Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Qafar Quliyev Elxan oğlu qa***@gmail.com ID: 6750
Sualım bundan ibarətdir ki, vergitutma məqsələri üçün ümidsiz borclar, pul vəsaitin oğurlanması (əksikgəlməsi), mal-material ehtiyatlarının vaxtının bitməsi (oğurlanması , istifadəyə yararsız hala düşməsi) mənfəət vergisi və əlavə dəyər vergisi məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid etmək olarmı?
28/07/2022 Прочитано: 208 Средняя стоимость: 5

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 111-ci maddəsinin müddəalarına əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Müraciətinizdə qeyd olunan mallarının müxtəlif səbəblərdən uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.

Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 111-ci və 159.5-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Məhərrəmov Etibar Həsrət oğlu me***@mail.ru ID: 6651
Salam. Müəssisə Dövlət Məşğulluq Agentliyiylə birgə maliyyələşməylə bağlı müqavilə imzalayıb, müqavilənin mahiyyəti müəssisə yeni işə götürdüyü işçiyə əmək haqqı ödəyir həmin işçi bankdan öz hesabından çıxarış alıb Dövlət Məşğulluq Agentliyinə təqdim edir, Dövlət Məşğulluq Agentliyi müəssisənin işçiyə köçürdüyü əmək haqqının müəyyən bir faizini müəssisənin hesabına yatırır. Müəssisənin bu gəliri vergi tutulan gəlirə daxil edilib bu gəlirdən vergi hesablanmalıdırmı?
27/07/2022 Прочитано: 216 Средняя стоимость: 4

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Həmçinin, hüquqi şəxslərin mənfəət vergisindən azadolması Vergi Məcəlləsinin 106-cı maddəsi ilə tənzimlənir. Qeyd olunan maddədə Dövlət Məşğulluq Agentliyi tərəfindən sosial iş yerləri ilə bağlı müəssisələrə ödənilən vəsaitin mənfəət vergisindən azadolması nəzərdə tutulmamışdır. Bu səbəbdən, sorğunuzda qeyd olunan vəsait müəssisənin gəlirlərinə aid edilməklə ümumi qaydada mənfəət vergisinə cəlb edilir.  

Əsas: Vergi Məcəlləsinin 104-cü və 106-cı maddələri.

4/5 (7 Средняя стоимость)
Оцените:
Səfərova Ellada s_***@hotmail.com ID: 6749
Salam. Lizinq şirkəti, VÖEN-i olan və ya olmayan fiziki şəxsə kənd təsərrüfatı texnikasını lizinqlə satırsa, texnika alan fiziki şəxs lizinq şirkətinə "Milliön" ödəniş terminalı və ya başqa ödəniş terminalları vasitəsi ilə ilkin və aylıq ödənişləri vurarsa, bu əməliyyat nağd əməliyyat sayılır, ya nağdsız əməliyyat? Və məsuliyyət kimin üzərinə düşür?
27/07/2022 Прочитано: 227 Средняя стоимость: 0

Bildiririmk ki, vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.1-ci maddəsinə əsasən yalnız nağdsız qaydada həyata keçirilməlidir. 

Adıçəkilən Qanunun məqsədləri üçün nağdsız hesablaşma dedikdə, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar, ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.

Qanunun 3.2-ci bəndinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalarla həyata keçirilə bilər.

Bunlarla yanaşı, həmin Qanunun 3.4.1-ci maddəsinin tələblərini pozmaqla pul vəsaitlərini nağd qaydada qəbul edən lizinq verənə, kreditləri nağd qaydada verən kredit verənə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Malik Abdullayev Məsim oğlu ma***@gmail.com ID: 6666
Mən Norveçə səyahət məqsədli səfərim zamanı həmin ölkədə icarəyə götürdüyüm tam elektrikli avtomobili müvafiq zamanlarda yenidən doldurma məntəqələrində reşarj etmişəm. Məntəqələrin işləmə prinsipi onlayndır, bank kartını daxil etdiyim mobil tətbiq vasitəsilə stansiya kodunu daxil edərək avtomobili reşarj etdikdən sonra Kilowatt həcminə görə kart balansımdan avtomatik məbləğ silinirdi. Həmin məbləğlər müvafiq Bank kartımdan 18% ƏDV-yə cəlb olunub, bu doğrudurmu?
27/07/2022 Прочитано: 286 Средняя стоимость: 5

Bildiririk ki, Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Azərbaycan Respublikasının hüdudlarından kənarda avtomobil kirayə götürülməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında həyata keçirilən iş və xidmətlər hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu və Azərbaycan Respublikasının “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddələri.

5/5 (9 Средняя стоимость)
Оцените:
Əhmədov Hümbət Məhəmməd Oğlu hu***@gmail.com ID: 6644
Salam, bu suala aydınlıq gətirməyinizi sizdən xahiş edirəm: 1. Vergi ödəyicisi hüquqi şəxs öz rəhbərindən və ya təsisçisindən alış aktı ilə mal ala bilərmi, ala bilərsə ona məhdudiyyət varmı? Məhdudiyyət varsa VM –də hansi maddədə nəzərdə tutulub? 2. Vergi ödəyicisi -fiziki şəxs fiziki şəxs kimi öz adından alış aktı ilə mal ala bilərmi? Ala bilərsə, ona məhdudiyyət varmı? Məhdudiyyət varsa VM –də hansi maddədə nəzərdə tutulub? 3. Vergi ödəyicisi hüquqi şəxs öz muzdlu işçilərindən (Vergi orqanında qeydiyatda olmayan) alış aktı ilə mal ala bilərmi, ala bilərsə ona məhdudiyyət varmı? VM–də hansı maddədə nəzərdə tutulub? 4. Eyni şəxsdən spesifikliyi uyğun olmayan müxtəlif növ mallar üzrə alış aktlarının əldə olunması. Əvvəlcədən minnətdarlıq edirəm, həmişə mənim suallarıma obyektiv cavab vermisiniz.
27/07/2022 Прочитано: 348 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 71-2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

Bundan əlavə vergi orqanlarında uçotda olmayan şəxslərdən alınmış və alış aktı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmiləşdirilən məlumatlar üzrə elektron alış aktı tərtib edilməlidir.

Sorğunuzda qeyd olunan vergi orqanında uçotda olmayan şəxslərdən malların alınması ilə bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. 

Əlavə olaraq məlumat üçün bildiririk ki, mütəmadi qaydada iri həcmli partiyalarla malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. 

Vergi Məcəlləsinin 23.1.6-1-cı maddəsinə əsasən səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək vergi orqanının hüququdur.

Vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tərəflər arasında aparılan əməliyyatlar üzrə vergidən yayınma sxemi aşkar edildiyi halda Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülür və vergilərin faktiki iqtisadi göstəricilər nəzərə alınmaqla hesablanması həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 23-cü, 33-cü, 71-1-ci, 71-2-ci, 85-ci, 101-ci maddələri və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (1 Средняя стоимость)
Оцените:
Tural Vəlizadə tu***@yahoo.com ID: 6748
Salam. A MMC B MMC-yə mal satır. Öhdəliyin vaxtında ödənilməməsinə görə A MMC müqaviləyə uyğun olaraq B MMC-yə cərimə məbləği təyin edir və B MMC cəriməni ödəyir. Qeyd edim ki, A MMC ƏDV ödəyicisidir. Sual 1: A MMC üçün cərimədən əldə edilən gəlir satışdankənar gəlir sayılırmı və ƏDV tutulmayan əməliyyatdırmı? Sual 2: Cərimə gəliri üzrə başqa hansı vergi öhdəliyi yaranır? Sual 3: Bu cür cərimə üçün qarşı tərəfə (B MMC-yə) elektron qaimə yazmalıdırmı? Öncədən təşəkkür edirəm.
27/07/2022 Прочитано: 218 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan cərimə məbləği vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb olunur.

Belə ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlərə aid edilir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicsinin vəzifəsidir. Sorğunuzda qeyd olunan ödəniş qarşılığında hər hansı mal, iş və ya xidmət təqdim edilmədiyi üçün elektron qaimə-fakturanın təqdim olunması tələb olunmur. 

Eyni zamanda bildiririk ki, satışdankənar gəlirlər ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 104-cü və 159-cu maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Hümbətov Şahin Yolçu oğlu sh***@outlook.com ID: 6664
ƏDV ödəyici olan X müəssisə fiziki şəxslərdən və fermerlərdən diri iri və xırda buynuzlu malları alıb kəsim edərək, ətləri topdan və ya parakəndə şirkətlərinə satır. Bu əməliyyatları icra etmiş həmin X müəsisəsi ƏDV-dən azad olunub-olunmaması haqqında səhih məlumat verilməsini xahiş edirəm. Öncədən təşəkkür edirəm.
27/07/2022 Прочитано: 301 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il 1 yanvar tarixindən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Bu maddənin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 164-cü maddəsi.

 

5/5 (2 Средняя стоимость)
Оцените:
Nəsir Cabarov na***@gmail.com ID: 6746
Salam. VÖEN görə hesablanan pensiyanı haradan izləyə bilərəm?
26/07/2022 Прочитано: 83 Средняя стоимость: 0

Bildiririk ki, sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. 

Qeyd olunanlara əsasən, pensiya kapitalı ilə bağlı aidiyyəti üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi".

0/5 (0 Средняя стоимость)
Оцените:
Şinğarov Şinğar Nurulla sh***@mai.ru ID: 6744
Salam. ƏDV ödəyicisi 30 000 (ƏDV-siz) manatlıq qaimə faktura vermişdir. 5400 manat ƏDV-sidir. Mal alan MMC 5400 manat ƏDV-məbləğini 01.04.2022-ci il tarixində depozit hesabına köçürmüşdür. Malın dəyərini (ƏDV-siz) 30 000 manatı 12.06.2022-ci ildə bank hesabına köçürmüşdür. Bu əməliyyat hansı ayda dövriyyəyə salınmalıdır? Aprel ayının dövriyyəsinə, yoxsa iyun ayının dövriyyəsinə? Sağolun.
26/07/2022 Прочитано: 129 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.

Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi (sorğunuzda iyun ayı) nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Aygün a.***@gmail.com ID: 6742
Salam. Zəhmət olmasa sualımla bağlı fikrinizi bildirərsiniz. Mən kursa birinci gün 10 dərsin ödənişin etmişəm, 2 dərs getmişəm, indi müəyyən səbəblərdən (daha doğrusu kursun keyfiyyəti məni qane etmədiyinə görə) kursu yarımçıq saxlamlalıyam. Müəllim ödədiyim ödənişi geri qaytarmır. Bu halda mən nə etməliyəm? Qeyd edim ki, heç bir müqavilə bağlanmayıb, ödəniş zamanı çek təqdim olunmayıb. Kurs fərdi sürücülük kursudur.
25/07/2022 Прочитано: 112 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə rəsmi qaydada Dövlət Vergi Xidmətinə, istehlakçı hüquqlarınızın pozulması ilə bağlı isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

5/5 (2 Средняя стоимость)
Оцените:
Orucova Səbinə Surxay qızı sa***@dentons.com ID: 6549
A-Şirkəti xarici ölkədə təsis edilmiş şirkətdir. Biznes fəaliyyətini genişləndirmək məqsədi ilə, B-Şirkəti (Azərbaycanda təsis edilib) ilə Azərbaycan Respublikasında C-Şirkətini (Birgə Müəssisə) təsis etmişlər. Birgə Müəssisənin nizamnamə kapitalında olan payların 50 faizi A-Şirkətinə, digər 50 faizi isə B-Şirkətinə məxsusdur. Məhkəmənin qətnaməsi ilə (bundan sonra “Qətnamə”) A-Şirkətinin Birgə Müəssisədə iştirakına xitam verilməsi ilə bağlı iddiaları təmin edilmişdir və məhkəmə aşağıdakıları qət etmişdir: - A-Şirkətinin Birgə Müəssisədə iştirakçılarının tərkibindən çıxarılaraq bununla əlaqədar Birgə Müəssisənin nizamnaməsinə müvafiq dəyişiklik edilsin; - Birgə Müəssisənin əmlakının balansı tərtib edilsin və həmin balans üzrə 50%-nin A-Şirkətinin mülkiyyətinə dərhal verilməsi və ödənilməsi vəzifəsi Birgə Müəssisənin üzərinə qoyulsun. Bildirmək istərdik ki, hal-hazırda, A-Şirkətinin yeganə niyyəti öz törəmə şirkəti olan Birgə Müəssisədə iştirakçılığına xitam verməkdir və sonuncuya qarşı hər hansı əmlak tələbi (iştirakçılığa xitam verilməsi ilə bağlı) yoxdur. Yəni, A-Şirkəti ona çatacaq əmlakdan (Birgə Müəssisənin əmlak balansının 50 faizindən) imtina edir və bu şərtlə də Birgə Müəssisəni tərk etmək arzusundadır. Belə olduğu təqdirdə, • A-Şirkətinin Birgə Müəssisədə iştirakçılığına xitam verilməsi ilə bağlı sonuncunun əmlak balansı tərtib olunmalıdırmı? • Əgər tərtib olunmalı deyilsə, bu halda Qətnamənin sizə təqdim olunması A-Şirkətinin Birgə Müəssisədə iştirakçılığına xitam verilməsinin tərəfinizdən qeydiyyata alınması üçün kifayətdirmi? • Əgər tərtib olunmalıdırsa, lakin Birgə Müəssisənin Direktoru mövcud deyilsə ((a) reyestrdə qanuni təmsilçi kimi qeyd olunur, lakin faktiki olaraq Birgə Müəssisədə uzun müddətdir ki çalışmır və olduğu yer bilinmir və (b) B şirkəti yeni direktorun təyin edilməsi üçün addımlar atmaqdan imtina edir) sonuncu əmlak balansı kim tərəfindən imzalanmalıdı? Suallarımın cavablandırılması üçün əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, Səbinə Orucova
25/07/2022 Прочитано: 280 Средняя стоимость: 5

Bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər.

Mülki Məcəllənin 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir.

Mülki Məcəllənin 96.2-ci maddəsinə əsasən əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir.

Azərbaycan Respublikasının  Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin maddənin 2-ci hissəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

Mülki Prosessual Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir.

Qeyd olunanlara əsasən bildiririk ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı hökmən icra olunmalıdır.

Eyni zamanda bildiririk ki, hüquqi şəxsin iştirakçısının hüquqi şəxsdən çıxması ilə əlaqədar reyestrdə müvafiq dəyişikliklərin qeydə alınması üçün ərizə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, hüquqi şəxsin iştirakçısının hüquqi şəxsdən çıxması ilə bağlı nizamnamə kapitalının azaldılması və yeni redaksiyada nizamnamənin təsdiq edilməsi ilə bağlı qərar, yeni redaksiyada nizamnamə, nizamnamə kapitalının azaldılmasını təsdiq edən sənəd (qəbz, kassa məxaric orderi, auditor rəyi və s.), nizamnamə kapitalının azaldılması ilə bağlı qəzetdə dərc olunmuş elan, ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda və ya səlahiyyətli şəxs tərəfindən müraciət olunduqda etibarnamə, səlahiyyətli şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti qeydiyyat orqanına təqdim edilməlidir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əli Oruclu Ağasəf el***@gmail.com ID: 6647
1. Bina tikintisi ilə məşğul ola müəssisə tikintidə fəaliyyət göstərən işçilərin əməkhaqqısını faktiki ödədiyi miqdarda, yoxsa satdığı kv metrə uyğun maya dəyərinə daxil edilən hissə qədər gəlirdən çıxa bilər? 2. Tikintdə istifadə olunan avadanlığa amortizasya ayırmalarını və inzibati sahədə fəaliyyət göstərən mühasib mühəndis və s. əməkhaqqısını hansı formada xərcə salmalıdır, birbaşa yoxsa maya dəyərinə uyğun? 3. Müəssisə istehsal fəaliyyəti ilə məşğul olur. 2021-ci il üçün heç bir satışı, yəni gəliri olmayıb. Lakin, 2021-ci il ərzində icarə, kommunal, əməkhaqqı xərcləri çəkib. Bu zaman 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsində xərclər bölməsində icarə, əməkhaqqı, kommunal və amortizasiya xərclərini əks etdirməlidirmi?
24/07/2022 Прочитано: 319 Средняя стоимость: 5

Cavab 1. Bildiririk ki, bina tikintisi ilə məşğul olan şəxslər tikilən binalar üzrə gəlirlərin və xərclərinin uçotunun tanınması Vergi Məcəlləsinin 130.6-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Göründüyü kimi qeyd olunan maddədə, vergi ili ərzində yalnız yerinə yetirilmiş işlər (mərhələlər) üzrə xərclərin gəlirdən çıxılması nəzərdə tutulmuşdur. Bu səbəbdən bina tikintisi ilə bağlı çəkilən işçilərin əməkhaqqı xərcləri müvafiq təsdiqedici sənədlər əsasında Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 130-cu maddələri.

Cavab 2-3. Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Qeyd edilənlərə əsasən, hazır məhsulun istehsalına çəkilmiş xərclər, o cümlədən əmək haqları və ona bərabər tutulan ödənişlər, istehsal prosesinə cəlb olunmuş əsas vəsaitlər üzrə amortizasiya ayırmaları həmin məhsulların dəyərini təşkil etdiyindən satılmayan məhsulların növbəti ildə təqdim edilməsi zamanı həmin məhsulların dəyərində olan xərclər təqdim edildiyi ildə gəlirdən çıxılan xərclərə aid edilir.

Bununla yanaşı istehsal prosesi ilə bağlı olmayan xərclər məhsulun maya dəyərinə daxil edilmir və vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 134-cü, 135-ci, 136-cı və 139-cu maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Niyazi Məmmədov Asif ni***@live.com ID: 6736
Fiziki şəxs olaraq bilmək istərdim ki, bina sakinləri əmlak və torpaq vergisi ödəmələdirmi və əgər ödəməlidirsə, hansı qanunda qeyd edilib, öncədən təşəkkürlər?
24/07/2022 Прочитано: 183 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 

Bələdiyyələr tərəfindən hesablanmış əmlak vergisi barədə tədiyə bildirişi hər il avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği 15 avqust və 15 noyabr tarixlərinədək fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 207.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır. Buna əsasən çoxmənzilli binaların altında olan torpaqların torpaq vergisinə cəlb olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci, 199-cu, 200-cü, 205-ci, 206-cı, 207-ci və 208-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əmrah Naibov la***@mail.ru ID: 6734
Mən 09.06.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə şikayət məktubu ilə müraciyət etmişəm və üstündən 2 aya yaxın keçməyinə baxmayaraq, cavab hələ yoxdur. Mənim sualım - şikayət məktubları neçə vaxta cavablandırılır?
24/07/2022 Прочитано: 102 Средняя стоимость: 5

Bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

Həmçinin bildiririk ki, vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Müraciətiniz barədə əlavə məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 24-cü maddəsi və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (2 Средняя стоимость)
Оцените:
Hüseynova Əsmər Fəxrəddin qızı e_***@mail.ru ID: 6733
1. Vergi Məcəlləsi 110.1 maddəsində Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır. Bu maddədə qeyd edilən banklararası kreditlər üzrə faizlərin orta səviyyəsi necə müəyyən edilir? Biz kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmayan hissəsini müəyyən edərkən hansı mənbəyə istinad etməliyik? 2. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə görə əvvəlki illərdə alınmış borclar üzrə 2022-ci ildə faiz xərci ödənildikdə ödəmə vaxtı ödəmə mənbəyindən vergi tutulmalıdırmı?
22/07/2022 Прочитано: 171 Средняя стоимость: 0

Cavab 1. Bildiririk ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Banklararası kreditlər üzrə faizlərin orta səviyyəsini Mərkəzi Banka müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü maddələri.

Cavab 2. Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitentin investisiya qiymətli kağızları üzrə ödədiyi dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 7 il müddətində gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsində son dəyişikliyə əsasən, 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad olunur.

Qeyd olunanlara əsasən, 2023-cü il fevralın 1-dən etibarən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri istisna olmaqla, fiziki şəxslərin digər faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. 

Əsas: Vergi Məcəlləsinin 102.1.22-ci və 123-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Arzu Yusubov Sarı ay***@mail.ru ID: 6732
Salam. A şirkəti müstəqil VÖEN-ə malik olan dövlət müəssisəsidir, hüquqi şəxsdir və ƏDV qeydiyyatındadır. ƏDV və mənfəət vergisinin ödəyicisidir. Onun balansında futbol stadionu vardır. B isə xarici ölkəyə məxsus və öz ölkəsinin vergi orqanlarında qeydiyyatda olan futbol klubudur. UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın tanınmış futbol klubu ilə sözügedən B xarici futbol klubu arasında yoldaşlıq oyunu keçirilməlidir. Yoldaşlıq oyunundan əvvəl B xarici futbol klubunun məşq etməsi zərurəti vardır. Bu səbəbdən futbol klubunun məşqi üçün A şirkəti ilə onun stadionu müvəqqəti icarəyə götürmək barədə müqavilə bağlayıb məşqini keçmişdir. A şirkəti B xarici furbol klubuna e-Qf göndərə bilmir. Yalnız hesab- faktura (invoice) təqdim edir. Futbol klubu tərəfindən edilən ödəniş xarici valyutada olmaqla A şirkətinin valyuta hesabına köçürülmüşdür. Xahiş edirəm, ətraflı cavab verərdiniz A şirkətinin hansı vergi öhdəlikləri yaranır (ƏDV, ÖMV, Mənfəət və ya digər) və təqdim ediləcək bəyannamələrdə hansı sətirlərdə və əlavələrdə dəqiq əks etdirilməlidir? 164.1.44 və 164.1.45 maddələrinin müddəaları tətbiq olunurmu?
22/07/2022 Прочитано: 175 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.44-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ƏDV-dən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.45-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatı ilə əlaqədar UEFA, onu təmsil edən, habelə onun yaratdığı və tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxslər tərəfindən çempionatla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ƏDV-dən azaddır. 

Göründüyü kimi yuxarıda qeyd olunan azadolmalar, yalnız Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatı ilə əlaqədar göstərilən iş və xidmətlər üçün nəzərdə tutulmuşdur. 

Yuxarıda qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan UEFA Çempionlar Liqasının təsnifat mərhələsi çərçvəsində keçirilən futbol oyunu ilə əlaqədar hüquqi şəxsin icarə haqqından əldə etdiyi gəlirlər ümumi qaydada mənfəət vergisinə və ƏDV-yə cəlb olunur. 

Həmçinin, vergi qanunvericiliyinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan hər hansı əməliyyat onun həyata keçirildiyi gün Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi mübadilə məzənnəsi ilə manatla hesablanır.

Əsas: Vergi Məcəlləsinin 69-cu, 104-cü, 159-cu və 164-cü maddələri. 

4/5 (2 Средняя стоимость)
Оцените:
Kamran Şıxlı Ziya Mo***@gmail.com ID: 6731
Salam. Vergi orqanı fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üzrə qərarla vergi ödəyicisinin obyektinə gəlirsə, eyni zamanda ilkin mühasibat sənədlərinin və kompyuter fayllarının (son neçə ilə aid məlumatların) götürülməsi qərarının çıxarılması nə dərəcədə düzgündür, qanunidirmi?
21/07/2022 Прочитано: 143 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən Vergi Məcəlləsinin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanının hüquqlarına aid edilmişdir.

Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə müvafiq formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 23-cü, 50-ci maddələri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 29.03.2022-ci il tarixli 2217040100192100 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları".

0/5 (0 Средняя стоимость)
Оцените:
Saleh Salmanov Vahid qa***@gmail.com ID: 6729
VÖEN 1700672182! Mənim adıma heç bir VÖEN yoxdur, mənə mesaj göndərirsiniz.
21/07/2022 Прочитано: 86 Средняя стоимость: 3

Bildiriri ki, Salmanov Saleh Vahid oğlu (VÖEN 1700672182) vergi ödəyicisi kimi uçotdadır. Uçot məlumatları haqda ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

3/5 (2 Средняя стоимость)
Оцените:
Yaqub Əliyev ya***@gmail.com ID: 6728
Sahibkarlıq fəaliyyəti barədə arayış əldə etmək istəyirəm. Hansı ki, orada vergi ödəyicisinin məlumatları və fəaliyyət istiqaməti qeyd edilsin. Bunu ən qısa zamanda necə əldə edə bilərəm?
20/07/2022 Прочитано: 59 Средняя стоимость: 4

Bildiririk ki, "Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə arayış"ı vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək mümkündür. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə  təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

4/5 (3 Средняя стоимость)
Оцените:
Əliyev Ramil Ramiz ra***@mail.ru ID: 6738
Salam. Müəssisənin fəaliyyəti 2019, 2020, 2021, 2022-ci illərdə vergi orqanına müraciət edilərək dayandırılmışdır. Fəaliyyətin dayandırıldıgı dövrdə isçilərin sayı 2 nəfər ( direktor və Baş mühasib) olmuşdur. Müəssisənin baş mühasibi direktora işdən azad olunması haqqında ərizə təqdim etdiyi halda, Təhvil-təslim aktının iki nəfərin yəni Direktor ilə Baş mühasibin arasında tərtib olunması mümkün və ya qanuna uyğundurmu? Xahiş edirik sualımızı cavablandırasınız. Öncədən təşəkkürlər.
20/07/2022 Прочитано: 67 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Средняя стоимость)
Оцените: