Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Azad Əliyev Baratxan az***@gmail.com ID: 7374
Salam. Mən Qarabağ veteranıyam, evimi satmaq istəyirəm. Bunun üçun mən vergi ödəməliyəm? Bilmək istəyirəm, mənə güzəşt var ya yoxdur?
12/12/2022 Read: 159 Average count: 5

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini və mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir. 

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. 

Bununla yanaşı, fiziki şəxslərin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. 

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.

Müharibə veteranı olan şəxslər üçün Vergi Məcəlləsində bir sıra güzəştlər nəzərdə tutulsa da, onlar tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim  edilməsi ümumi qaydada vergiyə cəlb olunur. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas:  Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci, 218.4-cü, 218-1-ci və 220.8-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Vaqif Sultanov Həsənəli oğlu va***@gmail.com ID: 7369
Ticarət fəaliyyəti (santexnika mal və materialların satışı) ilə məşğul olan və gəlir vergisi ödəyicisi olan fərdi sahibkar cari ilin oktyabr ayında illik satış dövriyyəsi 200.000 manatdan çox olduğu üçün müvafiq vergi orqanının xəbərdarlıq məktubuna əsasən 01 noyabr tarixindən ƏDV qeydiyyatına alınması tələb olunmuşdur. Fərdi sahibkarın satış məqsədləri üçün sahibliyində olan malların bir qismi cari il ərzində ƏDV ödəyicisi olan digər şəxsdən malın əsas məbləğini malsatanın bank hesabına, ƏDV-ni isə ƏDV depozit hesabına ödənilməklə alınaraq ƏDV ilə birlikdə mədaxil edilmiş və anbarda ehtiyyatda qalmaqdadır. Sahibliyində olan malların bir qismi isə e-qaimə tətbiqinə qədərki dövrlərdə əldə olunduğundan, alış sənədləri, kağız qaimə-fakturaları mühasibat uçotu arxivində mövcud olmadığından və cari ilin sentyabr ayında müvafiq vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri zamanı aşkar edilmiş, sayılmış, siyahıya alınmış və anbarda ehtiyatda qalmaqdadır. Cari ilin noyabr ayı ərzində alış sənədi olan və alış sənədi olmayan (operativ vergi nəzarəti tədbiri ilə aşkar olunmuş) mallar satılmış və e-qaimələrdə mallar alıcılara ƏDV-yə cəlb edilmədən təqdim edilmişdir. Noyabr ayında təqdim olunmuş malların e-qaimələrində düzəliş edilməsi qaydası və sonrakı aylarda satış e-qaimələrində qalıq malların (alış sənədi olan və alış sənədi olmayan) satışı zamanı malların ƏDV-yə cəlb olunması qaydasının, həmçinin, ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi qaydasının izah olunmasını sizdən xahiş edirəm.
09/12/2022 Read: 294 Average count: 5

Bildiririk ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar müəyyən edildikdə (əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və ya qismən geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi və s.) ƏDV üçün elektron qaimə-fakturanı vermiş və ƏDV-nin məbləğini həmin elektron qaimə-fakturada düzgün göstərməmişdirsə, yaxud ƏDV-nin bəyannaməsində verginin məbləğini düzgün göstərməmişdirsə, Vergi Məcəlləsinin 174.2-ci və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Bununla yanaşı, sorğunuzda qeyd olunan halda vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə mindiyi tarixdən etibarən əldə etdiyi mallar (xidmətlər) üzrə ödədiyi ƏDV  Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzələşdirilə bilər. 

Belə ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. 

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 163-cü, 174.2-ci və ya 175-ci maddələri.

 

5/5 (1 Average count)
Qiymət ver:
Cavid ca***@genselektrik.com ID: 7368
Salam. Borcun olub-olmaması haqqında arayış və yüklülük sənədini əvvəl hər ikisini siz təqdim edirdiniz. İndi isə Yüklülük barədə arayışın yalnız notariusdan alınmasını deyirsiniz. "Asan doc" vasitəsilə təqdim etməniz mümkündürmü?
09/12/2022 Read: 172 Average count: 5

Bildiririk ki, təsis paylarının yüklü olub-olmaması barədə arayışın və vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi üçün gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda, onlardan istifadə etməklə İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən elektron qaydada, poçt vasitəsi ilə və ya kommersiya hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə kağız daşıyıcısında sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz.

Arayış elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Təsis paylarının yüklü olub-olmaması barədə arayış 15 gün müddətində, vergi ödəyicisinin vergi borcu barədə arayış isə 5 iş günü ərzində təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (2 Average count)
Qiymət ver:
Əliyeva Ayşad Ələkbər ay***@inbox.ru ID: 7367
Salam. Əgər Dövlət İdarəsinin rəhbəri dəyişərsə o zaman Dövlət Vergi Xidmətinə yeni rəhbərlə bağlı hansı sənədlər təqdim edilməlidir? Öncədən təşəkkür edirəm.
09/12/2022 Read: 138 Average count: 5

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. 

Əlavə olaraq bildiririk ki, qeyri-kommersiya təşkilatlarının (dini qurumlar istisna olmaqla) dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir və bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə, vergi uçotuna dair məlumat almaq üçün isə (195-1) Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ədliyyə Nazirliyi tərəfindən dəyişiklik dövlət qeydiyyatına alındıqdan sonra təşkilat vergi orqanına "Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması haqqında ərizə" formasını və dəyişikliyi təsdiq edən sənədləri təqdim etməlidir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Rafiq Məmmədov İsmayıl mm***@gmail.com ID: 7365
Müəssisə tərəfindən müharibə veteranlarına göstərilən "maddi yardım"dan hər hansı bir gəlir vergisi tutulurmu?
09/12/2022 Read: 196 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda, ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın 20000 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Eyni zamanda, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Buna əsasən sorğunuzda qeyd olunan işçilərə verilən maddi yardımlar muzdlu işlə əlaqədar alınan gəlirlərə aid edilməklə ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Məcnun Aydınov Fikrət oğlu me***@gmail.com ID: 7360
Salam. Vergi Məcəlləsinin 102-ci maddəsinin (Gəlir vergisindən azadolmalar və güzəştlər) 102.1.6. bölümündə yazılıb: Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat. İşçiyə istifadə etmədiyi əmək məzniyyətinə görə ödənilən kompensasiya məbləğinə də 200 manat güzəşt edilir (hər bir iş ili üçün ayrılıqda). Bu güzəşt məbləği Vergi Məcəlləsində qeyd edilmir (Şifahi olaraq bidirilir). Və bu da mühasiblər üçün çətinlik yaradır. Xahiş edirik bu suala aydınlıq gətirəsiniz və VM-də qeyd edilməsinə yardımçı olasınız. Təşəkkür edirəm.
08/12/2022 Read: 194 Average count: 4

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

4/5 (4 Average count)
Qiymət ver:
Gündüz Orucov Çingiz gu***@mail.ru ID: 7358
İşçinin cəmi hesablanmış əmək haqqısı 2500m yüksəkdir. Məsələn 2900m. İşçi veteran statusu var. Gəlir vergisi necə hesablanır? (Dövlət və Neft sektoru üçün)
08/12/2022 Read: 127 Average count: 5

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2900 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt tətbiq olunmur və 400 manat çıxıldıqdan sonra qalan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Həmçinin bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. Bu halda isə, qeyd etdiyiniz şəxsin əməkhaqqından gəlir vergisi hesablanmır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

5/5 (1 Average count)
Qiymət ver:
Гулиева Гюлусум Эльшад кызы 04***@gmail.com ID: 7349
Здравствуйте, я иностранный студент, где я могу узнать свой инн?
07/12/2022 Read: 71 Average count: 5

Müraciətinizdə qeyd olunan (ИНН — идентификационный номер налогоплательщика), yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

5/5 (1 Average count)
Qiymət ver:
Elvin Rüstəmov Fərman 12***@mail.ru ID: 7344
Salam. Mən bilmək istərdim ki, azyaşlı övladımın (1 yaş) olması ilə əlaqədar əməkhaqqımdan tutulan dövlət vergisinə (14%) güzəşt oluna bilərmi? Mümkündürsə vergi tutulmasında güzəşt edərdiniz.
06/12/2022 Read: 96 Average count: 1

Bildiririk ki, gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir.

Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

 

1/5 (1 Average count)
Qiymət ver:
Qasımova Aytən Sevdim ga***@gmail.com ID: 7339
"ƏDV geri al" qeydiyyatımda olan nomrəni dəyişmək ücün nə etməliyəm? Təsdiq edə bilmirəm, köhnə nömrə olduğu üçün.
06/12/2022 Read: 78 Average count: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Raid Əlizadə ra***@mail.ru ID: 7335
Məlumat üçün bildirirəm ki, 25.02.2022-ci il tarixində Təhsil Nazirliyin Regional Təhsil İdarəsinin yaranmsı barədə əmr verilmişdir. Lakin Ərazi Maliyyə Hesablaşma Mərkəzləri 30 aprel 2022-ci il tarixinə qədər fəaliyyət göstərmişdir. Buna görədə 15 saylı ƏMHM -nin 3700546791 VÖEN-i ilə aprel II rüb ləğv hesabatı verilməlidir. Vahid vergi ləğv hesabatı yaradılaraq hazırlanıq qaralamaya düşür. Yoxlama verilərkən "fayl bəyannaməyə uyğun deyil" səbəbi göstərilir. Bu da tarixlərin uyğun olmamasına görə yaranır. Bununla bağlı yaranmış problemin həlli və hesabatın verilməsinə köməklik göstərməyinizi xahiş edirəm. Əlavə qeyd edirəm ki, hesababatın verilməməsinə görə müavinətlər (xəstəlik vərəqələri) ödəniş olunmur. 300-dən artıq əmək qabiliyyətinin olmaması vərəqələrin ödənişi gecikir və şikayətlər olunur.
05/12/2022 Read: 124 Average count: 0

Müraciətiniz barədə ətraflı məlumat və metodiki köməklik üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Müqəddəs Əliyev Əlizadə mu***@mail.ru ID: 7319
Salam. Şirkətlərin ünvanlarını və əlaqə nömrələrini internetlə və vergi saytlarında axtaranda tapa bilmirəm. Bu şirkətlərin ünvanları və əlaqə nömrələri yoxdursa, niyə bazarda şəffaf axtarışla tapa bilmirik? Bu sualıma bağlı bu şirkətləri tapmaq qaydası mənə izah edilsin. Xahiş edirəm yazılanlara obyektiv və ətraflı cavab yazılsın.
03/12/2022 Read: 99 Average count: 0

Bildiririk ki, vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını səhifəmizin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” adlı elektron xidmətinə daxil olaraq “Ada görə axtarış” və ya “VÖEN-ə görə axtarış” menyuları vasitəsilə də əldə edə bilərsiniz.

Xidmətdən istifadə ilə bağlı sual yarandıqda, məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Yaşar Allahquliyev Səftər ya***@mail.ru ID: 7314
Salam. Mən ƏDV-nin geri qaytarılması ilə bağlı məlumat almaq istəyirəm. ƏDV-nin geri qaytarılması hansı evlərə aid edilir? Şəxsi ev alanda bu mümkündürmü? Əgər, bütün sənədlər qaydasında olsa.
02/12/2022 Read: 118 Average count: 0

Bildiririk ki, yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması yalnız ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə aid edilir. 

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası

0/5 (0 Average count)
Qiymət ver:
Rahil Quluzadə Ramiz ra***@yahoo.com ID: 7313
Salam. Büdcə təşkilatı digər büdcə təşkilatına əvəzssiz olaraq verdiyi mal-material üçün elektron qaimə tərtib edə bilərmi?
02/12/2022 Read: 130 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-6.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək istisna edilmişdir.

Buna əsasən büdcə təşkilatları tərəfindən mal-materialların təqdim edilməsi işlərin və xidmətlərin təqdim edilməsinə aid edilmədiyindən həmin malların təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 71-1-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Əliyev Nurlan Elşən oğlu nu***@icloud.com ID: 7311
Salam. Mən Əliyev Nurlan Elşən oğlu Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbəsiyəm. Xahiş edirəm məlumat verərdiniz, Dövlət Vergi Xidmətində təcrübə proqramına sənədlər hansı tarixdən başlayır?
02/12/2022 Read: 73 Average count: 0

Bildiririk ki, Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün Yay Təcrübə Proqramı təşkil edilmişdir. 

Növbəti təcrübə proqramının keçirilməsi haqda məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İbrahim Bağırov Musa ib***@gmail.com ID: 7309
Salam. Mən yeni bir iş yeri açmaq istəyirəm. Bu iş yeri uşaq əyləncə mərkəzidir. Avadanlıqlar Çindən sifariş olunub. Onu bilmək istəyirdim ki, bu avadanlıqlar bizim əsas kapitalımızdır, idxal edərkən hansı vergiləri ödəməliyik?
02/12/2022 Read: 126 Average count: 0

Bildiririk ki,vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 20-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Kamran Ağamirzəyev Camal k.***@gmail.com ID: 7308
Salam. Şeyşel adalarında qeydiyyatdan keçmiş bir şirkət Azərbaycan qeydiyyatdan necə keçməli və qeydiyyatdan keçmək üçün hansı sənədlər lazımdır? Əvvəlcədən minətdarlıqımı bildirirəm.
02/12/2022 Read: 80 Average count: 0

Bildiririk ki, xarici kommersiya qurumunun nümayəndəliyinin və ya filialının Azərbaycan Respublikasında qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını (o cümlədən ərizə və sənəd nümunələrini) səhifəmizin “Bir pəncərə” bölməsinin “Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün” hissəsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əbişov Qəhrəman Qaçaxan oğ. qe***@gmail.com ID: 7190
TƏBİB-in tabeliyində olan tibb müəsisələrində çalışan həkimlərin əmək haqqından gəlir vergisi necə hesablanır?
02/12/2022 Read: 213 Average count: 4

Bildiririk ki, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin meyarların 2.2-ci bəndinə əsasən dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Qeyd edilənlərə əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələri muzdlu işlə əlaqədar hesablanan gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edən vergi ödəyicilərinə aid edilməmişdir. Həmin tibb müəssisələrində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən - vergi tutulan aylıq gəlir 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi və “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı.

4/5 (5 Average count)
Qiymət ver:
Seymur Əkbərov Se***@gmail.com ID: 7178
Salam mən VÖEN almaq istəyirəm. İlk öncə nə etməliyəm, haraya müraciət edim, hansı sənədlər lazımdır? VÖEN-in üstünlükləri və VÖEN haqda ətraflı məlumat almaq istəyirəm.
02/12/2022 Read: 159 Average count: 5

Bildiririk ki, adından da göründüyü kimi VÖEN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Eyni zamanda, fiziki şəxs onlayn rejimdə də qeydiyyatdan keçmə imkanına malikdir. Bunun üçün həmin şəxs səhifəmizin "Elektron xidmətlər" bölməsindən "Fərdi sahibkarların onlayn qeydiyyatı" adlı elektron xidmət vasitəsilə İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olmalıdır. Bunun üçün isə, ilk növbədə, fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır.

Fiziki şəxsin onlayn qaydada qeydiyyatdan keçməsi üçün tələb olunan addımlar barədə daha ətraflı məlumatı "Onlayn kargüzarlıq" internet səhifəsindən istifadə barədə TƏLİMAT-dan əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

 

5/5 (2 Average count)
Qiymət ver:
Mehdiyev Ağa Fikrət oğlu me***@gmail.ru ID: 7140
Mənə "TIN" nömrə lazımdır.
01/12/2022 Read: 158 Average count: 5

Müraciətinizdə qeyd olunan TIN (Taxpayer Identification Number), yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

5/5 (2 Average count)
Qiymət ver: