Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Əli Oruclu Ağasəf el***@gmail.com ID: 6647
1. Bina tikintisi ilə məşğul ola müəssisə tikintidə fəaliyyət göstərən işçilərin əməkhaqqısını faktiki ödədiyi miqdarda, yoxsa satdığı kv metrə uyğun maya dəyərinə daxil edilən hissə qədər gəlirdən çıxa bilər? 2. Tikintdə istifadə olunan avadanlığa amortizasya ayırmalarını və inzibati sahədə fəaliyyət göstərən mühasib mühəndis və s. əməkhaqqısını hansı formada xərcə salmalıdır, birbaşa yoxsa maya dəyərinə uyğun? 3. Müəssisə istehsal fəaliyyəti ilə məşğul olur. 2021-ci il üçün heç bir satışı, yəni gəliri olmayıb. Lakin, 2021-ci il ərzində icarə, kommunal, əməkhaqqı xərcləri çəkib. Bu zaman 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində xərclər bölməsində icarə, əməkhaqqı, kommunal və amortizasiya xərclərini əks etdirməlidirmi?
24/07/2022 Read: 319 Average count: 5

Cavab 1. Bildiririk ki, bina tikintisi ilə məşğul olan şəxslər tikilən binalar üzrə gəlirlərin və xərclərinin uçotunun tanınması Vergi Məcəlləsinin 130.6-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Göründüyü kimi qeyd olunan maddədə, vergi ili ərzində yalnız yerinə yetirilmiş işlər (mərhələlər) üzrə xərclərin gəlirdən çıxılması nəzərdə tutulmuşdur. Bu səbəbdən bina tikintisi ilə bağlı çəkilən işçilərin əməkhaqqı xərcləri müvafiq təsdiqedici sənədlər əsasında Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 130-cu maddələri.

Cavab 2-3. Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən, hazır məhsulun istehsalına çəkilmiş xərclər, o cümlədən əmək haqları və ona bərabər tutulan ödənişlər, istehsal prosesinə cəlb olunmuş əsas vəsaitlər üzrə amortizasiya ayırmaları həmin məhsulların dəyərini təşkil etdiyindən satılmayan məhsulların növbəti ildə təqdim edilməsi zamanı həmin məhsulların dəyərində olan xərclər təqdim edildiyi ildə gəlirdən çıxılan xərclərə aid edilir.

Bununla yanaşı istehsal prosesi ilə bağlı olmayan xərclər məhsulun maya dəyərinə daxil edilmir və vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 134-cü, 135-ci, 136-cı və 139-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Niyazi Məmmədov Asif ni***@live.com ID: 6736
Fiziki şəxs olaraq bilmək istərdim ki, bina sakinləri əmlak və torpaq vergisi ödəmələdirmi və əgər ödəməlidirsə, hansı qanunda qeyd edilib, öncədən təşəkkürlər?
24/07/2022 Read: 184 Average count: 0

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 

Bələdiyyələr tərəfindən hesablanmış əmlak vergisi barədə tədiyə bildirişi hər il avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği 15 avqust və 15 noyabr tarixlərinədək fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 207.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır. Buna əsasən çoxmənzilli binaların altında olan torpaqların torpaq vergisinə cəlb olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci, 199-cu, 200-cü, 205-ci, 206-cı, 207-ci və 208-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əmrah Naibov la***@mail.ru ID: 6734
Mən 09.06.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə şikayət məktubu ilə müraciyət etmişəm və üstündən 2 aya yaxın keçməyinə baxmayaraq, cavab hələ yoxdur. Mənim sualım - şikayət məktubları neçə vaxta cavablandırılır?
24/07/2022 Read: 102 Average count: 5

Bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

Həmçinin bildiririk ki, vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Müraciətiniz barədə əlavə məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 24-cü maddəsi və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (2 Average count)
Qiymət ver:
Hüseynova Əsmər Fəxrəddin qızı e_***@mail.ru ID: 6733
1. Vergi Məcəlləsi 110.1 maddəsində Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. Bu maddədə qeyd edilən banklararası kreditlər üzrə faizlərin orta səviyyəsi necə müəyyən edilir? Biz kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmayan hissəsini müəyyən edərkən hansı mənbəyə istinad etməliyik? 2. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə görə əvvəlki illərdə alınmış borclar üzrə 2022-ci ildə faiz xərci ödənildikdə ödəmə vaxtı ödəmə mənbəyindən vergi tutulmalıdırmı?
22/07/2022 Read: 171 Average count: 0

Cavab 1. Bildiririk ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Banklararası kreditlər üzrə faizlərin orta səviyyəsini Mərkəzi Banka müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü maddələri.

Cavab 2. Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 7 il müddətində gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsində son dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad olunur.

Qeyd olunanlara əsasən, 2023-cü il fevralın 1-dən etibarən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri istisna olmaqla, fiziki şəxslərin digər faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. 

Əsas: Vergi Məcəlləsinin 102.1.22-ci və 123-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Arzu Yusubov Sarı ay***@mail.ru ID: 6732
Salam. A şirkəti müstəqil VÖEN-ə malik olan dövlət müəssisəsidir, hüquqi şəxsdir və ƏDV qeydiyyatındadır. ƏDV və mənfəət vergisinin ödəyicisidir. Onun balansında futbol stadionu vardır. B isə xarici ölkəyə məxsus və öz ölkəsinin vergi orqanlarında qeydiyyatda olan futbol klubudur. UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın tanınmış futbol klubu ilə sözügedən B xarici futbol klubu arasında yoldaşlıq oyunu keçirilməlidir. Yoldaşlıq oyunundan əvvəl B xarici futbol klubunun məşq etməsi zərurəti vardır. Bu səbəbdən futbol klubunun məşqi üçün A şirkəti ilə onun stadionu müvəqqəti icarəyə götürmək barədə müqavilə bağlayıb məşqini keçmişdir. A şirkəti B xarici furbol klubuna e-Qf göndərə bilmir. Yalnız hesab- faktura (invoice) təqdim edir. Futbol klubu tərəfindən edilən ödəniş xarici valyutada olmaqla A şirkətinin valyuta hesabına köçürülmüşdür. Xahiş edirəm, ətraflı cavab verərdiniz A şirkətinin hansı vergi öhdəlikləri yaranır (ƏDV, ÖMV, Mənfəət və ya digər) və təqdim ediləcək bəyannamələrdə hansı sətirlərdə və əlavələrdə dəqiq əks etdirilməlidir? 164.1.44 və 164.1.45 maddələrinin müddəaları tətbiq olunurmu?
22/07/2022 Read: 175 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.44-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ƏDV-dən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.45-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatı ilə əlaqədar UEFA, onu təmsil edən, habelə onun yaratdığı və tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxslər tərəfindən çempionatla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ƏDV-dən azaddır. 

Göründüyü kimi yuxarıda qeyd olunan azadolmalar, yalnız Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatı ilə əlaqədar göstərilən iş və xidmətlər üçün nəzərdə tutulmuşdur. 

Yuxarıda qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçvəsində keçirilən futbol oyunu ilə əlaqədar hüquqi şəxsin icarə haqqından əldə etdiyi gəlirlər ümumi qaydada mənfəət vergisinə və ƏDV-yə cəlb olunur. 

Həmçinin, vergi qanunvericiliyinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Əsas: Vergi Məcəlləsinin 69-cu, 104-cü, 159-cu və 164-cü maddələri. 

4/5 (2 Average count)
Qiymət ver:
Kamran Şıxlı Ziya Mo***@gmail.com ID: 6731
Salam. Vergi orqanı fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə qərarla vergi ödəyicisinin obyektinə gəlirsə, eyni zamanda ilkin mühasibat sənədlərinin və kompyuter fayllarının (son neçə ilə aid məlumatların) götürülməsi qərarının çıxarılması nə dərəcədə düzgündür, qanunidirmi?
21/07/2022 Read: 145 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən Vergi Məcəlləsinin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanının hüquqlarına aid edilmişdir.

Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə müvafiq formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 23-cü, 50-ci maddələri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 29.03.2022-ci il tarixli 2217040100192100 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları".

0/5 (0 Average count)
Qiymət ver:
Saleh Salmanov Vahid qa***@gmail.com ID: 6729
VÖEN 1700672182! Mənim adıma heç bir VÖEN yoxdur, mənə mesaj göndərirsiniz.
21/07/2022 Read: 86 Average count: 3

Bildiriri ki, Salmanov Saleh Vahid oğlu (VÖEN 1700672182) vergi ödəyicisi kimi uçotdadır. Uçot məlumatları haqda ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

3/5 (2 Average count)
Qiymət ver:
Yaqub Əliyev ya***@gmail.com ID: 6728
Sahibkarlıq fəaliyyəti barədə arayış əldə etmək istəyirəm. Hansı ki, orada vergi ödəyicisinin məlumatları və fəaliyyət istiqaməti qeyd edilsin. Bunu ən qısa zamanda necə əldə edə bilərəm?
20/07/2022 Read: 59 Average count: 4

Bildiririk ki, "Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə arayış"ı vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək mümkündür. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə  təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

4/5 (3 Average count)
Qiymət ver:
Əliyev Ramil Ramiz ra***@mail.ru ID: 6738
Salam. Müəssisənin fəaliyyəti 2019, 2020, 2021, 2022-ci illərdə vergi orqanına müraciət edilərək dayandırılmışdır. Fəaliyyətin dayandırıldıgı dövrdə isçilərin sayı 2 nəfər ( direktor və Baş mühasib) olmuşdur. Müəssisənin baş mühasibi direktora işdən azad olunması haqqında ərizə təqdim etdiyi halda, Təhvil-təslim aktının iki nəfərin yəni Direktor ilə Baş mühasibin arasında tərtib olunması mümkün və ya qanuna uyğundurmu? Xahiş edirik sualımızı cavablandırasınız. Öncədən təşəkkürlər.
20/07/2022 Read: 68 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Gulnarə İsmayılova Məhəmməd gu***@gmail.com ID: 6726
Salam. Mən vergi hesabatında vergi üzrə fəaliyyət növünün kodunda səhv olaraq yalnış kod yazmışam və II rübün hesabatını beləcə göndərmişəm və sistem qəbul edib. Bilmək istəyirəm, həmin səhv mənə problem yaradar?
20/07/2022 Read: 113 Average count: 0

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Qeyd olunan halla əlaqədar, hər hansı anlaşılmazlığın yaranmaması üçün qeydiyyatda olduğunuz vergi orqanına izahat məktubu ilə müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Zahidov Sadiq Qnyaz oğlu z_***@mail.ru ID: 6596
Salam. Xahiş edirəm daşınmaz əmlakı icarəyə verən hüquqi şəxslərin hansı növ vergi öhdəliyi yaranması haqqında məlumat verəsiniz. Öncədən təşəkkür edirəm.
20/07/2022 Read: 267 Average count: 5

Bildiririk ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin bu fəaliyyətləri ilə bağlı sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığından, hüquqi şəxslər tərəfindən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər mənfəət vergisinə cəlb edilir.

Eyni zamanda, hüquqi şəxsin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda növbəti ayın ilk 10 günü ərzində həmin vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və göstərdiyi xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 155-ci., 159-cu və 218.5-ci maddələri.

5/5 (5 Average count)
Qiymət ver:
Şəldiyev Bəbir Şəldi ka***@gmail.com ID: 6720
Mənim vergi borcum varmı, varsa nədən qaynaqlanır?
19/07/2022 Read: 84 Average count: 0

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu və borcun yaranma səbəbi ilə bağlı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə də əldə edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Aydın Əliyev ay***@mail.ru ID: 6714
2020-ci ilin sonuna müəssimizin balansda olan nəqliyyat vasitəsinin qalıq dəyəri təşkil edib 28490.01 manat. 2021-ci ildə nəqliyyat vasitəsi balansda olub 3 ay və sonra satılıb. 3 ay üzrə amortizasiya hesablanıb: 28490,01 × 25% : 12 ay × 3 ay = 1780,62 manat. Amortizasiya məbləği düzgün hesablanıbmı?
18/07/2022 Read: 130 Average count: 0

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan hesablama qaydası vergi qanunvericiliyinin tələblərinə uyğun hesab edilmir.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi. 

0/5 (0 Average count)
Qiymət ver:
Vəfa Əliyeva Tofiq va***@gmail.com ID: 6713
Salam. İşçi xarici ölkəyə ezamiyyətə getdikdə, avans olaraq işçiyə NK ezamiyyə normalarından artıq mehmanxana xərci verilibsə və işçi ezamiyyətdən qayıtdıqdan sonra mehmanxana xərcini təsdiq edən sənədləri təqdim etmişdirsə, bu halda həmin normadan artıq ezamiyyə xərci işçinin gəlirinə əlavə edilib gəlir vergisinə cəlb edilirmi?
18/07/2022 Read: 220 Average count: 0

Bildiririk ki, işçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi tutulan gəlirinə aid edilmir. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Gərşasibli Asim Ağabala as***@mail.ru ID: 6611
Salam. Şirkət 1 ildir ki açılıb. Könüllü ƏDV qeydiyyatına durub. Dövriyyə 200 mini keçmir. Şirkət mikro sahibkarlara verilmiş 75 faiz mənfəət vergisi güzəştindən istifadə edə bilər?
18/07/2022 Read: 276 Average count: 5

Bildiririk ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Bu zaman vergi ödəyicisinin hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs həmin hesabat ili üçün mikro sahibkar hesab olunur və qanunvericiliklə mikro sahibkarlıq subyektləri üçün müəyyən edilmiş vergi güzəştləri həmin şəxslərə münasibətdə tətbiq edilir.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Göründüyü kimi, şəxsin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmasından asılı olmayaraq hesabat ili üzrə göstəriciləri mikro sahibkarlıq subyektinin meyarlarına uyğun gəldiyi halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu və illik gəliri 200.000 manatdan yuxarı olmadığı halda) həmin şəxs mikro sahibkar hesab olunur.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”.

5/5 (7 Average count)
Qiymət ver:
Cəbiyev Azər Rəfail az***@gmail.com ID: 6712
Mənim qızım ona verilmiş vergi nömrəsini və asan imzanı dondurmaq istəyir. Onlayn imkan varmı?
18/07/2022 Read: 94 Average count: 0

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Həmçinin bildiririk ki, "Asan imza" istifadəçisinin müraciəti əsasında sertifikatın qüvvəsinin dayandırılması mümkündür. Bunun üçün istifadəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ASAN Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) şəxsiyyətini təsdiq edən sənədin surətini və "İmza sahibi tərəfindən Sertifikatın statusunun dəyişdirilməsi üçün ərizə"  (Əlavə 2) təqdim etməlidir. Ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, ərizəyə etibarnamə əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Murad Nəzərli İlqar na***@mail.ru ID: 6711
Salam. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə növbəti işə qəbul imtahanı tarixi və şərtləri barədə məlumat bildirməyinizi xahiş edirəm. Öncədən təşəkkürlər.
18/07/2022 Read: 64 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqə ilə bağlı məlumat olmadığından, hər hansı məlumatın verilməsi imkan xaricindədir.  

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Rahım Musayev Bəbir ra***@ady.az ID: 8401
Mən VÖEN-i bağlamaq istəyirəm. Necə edə bilərəm?
17/07/2022 Read: 56 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Pərviz Rəcəbov ra***@gmail.com ID: 6709
Salam. Sizdən POS-terminalın quraşdırılması ilə bağlı sualımıza öz mövqeyinizi (qanunlarla) bildirməyinizi xahiş edirik: Bildiririk ki, “RP” MMC olaraq müəssisəmiz izolyasiya mallarının topdan satışı və quraşdırılması ilə (4322103-fəaliyyət kodu) məşğul olur. Məlum olduğu kimi Vergi Məcəlləsinin 16.1.11-1 maddəsinə əsasən nağdsız ödənişlərin aparılması üçün POS-terminalların quraşdırılması və istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsində pərakəndə satış zamanı malların alıcısı onu sahibkarlıq fəaliyyəti üzrə yox, istehlak məqsədi ilə istifadə etməli olduqları qeyd edilib. Bununla yanaşı Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış fəaliyyəti dedikdə, malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti başa düşülür. Göründüyü kimi pərakəndə ticarət fəaliyyəti zamanı mallar istehlak, topdansatış fəaliyyətində isə sahibkarlıq məqsədilə təqdim edilir. Eyni zamanda Vergi Məcəlləsinin 24.0.3-cü maddəsində vergi orqanı vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat verməyə, müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin hesablanması və ödənilməsi barədə izahatlar verməyə, vergi ödəyicilərinə onların hüquq və vəzifələrini izah etməyə borclu olduqları qeyd edilib. Qeyd olunanlara əsasən müəssisəmiz topdan satış ticarət faəliyyəti ilə məşğul olmasına baxmayaraq bütün təsərrüfat subyektlərində (obyektlərində) Pos-terminal quraşdırmalıdırmı? Quraşdırılmadığı təqdirdə hansı məsuliyyət tədbirləri görülür? Öncədən hər birinizə təşəkkürlər!
17/07/2022 Read: 265 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur. 

Həmin qərara əsasən dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar. 

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Bahar Hacıyeva ba***@mail.ru ID: 6706
Salam, təsisçi MTK ya borc verərək maliyyə yardımı göstərib. Təsisçi ödədiyi borcu heç bir faiz əldə etmədən geri götürərsə vergi ödəməlidirmi?
16/07/2022 Read: 163 Average count: 0

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə, maddə 739.2).

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver: