Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Azər Nəbiyev az***@gmail.com ID: 6622
Salam. Təsisçi borc müqaviləsi əsasında hesablanan faizlərə 10 % ödəmə mənbəyindən vergi tutulub. Təsisçiyə ödənilən faizlər gələcəkdə vergi tərəfindən dividend kimi qəbul oluna bilərmi? Əlavə faiz hesablana və vergidən yayınma kimi qəbul oluna bilərmi?
21/06/2022 Read: 199 Average count: 0

Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.

Qeyd edilənlərə əsasən təsisçi tərəfindən hüquqi şəxsə verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə görə rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

Qeyd olunanlara əsasən, təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması müvafiq qaydada sənədləşdirildikdə dividend hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 740-cı maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Mahmud Məmmədzadə ma***@gmail.com ID: 6620
Salam mənə əməkdaşlarınız vasitəsilə vergi borcumun olması ilə bağlı məlumat verildi. Borcumun miqdarı 236 azn təşkil edir. Poçta ödəmək üçün yaxınlaşdıqda təsnifat kodu istənildi. Təsnifat kodunu bilmədiyimdən borcumu ödəyə bilmədim. Sizin əməkdaşlar təkrar əlaqə sonrası bankların təsnifat kodunu istəmədiyini bildirdi. Mən də 2 banka müraciət etdim. Amma təsnifat kodu olmadan vergi borcumu ödəməyin mümkün olmadığını bildirdilər. Mən təsnifat kodumu necə əldə edə bilərəm?
21/06/2022 Read: 85 Average count: 0

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən büdcə səviyyəsinin kodları) və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

0/5 (0 Average count)
Qiymət ver:
Hüseyn Qarayev Həsən hu***@gmail.com ID: 6616
Salam. Mən bu gün fərdi sahibkar olaraq qeydiyyatdan keçdim. VÖEN açmaq üçün ərizə təqdim etdim. Kənd təsərrüfatı mallarının, əhaliyə onlayn satışını həyata keçirtmək məqsədi ilə. Bu bir startapdır. Vergi orqanlarından (195 çarğı mərkəzindən) aldığım məlumata əsasən, nəzarət-kassa aparatı alınmalıdır. İlkin etaplarda mikro sahibkardan bunu tələb etmək nə dərəcədə düzgündür? Bu qurğuların oratalama dəyəri 400 AZN təşkil edir. Bu qurğunun ilkin etaplarda əldə olunması vacibdirmi? Zəhmət olmasa, məlumatı dəqiqləşdirməyə köməklik göstərərdiniz.
20/06/2022 Read: 215 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Sorğunuzda qeyd olunan halda, alıcılar tərəfindən sifariş verilmiş mallar həmin şəxslərə təqdim edilərkən, NKA çeki də təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

0/5 (0 Average count)
Qiymət ver:
Məcnun Əfəndiyev mu***@gmail.com ID: 6615
Hörmətli dostlar. Sadə sualım vardır: 175.10-cu maddə "ödəniş formasından asılı olmayaraq" sözlər hansı mənanı daşıyır? Ödəniş forması deyəndə nə nəzərdə tutulur? Təşəkkür.
20/06/2022 Read: 151 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün:

- verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

- malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

- alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

- vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron qaimə-fakturaları verilməlidir.

ƏDV ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxsə malların idxalı zamanı gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri isə ödənişin formasından asılı olmayaraq ƏDV-nin əvəzləşdirilməsinə əsas verir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

3/5 (5 Average count)
Qiymət ver:
Fərəcov Amid Nazim fa***@mail.ru ID: 6614
Salam. Mən bilmək istəyirəm, istənilən bir obyekt, misal üçün restoran ya market olsun, əgər mən ödənişi nağdsız şəkildə etmək istəyirəmsə, bunu qanunvericilklə təmin etməlidir yoxsa mənə deyə bilər ki, "bizdə yalnız nağd ödəniş qəbul edilir, nağdsız yoxdur"?
20/06/2022 Read: 162 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları” və həmin Qaydalara 1 nömrəli əlavə “Ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi cədvəli” və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı və POS-terminalların quraşdırılması tarixi müəyyən olunmuşdur. 

Həmin qərara əsasən dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən), dövriyyəsindən və ərazisindən asılı olmayaraq, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən), rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri), hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdırlar.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2020-ci il tarixdən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı.

5/5 (3 Average count)
Qiymət ver:
Fərid Məmmədli fe***@gmail.com ID: 6613
Mən taksi fəaliyyəti üçün VÖEN açdırmışdım. 3-4 aydır taksi fəaliyyəti ilə məşğul olurdum. Vergi olaraq nəsə vergi ödəməliyəm ve ya hesabat verməliyəm?
20/06/2022 Read: 191 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

 "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış sadələşdirilmiş vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.

Bununla yanaşı, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 36 manat sosial sığorta haqqı ödəməlidir.  

Həmçinin, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun minimum aylıq əməkhaqqının 4 faizi (12 manat) məbləğində icbari tibbi sığorta üzrə sığorta haqqı ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 122-ci, 150-ci, 218-ci və 221-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Average count)
Qiymət ver:
Qafqaz Qardaşov qq***@gmail.com ID: 6612
Salam, vergi borcumu onlayn olaraq necə öyrənə bilərəm?
20/06/2022 Read: 98 Average count: 0

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

0/5 (0 Average count)
Qiymət ver:
Sadıqov Əli Qalib el***@mail.ru ID: 6608
Salam hüquqi şəxlərin yəni MMC-nin torpaq uçotunu hansı orqan aparır və onlar torpaq vergisini hansı büdcəyə ödəyir və bəyannaməni hara təqdim edirlər?
18/06/2022 Read: 104 Average count: 0

Bildiririk ki, rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. 

Əsas: Vergi Məcəlləsinin 203-cü və 208-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Tamilla Əliyeva Mayis ta***@mail.ru ID: 6606
Salam 29/03/2022 tarixində illik Mənfəət vergisi (26.051,92 AZN) yalnış təqdim edilmiş, lakin 04/05/2022 tarixində kameral uyğunsuzluq gəlmiş və dəqiqləşmiş yollanmadığı üçün kameral hesablama (23.850,21 AZN) aparılmışdır. Uyğunsuzluğa cavab yazılmadığı üçün yaranmış borca görə faiz hesablanmışdır və borc (55.743,2 AZN) olmuşdur. Lakin 14/05/2022 tairixində dəqiqləşdirilmiş, borc ( 21.241 AZN) olmuş və təsdiq olunmamış azalmalara 29.499,75 AZN düşmüşdür. O zamandan sonra vergiyə təsdiq olunmamış azalmalarla bağlı məktub yazılmışdır, lakin heç bir cavab verilməmişdir. Rica edirəm ki, bu məsələ ilə bağlı araşdırlma aparılsın və məlumat verilsin.
17/06/2022 Read: 127 Average count: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsi vasitəsilə rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Vüsal Soltanov vu***@gmail.com ID: 6604
Salam. e-Qaimə bölməsində "ƏDV-dən azad olunan" və "ƏDV-yə 0 dərəcə ilə cəlb edilən" bölmələr aydındır. Bəs, 11-ci sütunda "ƏDV-yə cəlb edilməyən" bölməsindən hansı hallarda istifadə olunur?
17/06/2022 Read: 141 Average count: 0

Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatlar Vergi Məcəlləsinin 164-cü maddəsi ilə müəyən edilir. ƏDV-yə cəlb edilməyən əməliyyatlar dedikdə isə, ƏDV-nin vergitutma obyektini təşkil etməyən əməliyyatlar nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 164-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Kənan Məmmədov Rövşən oğlu ke***@gmail.com ID: 6602
Salam hər vaxtınız xeyir olsun mənim sualım daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması ilə bağlıdır .Mən Melissa Park Yaşayış kompleksindən ev almışam onu ƏDV-sinin pulunu hazırda geri qaytarılması mümkündürmü?
16/06/2022 Read: 164 Average count: 4

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Fərmanın keçid müddəalarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) geri qaytarılır.

Bunun üçün ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir. Alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

4/5 (2 Average count)
Qiymət ver:
İmamalıyev Nağı İsmayıl oğlu so***@gmail.com ID: 6467
Salam. Mən Abşeron rayonunda 20.10.2014-ci il tarixli Texniki pasportu olan evimi satmaq istəyirəm. Ona görə vergi ödəməliyəmmi?
16/06/2022 Read: 218 Average count: 5

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ( Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla) -1,2 əmsal) ilə müəyyən olunur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir.

Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.

Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

5/5 (9 Average count)
Qiymət ver:
veliyev orxan veli oğlu ve***@mail.ru ID: 6600
Salam. Mən İrşad telekomdan "iphone 13 pro max" kreditə götürmüşəm. 25-ci günü telefonda qüsur aşkarlandı, kamerasında. İrşad telekomun texniki servisinə apardım telefonu, təmiri üçün 5 həftə vaxt tələb edirlər. Bu vaxt da mənim üçün çox uzun bir vaxtdır. Yenisi ilə də əvəz etmirlər. Qiyməti bahalı olduğu üçün istəməzdim təmir olunsun, yenisi ilə əvəz olunmasını istərdim. Onlar da əvəz etmirlər, sadəcə təmir deyirlər. Təmir müddəti də 5 həftə deyirlər, o qədər vaxt mənim telefonsuz qalmağım mümkün deyil. Zəhmət olmazsa mənə bir köməklik götərərdiniz.
16/06/2022 Read: 127 Average count: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

İstehlakçı hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
İlqar Əliyev Eldar oğlu il***@mail.ru ID: 6470
Salam, mənim edvgerial şəxsi kabinetimdə, geri qaytarılması düzgün hesblanmır, nağd və nağdsız qaydad məbləğlər, az hesablanır. Misal üçün nağd 644 azn mal almışam, edvgerial kabinetə 9.82 AZN məbləğ oturub, əslində 11.60 AZN məbləğ oturmalı idi və digərləri kimi, hamısında xətalar var, zəhmət olmasa köməklik göstərərdiniz. Öncədən təşəkkürlər.
16/06/2022 Read: 207 Average count: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan halda hər hansı xəta mövcud deyil. Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

5/5 (3 Average count)
Qiymət ver:
Hafiz Babalı Ərköyün oğlu ha***@gmail.com ID: 6567
Dövlət müəssisəsinin çevrilməsi nəticəsində yaradılmış və dövlət əmlakının özəllə.dirilməsinin II Dövlət Proqramı çərçivəsində tam özəlləşdirilmiş “Səbail Mətbəə-1” ASC-nin səhmdarıyam. ASC-nin 240 səhmi mənə məxsusdur (qiymətli kağızların qeydiyyat nömrəsi- AZ1001003263). Səhmdar cəmiyyəti Ali İdarəetmə orqanının – Səhmdarların Ümumi yığıncağını iclaslarını təşkil etmir. Bu səbəbdən onun maliyyə-təsərrüfat fəaliyyəti barədə məlumat əldə edə bilmirəm. Bu müraciətim “Səbail Mətbəə-1” ASC-nin dövlət qeydiyat məlumatlarına dairdir. Kommersiya hüquqi şəxslərin dövlət reyestrində publik olaraq bu ASC-nin məlumatları əks olunmur. Baxmayaraq ki, DVX-nin “Oxşar adın yoxlanması” məlumat bazasında bu adda hüquqi şəxsin mövcudluğu təsdiq olunur. Qeyd olunanları nəzərə alaraq, mənə “Səbail Mətbəə-1” ASC-nin kommersiya sirri daşımayan reyestr məlumatlarını (firma adı, VÖEN, ünvan, nizamnamə kapitalı, qanun təmsilçi, dövlət qeydiyatına alındığı tarix, dövlət reyestrindən ən son verilmiş çıxarışın tarixi) təqdim edilsin.
16/06/2022 Read: 178 Average count: 5

Bildiririk ki, dövlət reyestrində “Səbail Mətbəə-1” Açıq Səhmdar Cəmiyyətinin 26.12.2001-ci il tarixdə D-3375 nömrə ilə dövlət qeydiyyatından keçməsi və hüquqi ünvanının Bakı şəhəri, Səbail rayonu, Ə.Bayramov küçəsi, ev 3 olması barədə məlumat mövcuddur.

Hal-hazıradək həmin hüquqi şəxs adından yeni VÖEN almaq üçün vergi orqanına müraciət olunmamışdır.

5/5 (4 Average count)
Qiymət ver:
Orxan Məmmədov or***@hotmail.com ID: 6599
Salam. Onlayn kargüzarlığa gələn mesajlar barəsində ora girməmiş heç cür məlumat ala bilmirəm. O mesajları necə öz e-mail ünvanıma yönləndirə bilərəm?
15/06/2022 Read: 63 Average count: 0

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraqergi orqanı tərəfindən verilən kod-parol və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz. 

Qeyd: *Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

0/5 (0 Average count)
Qiymət ver:
Teymur Comərdov te***@mail.ru ID: 6597
Maliyyə sanksiyasına necə ikili yazılış verilməlidir? Maliyyə sanksiyası xərclərə aid edilirmi?
15/06/2022 Read: 121 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələr istisna olmaqla) gəlirdən çıxılmasına yol verilmir.

Sorğuda göstərilən və digər əməliyyatlar üzrə müxabirləşmələrin aparılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 119-cu maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə".

0/5 (0 Average count)
Qiymət ver:
Seymur Xankişiyev Xəlil oğlu sa***@mail.ru ID: 6594
Hər vaxtınız xeyir. Mən fərdi sahibkar kimi fəaliyyətimi genişləndirmək istəyirəm amma VÖEN hesabımda maliyyə vəsaitim imkan vermir. Lakin, mənə təmənnasız maliyyə dəstəyi göstərmək istəyən yaxın şəxsin VÖEN hesabından öz VÖEN hesabıma notariat tərəfindən təsdiqlənmiş müqavilə əsasında borc müqabilində 2 illiyinə böyük məbləğdə vəsait almaq istəyirəm və 2 il ərzində gəlirimdən hissə-hissə həmin vəsaiti qaytaracam. Bilmək istərdim ki noratiatda borc müqaviləsinin bağlanması üçün ödəniləcək vergi rüsumundan başqa bu əməliyyat üçün həm borc alan, həm də borc verən vergiyə cəlb olunacaqmı yoxsa yox? Borc məbləği üçün müəyyən limit, şkala varmı, zəhmət olmasa ətraflı məlumat verərdiniz.
14/06/2022 Read: 111 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi halda verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Borc məbləğilə bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. 

Eyni zamanda “Nağdsız hesablaşmalar haqqında” Qanununun 3.4.6-cı maddəsinə əsasən faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması yalnız nağdsız qaydada həyata keçirilir.

Əsas:  Vergi Məcəlləsinin 110-cu, 123.1-ci və 150-ci maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Gözəlova Şərqiyyə Qələndər qızı sh***@giltex.az ID: 6593
Hörmətli vergi əməkdaşları, sualım gəliri azaldan xərlcərlə bağlıdır. Bilmək istərdim ki, ixtisarla bağlı işçiyə ödənilən ixtisar müavinətinin məbləği mənfəət vergisi hesablanarkən gəliri azaldan xərclərə aid edilirmi?
14/06/2022 Read: 119 Average count: 0

Əmək müqaviləsi Əmək Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.

Həmçinin bildiririk ki, Vergi Məcəllləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Qeyd olunanlara əsasən, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödənilən işdənçıxarma müavinəti vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və Əmək Məcəlləsinin 77-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
İntiqam Abid Əliheydər oğlu in***@yahoo.com ID: 6592
Sual 1. Vergi Məcəlləsinin 218.1.1 maddəsində qeyd olunan "bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi" dedikdə nə nəzərdə tutulur? Sual 2. Vergi ödəyicisinin 200 000 manatdan çox ƏDV-dən azad sahibkarlıq fəaliyyəti üzrə əməliyyat aparması onun sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun itirilməsinə səbəb ola bilərmi?
14/06/2022 Read: 110 Average count: 5

Cavab 1. Vergi Məcəlləsinin 218.1-ci maddəsi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan şəxslərin dairəsini müəyyən edir. Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdir. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər və gəlir (mənfəət) vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Cavab 2. Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan şəxslərin ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair öhdəliyi yaranmır.

Bununla yanaşı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların  həcmi 200.000 manatdan artıq olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və həmin şəxslər gəlir (mənfəət) vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 164-cü və 218-ci maddələri ilə tənzimlənir.      

5/5 (1 Average count)
Qiymət ver: