Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Həsənov Ruslan Həsən oğlu ru***@gmail.com ID: 5890
Salam mən özüm dövlət işində işləyirəm. Özümə VÖEN açdırmaq istəyirəm. Bunun mənim işimə bir ziyanı ola bilərmi? Cəriməsi varmı? Çünki eşitmişəmki dövlət işində işləyənlər VÖEN açdıra bilməz açdırdıqı təqdirdə cəriməsi var və dövlət işindən azad edilir. Və birdə VÖEN üçün aylıq ödəniş nə qədərdir? Bu nə dərəcədə doğru və ya yalnışdır. Xahiş edirəm, məlumat verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
30/01/2022 Read: 85 Average count: 0

Bildiririk ki, qanunvericiliyə əsasən dövlət qulluqçusunun elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur. 

Dövlət qulluqçusu olmadığınız halda vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınaraq tərəfinizdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: “Dövlət Qulluğu haqqında” Qanunun 20.1.2-ci maddəsi ilə tənzimlənir.

0/5 (0 Average count)
Qiymət ver:
Pərviz Hüseyn Ağababa pa***@gmail.com ID: 5886
Salam, mən ad və soyadımı dəyişmişəm. VÖEN-i dəyişmək üçün mənə nə lazımdır?
30/01/2022 Read: 83 Average count: 0

Bildiririk ki, fiziki şəxsin soyadı, adı, atasının adı dəyişdikdə, ona müraciəti əsasında yeni fiziki şəxsin uçotu haqqında şəhadətnamə verilir. Bu zaman fiziki şəxsin əvvəlki uçot haqqında şəhadətnaməsi geri alınır (vergi orqanından təhvil götürüldüyü halda). 

Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayıl Əfəndiyev Musa oğlu is***@gmail.com ID: 5708
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında qeydiyyatdan keçmiş bir partnyorluqla (LLP) müqavilə əsasında əməkdaşlıq edilməkdədir. Hansı ki, bu partnyorluq 1 nəfəri Amerika Birləşmiş Ştatları digərləri isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rezidentidir. Partnyorluq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rezidenti deyil lakin hüquq xidməti göstərir və işlər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rezidenti tərəfindən rəsmiləşdirilərək təhvil verilir. Yerli şirkət bu partnyorluq tərəfindən təqdim edilmiş rezidentlik sertifikatı əsasında DTA formasını əldə edərək “Azərbaycan Respublikası Hökuməti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında bağlanmış ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında konvensiya”-ya uyğun olaraq Azərbaycan respublikasında Ödəmə mənbəyində vergiyə cəlb edilməyə bilərmi?
28/01/2022 Read: 321 Average count: 5

Bildiririk ki, “Azərbaycan Respublikası Hökuməti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında bağlanmış ikiqat vergiyə cəlbetməyə yol verilməməsi, gəlirlərə və əmlak dəyərinin artımına görə vergilərin ödənilməsindən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) tətbiqi Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli Kollegiya Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” (bundan sonra - Qaydalar) ilə tənzimlənir.

Qaydaların 5.1-ci bəndində qeyd olunur ki, əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər.

Eyni zamanda, Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

Bununla yanaşı, Qaydaların 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş DTA-03 forması vaxtında təqdim edilmədikdə və qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident, vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını(bundan sonra - DTA-05 forması) (Əlavə № 9) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.

Əlavə olaraq, bildiririk ki, Qaydaların 8.6-cı bəndinə əsasən DTA-03 forması üzrə ödənişlərin aparılacağı dövr üçün alınmış rezidentlik sertifikatı rezidentliyin təsdiq edildiyi il nəzərə alınmaqla növbəti ilin sonunadək etibarlı hesab edilir. DTA-03 və DTA-05 formaları üzrə rezidentlik sertifikatı işlərin görüldüyü (xidmətlərin göstərildiyi) dövrü və ödənişlərin aparılacağı (aparıldığı) dövrü əhatə etməlidir.

Bununla yanaşı, Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinin ğ) yarımbəndinə əsasən “şəxs” — bu maddənin 2-ci abzası nəzərə alınmaqla yoldaşlıqdan və ya birgə müəssisədən başqa hər hansı fiziki şəxs, şirkət və ya hər hansı şəxslər qrupunu bildirir.

Həmin Konvensiyanın 1-ci maddəsinə əsasən bu Konvensiya Razılığa gələn Dövlətlərdən birinin və ya hər ikisinin rezidenti olan şəxslərə tətbiq olunur.  

Göstərilənləri nəzərə alaraq, qeyd etmək istərdik ki, Böyük Britaniya və Şimali İrlandiya Krallığında qeydiyyatdan keçmiş partnyorluğun yalnız həmin ölkənin rezidenti olan partnyorları  Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisəyə iş və xidmətlər göstərirlərsə, Konvensiyada nəzərdə tutulan üstünlüklərdən yararlana bilərlər.

Bununla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Krallığının rezidenti olan partnyorların Azərbaycan Respublikasında göstərdiyi işlər və xidmətlər, cəlb olunduqları və icra etdiyi layihələr, görülmüş işlərlə bağlı təqdim olunan invoyslar, təhvil-təslim aktları və işin mahiyyətinə aid olan digər zəruri sənədlər təqdim olunduqdan sonra məsələyə yenidən baxıla bilər.     

 

5/5 (6 Average count)
Qiymət ver:
İqbal Qasəmov İsa iq***@gmail.com ID: 5876
Salam. Mən 44 günlük Vətən müharibəsində zabit kimi iştirak etmişəm və Ali Baş Komandan tərəfindən Cəbrayıl,Xocavənd və Şuşanın azad olunmasına görə medallara layiq görülmüşəm. Cənab prezidentin məlum fərmanı ilə 01.01.2022-ci tarıxdən Vətən müharibəsi iştirakçısı adı verilib, adım zəfər alt sistemində də var. Hərbi komissarlıqdan da xidmətim haqqında arayış aldım, mühasibatlığa gəlir vergisinə güzəştə görə təqdim etdim. Mühasibatlıqdan bildirildi kı, Veteranlıq vəsiqəsi olmasa güzəşt edə bilməyəcəyik. Bəlkə bu vəsiqə bir ilə hazır olacaq biz bu güzəştdən istifadə edə bilməyəcəyik və ya hazır olduqda biz əvvəlki ayların güzəştini ala biləcəyik? Sizdən bu məsələyə aydınlıq gətirmənizi xahiş edirəm.
27/01/2022 Read: 113 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Buna əsasən müəssisənizin ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşlarının müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq ediləcəkdir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Average count)
Qiymət ver:
Ilqar qurbanov Ye***@mail.ru ID: 5874
Salam, mənim atam 2015-ci ildə vəfat edib və heç bir yerdə işləmirdi. Mən atamın dəfninə görə ölüm pulu almamışam. İndi müraciət edib o vəsaiti ala bilərəm? Xahiş edirəm, cavab yazasınız və atam heç bir müavinət almırdı.
27/01/2022 Read: 84 Average count: 0

Sosial müavinətlər üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Yariyev Hidayət Nuru oğlu hi***@azerlotereya.com ID: 5873
Əlaqəli şəxs barədə Dövlət Vergi Xidmətinə təqdim edilməli olan Arayış forması, doldurulma qaydası və təqdim etmə müddəti haqqında məlumat verərdiniz.
27/01/2022 Read: 77 Average count: 0

Bildiririk ki, vergi orqanına təqdim edilməli olan ərizə, arayış, hesabat və qərar formaları saytımızın "Bəyannamə" bölməsinin "Bəyannamə, ərizə formaları, arayış, hesabat və qərarlar" adlı alt bölməsində yerləşdirilmişdir.

Sorğunuzda qeyd olunan adda məlumat forması müəyyən edilmədiyindən, bu haqda vergi orqanına sərbəst formada məlumat təqdim edə bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Mehman Əhmədov Qəhrəman oğlu me***@gmail.com ID: 5871
Verci məcəlləsinin 102.2. 4. maddəsinə əsasən müharibə əlilinin vergi güzəşti var. TSEK 5 ildən sonra müharibə əlilinin sağaldığını əsas gətirib əlilliyini ləğv edir. Bu zaman bu maddəyə görə müharibə əlilinin güzəşti dayandırılmalıdırmı?
27/01/2022 Read: 68 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.4-cü maddəsinə əsasən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən istifadə hüququ olan şəxslər, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı” ilə müəyyən olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim etməklə vergi güzəştlərindən istifadə edə bilər.

Yuxarıda qeyd olunan güzəşt hüququ ləğv olunan şəxslərin vergi güzəştindən istifadə etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və  Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Dilqəm di***@mail.ru ID: 5870
Salam. Bildirmək istərdim ki, müəssisəmiz tikinti fəaliyyəti ilə məsğul olur. Müəssisəmiz MİDA MMC-yə iş və xidmətlər göstərmiş (uyğun olaraq elektron qaimə göndərilmişdir) və həmin xidmətə görə qarşı tərəf müəssisəmizə əsas məbləğ +ƏDV köçürmüşdür (məs.1000+18%). Müəssisəmiz həmin məbləğlə nağdsız qaydada elektron qaimə əsasında material alır. Həmin elektron qaimələr əvəzləşdirilə bilər?
27/01/2022 Read: 124 Average count: 0

Bildiririk ki, dövlət müəssisəsinin sifarişi əsasında ona göstərilən xidmətlər üzrə digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə Vergi Məcəlləsinin 175-ci maddəsində məhdudiyyət nəzərdə tutulmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Qasımlı Yasin qa***@mail.ru ID: 5866
Salam. Vergi Məcəlləsinin 156.1.1-ci maddəsinə əsasən könüllü ƏDV qeydiyyatına alınmış vergi ödəyicisi Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə uyğun olaraq Fərqlənmə nişanı əldə etməlidirmi?
26/01/2022 Read: 99 Average count: 0

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər ƏDV qeydiyyatına alındıqdan sonra öz fəaliyyətlərini ƏDV-nin və mənfəət (gəlir) vergisinin ödəyicisi kimi davam etdirdiklərindən, onların "Fərqlənmə nişanı" almaqla sabit şəkildə vergi ödəmək öhdəlikləri yaranmır.

Əsas: Vergi Məcəlləsinin 156-cı, 218-ci və 221-ci maddələri. 

0/5 (0 Average count)
Qiymət ver:
Ağayev Mirağa Mirhəşim oğlu Mi***@inbox.ru ID: 5865
Məktəbdə müəllim işləyirəm, iki azyaşlı övladım var, yoldaşım işsizdir, lll qrup əlildir. Vergidən güzəşt düşürmü? Axı heç yerdə işləmir, qeyd edim ki, 18 saata 10 manatadək güzəşt düşürdü.
26/01/2022 Read: 70 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102.5-ci maddəsi və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Quliyev Elşad Məmmədəli oğlu gu***@mail.ru ID: 5864
Salam. İcarəyə mağaza götürmüşəm. Müqavilə üzrə aylıq icarə haqqı 1000 manatdır. Bilmək istəyirdim, icarəyə verənə aylıq icarə haqqını ödəyərkən 14% ödəmə mənbəyində vergini çıxaraq (860 man) ödəməliyəm ya yox? Gəlir vergisi bəyannaməsinin xərc hissəsində 1226.5 sətrə (icarə haqqı) 860 man x 12 ay yoxsa 1000 man x 12 ay göstərməliyəm?
25/01/2022 Read: 129 Average count: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Sorğunuzda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən (sorğunuzda 1000 manat) 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait (860 manat) icarəyə verən şəxsə ödənilməlidir.

Eyni zamanda, icarə müqaviləsində müəyyən olunan icarə haqqı məbləği (sorğunuzda 1000 manat) müvafiq qaydada rəsmiləşdirilməklə, vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. 

Əsas: Vergi Məcəlləsinin 99.3-cü, 108-ci və 124-cü maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Hüseynzadə Hüseyn İlham oğlu hu***@gmail.com ID: 5862
Hüquqi şəxs ƏDV ödəyicisidir biznes kartından Facebook və Google şirkətinə reklam üçün ödəniş edir. Ödəniş edərkən bank tərəfindən 18% faiz vergi avtomatik tutulur. Sual Bank tərəfindən tutulan 18% faiz ödənişləri aylıq ƏDV bəyananaməsində əvəzləşdirməyə hüququ varmı?
25/01/2022 Read: 253 Average count: 5

Bildirirk ki, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıdlığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Eyni zamanda, qeyri-rezidentə aparılan ödənişlərə Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir və növbəti ayın 20-dən gec olmayaraq “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi” təqdim edilir.

Göründüyü kimi, vergi orqanında uçotda olan vergi ödəyiciləri elektron ticarət qaydasında alınmış xidmətlərə görə qeyri-rezidentə apardıqları ödəmələrə müstəqil qaydada 18 faiz dərəcə ilə ƏDV hesablamalı və bəyannamə təqdim etməklə hesablanmış ƏDV-nin büdcəyə ödəməlidir. ƏDV qeydiyyatında olan şəxsin qeyri-rezidentə görə büdcəyə ödədiyi ƏDV-ni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirmək hüququ vardır.

Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında xidmətlər alınarkən isə 18 faiz dərəcə ilə ƏDV ödəməni həyata keçirən banklar tərəfindən fiziki şəxsin hesabından tutularaq büdcəyə ödənilir.  

Əsas: Vergi Məcəlləsinin 125-ci, 169-cu və 175-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Şövqü Səfərəliyev Rafiq oğlu sa***@mail.ru ID: 5860
Salam! Mən Səfərəliyev Şövqü Rafiq oğlu 2020-ci ilin sentyabrın 21-dən 2020-ci ilin noyabrın 10-a qədər Vətən müharibəsində iştirak etmişəm. Müharibə veteranıyam. Mənim sualım Sizə odur ki, mən Təhsil şöbəsində metodist həm də məktəbdə ixtisasım üzrə dərs deyirəm. Hər iki işimdən mənə vergi güzəşti var? Yəni hər iki işimdən vergi güzəşti 600 manata kimidir?
25/01/2022 Read: 87 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin həmin maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

5/5 (2 Average count)
Qiymət ver:
Əli Həsənov al***@gmail.com ID: 5858
Salam. A Şirkəti daxili yükdaşıma fəaliyyəti ilə məşğul olur və B şirkətinə məxsus yükləri daşıyır. Lakin balansında avtonəqliyyat vasitələri yoxdur. A Şirkəti həmin daşımaları müqavilə əsasında digər şəxslər (fiziki və ya hüquqi şəxslər) vasitəsi ilə həyata keçirir. Bu zaman A şirkətinin və Digər şəxslərin (fiziki və ya hüquqi şəxslərin) hansı vergi öhdəliyi yaranır? Həm A şirkəti həmdə digər şəxslər fərqlənmə nişanı almalıdırmı? Əvvəlcədən təşəkkür edirəm.
25/01/2022 Read: 275 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Eyni zamanda, mülki qanunvericiliyə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.

Buna əsasən mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda cəmiyyətin vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları) həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda həmin vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və əldə etdiyi xidmət haqlarının dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir. 

Bununla yanaşı vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqlarının) həcmindən asılı olmayaraq, əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olmasa belə, vergi ödəyicisi öz müraciətinə əsasən könüllü şəkildə ƏDV qeydiyyatına alına bilər.

Belə ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi yalnız Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-ni tətbiq edə bilər.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 156-cı, 218-ci maddələri və Mülki Məcəllənin 852-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Fidan Alieva Vüsal Fi***@mail.ru ID: 5856
Mənim işim kirayə geyimlərdir. VÖEN var, kirayə müqaviləsi var, kassa olmalıdır? Yoxsa xidməti sahə sayılır? Mən ne etməliyəm, çox xahiş edirəm, köməklik göstərəsiniz.
25/01/2022 Read: 184 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Müvafiq olaraq, sorğunuzda qeyd edilən fəaliyyət növü ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş mədaxil qəbzi təqdim edilməlidir.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinin müddəalarına əsasən əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci,16.1.9-cu və 218-ci maddələri, “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı.

 

0/5 (0 Average count)
Qiymət ver:
Aleksandr Potaenko po***@gmail.com ID: 5853
Salam. Qeydiyyatlı fiziki şəxs olaraq (VÖEN), ƏDV ödəyicisi olan tikinti materialların satışı ilə məşğul olan şirkətlə xidmət müqaviləsi bağlayıb onların məhsullarının təbliğ (reklam) edərək satışını təşkil etmək niyyətindəyəm. Şərt odur ki, müştərilərə malları şirkət özü satacaq, mən isə müqavilənin şərtlərinə görə hər satılan məhsuldan müəyyən qədər qazanc əldə edəcəm. VÖEN-im üzrə digər bir fəaliyyət yoxdur. Sual: ödədiyim vergi necə hesablanacaq?
25/01/2022 Read: 93 Average count: 5

Bildiririk ki, vasitəçilik xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən həmin xidmətlərin göstərilməsi ilə bağlı əldə edilən gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğ gəlir vergisinə cəlb edilir. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bunlardan əlavə vergi ödəyicisi tərəfindən vasitəçilik xidmətlərindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda növbəti ayın ilk 10 günü ərzində həmin vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və aparılan əməliyyatların dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci, 108-ci, 155-ci və 159-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Elnur Atakişiyev at***@gmail.com ID: 5846
Salam. A MMC mikro sahibkardır. İlin sonuna qalıq dəyəri 100.000 əsas vəsait var. Və A MMC həmin əsas vəsaitə amortizasiya hesablamır. Əsas vəsaitin nəqliyyat vasitəsi olduğunu nəzərə alsaq novbəti il keçən ildən qalan 100.000 25 faiz dərəcəsinə 2 norma ilə hesablanan 50.000 azn gəlirdən çıxa bilərmi?
25/01/2022 Read: 122 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Qeyd olunanlara əsasən mikro sahibkarlıq subyektləri əvvəlki hesabat ilində sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarına 2 əmsalı tətbiq etmədikdə, bunun nəticəsində yaranan fərq məbləği növbəti vergi illərində əsas vəsaitlərin qalıq dəyərinə tətbiq edilən amortizasiya normasından hesablanmış məbləğlə cəmlənməklə gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi. 

0/5 (0 Average count)
Qiymət ver:
Rafael Cəfərov ra***@hotmail.com ID: 5842
Salam. Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı keçiriləcək test imtahanının məzmununda dəyişikliyə gedərək imtahanın sadəcə Konstutisiya və Məntiq suallarından ibarət olacağı məlumatı həqiqəti əks etdirirmi? Bu məlumatın doğru olub-olmadığı, sözügedən imtahana hazırlaşan biri olaraq mənim üçün həyati önəm kəsb edir. Ümid edirəm sualımı cavablandırarsınız. İndidən təşəkkürlər.
25/01/2022 Read: 63 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Sorğunuzda qeyd olunan formada müsabiqənin təşkil edilməsi mövcud qaydalarda nəzərdə tutulmamışdır. Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. Odur ki, qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində dövlət vergi orqanlarına işə qəbulla əlaqədar növbəti müsabiqələrdə iştirak etməyiniz tövsiyə olunur.

Həmçinin bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumatı saytımızın "İşə qəbul" bölməsindən və ya Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət etməklə əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Cavidan Huseynov Faiq hu***@gmail.com ID: 5834
Salam. Şirkət onlayn qaydada qeydiyyata alınıb, ona yeni təsisçi əlavə etmək üçün onlayn qaydada olunmalıdır, yoxsa vergilər idarəsinə yaxınlaşılmalıdır?
23/01/2022 Read: 85 Average count: 5

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

 

5/5 (1 Average count)
Qiymət ver:
Xəyal Manaflı Mənəf ma***@gmail.com ID: 5833
Salam. Bir sualım var. Biz VÖEN-in aktiv olub olmamasını necə yoxlaya bilərik?
23/01/2022 Read: 53 Average count: 0

Bildiririk ki, fəaliyyətinizin dayandırılıb-dayandırılmaması haqda məlumatı Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək VÖEN və ya şəxsi məlumatları təqdim etməklə əldə edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver: