Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Cəfərzadə Ağakazım ag***@gmail.com ID: 6412
Hörmətli vergi əməkdaşları, yazıb sizə sual olaraq bildirmək istəyirik ki, fəaliyyətimiz avtomobil satışından ibarətdir, satışımızın artması üçün və digər şirkətlərlə rəqabətli olması üçün avtomobillərimizi lizinq vasitəsi ilə satmaq istəyirik. Bunun üçün də müvafiq fəaliyyət kodunu əldə etmişik. Sualımız budur ki, lizinq fəaliyəti ilə avtomobilləri satsaq həmin əməliyyat ƏDV-yə cəlb olunacaq? Vergi Məcəlləsində məlumdur ki, lizinq əməliyyatı ƏDV-dən azaddır. Bu azadolma bizə də şamil olunacaq? Əgər ikili uçot olarsa düşünürük ki, ƏDV-dən azadolma bizə şamil olunacaq. Və ikili uçotun təsviri nədən ibarətdir? Zəhmət olmasa, cavablandırardınız. Təşəkkürlər.
13/06/2022 Read: 386 Average count: 5

Bildiririk ki, vergitutuma məqsədləri üçün maliyyə lizinqi əməliyyatları və əmlak icarəsinin maliyyə lizinqi hesab edildiyi hallar Vergi Məcəlləsinin 140-cı maddəsi ilə tənzimlənir. 

Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.14.1-ci maddəsinin müddəalarına əsasən maliyyə lizinqi əməliyyatları maliyyə xidmətlərinə aid edilmişdir və Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə uyğun olaraq maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.

Həmçinin bildiririk ki, vergi ödəyicisi vergi tutulan əməliyyatlar və Vergi Məcəlləsinin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 140-cı, 164-cü və 175-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Emil Məmişov em***@mail.ru ID: 6591
Salam. Dövlət Vergi Xidmətinə işə qəbul olmaq istəyən hal hazırda inzibati vəzifə tutan dövlət qulluqçusu həm test həmdə müsabiqə mərhələsindən keçməlidir? yoxsa yalnız müsahibədə iştirak etməlidir?
13/06/2022 Read: 135 Average count: 0

Bildiririk ki, müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Şamilli Nicat Kamran oğlu ni***@gmail.com ID: 6589
Salam. Vergi qanunvericliyi nöqteyi-nəzərindən 1 təqvim ili dedikdə hansı müddət nəzərdə tutulur? 1 yanvar - 31 dekabr yoxsa 365 gün? Vergi Məcəlləsinin 129-cu maddəsinə görə vergi ili təqvim ili sayılır. Lakin vergi qanunvericliyində təqvim ili anlayışına açıqlama verilmir. Zəhmət olmasa cavablandırardınız.
13/06/2022 Read: 79 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 129-cu maddəsinə əsasən vergi ili təqvim ili sayılır. Təqvim ilinin Vergi Məcəlləsində fərqli anlayışı nəzərdə tutulmadığından, təqvim ili dedikdə 1 yanvar - 31 dekabr nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 13.1-ci və 129-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Aliyə Qurbanova Habil qızı q_***@yahoo.com ID: 6409
Salam. 06.05.2022-ci il tarixində "google play"-dən "prosta"(meditasiya proqramı) aylıq ödəniş etdiyimdə (5$görə) 1.55 vergi tutuldu. Proqramı neçə aylardır istifadə edirəm, heç bir zaman vergi tutulmayıb. Bu proqram ilə nə qazanc, nə də hər hansı xidmət göstərilməsi mümkünsüzdür. Vergilər Məcəlləsinin 169.1-ci maddəsi ilə heç bir uyğunluğu yoxdur. Zəhmət olmasa, vergi tutulma səsbəbini bildirərdiniz.
13/06/2022 Read: 244 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəs və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Şahnaz Səlim qızı Amanova sh***@bk.ru ID: 6425
Salam. VÖEN-lə bağlı 2 sualım var. 1. Mingəçevir şəhərində qeydiyyatda olan, Bakı şəhərində yaşayan şəxs Bakı ASAN xidmət, yaxud Vergi İdarəsindən VÖEN ala bilərmi? 2. VÖEN alıb, istifadə etməmək olar? Bu zaman borc yaranır?
13/06/2022 Read: 172 Average count: 0

Cavab 1. Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Cavab 2. Bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Əsas: Vergi Məcəllləsinin 16-cı, 33-cü, 34-cü və 57-ci maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

0/5 (0 Average count)
Qiymət ver:
Gəncəli Əliyev Cəfər al***@mail.ru ID: 6430
Salam, istifadəçi parolunu unutmuşam.
13/06/2022 Read: 129 Average count: 5

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (1 Average count)
Qiymət ver:
Samir Tağı-zadə Elxan oğlu ta***@gmail.com ID: 6429
Salam. Mən VÖEN-lə işləyib hər ay xaricdən əmək haqqı alıram. Hal-hazırdakı bankımdan razı deyiləm. Əgər mən digər bankda hesab açıb VÖEN-ə bağlamaq istəsəm, onunla bağlı əlavə ərizə göndərməliyəm? Yəni bir bankda bağlamaqnan və digər bankdə yenisini açmaqnan bağlı ərizə.
13/06/2022 Read: 194 Average count: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğunuz vergi orqanına müvafiq qaydada müraciət etməyiniz tələb olunur.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Şahin Qəmbərli sc***@gmail.com ID: 6587
Salam. Mən istəyirəm telefon ticarəti ilə məşğul olum. Sualım odur ki, məni hansı növ vergilər gözləyir? Telefon tutalım ki, 200$ qiyməti varsa, bir şirkət olaraq, şirkətlərə tək özüm işləyəcəm, nə qədər faiz, gömrük və vergilər tutulur? Sağolun.
11/06/2022 Read: 115 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Poladova Oksana Maisovna ok***@netfinance.az ID: 6583
Salam. Öyrənmək istərdik ki, H/ş ləğvi zamanı qeydiyyat orqanına təqdim olunacaq sənədlərin siyahısında qeyd olunan Ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat formasını hansı mənbədən əldə edə bilərik? Öncədən təşəkkür edirik.
09/06/2022 Read: 124 Average count: 0

Bildiririk ki, Mülki Məcəllənin 59.2.1-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv edilməsi təşəbbüsü ilə çıxış edən iştirakçı və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı hüquqi şəxsin cari fəaliyyətinə rəhbərlik edən icra orqanından hüquqi şəxsin bütün kreditorlarının tələblərini 12 ay ərzində qarşılamaq üçün ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatın (aktiv və passivlərinin vəziyyəti barədə) qəbul edilməsini tələb edir. Hüquqi şəxsin icra orqanı ləğvetmə qərarından ən çoxu 20 gün əvvəl bu bəyanatı qəbul edir və ya belə bəyanatın qəbul edilməsinin mümkünsüz olduğunu bildirir.

Qeyd olunan bəyanatın və digər təqdim olunacaq sənədlərin nümunələrini Bakı şəhəri üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə müraciət edərək əldə edə bilərsiniz.
(Tel.: (012) 403-83-38,  office.milli@taxes.gov.az, Bakı şəhəri, H.Əliyev prospekti, 105) 

0/5 (0 Average count)
Qiymət ver:
Sevinc Pirəliyeva Şahmirzə se***@mail.ru ID: 6580
Salam. 2019-2020-ci illərdə vergi ödəyicisi olmadığım haqqında hər hansı bir sənəd, arayış lazımdır.
08/06/2022 Read: 62 Average count: 0

Bildiririk ki, "Vergi ödəyicisinin vergi orqanında qeydiyyatı barədə arayış"ı vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək mümkündür. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə  təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Sərvan Baxışov Dünyamalı oğlu ba***@mail.ru ID: 6578
05.04.2022 ci il tarixdə Sumqayıt şəhərində yerləşən MTK-nın yeni tikili binasından mənzil almışam. Mənzili müqavilə (KPM) əsasında aldığım üçün hələlik çıxarış verilməyib. Evi alan zaman pulu MTK-nın Beynəlxalq bankın Sumqayıt filialındakı hesabına ödəmişəm. Cənab Prezidentin təsdiq etdiyi fərmana görə mənzil alışı zamanı ƏDV -nin müəyyən olunmuş hissəsinin qaytarılması qərarı mənə də şamil olunacaqmı? Əgər şamil olunursa, ödəniş mexanizmi barədə Xahiş edirəm mənə məlumat verəsiniz.
08/06/2022 Read: 165 Average count: 0

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Fərmanın keçid müddəalarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) geri qaytarılır.

Bunun üçün ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir. Alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

0/5 (0 Average count)
Qiymət ver:
Fazil Cabbarov fa***@gmail.com ID: 6577
Salam. Mənim sualım idxal olunan malların maya dəyəri ilə bağlıdır. Mal idxal olunarkən DGK malın invoys dəyərinə nəqliyyat xərcinin gəlib statistik qiymət kimi gömrük rüsumu və ƏDV hesablayır. Biz də eyni qayda ilə malın dəyərini invoys qiyməti+nəqliyyat xərci(xaricdən daşınma)+gömrük rüsumu + digər xərclərdən formalaşdırıb əlavə öz marjamızıda qoyub satırıq. Nəqliyyar xidməti QR şəxslər tərəfindən həyata keçirildikdə 6% ÖMV tutub büdcəyə ödəyirik. Lakin beynəlxalq yükdaşıma yerli şirkətlər tərəfində həyata keçirildikdə e-qaimə ilə maya dəyərinə daxil edirik. Mal satılarkən maya dəyəri ilə silinir (invoys+nəqliyyat+gömrük rüsumu). Beynəlxalq daşımalar, istər QR, istər rezident şirkətlər tərəfindən həyata keçirilirsə nəqliyyat xidməti maya dəyərinə daxil edilməlidir, yoxsa satışın xərcinə daxil edilməlidir? Xahiş edirəm, cavablandırasınız. Əvvəlcədən təşəkkür edirəm.
08/06/2022 Read: 280 Average count: 1

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergiyə cəlb edilir. 

Qeyd olunanlara əsasən rezident şəxs tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsində ödənilir. Bu zaman rezident vergi ödəyicisi tərəfindən müqavilə dəyəri gəlirdən çıxılan xərclərə aid edilir. 

Digər tərəfdən qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində tutulan verginin məbləği rezident hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 125-ci, 139-cu, 150-ci, 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

 

1/5 (1 Average count)
Qiymət ver:
Fərid Süleymanov Fuad fa***@gmail.com ID: 6576
Bankın xeyrinə yüklü edilmiş daşınmaz əmlak “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1 maddəsinə uyğun olaraq bank tərəfindən əldə edilmişdir. Sözü gedən daşınmaz əmlak Vergi Məcəlləsinin 13.2.17. maddəsində qeyd edilən əsas vəsait anlayışına uyğun gəlir. Həmin əmlaka görə bank tərəfindən əmlak vergisi ödənilməlidirmi?
07/06/2022 Read: 82 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutuma obyektidir. 

Qeyd olunanlara əsasən, ödənilməmiş borclar və ya digər səbəblərdən bankın balansına götürülmüş əsas vəsaitlərin orta illik dəyərinə Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada əmlak vergisi hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 197-ci və 202-ci maddələri ilə tənzimlənir.

5/5 (1 Average count)
Qiymət ver:
Arif Məmmədov Fərrux ar***@simbrella.com ID: 6572
Salam, aşağıda qeyd olunan suala izahat verməyinizi xahiş edirəm. MMC-nin iki təsisçisi vardır – biri 20% digəri isə 80 % paya malikdir. Nizamnamə kapitalı nominal olaraq 50 azn-dir. MMC-nin xalis aktivlərinin məbləği (təqdim etmə tarixinə) 400 000 manatdır. 80% paya malik olan təsisçi ona məxsus payı digər şəxslərə 250 000 azn-ə satır. Bu zaman payı təqdim edən təsisçi nə qədər vergi ödəməlidir? Əgər təsisçi vergi orqanında qeydiyyatda deyilsə, vergi hansı qaydada ödənilməlidir?
07/06/2022 Read: 174 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Qeyd olunanlara əsasən iştirak payı xalis aktivlərin iştirak payına mütənasib dəyərindən aşağı qiymətə (əvəzsiz) təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 149.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər vergi ödəyicisi kimi uçota alınaraq, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 96.5-ci, 101.2-ci, 149-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Qasımov Mikayıl Əliş oğlu mi***@mail.ru ID: 6570
Salam. Xahiş olunur, aşağıda qeyd olunan suala aydınlıq gətirəsiniz. İşəgötürən öz təşəbbüsü ilə hər ay işçilərinə bir günə bir nəfər üçün 3 manat olmaq hesabı ilə (ayda orta hesabla 60 manat) işçinin yemək xərcini qarşılaması məqsədi ilə yemək pulu adı ilə əmək haqqına əlavə edilməklə, hər nəfər üçün aylıq 60 manat həcmində vəsait verir. Həmin yemək pulu işçilərin muzdlu işlə əlaqədar alınan gəlirinə aid edilir və həmin gəlirdən də müvafiq olaraq bütün icbari (gəlir vergisi, DSMF, İcbari tibbi sığorta və işsizlik sığortası) ödənişlər hesablanaraq təyinatı üzrə ödənilir. Əlavə olaraq bildirirəm ki, işəgötürən tərəfindən verilən vəsait məbləğinin uçotu əmək haqqının ödənilməsi üçün nəzərdə tutulan mühasibat uçotu sənədi olan hesablama-ödəniş cədvəlində cəmi hesablanmış əmək haqqına daxil edilməklə aparılır. Bilmək istəyirəm işəgötürən tərəfindən işçiyə verilən həmin vəsait Müəssisənin mənfəətinin əldə edilməsi ilə bağlı xərclərinə aid edilməlidirmi?
06/06/2022 Read: 297 Average count: 0

Bildiririk ki, işçinin sosial xarakterli xərclərinin, o cümlədən yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər Vergi Məcəlləsinin 98.2.3-cü maddəsinin müddəalarına uyğun olaraq işçinin muzdlu işlə əlaqədar əldə edilən gəlirlərinə aid olmaqla gəlir vergisinə və digər icbari tutulmalara cəlb olunur. 

Eyni zamanda, Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 108-ci və 109-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədova Aynur Fərrux qızı ay***@rambler.ru ID: 6568
Salam. Mən vergi ödəyicisi olmayan fiziki şəxsəm. Ölkədəki banklardan birinin kredit kartı vasitəsilə onlayn olaraq www.aliexpress.com saytından 151.18 manat məbləğində alış-veriş etmişəm. Həmin gün bank tərəfindən hesabımdan 27.21 manat 18% ədv məbləği tutulmuşdur. Bilmək istərdim bu tutulma qanunvericilikdə nəzərdə tutulubmu yoxsa bankın səhvidir? Əgər bu qanunvericiliyə uyğun tutulmadırsa həmin qanun və maddəsini göstərməyinizi xahiş edirəm. Eyni zamanda bildirmək istəyirəm ki, tutulma olan ay 1 nəfər fiziki şəxs üçün nəzərdə tutulan 300 dollar gömrük alış-verişi limitini də keçməmişəm. Təşəkkürlər!
06/06/2022 Read: 231 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir. 

Elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Səhvən tutulmuş ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəs və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanunu.

5/5 (5 Average count)
Qiymət ver:
İlqar Abbasov il***@inbox.ru ID: 6564
Salam. Bilmək istərdim ki, hesablama metodu ilə uçot aparan mənfəət vergisi ödəyicisi icarəyə götürdüyü obyektə görə 2021-ci ilin dekabr ayı üçün icarəyə dair elektron qaiməni 2022-ci ilin yanvar ayında almışdırsa, həmin elektron qaiməyə əsasən icarə məbləği xərc olaraq 2021-ci ilin gəlirindən çıxıla bilərmi?
05/06/2022 Read: 192 Average count: 0

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. 

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən, müəssisə gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə apardığını nəzərə alaraq, dekabr ayında təhvil alınmış icarə xidməti üzrə çəkilən xərclər müvafiq olaraq dekabr ayının xərclərinə aid edilir və 2021-ci ilin mənfəət vergisi bəyannaməsində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 130-cu, 134-cü, 135-ci və 136-cı maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
İlkin Aliyev Etibar il***@mail.ru ID: 6562
Salam. 1. Mən xarici saytdan Freelancer olaraq qeydiyyatdan keçmişəm və hazırda cüzi bir qazancım var. Bu gəlirin daimi olacağını düşünmürəm. Təxminən 4 aya 100 $ qazancım olarsa bu halda vergi ödəməliyəm? 2. Əgər ödəməliyəmsə bunun üçün haraya müraciət etməliyəm. 3. Nə qədər vergi ödəməliyəm?
04/06/2022 Read: 178 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Sorğunuzda qeyd edilən sahibkarlıq fəaliyyətinin Bakı şəhərində həyata keçirildiyini nəzərə alaraq, aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 75 manat (minimum aylıq əməkhaqqı 300 * 25% * Bakı şəhəri üzrə 100%) olacaqdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Amarova Çiçək Xanlar qızı ci***@gmail.com ID: 6557
Salam. Mən, aktiv olan VOEN-imi 02.06.2022 tarixindən 02.06.2027 tarixinə qədər bağlamışam. Açılan son pəncərədə VOEN-in bağlandığının təsdiqi yazısı gəldi. Bundan əlavə, "Məlumat üçün bildiririk ki, ərizədə göstərdiyiniz fəaliyyətin dayandırılmasının başlanğıc tarixinədək olan dövr üzrə müvafiq bəyannaməni vergi orqanına müəyyən edilmiş müddətdən gec olmayaraq təqdim etməlisiniz. Həmçinin əmlakınız və (və ya) torpağınız olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada və müddətlərdə vergi orqanına təqdim edilməlidir." yazısı var. Bunu tam anlamamışam. Vergilər idarəsinə hansi qaydada hesabat verməliyəm? Zəhmət olmasa məlumat verərdiz. Elektron qaydada mümkündürsə, onun da izahını göndərməyinizi xahiş edirəm.
02/06/2022 Read: 114 Average count: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatları olmadığı halda, vergi ödəmək öhdəliyi yaranmır.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 57.1-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Elvin Yusubov el***@gmail.com ID: 6556
Salam, mən müharibə veteranıyam mənə vergidə güzəşt olunurmu? Və olunursa nə qədər güzəşt olunur?
02/06/2022 Read: 117 Average count: 0

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver: