Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, binalar istisna olmaqla, fərdi sahibkarların balansında olan əsas vəsaitlərə görə əmlak vergisi dövlət büdcəsinə ödənilir. Fərdi sahibkarın xüsusi mükiyyətində olan binalara görə əmlak vergisinin hesablanıb ödənilməsi mexanizmində hər hansı dəyişiklik yoxdur və fərdi sahibkarın mülkiyyətində olan binalara, o cümlədən qeyri-yaşayış sahəsinə görə əmlak vergisi əvvəlki qaydada bələdiyyə tərəfindən təqdim edilmiş tədiyyə bildirişi əsasında bələdiyyə büdcəsinə ödənilir.

Yuxarıda qeyd edildiyi kimi, fərdi sahibkarlar balansında olan əsas vəsaitlərə (binalar istisna olmaqla) görə əmlak vergisini dövlət büdcəsinə ödəməlidir. Bu zaman fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi hesablanır.

Bununla yanaşı, mikro sahibkarlıq subyekti hesab olunduğunuz halda (illik gəlirləriniz 200.000 manatdan, işçi sayı 10 nəfərdən çox olmadığı halda) Vergi Məcəlləsinin 199.14-cü maddəsinin müddəalarına uyğun olaraq, əmlak vergisi üzrə vergi öhdəlikləriniz yaranmır. Belə ki, Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Əsas: Vergi Məcəlləsinin 196 - 202-ci maddələri.

Ümumi qiymət: 5/58
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasında vergilər dövlət, muxtar respublika və yerli (bələdiyyə) vergilər olmaqla 3 qrupa bölünür.

Dövlət vergilərinə fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi və sadələşdirilmiş vergi aiddir.

Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan yuxarıda  sadalanan dövlət vergiləri aiddir.

Yerli vergilərə (bələdiyyə vergiləri) isə aşağıdakılar aiddir. 

  • Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
  • Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi;
  • yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
  • bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Əsas: Vergi Məcəlləsinin 4-cü, 6-cı, 7-ci, 8-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı qarşı tərəfə təqdim etməlidir. 

Həmçinin bildiririk ki, elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin-nin 02.02.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin, sorğunuzda qeyd olunanlara əsasən "İkitərəfli SMS xidməti"-nə abunə olduğunuz qənaətinə gələrək bildiririk ki, xidmətə abunəliyin passivləşdirilməsi üçün “stop” yazılaraq 8195 nömrəsinə SMS göndərilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək mehmanxana (hotel) və mehmanxana tipli digər fəaliyyət növü ilə məşğul olan vergi ödəyicilərinin vəzfiələrinə aid edilir. 

Həmçinin, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 

Qeyd olunanlara əsasən sorğuda qeyd olunan halda vergi ödəyicisinə NKA çeki, POS-terminal qəbzi ilə yanaşı elektron qaimə-faktura təqdim edilməlidir. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 108-ci və 109-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 199.3-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və hüquq münasibətlərində yalnız öz adlarından iştirak edirlər.

Həmçinin, Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər.

Qeyd olunanlara əsasən fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 124-cü və 150-ci madələri .

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Qeyd olunanlara əsasən, yuxarıda sadalanan təsdiq edici sənədlərdən birini iş yerinizə təqdim etməklə 1 yanvar 2022-ci il tarixdən etibarən vergi güzəştindən yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Sorğunuzda qeyd olunan hal araşdırma tələb etdiyi üçün, bununla bağlı saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək ətraflı məlumat ala bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünü (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.2-ci, 127-ci, 149-cu və 152-ci maddələri.

Ümumi qiymət: 5/59
Qiymət ver:

Bildiririk ki, məcburi dövlət sosial sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir. 

Eyni zamanda məlumat üçün bildiririk ki, sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. 

Qeyd olunanlara əsasən, pensiya kapitalı ilə bağlı sorğunuzu aidiyyəti üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi".

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Qeyd olunanlardan göründüyü kimi, neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Sorğunuzda qeyd olunan vəsaitin ödənilməsi elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığı halda həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Ümumi qiymət: 4/58
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Əsas: Vergi Məcəlləsinin 24-cü, 50-ci və 58-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Dövlət müəssisəsində çalışan müəllimlərin muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirlərindən Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi hesablanaraq dövlət büdcəsinə ödənilməlidir. Həmin maddənin müddəalarına əsasən muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin (o cümlədən əmək haqqının) 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur. 

Bununla yanaşı Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Həmçinin bildiririk ki, qeyd olunan vergi güzəştləri yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 4/56
Qiymət ver:

Bildiririk ki, ƏDV ödəyicisi olan hüquqi şəxs, eyni zamanda mənfəət vergisinin ödəyicisi kimi, əldə olunan gəlirlərdən Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərqdən 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

Qeyd olunanlara əsasən, sorğunuzda göstərilən müəssisə tərəfindən təqdim olunan sirkənin satış dəyəri müəssisənin vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi ƏDV-nin vergitutma obyekti olduğu üçün, sirkənin təqdim olunması ümumi qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci və 159-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

Ümumi qiymət: 5/52
Qiymət ver:

Xarici hüquqi şəxsin daimi nümayəndəliyinin Azərbaycan Respublikasında qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını (o cümlədən ərizə və sənəd nümunələrini) səhifəmizin “Bir pəncərə” bölməsinin "Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün" hissəsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə ödənilən maddi yardımlardan ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisi tutulur. Müəssisə tərəfindən işçisi olmayan şəxsə ödənilən həmin maddi yardımlar sosial sığorta haqqından azaddır.

Əsas: Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələri və “Sosial sığorta haqqında” Qanununun 15-ci maddəsi.

Ümumi qiymət: 5/56
Qiymət ver:

Bildiririk ki, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 

Sorğunuzda qeyd olunan borca münasibətdə, borcun yarandığı dövr bir ildən artıq olduğu üçün faizin hesablanması bir il üçün aparılacaq. Mİsal olaraq, borc məbləği 100 manat olduqda, faizin hesablanması bu formada aparılır: 100 x 0.1% x 365 = 36.5

Əsas: Vergi Məcəlləsinin 59-cu və 68-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver: