Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi orqanı ilə vergi ödəyiciləri arasında "Vergi partnyorluğu sazişi"nin bağlanması məqsədilə Vergi Məcəlləsinə müvafiq maddələr əlavə edilmiş, Nazirlər Kabinetinin 19 iyul 2013-cü il tarixli, 190 nömrəli Qərarı ilə "Vergi partnyorluğu Sazişinin forması" "Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları" təsdiq edilmişdir.

"Vergi partnyorluğu Sazişi" vergi orqanı ilə vergi ödəyicisi arasında etibarlılığa, şəffaflığa və qarşılıqlı anlaşmaya əsaslanmaqla, vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanılan niyyət razılaşmasıdır.

Sazişin məqsədləri aşağıdakılardır:

  • sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla, onun inkişafını stimullaşdırmaq;
  • əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək;
  • müasir idarəetmə alətləri tətbiq etməklə, biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək;
  • vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək;
  • ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq;
  • vergi risklərini minimallaşdırmaq.

Sazişin bağlanılması zamanı ilkin olaraq vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük verilir.

Sazişin bağlanması üçün vergi ödəyicisi tərəfindən könüllülük prinsipi əsasənda Vergilər Nazirliyinin 02 iyul 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş "Vergi partnyorluğu sazişinin bağlanması üçün Ərizə" forması ilə vergi orqanına müraciət edilir, daxil olmuş müraciətə 15 gün müddətində baxılır və sazişin bağlanması barədə qərar qəbul edilərək vergi ödəyicisinə yazılı məlumat verilir.

Vergi ödəyicisinin dövlət büdcəsi qarşısında vergi öhdəlikləri olduqda, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) müəyyən edildikdə vergi orqanı tərəfindən Sazişin bağlanılmasından yazılı məlumat verməklə imtina edilir.

Saziş vergilərin düzgün və tam ödənilməsində dövlət vergi orqanlarının yükünün biznes cəmiyyəti ilə bölüşdürülməsinə və qarşılıqlı əməkdaşlıq və məsuliyyət platformasında münasibətlərin qurulmasına yönəlmişdir.

Sazişin qüvvədə olduğu dövr ərzində vergi orqanı tərəfindən vergi qanunvericiliyi və vergi inzibatçılığında aparılan dəyişikliklər barədə vergi ödəyicisi operativ qaydada məlumatlandıracaq, vergi öhdəliklərinin yerinə yetirilməsində ona lazımi metodiki köməklik göstərəcəkdir.

Sizi vergi partnyorluğu sazişi bağlamağa dəvət edirik.

Əlavə məlumat almaq üçün uçotda olduğunuz vergi orqanına və ya Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət edə bilərsiniz.