Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Ağa Şəfaqətov Ag***@gmail.com ID: 557
Salam. İşlədiyim təhsil müəssiəsinə vergi güzəşti olması barədə (vəfat etmiş döyüşçülərin övladlarına her hansı muzdlu işdə vergi güzəşti) arayışı 2019-cu ilin dekabrında təqdim etmişəm, amma bu qanun 01.01.2019-cu il tarixindən qüvvəyə minib. Bilmək istərdim ki, mən əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisini, yəni 11 ay ərzində artıq hesablanmış məbləği ala bilərəm?
28/12/2019 Read: 144 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

5/5 (3 Average count)
Qiymət ver:
Emil Ahmadov ah***@mail.ru ID: 555
Salam, Azərbaycanda fəaliyyət göstərən "X" MMC-yə Türkiyə Respublikasındakı "Y" müəssisəsi dizayn işləri görürsə, müvafiq MMC tərəfindən "Y" müəssisəsinə köçürmə edərkən, ƏDV və ÖMV yaranırmı və ya bu tip əməliyyatda vergi münasibətləri necə tənzimlənir, köçürmə edən müəssisənin hansı növ vergi öhdəlikləri yaranır?
28/12/2019 Read: 221 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilən xidmətlər bu xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda isə həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda isə bu maddənin məqsədləri üçün işlərin görüldüyü və xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən dizayn xidmətlərinin Azərbaycanın rezidenti olan hüquqi şəxsə təqdim edilməsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsi ilə müəyyən edilmiş hüquqların mülkiyyətə verilməsi xidmətlərinə aid edilməli və bu Məcəllənin 169-cu maddəsinə uyğun olaraq vergi agenti proqram təminatından istifadə hüququnun alınmasına görə qeyri-rezidentə ödəməli olduğu məbləğə ƏDV hesablamalı və dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan Azərbaycan mənbəyindən olan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan müvafiq dərəcə ilə vergi tutulur.

Buna əsasən dizayn xidmətlərinin göstərilməsi ilə bağlı qeyri-rezidentə ödənilən məbləğdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalı və dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

4/5 (4 Average count)
Qiymət ver:
Fazil Cəfərov fa***@mail.ru ID: 563
Salam, mənim 3 gözdən ibarət maşın sexim var. Hər gözünü 50 manata arendaya vermişəm, onlar da hər biri ayrı-ayrılıqda sabit vergi verirlər. Onlardan əlavə mən də sahibkar olaraq vergi verməliyəm? Xahiş edirəm sualımı cavablandırasınız. Öncədən təşəkkür edirəm.
28/12/2019 Read: 198 Average count: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Müraciətinizdə qeyd olunanlara əsasən, əmlakı icarəyə götürən şəxslər vergi ödəyicisi kimi uçotda olduqları üçün həmin şəxslər icarə haqqını Sizə ödəyərkən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı, büdcəyə ödəməli və hesabat təqdim etməlidir.

Əlavə olaraq bildiririk ki, fərdi sahibkar kimi avtomobil təmiri fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə sabit vergi ödəmək hüquqları yoxdur. Həmin şəxslər vergi orqanında uçota alınarkən seçdikləri vergitutma metodundan asılı olaraq sadələşdirilmiş və ya gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü, 220.10-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Tural Əhmədov İlqar Te***@bk.ru ID: 564
Salam. Mən bilmək istəyərdim ki, ər vəya arvad ( biri işləmədiyi halda) həmçinin himayəsində 2(iki) azyaşlı uşaq oldugu halda vergi güzəştindən yararlana bilərmi?
28/12/2019 Read: 157 Average count: 5

Bildiririk ki, sorğuda göstərilən halda fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəlirin vergi tutulmalı olan hissəsi himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.
Əsas: Vergi Məcəlləsinin 102.5-ci maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Mahir Musayev Bəhərçin ma***@gmail.com ID: 579
Salam. Tikinti materiallarının satışı üzrə fəaliyyət göstərən dükan Sosial sığorta haqları üzrə borcu hansı təsnifat kodu üzrə ödəməlidir və bir rüblük neçə manat təşkil edir? 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınıb Saray qəsəbəsində fəaliyyət göstərir.
28/12/2019 Read: 144 Average count: 5

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyət göstərdikləri ay üçün “Sosial sığorta haqqında” Qanunun 2019-cu il yanvarın 1-dək qüvvədə olan müddəalarına uyğun olaraq, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 50 faizi məbləğinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir. 2020-ci il yanvar ayının 1-dən isə bütün respublika ərazisində minimum aylıq əmək haqqının 50 faizi məbləğində sosial sığorta haqqı ödənilməlidir.

Həmçinin bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, hər ay üçün sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim olunur .

Muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirlərindən sosial ayırmalar 121300 təsnifat kodu ilə ödənilir.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (2 Average count)
Qiymət ver:
Cavidan Faiq oğlu Hüseynov hu***@gmail.com ID: 565
Salam, özəl kargo və poçt xidməti göstərən şirkət kassa aparatı qoymalıdırmı? Qoymalıdırsa bu VM-nin hansı maddəsi ilə tənzimlənir?
28/12/2019 Read: 168 Average count: 5

Bildiririk ki, nəzarət-kassa aparatları Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi nəzərə alınmaqla pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün tələb olunur.

Sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirən şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forması Malliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.8-ci, 16.1.8-ci, 16.1.9-cu maddələri

5/5 (1 Average count)
Qiymət ver:
Bəhruz Gulmətov Nemət be***@mail.ru ID: 567
Salam. Mən vergi güzəştləri ilə bağlı yazılı məlumat istərdim. Hansı vergilərə güzəşt olunursa, misal, mən müəllim işləyirəm. Həm himayəmdə 3 nəfər var, həm də 2-ci qrup əliləm. Ancaq mənim maaışma hər ikisi tətbiq edilmir, deyirlər ən yüksəyi hansıdırsa, o 102.5 maddəsinə tətbiq olunmur axı o, yalnız 102.2; 102.3; 102.4 maddələrinə uyğundur.
28/12/2019 Read: 152 Average count: 5

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin eyni zamanda Vergi Məcəlləsinin 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, həmin şəxsə sözügedən güzəştlərdən yalnız biri, məbləğcə ən böyük olanı verilir.

Sorğunuzda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.3-cü və 102.5-cü maddələrində nəzərdə tutulan güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.

Əsas: Vergi Məcəlləsinin 102.7-ci maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Göyüşov Fərid Feyzi go***@gmail.com ID: 578
Xahiş olunur geniş şəkildə izah verəsiniz və əsaslandırasınız. Alınan və ya idxal edilən yararsız malların (təchizatçıya qaytarılmırsa) malın uçotdan silinməsi, ləğv edilirsə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılan xərcdir, yoxsa sərbəst mənfəət hesabına silinir? Eyni zamanda istehsal prosesi zamanı zay olan məhsul və ya istifadə müddəti bitmiş, satılmayan hazır məhsul utilizasiya olarsa ləğv edilən malın dəyəri gəlirdən çıxılan xərcdirmi? Xahiş olunur ətraflı izah verəsiniz.
28/12/2019 Read: 211 Average count: 5

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müraciətinizdə qeyd olunan yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 159.5-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
MƏHƏRRƏMOV ETİBAR HƏSRƏT me***@mail.ru ID: 552
Salam. Mən öz şəxsi avtomobilimlə mağaza və bazarlardan kənarda (səyyari qaydada ) ərzaq məhsulları sataraq pərakəndə ticarətlə məşğul oluram. Mən fərqlənmə nişanı və ya xüsusi fərqlənmə nişanı almalıyammı?
28/12/2019 Read: 166 Average count: 5

Bildiririk ki, şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” almalıdır.

“Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyicilərinin müraciətindən sonra beş iş günü ərzində  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və bunun alınması üçün hər hansı haqq ödənilmir.

Əsas: Vergi Məcəlləsinin 221.4.9-cu maddəsi.

5/5 (4 Average count)
Qiymət ver:
Fuad Kərimov bm***@mail.ru ID: 551
Müəsisənin 2017-ci ildə amortizasya hesablanması qanunvericiliyə əsasən 200 000 manat 2018-ci ildə isə 175 000 manat edir.Lakin 2017-ci il üçün 100 000 manat , 2018-ci il üçün isə 75 000 manat amortizasya hesablanıb hesabatlara daxil edilib.2019-cu il üçün müəssisə 2017-ci və 2018-ci ildə hesablanmayan amortisayanı hesabalayıb 2019-cu ilin xərcinə sala bilərmi ?
28/12/2019 Read: 171 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən, əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı normalar tətbiq edildiyi halda yaranan fərqin sonrakı illərdə gəlirdən çıxılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 114.4-cü maddəsi.

5/5 (3 Average count)
Qiymət ver:
Günay Abasova Xanoğlan qızı g.***@inbox.ru ID: 548
Salam. İşçinin əmək haqqısından gəlir vergisi tutulduğu zaman öncə ondan aliment məbləği tutulur yoxsa əmək haqqından öncə gəlir vergisi çıxılır sonra aliment tutulur? Zəhmət olmasa cavab verdiyinizdə AR qanunvericilik aktlarına istinad edin. Öncədən dərin təşəkkürümü bildirirəm.
28/12/2019 Read: 197 Average count: 5

Bildiririk ki, “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarının 7-ci maddəsinə əsasən, aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

5/5 (3 Average count)
Qiymət ver:
Əmiraslanova Aliyə Həsən qızı al***@mail.ru ID: 460
Xahiş edirəm aşağıdakı mövzu ulə bağlı ətraflı məlumat verəsiniz. 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır "102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının " maddəsi 1941-1945 müharibəsində iştirak etmiş və sonralar vəfat etmiş döyüşçünün övladına aid edilirmi? Aid edilirsə də hansı sənədlər tələb olunur. Əvvəlcədən təşəkkür edirəm!
27/12/2019 Read: 113 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (3 Average count)
Qiymət ver:
Orucova Gülarə Eynulla gu***@mail.ru ID: 457
İctimai iaşə ilə məşğul olan hər hansı "X" MMC şirkətinin iki təsisçisi: 1 - Türk vətəndaşı olan hər hansı bir şəxs 2 -Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri ilə məşğul olan hər hansı hüquqi "X" MMC şirkəti. Bu halda iki sual meydana çıxır. 1- Azərbaycan Respublikasında türk vətandaşı hər hansı bir fəaliyyətlə məşğul olan şirkətin təsisçisi ola bilər? 2- Tikinti fəaliyyəti ilə məşğul olan hüquqi MMC şirkəti ictimai iaşə ilə məşğul olan MMC şirkətinin təsisçisi ola bilər (şirkət kimi)?
27/12/2019 Read: 84 Average count: 4

Cavab 1-2. Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

Qeyd olunanlara əsasən, hüquqi şəxsin təsisçisi olan hüquqi və fiziki şəxslərin digər fəaliyyət növləri ilə məşğul olması ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır.

Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24-cü maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.

Qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyi halda, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.

4/5 (2 Average count)
Qiymət ver:
Əliyev Səbuhi Osman oğlu sa***@mail.ru ID: 472
Sualım belədir: AR Vergilər Məcəlləsinin 106.1.7. maddəsinə əsasən, təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti – mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla mənfəət vergisindən azaddır. Əgər özəl təhsil müəssisəsinin tərkibində özəl tələbə yataqxanası təşkil olunursa bu fəaliyyətdən gələn mənfəət təhsil müəssisəsinin ümumi mənfəətinə aid edilməklə mənfəət vergisindən azaddırmı? Əgər təhsil müəssisəsinin tərkibində belə bir yataqxana təşkil olunarsa dividendlərin ödənilməsi istisna olmaqla bu fəaliyyət hər hansı digər vergi növünə cəlb edilirmi?
27/12/2019 Read: 109 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti vergidən azaddır (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla).

Buna əsasən özəl təhsil müəssisəsinin əldə etdiyi mənfəətin, o cümlədən özəl təhsil müəssisəsinin tərkibində olan yataqxanadan əldə olunan mənfəətin dividendin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, mənfəət vergisindən azad edilir.

Əsas: Vergi Məcəlləsinin 106.1.7-ci maddəsi.

5/5 (3 Average count)
Qiymət ver:
Qazıyev Afiq Qurbanəli oğlu ag***@bk.ru ID: 605
Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinin 2019-cu il yanvarın 1-i tarixindən edilmiş dəyişikliyə görə döyüşçülərin ovladları da müəyyən vergi güzəştinə malikdirlər. Atam Böyük vətən müharibəsi iştirakçısı olmuşdur. Həmin maddə mənə şamil edilə bilərmi? Mən AMEA-nın elmi işçisiyəm.
25/12/2019 Read: 61 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Average count)
Qiymət ver:
Lalə Məmmədova wi***@gmail.com ID: 603
1. Bildiyimiz kimi maliyyə lizinqi əməliyyatında lizingverən və satan eyni hüquqi şəxs və ya fərdi sahibkar ola bilər. Vergi Məcəlləsinin 140.6. maddəsinə ( “İcarəyə verən maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda, bu Məcəllənin 140.1-ci maddəsində göstərilən ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd əmlakı icarəyə verənin satması və icarəçinin alması kimi qiymətləndirilir” ) əsaslanaraq demək olar ki, lizingverən şəxs əmlakı alan zaman lizinq məqsədləri üçün əldə etməsini qeyd etməməsinə baxmayaraq, həmin əmlakı maliyyə lizinqinə verə bilər? Yəni bu hal vergitutma məqsədləri baxımından maliyyə lizinqi sayılacaqmı? 2. Maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildiyi zaman xitam tarixinədək alınan bütün ödənişlərə ƏDV tətbiq olunurmu?
25/12/2019 Read: 201 Average count: 3

Cavab 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin tələblərinə görə, icarəyə verənlə (lizinq verənlə) satıcı vergitutma məqsədləri üçün eyni şəxs ola bilər. Bu zaman lizinq verən həm satıcı kimi lizinq obyektini təqdim edən qismində Vergi Məcəlləsinin 142-ci maddəsinə müvafiq olaraq mənfəət vergisinə cəlb edilməli, həm də icarəyə verən (lizinq verən) kimi həmin Məcəllənin 140.1-140.5-ci maddələrinə müvafiq olaraq mənfəət vergisinə cəlb edilərək həmin Məcəllənin 135-ci maddəsinə əsasən faiz gəlirlərindən mənfəət vergisi ödəməlidir.

Cavab 2. Bildiririk ki, maliyyə lizinqi zamanı Vergi Məcəlləsinin 140-cı maddəsində göstərilən bütün şərtlər yerinə yetirilməlidir. Həmin şərtlər yerinə yetirilmədiyi halda əməliyyat maliyyə lizinqi əməliyyatı hesab edilmir və ümumi qaydada ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 140-cı maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2017-ci il tarixli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı.

3/5 (5 Average count)
Qiymət ver:
Akif, Şirinov, Vəzir oğlu ak***@mail.ru ID: 598
Müəssisə (ƏDV ödəyici) xarici dövlətdən(Rusiyadan) xammal , material almaq üçün pul köçürür və materal alır. Xaricə xammal , materiala görə pul köçürəndə 10 faiz ÖDƏMƏ MƏNBƏYİNDƏN vergi yaranırmı? AZN-i dollara konvertasiya edəndə yaranan konvertasiya xərci və bank tərəfindən tutulan dilinq haqqı birlikdə MƏNFƏƏT vergisi bəyannaməsinin 219.3 sətrində (xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq ) göstərilməlidir. 219.3 sətrində birgə göstərilməməlidirsə hansı sətrlərdə göstərilməlidir? Əvvəlcədən təşəkkür edirəm.
24/12/2019 Read: 85 Average count: 0

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, yalnız görülən işlərin və ya göstərilən xidmətlərin müqabilində qeyri-rezidentə edilən ödənişlərdən ödəmə mənbəyində vergi tutulmalıdır. Mallara görə aparılan ödənişlərdən isə ödəmə mənbəyində vergi tutulmur.

Cavab 2. Müraciətinizdə qeyd olunan banklar tərəfindən tutulan komisyon xərclər xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərqə aid edilmədiyi üçün Mənfəət vergisinin bəyannaməsinin 219.3-cü sətrində deyil,  “Bank xidməti üzrə xərclər” adlı 221.13-cü sətrində qeyd olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Yunus Orucov Paşa oglu yu***@mail.ru ID: 594
Salam Sizə verilən suala neçə gün müddətinə cavablandırılr?
23/12/2019 Read: 74 Average count: 5

Bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq müraciət ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

5/5 (1 Average count)
Qiymət ver:
Elman Qasımov Əhməd oğlu el***@mail.ru ID: 538
Fərdi sahibkar olaraq mühasibat xidmətləri göstərmək istəyirəm. Sosial Sığorta haqqında qanunun 14.5.5. maddəsində qeyd olunmuşdur ki, vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər - gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqı ödəməlidirlər. Mənin aylıq ümumi dövriyyəm 1 000 manat təşkil edir. Gəlirlə bağlı xərclərim 800 manat təşkil edir ( xərclərə həmçinin muzdla işləyən işçilər daxildir və 25% DSMF-na ayırmalar ediləcək). Belə olan halda mən DSMF-na nə qədər sosial sığorta haqqı ödəməliyəm? (1000*20%=200 manat , yoxsa 1000-800=200*20%=40 manat). Xahiş olunur sualı izahlı şəkildə cavablandırasınız.
21/12/2019 Read: 282 Average count: 5

Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsinə əsasən, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqına cəlb olunurlar. Bu zaman hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan gəlir Vəkillər Kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri hesab olunur və 20 faiz dərəcə həmin fərqə tətbiq edilir.

5/5 (8 Average count)
Qiymət ver:
Afət yusifova aydın qızı Af***@socar.az ID: 520
Salam. Hörmətli vergi əməkdaşları, Müəssisəmiz jurnal nəşri ilə məşğuldur. Jurnalımızda müəlliflər tərəfindən təqdim edilmiş elmi məqalələr dərc olunur və bunun müqabilində müəlliflərə qonorar ödənilir. Müəlliflərə ödənilən qonorar VM 124.1 və 124.2 maddəsinə əsasən royaltidən gəlir kimi götürülür. Müəlliflər hüququ və əlaqəli hüquqlar haqqında qanunun 5 ci maddəsinə və Sosial Sığorta haqqında qanunun 15-ci maddəsinə əsasən royaltidən gəlir əldə edən fiziki şəxslərin gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab edildiyindən məcburi sosial sığorta haqqı tutulan gəlirlərə aid edilməmişdir. Digər tərəfədn, Sosial sığorta Qanunun 14.5.4 maddəsinə əsasən mulliflik qonorarı ödəyən hüquqi və fiziki səxslər ücün ödəmə mənbəyindən tutulmaqla — hesablanmıs qonorar məbləğinin 15 faiz miqdarında sosial sığorta haqqı tutulur. Qeyd edilən halda artıq müəlliflik qonorarı anlayışı royalti anlayışına uyğun gəlmir. Royalti isə Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən Royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq jurnalda məqalə dərc etdirən şəxslərə ödənilən müəlliflik qonoraraına görə VM-nin hansı maddəsinə əsasən vergilərin hesablanmasını və yaxud sosial sığorta haqqında qanunun müvafiq maddələrinə əsasən məcburi dövlət sığorta haqqının hesablanıb-hesablanmaması haqqında münasibət bildirməyinizi Sizdən xahiş edirəm
21/12/2019 Read: 251 Average count: 5

Bildiririk ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.

Royalti isə ədəbiyyat, incəsənət, yaxud elm əsərləri ilə yanaşı, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmaya, yaxud istifadə hüquqlarının verilməsinə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə ödənilən haqqı özündə ehtiva edir.

Əlavə olaraq bildiririk ki, müəlliflik qonorarı royalti anlayışı ilə əhatə olunmaqla sosial sığorta haqqı hesablanmayan gəlir növüdür və Vergi Məcəlləsinin 124-cü maddəsinə  əsasən, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 124-cü maddəsi, Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü, 5-ci, 6-cı və 15-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver: