Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Aynur Vəliyeva Rafiq ay***@gmail.com ID: 7985
Salam, mən ev alğı-satqısının vergisiylə bağlı məlumat almaq istəyirəm. Bizim ev var, 6 ildir almışıq, kupça adımızadır, amma o evdə qeydiyyatda deyilik. Köhnə binadadır və kupçada 83kv-dır. Həmçinin ev 6-cı zonadadır. Biz bu evi satdıqda vergi ödəməliyik? Ödəməliyiksə, nə qədər ödəniş etməliyik?
09/04/2023 Read: 90 Average count: 0

Bildiririk ki, mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir. 

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. 

Eyni zamanda fiziki şəxsin mülkiyyətində (o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda şəxsin həmin yaşayış sahəsi üzrə qeydiyyatının olub-olmamasından asılı olmayaraq, azı 3 təqvim ili ərzində həmin yaşayış sahəsində yaşamasını təsdiq edən sənədlər (kommunal xidmətləri göstərən təşkilatlar tərəfindən şəxsin həmin ünvanda abonent kimi qeydiyyatda olmasını təsdiq edən arayışlar) olduğu halda həmin yaşayış sahələrinin təqdim edilməsi də sadələşdirilmiş vergiyə cəlb edilmir. 

Bununla yanaşı, fiziki şəxslərin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. 

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Sorğunuzda qeyd olunan mənzilin təqdim olunması ilə bağlı 1431 manat ((83-30) x 15 x 1,8 (6-cı zona üzrə zona əmsalı 1,8)) məbləğində sadələşdirilmiş vergi hesablanmalıdır.

Əsas: Vergi Məcəlləsinin 218-1-ci və 220.8-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Emil İsmayılov em***@hotmail.com ID: 7975
Salam. Sualım tenderdə iştirak üçün iddiaçı müəssisələr tərəfindən ödənilən vəsaitlə bağlıdır. Belə ki, 16.10.2019 tarixində 266 nömrəli İD ilə sizə ünvanlanmış sualda belə bir cavab qeyd etmisiniz: "təşkilatın sərəncamında qalan məbləğlər xidmətlərin təqdim olunması ilə əlaqədar əldə olunan gəlir kimi mənfəət və əlavə dəyər vergisinə cəlb olunur." Bu hissə aydındır. Amma aydın olmayan bir şey var. Tenderdə iştirakla bağlı vəsaiti ödəmiş iddiaçıya e-qaimə təqdim edilməsi düzgündürmü? Belə ki, burada qeyd etdiyiniz kimi bunu xidmətə necə aid etmək olar? Əslində tenderi elan edən müəssisə hansısa iş, xidmət və ya mal satmayıb. Vəsaitin gəlir kimi uçota alınmasında heç bir sual yoxdur. Digər gəlir kimi sərbəst qalan vəsaitdən mənfəət vergisi verilməsi normaldır. E-qaimə təqdim edilməlidirmi bu zaman? Zəhmət olmasa, cavablandırardınız.
07/04/2023 Read: 220 Average count: 0

Bildiririk ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin müddəalarına əsasən iştirak haqqı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən ödənilən vəsaitdir.

Adıçəkilən Qanunun 29-cu maddəsinin müddəalarına əsasən bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, keçirilən satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyir. İştirak haqqının ümumi məbləğini tender predmetinin ehtimal olunan qiymətinin 0,3 faizindən və tender xərclərinin 1,2 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat müəyyən edir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər tenderdə iştirak haqları hesabına ödənilir. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın sərəncamında qalır (büdcədən maliyyələşən təşkilatlarda dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın hesabından ödənilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Bununla yanaşı Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 

Qeyd olunanlara əsasən, tenderdə iştirak üçün ödənilən iştirak haqları xidmətlərin göstərilməsi ilə bağlı olduğundan ƏDV-yə cəlb olunur və elektron qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci, 159-cu maddəsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci və 29-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Rəsmiyyə Mikayılova Əlisafa qızı mu***@mail.ru ID: 7971
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi arayışa əsasən Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edən şəxsə 400 manat vergı güzəştı aid edilir?
06/04/2023 Read: 109 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müharibə veteranı vəsiqəsi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsas iş yerinə təqdim edilməlidir.

Göründüyü kimi, sorğunuzda qeyd olunan arayış vergi güzəşti hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısında qeyd olunmuşdur. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən Sizin müharibə veteranı statusunuz yarandığı halda, müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Average count)
Qiymət ver:
Əliyev Yaşar Kamal li***@gmail.com ID: 7970
Mən ƏDV qeydiyyat nömrəmi dəyişmək istəyirəm. Hal hazırda nömrəni qızım işlətdiyi üçün bizə problem olur.
06/04/2023 Read: 71 Average count: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka  (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Ehsan Ullah Muhammad Ramzan el***@gmail.com ID: 7964
Salam, mən "ARFAN TRADING MMC"-nin çıxarış necə onlayn çıxarda bilərəm?
05/04/2023 Read: 105 Average count: 0

Bildiririk ki, kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əlavə olaraq bildiririk ki, vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını səhifəmizin“Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” adlı elektron xidmətinə daxil olaraq “Ada görə axtarış” və ya “VÖEN-ə görə axtarış” menyuları vasitəsilə də əldə edə bilərsiniz.

Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Novruzova Rəhilə Yaqub qızı no***@gmail.com ID: 7960
VÖEN-i ləğv etmək istəyirəm?
05/04/2023 Read: 88 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

 

0/5 (0 Average count)
Qiymət ver:
Rəhimov Əsgər Habil Oglu as***@mail.ru ID: 7958
Salam, ictimai iaşə ilə məşğul olan fərdi sahibkar (8% sadələşdirilmiş vergi ödəyici) təqvim ayı ərzində ümumi məbləği otuz min manat məbləğdə ödənişləri nağdsız qaydada həyata keçirə bilir. Həmin fərdi sahibkar bank hesabında misal üçün 50 000 (əlli min) manat, cox da ola bilər, nağdlaşdırmaq istəyir. AR VM-nin 220.12-ci maddəsinə əsasən də 1 (bir) faiz SV ödəyir. Bu məsələ isə Nağdsız hesablaşmalar haqqında qanunla tənzimlənmir. Bu fərdi gəlirin əldə edilməsi təyinatlı nağdlaşdırmadır. Sual: fərdi sahibkarın (hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olma) bank hesabından fərdi gəlirinin nağdlaşdırılması Vergi Məcəlləsinin 220.12- ci maddəsindən başqa nə ilə tənzimlənir və buna hər hansı məhdudiyyət varmı?
05/04/2023 Read: 214 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. 

Əlavə olaraq bildiririk ki, bank hesablarından pul vəsaiti nağdlaşdırılan zaman tələb olunan əlavə sənədlər və ya görülməli tədbirlər Vergi Məcəlləsi və “Nağdsız hesablaşma haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmədiyindən sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının rəyi nəzərə alınmalıdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Əliyeva Günel Əfqan eg***@gmail.com ID: 7829
Salam. Hal-hazırda Dövlət Vergi Xidmətində könüllü təcrübə proqramı fəaliyyət göstərir? Fəaliyyət göstərirsə, necə müraciət edə bilərəm?
04/04/2023 Read: 163 Average count: 4

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün müraciət qəbulu hazırda aktiv deyil.  

Həmçinin bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən mart ayının 27-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edilmişdir.

Yay Təcrübə Proqramı barədə ətraflı məlumatla, o cümlədən müraciət etmək qaydası ilə aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür. Əlavə suallar yarandıqda elanda qeyd olunan telefon nömrəsi və elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Ətraflı məlumat üçün linkə keçid: https://www.taxes.gov.az/az/post/2419

4/5 (3 Average count)
Qiymət ver:
Elşən Bəkirov Kamaləddin ba***@gmail.com ID: 7947
https://www.taxes.gov.az/az/page/ise-goturenler-ucun-vergi-kalkulyatoru göstərilən linkdə gross əmək haqqı yazdıqda DSMF ayırmaları üçün 75.90 manat çıxır. Aşağıdakı kimi hesablanmalı deyil? 200*22%=44, 145*15%=21,75 DSMF ayırması işə götürən üçün 44+21,75=65,75 manat.
03/04/2023 Read: 99 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan hesablama qaydası neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində sığortaedənin vəsaiti hesabına ödənilən məcburi dövlət sosial sığorta haqqının hesablanmasına aiddir. 

Xatırladırıq ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatadək olduqda sığortaolunanın gəlirlərindən 3 faiz, sığortaedənin vəsaiti hesabına 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaiti hesabına isə 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi məbləğində hesablanır.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Said sa***@gmail.com ID: 7946
Salam. Maşınla və ya digər daşınan nəqliyyat vasitəsilə satış edirəm. Sualım ondan ibarətdir ki, mən bu nəqliyyat vasitələrinə necə kod ala bilərəm, kod alandan sonra isə kassa və pos-terminal sifariş vermək istəyirəm.
03/04/2023 Read: 124 Average count: 0

Bildiririk ki, vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota almasını təmin etməlidir.

Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. 

Nəzarət-kassa aparatı və POS-terminalın vergi orqanında uçota alınması vergi ödəyicisinin təsərrüfat subyekti uçota alındıqdan sonra həyata keçirilir. Nəqliyyat vasitələrinin vergi orqanında təsərrüfat subyekti kimi uçota alınması hazırki qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

 

0/5 (0 Average count)
Qiymət ver:
Cəfərov Orxan Sumbat oğlu ja***@gmail.com ID: 7945
Nəzərinizə çatdırımki bizim qarşılaşdığımız problemlərdən biri idxal zamanı yaranan statik dəyərin çox olmasıdır. İdxal etdiyimiz mala görə gömrük dəyəri həddindən artıq hesablanır. Belə olan halda həm gömrükdə artıq rüsum ödəmiş oluruq, həm də ödədiyimiz ədv məbləğləri şəxsi hesab vərəqəmizdə arta arta yığılıb qalır. Biz isə heç cür ondan istifadə edə bilmirik. Artıq ödəməmizə görə də bizə bildirilir ki, satışımızı artırmalıyıq, anbarımızda malın dəyəri az olduğu üçün satışı artırdığımız zaman mal qalığımız mənfiyə gedir. Bununla bağlı gömrük və vergi orqanlarına dəfələrlə müraciət etsək də hec bir cavab ala bilməmişik. Bu məsələ ilə bağlı biz nə edə bilərik?
03/04/2023 Read: 169 Average count: 1

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Gömrük qanunvericiliyinə dair aidiyyəti üzrə Dövlət Görük Komitəsinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

1/5 (1 Average count)
Qiymət ver:
Zeynalov Vüsal Mübariz oğlu vu***@yahoo.com ID: 7944
Salam. Bakalavr pilləsi üzrə ixtisası "050628-Proseslərin avtomatlaşdırılması mühəndisliyi", magistratura pilləsi üzrə isə ixtisası "060628-Enerji menecmenti" olan vətəndaş DVX-də "Vergi müfəttişi" olaraq əmək fəaliyyəti ilə məşğul ola bilərmi?
03/04/2023 Read: 74 Average count: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqənin keçirilməsi ilə bağlı elan olmadığından, müsabiqənin tarixi ilə bağlı informasiyanın verilməsi imkan xaricindədir.  

Dövlət vergi orqanlarına işə qəbulla bağlı əlavə məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən əldə edə bilərsiniz.  

Həmçinin bildiririk ki, müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Hüseynov Hüseyn Habil hh***@gmail.com ID: 7942
Mən 01.01.2022 tarixindən Vətən müharibəsi veteranı hesab edilirəm. Bilirik ki, veteranlara vergi güzəşti tətbiq edilir. DSMF-a vergi çıxılarkən əməkhaqqı məbləğı 400 manat azaldılır ki, bunun da 14%-i 56 manat edir. Lakin məndən asılı olmayan səbəblərdən veteran olduğumu təsdiq edən sənədi mühasibatlığa əvvəldən təqdim edə bilməmişəm. İndi təqdim etdikdə mənə bildirilir ki, güzəşt bu andan etibarən tətbiq ediləcək. Lakin mən bildiyimə görə Vergi Məcəlləsində 102.8-ci maaddəyə görə (maaddənin nömrəsində yanılmış ola bilərəm) veteranlıq statusu əvvəldən olduqda, lakin sənəd gec təqdim edildikdə də güzəşt veteranlığın başladığı tarixdən və ya əmək müqaviləsinin qüvvəyə mindiyi tarixdən tətbiq edilir. Mən müəllim olduğum üçün müqaviləm həmişə olub. İndi xahiş edirəm bu məsələyə aydınlıq gətirin ki, kim haqlıdı?
03/04/2023 Read: 84 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müharibə veteranı vəsiqəsi və ya Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları əsas iş yerinə təqdim edilməlidir.

Göründüyü kimi, sorğunuzda qeyd olunan arayış vergi güzəşti hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısında qeyd olunmuşdur. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən Sizin müharibə veteranı statusunuz yarandığı halda, müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Average count)
Qiymət ver:
Sevinc Mustafayeva Eyyub se***@gmail.com ID: 7940
Salam. Mənim adıma VÖEN varmı? Mənim adımdan şəxsiyyət vəsiqəm ilə kimsə VÖEN aça bilər?
01/04/2023 Read: 73 Average count: 5

Bildiririk ki,  Mustafayeva Sevinc Eyyub qızı adına VÖEN müəyyən edilməmişdir. Saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ni əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (1 Average count)
Qiymət ver:
Mirzəyev Elvin Azad oğlu el***@mail.ru ID: 7931
Salam, mən ABB ƏDV geri almaq üçün qeydiyyatdan keçmişdim, lakin hal-hazırda o nömrə aktiv deyil və nömrəni dəyişmək istəyirəm, necə edə bilərəm?
31/03/2023 Read: 81 Average count: 1

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankına) müraciət etməyiniz tövsiyə olunur. 

1/5 (1 Average count)
Qiymət ver:
Fuad Sadıqov Bədrəddin fu***@gmail.com ID: 7922
VÖEN bağlandığı halda mənə gəlir vergisi ilə bağlı bəyannamənin təqdim olunması tələb edilir. Mən nə etməliyəm?
30/03/2023 Read: 168 Average count: 0

Bildiririk ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Daha ətraflı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə əldə edə bilərsiniz.   

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 30-cu, 149-cu və 221-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Şahin Aslanov Zahid sa***@gmail.com ID: 7921
Salam Hörmətli Vergi Əməkdaşları! Bildiyimiz kimi VM-nin 175.4-cü maddəsinə əsasən əvəzləşməyən ƏDV məbləğləri yaranır müəssisələrdə , bilmək istərdim ki, həmin əvəzləşməyən ƏDV məbləğləri malın maya dəyərinə daxil edilərək Mənfəət bəyannaməsində gəlirdən çıxılan xərclərə aid edilirmi?
30/03/2023 Read: 205 Average count: 5

Bildiririk ki, əvəzləşdirilməsi mümkün olmayan ƏDV məbləğinin gəlirdən çıxılması vergi məbləği üzərinə əlavə edilən müvafiq malın (işin, xidmətin) təyinatından asılı olaraq və Vergi Məcəlləsinin 108-ci, 109-cu və X fəslin digər aidiyyəti maddələri əsas götürülməklə gəlirdən çıxıla bilər.

5/5 (2 Average count)
Qiymət ver:
Əhmədov Elsevər Mədət oğlu el***@mail.ru ID: 7721
Salam, mənim atam Əhmədov Mədət Hümbət oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. Eyni zamanda Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 01.01.1994-cü il tarixdən Əhmədov Mədət Hümbət oğlu Şəhid, onun ailəsi isə Şəhid Ailəsi hesab edilir. ƏSAS: SHXÇDX-nin Kəpəz rayon şöbəsi üzrə şəhid olmuş ehtiyatda olan zabitlərin qeydiyyat kitabı səhifə 87 sıra sayı 10. Sualım belədir ki, Vergi Məcələsinin ( 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının--400 manat azadolma) və ( 102.1-1. şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır) bu iki maddəsində nəzərdə tutulan hər iki azadolma mənə aiddirmi? Yekunda mənim muzdlu işlə əlaqədar vergiyə cəlb olunan gəlirimin 1200 (800+400) manat olan hissəsi vergidən azaddırmı?
29/03/2023 Read: 288 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qeyd olunanlara əsasən, sorğuda qeyd olunan halda şəhid adını almış şəxsin övladına 800 manat güzəşt tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

4/5 (6 Average count)
Qiymət ver:
Afiq Fərzəiyev Akif af***@gmail.com ID: 7914
1. Salam, bir neçə il öncə adıma VÖEN açdırmışdım. Sonradan lazım olmadığı üçün bağlatdırdım. Hal-hazırda adıma aktiv VÖEN olub-olmadığını necə öyrənə bilərəm? Eşitdiyimə görə bağlanmış VÖEN beş il sonra avtomatik aktivləşir. Zəhmət olmasa bu barədə məlumat verəsiniz? 2. Adıma VÖEN olub-olmadığını necə öyrənməliyəm?
29/03/2023 Read: 120 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ini əldə edə bilərsiniz.

Müraciətiniz barədə ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

 

0/5 (0 Average count)
Qiymət ver:
Elnarə Muxtarova Rövşən yu***@gmail.com ID: 7912
Salam. 1-ci qrup əlilə qulluq edən şəxslərin maaşından vergi tutulması azaddır?
29/03/2023 Read: 128 Average count: 5

Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti:
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Average count)
Qiymət ver: