü maddəsində qeyd olunan əməliyyatların uçotunun (həmin məhsulların alışı və satışı üzrə məlumatların mühasibat uçotunun və Vergi Məcəlləsinin tələblərinə əsasən sənədləşdirilməsi nəzərdə tutulur.
Mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq aparılmalıdır.
Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.