Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Musayev Pərvin İmran pe***@gmail.com ID: 2507
Salam. Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi fəaliyyətini dayandırdıgı dövrədək vergi orqanına bəyannamə verməlidirmi? Verməlidirsə, hansı bəyannaməni və hansı tarixə qədər verilməlidir? Nəzərnizə çatdırım ki, müəssisə hüquqi şəxsdir və mənfəət vergisi ödəyicisidir. Öncədən Təşəkkürlər.
13/07/2020 Read: 67 Average count: 0

Bildiririk ki, mənfəət vergisi ödəyicisi olan hüquqi şəxslər  Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, həmin şəxslər hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nı təqdim etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 149.3-cü maddəsi, Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydası. 

0/5 (0 Average count)
Qiymət ver:
Cahid Məmmədov Vaqif oğlu m.***@gmail.com ID: 2505
Salam. Mənim sualım dondurulmuş VÖEN-nin yenidən aktiv edlməsi ilə bağlıdır. Bunun üçün hansı sənədlər lazımdır və nə qədər müddətə aktiv edilir?
13/07/2020 Read: 45 Average count: 5

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi Youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Seymur Yusifli se***@hotmail.com ID: 2503
Salam Hörmətli Vergi Xidməti əməkdaşları. Bildiyiniz kimi hazırda ikinci rüb üçün vergi və sosial hesabatlar vaxtıdır. Çox təssüf ki, onlayn sosial hesabat vermək üçün öz kabinetimdə 2020-ci ili seçmək mümkün deyil. Vergilər Xidmətinin 195-1 Çağrı Mərkəzi zənglərimizə cavab vermir. Uzun-uzun telefonda gözlədib pullarimiz silinir. Əvvəllər bu xidmət çox yaxşı işləyirdi və son bir neçə rübdür çox qeyri-effektiv işləyir. Müraciətdən 15-20 gün sonra zəng edib soruşurlar ki siz filan vaxt zəng etmişdiniz, nə lazım idi, Belə də çağrı mərkəzi olar? Mənə lazım olan məlumatı həmin vaxt almadıqdan sonra 15-20 gün keçdikdən sonra nə əhəmiyyəti var bu xidmətin, Xahiş edirəm bu pandemiya vaxtı insanların evdən çölə çıxmaqla bağlı ciddi çətinliklərinin olduğu vaxtda bu xidməti gücləndirəsiniz. Əlavə işçi götürün, yeni nömrələr alın ki biz vergi ödəyiciləri normal xidmət görə bilək. Dost-tanışdan öyrəndiyimə görə Sosial hesabat sistemi hazırda işləmir. Mən gəlir vergisi ödəyicisiyəm və İyulun 15-də hesabat vaxtı bitir. İndi biz nə etməliyik. iki həftədir hesabat verməyə çalışırıq amma sistem buna imkan vermir. 195-1 Çağrı Mərkəzindən də kömək mümkün deyil. İndi biz nə etməliyik, Ayın 15-nədək biz hesabatı verə bilməsək bizə cərimə tətbiq ediləcəkmi? Müştərilərə xidmət mərkəzlərində də 5-7 saat gözləməli oluruq. İndi isə deyirlər bir gün əvvəl növbə götürüb gəlməlisən. Bu qədər işləri niyə çətinləşdirirsiz? İkinci sualım isə sosial ödəmə bölməsində əvvəllər artıq ödədiyim 268 manat bölüşdürülməmiş xərc kimi qalır. Mən indi aylıq ödəniş etməsəm həmin artıq ödəmədən mənim sosial xərcim çıxılacaqmı? Xahiş edirəm dəstək olun Vergi Ödəyicisinə və bizə cavab verin. Hörmətlə, Seymur Yusifli
13/07/2020 Read: 101 Average count: 0

Birinci sualınızla əlaqədar olaraq bildiririk ki, Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək, yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

Həmçinin bildiririk ki, Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılmışdır və iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür. Vergi ödəyiciləri cari ilin 11 avqust tarixinədək müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.

İkinci sualınızla bağlı bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı üzrə artıq ödədiyiniz vəsaitləri məcburi dövlət sosial sığorta ilə bağlı sonrakı öhdəliklər üzrə ödəmələrə aid edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydası. 

0/5 (0 Average count)
Qiymət ver:
Mətləb Mursalov Şamil mu***@gmail.com ID: 2502
Salam. Adıma qeydiyyatda olan VÖEN hesabını ləğv etmək istəyirəm. Bunu onlayn necə etməliyəm? Zəhmət olmasa geri bildirim edəsiniz.
13/07/2020 Read: 28 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
İbrahimova Xatirə İbrahim qızı ch***@mozaikat.com ID: 2500
Salam Asan imza sertifikatının müddəti bitib və yenisini almaq üçün bir həftədə ərzində dəfələrlə Vergiər Nazirlıyiin hec bir xidmət bölməsi ilə əlaqə yaratmaq mümkün olmamışdır. 195 xidməti günlərdir cavab vermir, vergi saytında onlayn heç bir tarixə növbə götürmək mümkün deyil, asan xidmət elektron tədbiqi ilə novbə almaq mümkün deyil və sonunda 108 çagrı mərkəzi hec bir tarixə yazılmaq mümkün olmamışdır. Xahiş edirəm ki, Asan imza sertifikatının yenidən almaq üçün əl çatan sistem yaradın və ya online növbəyə yazın. Əvvəlcədən təşəkkür edirəm.
12/07/2020 Read: 54 Average count: 0

Bildiririk ki, “ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

12 may 2020-ci il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Məlumat üçün bildiririik ki, onlayn növbəyə yazılmaq üçün tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır.

0/5 (0 Average count)
Qiymət ver:
Ceyhun Mazanov Ələddin ce***@mail.ru ID: 2498
Salam. Mənim ixtisasım Informatika və hesablama texnikasi Mühəndis Sistomatexnik-dir. Diplom nömrem B252553. Mən bu ixtisasla müsabiqələrdə iştirak edə bilərəm? Öncədən təsəkkürlər.
12/07/2020 Read: 39 Average count: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Bağıirova Əminə Dadaş qızı ba***@gmail.com ID: 2496
Salam. Bugün aptekdən ƏDV çeki aldıq və üzərində fiskal kod iki rəqəmi görünmədiyi üçün sizə müraciət edirik. Onu necəsə dəqiqləşdirə bilərik? Biz yükləyə bilmirik kodu, tam görsənmir məbləğimiz. 150 Azn-dən çox olduğu üçün mümkündür nəsə etmək?
11/07/2020 Read: 29 Average count: 0

Qeyd etdiyiniz halda, çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Gündüz Rəhimov Bəxtiyar se***@mail.ru ID: 2337
Salam. Mən Gəncə mollda Mcdonalsda işləyirəm. İş yerimiz bağlıdır. Neçə aydır pul vermirlər ki, Dövlət Vergi Xidməti bizə pul ödəmir, biz də vermirik. Biz 3 aydır maaş almırıq. Nə də ki, 190 manat düşdü qeydiyyatda olduğumuza görə. Bilmək istəyərdim ki, Mcdonalds Azərbaycan Qapalı Səhmdar şirkətinə pul ödənilib? Muzdlu işçilərə görə. Çox sağolun.
11/07/2020 Read: 39 Average count: 0

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilir və yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada şikayət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Məhərrəm eh***@gmail.com ID: 2494
Asan imza sim kartımı təsdiqlətmək istəyirəm. ASAN xidmətdıə onlayn növbəyə düşmək olmur, vergilərdə elətdirmək istəyirəm.
11/07/2020 Read: 37 Average count: 0

Bildiririk ki, “ASAN İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Bunun üçün sizə ən yaxın vergi ödəyicilərinə xidmət mərkəzində onlayn növbə tutmaqla müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Abdullayev Elxan Soltan oglu ab***@gmail.com ID: 2493
Salam, mənə 190 manata görə cavab gəldi ki, vergi ödəyicisi olduğuna görə düşmür. Belə çıxır ki, birinci karantin aylarında evdə oturduğuma görə Vergilər Nazirliyindən kompensasiya almalıydım? Xayiş edirəm, sualımı cavablandırasınız.
11/07/2020 Read: 63 Average count: 0

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilməkdədir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir. Bu bənddə sadalanan şərtlərə cavab verdiyiniz halda, maliyyə dəstəyi üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Mayster Oleg Aersandrovic us***@asia.com ID: 2492
В налоговой инспкуции был измеён код рода моей деятельности на 95210.. После чего на портале элекронных разрешений для работы отеказались продлять моё разрешение. Прошк изменить а портале код рода мон деятельности на 95210 в соответствии с данными налоговой службы.
11/07/2020 Read: 29 Average count: 0

Vergi ödəyicisi vergi uçotuna alınarkən vergi orqanına təqdim etdiyi ərizədə məşğul olmaq istədiyi əlavə fəaliyyət növünü qeyd etmədikdə yeni fəaliyyət növünü müvafiq xanada göstərməklə yaşadığı ərazi üzrə vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni təqdim etməlidir.

Gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilər. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Iqtisadi fəaliyyət növlərinin təsnifatı haqda faylı səhifəmizin «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”, Vergilər Nazirliyinin Kollegiyasının 07 oktyabr 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Average count)
Qiymət ver:
Şen Kristina Pavlovna sh***@gmail.com ID: 2523
Salam. Atam Şen Pavel Aleksandroviç özəl bir şəxs kimi işləyirdi və onun öz kiçik şirkəti var idi. 2016-cı ildə insult keçirdi və bundan sonra atam əlil oldu. Təbii ki, o vaxtdan işləmir, amma onun voen hələ açıqdı və onun adından vergi əməliyyatları keçirilir. Biz bu haqda məlumatı bir az əvvəl almışıq. Bu o deməkdir ki, kimsə onun adından işləyir. Bizdə heç bir sənəd qalmadı, onun şəxsi kabinetin şifrəsini də bilmirik. Onun VÖEN-i biz necə bağlaya bilərik?
09/07/2020 Read: 60 Average count: 0

Atanız fərdi sahibkar (fiziki şəxs) kimi vergi orqanında qeydiyyatda olduğu halda, özü və ya etibarnamə əsasında səlahiyyətli nümayəndəsi vasitəsilə vergi orqanına müraciət edərək, vergi uçotunu ləğv edə bilər. Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Sahibkarlıq fəaliyyətini hüquqi şəxs (müəssisə, şirkət və s.) yaradaraq həyata keçirdiyi halda, müəssisənin təsisçisi və ya direktoru olduğu halda, vergi orqanına müraciət edərək hüquqi şəxsin fəaliyyəti haqda məlumat əldə edə bilər. Eyni zamanda, Səhifəmizin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi adlı elektron xidmətə daxil olaraq vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxsin “Ada görə axtarış”ı (adını böyük hərflərlə yazmaqla) və ya “VÖEN-ə görə axtarş”ı (VÖEN-i daxil etməklə) vasitəsilə kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını əldə edə bilərsiniz.

Müraciətinizdə bir sıra məqamların aydın olmadığı üçün müraciətinizi dəqiqləşdirərək yenidən Sual-cavab bölməsinə, o cümlədən Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rushani Ali Pərviz oğlu al***@gmail.com ID: 2188
Salam. Sizə sualım icarə mövzusundadır. Belə ki, mənim anamın adına obyekt (qeyri-yaşayış sahəsi) vardır, həmin o yerdə mən iş qurmaq istəyirəm. Anamla mən eyni evdə qeydiyyatdayıq, həm də eyni mənzildə yasayırıq. Sualım budur ki, həmin obyektə anamla mən icarə müqaviləsi bağlamalıyıq, yoxsa eyni ev təsərrüfatımız olduğundan icarə müqaviləsinə ehtiyac yoxdur? Zəhmət olmasa, bu mövzunu mənə vergi maddələrini izah edərdiniz. Əvvəlcədən təşəkkürlər.
08/07/2020 Read: 250 Average count: 5

Ailə üzvləri arasında verilmiş əmlakdan gəlir götürmək üçün istifadə edildiyi halda bazar qiymətləri nəzərə alınmaqla icarə müqaviləsi bağlanmalıdır. Belə ki, ailə üzvləri qarşılıqlı surətdə asılı olan şəxs hesab edilir və belə şəxslər arasında təsərrüfat əqdləri həyata keçirildikdə vergilər bazar qiymətləri nəzərə alınmaqla hesablanır.

Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Cabbarov Sabir Məməd oglu po***@mail.ru ID: 2203
Torpaq və əmlak vergilərinin cəmi müharibə veteranına verilən güzəşti keçmir. Belə halda necə olmalıdır?
08/07/2020 Read: 164 Average count: 5

Bildiririk ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat, həmin şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manat azaldılır.

Müraciətinizdə qeyd olunan halda, ödənilməli olan əmlak və torpaq vergisinin məbləği güzəşt məbləğindən az olduqda həmin şəxslər torpaq və əmlak vergisini ödəməkdən azad edilirlər. 

Əsas: Vergi Məcəlləsinin 102.2-ci, 199.3-cü və 207.2-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Natiq Qarayev Hüseyncavid ni***@yahoo.com ID: 2180
Salam. Mən "Embawood" mebel salonundan nağd ödəniş ilə mebel almışam, alış zamanı verilən kassa aparatının barkodu bir bank mobil vasitəsi ilə oxunmur, nə də fiskal kodu daxil etdikde yalnışdır yazır. Hər ikisində rəqəm və hərf səhfi ola bilər yazılışda. Ancaq barkodun oxunması zamanı bu mümkün deyil , 29 may tarixində alış olub, çek nömrəsi N524 29.02.2020 saat 16/56 obyektin kodu 6400009481-61001 NMQ qeydiyyati 0000002511 xahis edirik köməklik göstərəsiniz.
08/07/2020 Read: 219 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Qeyd etdiyiniz halda çek yeni nəsil kassa aparatı vasitəsilə təqdim edilmişdirsə, çekin tapılmamasının bir neçə səbəbi ola bilər. Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 165.5-ci  maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiqlənmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası",  Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

4/5 (3 Average count)
Qiymət ver:
Qarayev Vaqif Musa qa***@bk.ru ID: 2179
1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Vergi sisteminin 4-cü maddədə olduğu aydın bilinir. Digər tənzimlənən münasibətlərin konkret maddələrini qeyd edə bilərsinizmi?
08/07/2020 Read: 111 Average count: 5

Vergi Məcəlləsinin 1.1.-ci maddəsində sadalanan Vergi Məcəlləsin ilə tənzimlənən münasibətlər Vergi Məcəlləsinin növbəti maddələrində, fəsillərində ətraflı qeyd olunmuşdur. Qeyd etdiyiniz kimi, vergi sistemi Vergi Məcəlləsinin 4-cü maddəsində, vergitutmanın ümumi əsasları 3-cü maddədə, vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları 10-cu maddədə, vergi ödəyicisinin hüquq və vəzifələri 15-16-cı maddələrdə, vergi orqanının hüquq və vəzifələri 23-24-cü maddələrdə və s. ardıcıllıqla qeyd olunmuşduir. 

Vergi Məcəlləsi ilə səhifəmizin "Qanunvericilik" bölməsində, vergilərə aid praktiki vəsaitlərlə səhifəmizin "Faydalı" bölməsində tanış ola bilərsiniz. 

5/5 (1 Average count)
Qiymət ver:
Yusif Həkimov Elxan yu***@gmail.com ID: 2190
Salam. 2013 cü ildə Kənd təsərrüfatında fəaliyyət üçün VÖEN almışam. 1 ildən sonra fəaliyyəti durdurdum. Hal hazırda yenidən fəaliyyəti bərpa etmək istəyirəm, amma bu dəfə fərqli istiqamətdə. Hüquqi şəxslə müqavilə bağlayıb sifarişlə kolbasa, sosiska istehsal etmək istəyirəm. Bunun üçün hansı prosedurları etməliyəm? VÖEN bərpasından sonra ASAN imza alıb ƏDV ödəyicisi kimi qeydiyyata durmalıyam? Öncədən təşəkkürlər
08/07/2020 Read: 157 Average count: 5

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Eyni zamanda, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

Qeyd etdiyiniz fəaliyyəti Vergi Məcəlləsinin 218-ci maddəsinin müddəaları nəzərə alınmaqla sadələşdirilmiş və ya gəlir vergisinin ödəyicisi kimi həyata keçirə bilərsiniz. ƏDV məqsədləri üçün qeydiyyatına durmaq öhdəliyi Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 ayın istənilən ayında (aylarında) 200 min manatdan artıq olduqda yaranır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155.1-ci, 218.5-ci, 220-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Mirəli Xamiyev Şirzaid mi***@gmail.com ID: 2437
Salam mən 6 saylı ərazi vergilər baş idarəsinə onlayn növbəyə yazılmaq üçün müraciət etməyimə baxmayaraq FİN kodunuz səhvdir deyir. (fin kodu düz yazmağıma baxmayaraqən) onlayn novbəyə yazilmagimin əsas səbəbi VÖEN açmaqdır, sizdən müraciətimə baxmağınızı və uygun tədbir gorməyinizi xaiş edirəm.
07/07/2020 Read: 44 Average count: 5

Bildiririk ki, onlayn növbəyə yazılmaq üçün elektron xidmətin istifadəçisi pəncərənin “Müraciət etmiş şəxsin məlumatları” hissəsində “Adı” xanasına öz adını, “Soyadı” xanasına öz soyadını və “Atasının adı” xanasına öz atasının adı şəxsiyyəti təsdiq edən sənəddə olduğu kimi latın əlifbası ilə və baş hərflər ilə qeyd olunur. Qeyd olunan məlumatların daxil edilməsi zamanı rəqəm, nida işarələrindən istifadə olunmamalıdır, “ATASININ ADI” xanasında ata adından sonra “QIZI” və ya “OĞLU” qeyd olunmalıdır (proqram təminatında məhdudiyyətlər mövcuddur).  Daxil edilmiş FİN ad, soyad və ata adı məlumatlarına uyğun olmalıdır, əks halda onlayn növbəyə yazılmaq mümkün olmayacaq.

Bununla belə texniki problemlə üzləşdiyiniz halda, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Əsgərov Zaur Bərşad oğlu sh***@gmail.com ID: 2161
Salam. Həyətyanı sahəmdə olan tikilini ticarət obyektinə çevirmək istəyirəm. Bunu həyata keçirmək üçün hansı qurumlara müraciət etməliyəm, bunun üçün hansı sənədlər lazımdır? Bu əməliyyatlar üçün hər hansı dövlət rüsumu nəzərdə tutulubmu? İndidən təşəkkürlər!
07/07/2020 Read: 142 Average count: 5

Bildiririk ki, yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının müvafiq qərarı əsasında həyata keçirilir. Bununla bağlı aidiyyəti üzrə müraciət edərək ətraflı məlumat əldə edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.1-ci maddəsi, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 №-li Fərmanı, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"

5/5 (3 Average count)
Qiymət ver:
Dilarə Yahyayeva di***@gmail.ru ID: 2160
Sizdən xahiş edirəm, mənim adıma 2000576112 nömrəli VÖEN ləğv edilsin. Mənim heç bir iş fəaliyyətim yoxdur. Hətta vergi ödəməyə maddi imkanım da yoxdur.
07/07/2020 Read: 175 Average count: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (2 Average count)
Qiymət ver: