Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Elnur Atakisiyev at***@gmail.com ID: 7918
Vergi Məcəlləsinin 169.4 və 169.5 maddələrinə əsasən qeyri-rezidentden xidmət alınan zaman xidməti alan rezident dövlət büdcəsinə ƏDV-ni hesablamalı və ödəməlidir. Əgər rezident şəxsin şəxsi hesab vərəqəsində vergilər üzrə artıq ödəməsi varsa, həmin vergilərə aid edilə bilərmi, yoxsa mütləq qaydada ayrıca həmin məbləğlər üzrə ödəniş edilməlidir? Əgər artıq ödəmə üzrə məbləğ aid edilə bilərsə və vergi ödəyicisi ƏDV qeydiyyatında olarsa, bu zaman həmin vergini əvəzləşdirə bilərmi, yoxsa ayrıca ödəyib həmin ödəniş sənədi ilə əvəzləşdirməlidir?
14/04/2023 Read: 378 Average count: 4

Bildiririk ki, vergi ödəyicisi tərəfindən qeyri-rezidentə aparılan ödəmələrdən yaranan vergi öhdəliklərinin həmin vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsi hesabına ödənilməsinə Vergi Məcəlləsində məhdudiyyət nəzərdə tutulmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 87-ci maddəsinin müddəalarına əsasən vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir.

Əlavə olaraq bildiririk ki, ƏDV qeydiyyatında olan vergi ödəyicisi tərəfindən qeyri-rezidentə aparılan ödəmələr üzrə yaranan ƏDV öhdəliyinin onun şəxsi hesab vərəqəsində olan artıq ödəmə hesabına ödənilməsi zamanı ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Əsas: Vergi Məcəlləsinin 87-ci və 169-cu maddələri.

4/5 (5 Average count)
Qiymət ver:
Cavanşir Həsənov ca***@gmail.com ID: 7877
VÖEN hesabım - 7201273182 mən fəaliyyətimi dayandırmışam və hesabatı təqdim edib VÖEN-i 5 illik bağlatmışam, amma telefona mesaj gəlir ki, sizin borcunuz var. Hesabat təqdim edilməyib, izahat verərsiniz xahiş edirəm.
13/04/2023 Read: 272 Average count: 5

Bildiririk ki, gəlir vergisinin ödəyicisi olan vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Məlumat üçün bildiririk ki, Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən Həsənov Cavanşir Mübariz oğlunun (VÖEN 7201273182) 13 aprel 2023-cü il tarixinə 21 manat 94 qəpik ödənilməmiş vergi borcu mövcuddur. 

Daha ətraflı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya Çağrı Mərkəzinə (195-1) müraciət etməklə, eyni zamanda gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) əldə edə bilərsiniz.   

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 30-cu, 149-cu və 221-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Sevinc Sarıyeva Fərman Sa***@gmail.com ID: 8010
Salam. Vergi Məcəlləsinin 164.1.2- ci maddəsinə əsasən maliyyə xidmətlərindən ƏDV tutulmur. Faktorinq maliyyə xidmətinin bir növü hesab oluna bilərmi? Faktorinqin maliyyələşdirmənin bir üsulu olduğunu nəzərə almaqla Vergi Məcəlləsinin 13.2.14- cü maddəsini geniş təfsir etməklə faktorinqin ƏDV dən azad olduğunu demək olar? Əgər faktorinq əməliyyatından nəticədə mənfəət vergisi tutulursa, faktorinq müqaviləsinin tərəfləri olan faktor və müştəri bu vergini hansı qaydada ödəyir? Vaxt ayırıb cavabladığınız üçün təşəkkürlər.
13/04/2023 Read: 209 Average count: 5

Bildiririk ki, qanunvericiliyə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq xidməti üzrə əldə olunan gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Belə ki, Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.

Bununla yanaşı müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilmişdir. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur. 

Qeyd olunan fəaliyyət zamanı göstərilən xidmətlər ƏDV-dən azad olunsa da, ümumi qaydada mənfəət vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.14.2-ci, 104.1-ci, 164.1.2-ci və Mülki Məcəllənin 655-ci maddələri 

 

5/5 (1 Average count)
Qiymət ver:
Pərvin Məmmədov Ərəstun oğlu pa***@gmail.com ID: 8009
Bildirmək istəyirik ki, biz mikro sahibkarlıq subyekti olaraq mikro, kiçik və orta sahibkarlıq subyektlərinə mühasibat xidməti göstərmək istəyirik. “Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARININ 3.7. Maddəsinə və Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 3.5 Maddəsinə əsasən mühasibat uçotu (Peşəkar Mühasib Sertifikatının əldə edilməsi müddətləri iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri - 2023-cü il 30 dekabradək müəyyən edilən) subyektlərinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxsin baş mühasib vəzifəsini tutmaq hüququ verən sertifikata malik olan ən azı iki peşəkar mühasiblə əmək müqaviləsi olmalıdır, həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarına əsasən Peşəkar Mühasib Sertifikatının əldə edilməsi müddətləri iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri - 2023-cü il 30 dekabradək müəyyən olunub. Mühasibat uçotu haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 3.5-ci Maddəsi həmin qanunun 3.4-cü maddəsinə istinad etməsinə əsasən bu halda, orta sahibkarlıq subyektinə müqavilə əsasında mühasibat uçotu xidmətini həyata keçirən hüquqi şəxs üçün də 2 nəfər peşəkar mühasiblə əmək müqaviləsi bağlanılması 2023-cü il 30 dekabradək müəyyən edilməsi nəzərdə tulubdurmu, yəni, Peşəkar Mühasib Sertifikatının əldə edilməsi müddətləri iri və orta sahibkarlıq subyektlərinin baş mühasibləri - 2023-cü il 30 dekabradək müəyyən edilsini nəzərə alaraq, mikro sahibkarlıq kommersiya subyekti olaraq müəssisəmiz Peşəkar Mühasib Sertifikatını əldə edən əməkdaş olmadan 2023-cü il 30 dekabradək mikro, kiçik və orta sahibkarlıq subyektinə müqavilə əsasında mühasibat xidməti göstərməsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhdudiyyət varmı?
13/04/2023 Read: 111 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələ Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmədiyi üçün aidiyyəti üzrə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Mustafayev Elçin el***@gmail.com ID: 8008
Salam. Mən fərdi sahibkar kimi fəaliyyət göstərirəm və illik Gəlir Vergi Bəyannaməsi tərtib edərək vergi orqanlarına təqdim edirəm. Qeyd etmək istəyirəm ki, mənim heç bir işçim yoxdur və mən tək çalışıram. İl ərzində vergilər, sosial sığorta və tibbi sığorta öhdəliklərimi ödədikdən sonra mənim bank hesabımda əlavə pul vəsaiti qalır. Sualım belədir: Mən sahibkarlıqla bağlı bank hesabımdan bütün vergiləri ödədikdən sonra şəxsi məqsədləriə görə üçüncü tərəfə pul vəsaiti ödəyə bilərəmmi? Məsələn şəxsi istifadəyə görə - mebelə, televizora, telefona, şəxsi kommunal borclarıma görə sahibkarlıqla bağlı bank hesabımdan ödənişə hansısa bir məhdudiyyət qoyulubmu? Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm.
13/04/2023 Read: 123 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 

Bu baxımdan fərdi sahibkar vergi öhdəliklərini yerinə yetirdikdən və müvafiq rəsmiləşdirmə apardıqdan sonra sərəncamında qalan pul vəsaitlərini öz şəxsi istehlak məqsədləri üçün istifadə etmək hüququndadır.

0/5 (0 Average count)
Qiymət ver:
İbadov Ramil Nayıb ni***@gmail.com ID: 8007
Salam. Torpaq aktının hüquqi sahibi vəfat edib, ancaq payçılar ona VÖEN açdırmaq istəyir. Həmin akta VÖEN açmaq olar?
13/04/2023 Read: 115 Average count: 5

Bildiririk ki, torpaq mülkiyyətçisi vəfat etdikdə vərəsəlik əsasında paylar yenidən müəyyən edilməklə yeni mülkiyyət hüququnu təsdiq edən sənəd alınmaqla, müvafiq ərizə və sənədlərlə birlikdə torpağın yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət edilməlidir.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Xalid Qəhrəmanov qa***@mail.ru ID: 7954
Salam, mən MTK dan yeni tikiləcək binadan mənzil almaq istəyirəm. Necə edim ku, ƏDV-ni geri alıa bilim?
12/04/2023 Read: 155 Average count: 4

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Bölmədə qeyd olunanlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası

4/5 (3 Average count)
Qiymət ver:
Orxan Abdullayev Nadir oğlu ab***@yahoo.com ID: 8001
A şirkəti komisyonçu qismində tapşırıq müqaviləsinə əsasən, bəzi məhsulların ölkəyə idxal edilməsini planlaşdırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (“MM”) 777.1–ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan - A şirkəti) başqa şəxsin (vəkalət verənin - B şirkəti) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Belə ki, təchizatçılarla müqavilələr bağlayarkən A şirkəti (1) öz adından və vəkalət verənin (sifarişçinin) hesabına və ya (2) vəkalət verənin adından və hesabına çıxış edə bilər. İdxalla bağlı tapşırıq və oxşar müqavilələr çərçivəsində A şirkəti öz adından çıxış edəcək. Belə ki, A şirkəti idxal müqavilələri öz adından bağlayaraq, məhsulların sifarişdə göstərilmiş keyfiyyətə və kəmiyyətə uyğun gətirilməsini təmin edəcək və onların idxal gömrük rəsmiləşdirilməsini həyata keçirərək sifarişçiyə (vəkalət verənə) təqdim edəcək. A şirkəti tərəfindən sifarişçinin xeyrinə əldə edilmiş və idxalı ƏDV-dən azad olan məhsulların idxal rəsmiləşdirilməsini öz adına həyata keçirərək sonradan sifarişçiyə (vəkalət verənə) təqdim etməsi əməliyyatı tərəfimizdən tətbiq edilir. İdxalı əlavə dəyər vergisindən azad olan məhsulların idxalı zamanı A şirkəti ƏDV ödəmədiyi üçün həmin məhsulları sifarişçiyə ƏDV-siz ötürülməsi nəzərdə tutulub. Tapşırıq müqaviləsi əsasında idxal ediləcək malların vəkalət alandan (A şirkəti) sifarişçiyə (B şirkəti) ötürülməsi üçün xüsusi elektron qaimə-faktura növü nəzərdə tutulmayıb. Qeyd edilənləri nəzərə alaraq, məhsulların idxalı zamanı komisyonçu qismində vəkalət verənə yeni növ elektron-qaimə fakturanın əlavə edilməsini təklif edirik.
12/04/2023 Read: 215 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 164.1.11-ci, 164.1.15-ci, 164.1.16-cı, 164.1.20-164.1.25-ci, 164.1.33-cü və 164.1.35-ci maddələrinə uyğun olaraq ƏDV-dən azad edilən idxal mallarının Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi vergi tutulan əməliyyat sayılır.

Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan idxalı ƏDV-dən azad olunan malların Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi vergi tutulan əməliyyat sayılır.

Bundan əlavə, sorğunuzda qeyd olunan halda vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 164-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Cavahir Dəmirova Ellaz mu***@gmail.com ID: 7998
Vergi xidmətinə yenidən qəbul test müsabiqəsi nə zaman planlaşdırılır?
11/04/2023 Read: 57 Average count: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqənin keçirilməsi ilə bağlı elan olmadığından, müsabiqənin tarixi ilə bağlı informasiyanın verilməsi imkan xaricindədir.  

Dövlət vergi orqanlarına işə qəbulla bağlı əlavə məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən əldə edə bilərsiniz.  

5/5 (1 Average count)
Qiymət ver:
Umair Zaheer Um***@gmail.com ID: 7997
Salam. "Sizin (VOEN:1406270092) dövlət büdcəsinə 10.04.2023 tarixinə 20.49 manat vergi borcunuz vardır" - deyə bildiriş gəlib mənə. Bu ödənişi necə edim? Xüsusi kodla ya başqa yolla? Təşəkkürlər.
11/04/2023 Read: 100 Average count: 0

Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrənizdən istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə və ya həmin bölmədə göstərilmiş “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

Bu keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə vergi və digər ödənişlərin təsnifat kodları ilə tanış ola bilərsiniz. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Nicat Əhmədov ni***@mail.ru ID: 7863
Salam. Yutub kanalı üçün VÖEN açılmalıdır, amma taksi fəaliyyəti ilə bağlı VÖEN olub, o dondurulub. İndi yutub üçün başqa VÖEN aça bilərəm? Taksi fəaliyyəti ilə məşğul deyiləm.
11/04/2023 Read: 288 Average count: 5

Bildiririk ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Vergi ödəyicisi eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul ola və ya uçota alınarkən, ərizəsində qeyd etdiyi fəaliyyət növünü digər fəaliyət növü ilə dəyişə bilər. Fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (1 Average count)
Qiymət ver:
Toğrul Xanbayov Fuad to***@yahoo.com ID: 7996
Salam, mən bugün VÖEN-i ləğv etdim. Nə zaman təsdiq gələcək, onu deyə bilərsiniz? Təsdiq gələndən sonra VÖEN məndə qalacaq yoxsa vergi xidmətinə verəcəm?
10/04/2023 Read: 136 Average count: 2

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Eyni zamanda bildiririk ki, fiziki şəxsin uçotu haqqında şəhadətnamə vergi ödəyicisi tərəfindən vergi orqanına təhvil verilməlidir.

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

2/5 (1 Average count)
Qiymət ver:
Abdullayev Kənan Kamran ka***@gmail.com ID: 7995
Dövlət sektorunda çalışan əməkdaş bir ay ərzində həm 3000 (üç min) manat əmək haqqı, həmdə məzuniyyətə çıxmadığı dövrə görə 3000 (üç min) manat kompensasiya almışdır. beləliklə aylıq gəliri 6000 (altı min) manat olmuşdur. Gəlir vergisi necə hesablanmalıdır?
10/04/2023 Read: 140 Average count: 0

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 101-ci maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Həsənov Əliş Hüseyn al***@gmail.com ID: 7994
Salam, sadələşmiş vergi ödəyicisi olan mebel istehsalı ilə məşğul olan hüquqi şəxsin rüb ərzindəki, hətta il ərzindəki dövriyyəsi 200 000 mindən aşağı olub, işçilərin sayı 6 nəfərdir və rüb ərzindəki dövriyyəsi vergi ödəyiciləri ilə köçürmə yolu ilə, nağdsız qaydada olmuşdur. 195 saylı sorğu mərgəzinə müraciətdə sadələşmiş vergi ödəyicisi qalmaq hüququnun olduğu söylənilmişdir. Sizdən bir daha bu məsələyə aydınlıq gətirilməsini istərdim. Təşəkkür edirəm.
10/04/2023 Read: 112 Average count: 5

Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Belə ki, ticarət fəaliyyəti, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Müvafiq olaraq qeyd etdiyiniz fəaliyyət topdansatış deyil, istehsal fəaliyyətidir, bu səbəbdən malların topdansatış qaydasında satılması sadələşdirilmiş vergi hüququnu məhdudlaşdırmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.55-ci, 218.1-ci və 218.5.8-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Tural Ələkbərov Faiq tu***@gmail.com ID: 7993
Salam. Bilmək istərdim aktivin ilkin dəyəri hesablanarkən ƏDV və aksizlərdə onun üzərinə gəlib amortizasiya olmalıdır ya amortizasiya ƏDV nəzərə alınmadan hesablanmalıdır?
10/04/2023 Read: 139 Average count: 0

Bildiririk ki, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Eyni zamanda, idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Sorğunuzda qeyd olunan əvəzləşdirilməyən ƏDV və aksiz məbləğləri əsas vəsaitlərin dəyərinə aid edildiyindən amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 114-cü, 139-cu və 143-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Məhəmməd Musayev me***@gmail.com ID: 7992
Salam, Azərbaycanda "print on demand" olaraq adlandırılan qaydada e-ticarət etməyin və buradan pul qazanmağın vergisi necə tutulur? Bunun üçün hansı qaydada VÖEN açmaq lazımdır?
10/04/2023 Read: 95 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Niyaz Kəlbiyev ka***@mail.ru ID: 7890
Salam. Mən vergi orqanında fiziki şəxs kimi qeydiyyatdayam. Əlavə olaraq tək özüm təsisiçi olaraq VÖEN aid olmayan Məhdud Məsuliyyətli Cəmiyyət təsis etmişəm. Qeyd olunan MMC ƏDV qeydiyyatında deyil. Mən həmin MMC-nin xalis mənfəətindən dividend götürmək istəyirəm, xahiş edirəm bildirəsiniz, hər ay 15 000 azn limit çərcivəsində mən dividendi nağd kassadan götürə bilərəm yoxsa şəxsi bank hesabıma köçürüb köçürməliyəm?
10/04/2023 Read: 304 Average count: 5

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Buna əsasən təqvim ayı ərzində təsisçilərə dividendin ödənilməsi otuz min və ya on beş min manat hədd daxilində nağd qaydada həyata keçirilə bilər. Həmin ayda qeyd olunan hədlərdən yuxarı məbləğdə təsisçilərə dividendin ödənilməsi yalnız nağdsız qaydada aparılmalıdır.

Eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.6-cı maddəsinə əsasən faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması yalnız nağdsız qaydada həyata keçirilir.

Əsas: Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Elvin İmanov Müseyib oğlu ac***@gmail.com ID: 7831
Salam. Aşağıdakı sualları cavablandırmağınızı xahiş edirəm. 1. Mən sadələşdirilmiş verginin ödəyicisi kimi mağazamda ərzaq mallarının parakəndə satışı fəaliyyəti liə məşğulam. 01.04.2023-cü il tarixdən ƏDV qeydiyyatına düşmək istəyirəm. ƏDV qeydiyyat tarixinə kimi (yəni 01.04.2023-cü il tarixədək, sadələşdirilmiş verginin ödəyicisi olduğum dövrdə) aldığım anbarda qalan mallar 01.04.2023-cü il tarixdən sonra (yəni ƏDV ödəyicisi olduğum dövrdə) satılarkən ƏDV-yə necə cəlb olunacaq, ƏDV ticarət əlavəsindən hesablanacaq, yaxud malların tam dəyərindən? Misal üçün 01.04.2023-cü il tarixə anbarda 1000 manatlıq mal (malın dəyəri 900.0 manat, ticarət əlavəsi 100 manat) olsa, həmin malı ƏDV ödəyicisi olduğum dövrdə satsam büdcəyə nə qədər ƏDV hesablanacaq? 2. Nağdsız hesablaşmalar haqqında Qanunun 3.5-ci maddəsində göstərilənlərdən başqa digər bəzi mallar alış aktı ilə VÖEN-i olmayan şəxslərdən alına bilərmi?
10/04/2023 Read: 336 Average count: 5

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

Həmçinin bildiririk ki, sadələşdirilmiş verginin ödəyicisi olan dövrdə ƏDV-yə cəlb edilən əməliyyat nəticəsində əldə edilən malların ƏDV-nin məqsədləri üçün qeydiyyata alındıqdan sonra təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır.

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bundan əlavə vergi orqanlarında uçotda olmayan şəxslərdən alınmış və alış aktı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmiləşdirilən məlumatlar üzrə elektron alış aktı tərtib edilməlidir.

Əlavə olaraq bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 71-2-ci, 159-cu maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı.

5/5 (1 Average count)
Qiymət ver:
Abdulhəmidova Səma Şakir qızı se***@gmail.com ID: 7856
DVX-2023 yay təcrübə proqramı haqqında məlumat gəlib universitetimizin (UNEC) kabinetinə lakin nə CV gondərmək üçün gmail və ya qeydiyyatdan keçmək üçün form linki qeyd olunmayıb. Zəhmət olmasa qeydiyyat haqqında məlumat verəsiniz .
10/04/2023 Read: 119 Average count: 3

Bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən mart ayının 27-dən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün iki hissədən ibarət olan sayca ikinci “Yay Təcrübə Proqramı”na qəbul elan edilmişdir.

Yay Təcrübə Proqramı barədə ətraflı məlumatla, o cümlədən müraciət etmək qaydası ilə aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür. Əlavə suallar yarandıqda elanda qeyd olunan telefon nömrəsi və elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Ətraflı məlumat üçün linkə keçid: https://www.taxes.gov.az/az/post/2419

3/5 (2 Average count)
Qiymət ver:
Huseynova Sərvinaz sn***@mail.ru ID: 7988
Təsis etdiyim MMC-yə başqa şəxsi direktor təyin etmək üçün nə etməliyəm? hara yaxınlaşmalıyam? Onlayın növbəni necə götürə bilərəm? Gələrkən hansı sənədlər üzərimdə olmalıdır?
09/04/2023 Read: 109 Average count: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.

Kommersiya qurumunun rəhbərinin dəyişdirilməsi ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Əsas: Mülki Məcəllənin 53.3-cü  maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver: