Nazirlik
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciətlər
Əlaqə

 

Azərbaycan Respublikasının Vergilər Nazirliyi ölkədə aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 

Azərbaycanda vergi xidməti 1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə yaradılıb. 1920-1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənib. Yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrında nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin müstəqil fəaliyyətinin təmin edilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil orqan - Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb. 

Sonrakı illərdə ölkədə iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsi zərurəti meydana çıxırdı. Vergi qanunvericiliyində mövcud olan bir sıra boşluqlar istər vergi ödəyicilərində, istərsə də vergi xidməti orqanlarında haqlı narazılıqlar doğururdu. Məhz belə bir şəraitdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin vergi sisteminin yenidən qurulmasına başlanılıb. Vergi sistemində həyata keçirilən islahatların ilk mərhələsi ulu öndər tərəfindən Dövlət Vergi Müfəttişliyinin bazasında Vergilər Nazirliyinin yaradılması haqqında qərarın qəbul edilməsi olub. Bu məqsədlə 11 fevral 2000-ci il tarixli prezident fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında Vergilər Nazirliyi yaradılıb. Vergilər Nazirliyi yaradıldıqdan sonra ulu öndərin tövsiyələri əsasında vergi orqanlarının strukturunun müasirləşdirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb, qabaqcıl dünya təcrübəsi araşdırılıb, müxtəlif idarəetmə modelləri təhlil edilib və yekunda vergi orqanlarının funksional əsasda fəaliyyət göstərən strukturunun tətbiqinə üstünlük verilib.

Vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların daha da sürətləndirilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin bilavasitə tapşırığı əsasında vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması üçün Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanılıb. 2001-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri kimi tarixə düşüb.

Vergi Məcəlləsi qəbul olunduqdan sonra vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılması məqsədilə bir sıra qərarlar qəbul edilib. Ulu öndər Heydər Əliyevin 2001-ci ilin 19 iyul tarixində imzaladığı "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqinə dair Fərmana əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzi yaradılıb.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə formalaşdırılmış vergi sistemi ölkəmizdə iqtisadi keçid dövrünün uğurla başa çatdırılmasında mühüm rol oynayıb və səmərəli idarəetmə sisteminə çevrilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin vergi sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub. 2005-ci il vergi xidməti üçün keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olub və dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsinin Dövlət Proqramı (2005-2007-ci illər)"nın icrasına başlanılıb. Dövlət Proqramının icrası nəticəsində üç il ərzində 5 əsas strateji istiqaməti əhatə edən 39 irimiqyaslı tədbir reallaşdırılıb. Bunlar vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, vergilərin könüllü ödənilməsi sisteminin yaradılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi, vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində görülmüş işlərdir.

Prezident İlham Əliyevin 1 fevral 2005-ci il tarixdə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında vergi xidməti əməkdaşlarının peşə bayramı təsis olunub. Bu, vergi işçilərinin əməyinin qiymətləndirilməsi və fəaliyyətinin stimullaşdırılmasına yönəlmiş əhəmiyyətli qərar idi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında Vergilər Nazirliyi yaradılıb. Vergilər Nazirliyi yaradıldıqdan sonra ulu öndərin tövsiyələri əsasında vergi orqanlarının strukturunun müasirləşdirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb, qabaqcıl dünya təcrübəsi araşdırılıb, müxtəlif idarəetmə modelləri təhlil edilib və yekunda vergi orqanlarının funksional əsasda fəaliyyət göstərən strukturunun tətbiqinə üstünlük verilib.

Dövlət başçısının "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında sərəncamı"na əsasən, 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılmasına başlanılıb. "Bir pəncərə" sistemi bütün məlumatların eyni mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla inzibati qeydiyyatların elektronlaşdırılmasını təmin edib. Bu prinsip üzrə qeydiyyatın aparılması biznesin inkişafına xeyli təkan verib. 

2005-ci il Azərbaycanın vergi sistemi üçün keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı olub və dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramının (2005-2007-ci illər)" icrasına başlanılıb.

Vergilər Nazirliyi öz fəaliyyəti çərçivəsində innovativ texnologiyaların tətbiqinə geniş yer verib. 2010-cu ildən tətbiq edilən "onlayn kargüzarlıq" sistemi vasitəsilə e-hökumət quruculuğunun əsas tərkib hissələri olan "vətəndaş-dövlət", "biznes-dövlət" və "biznes-biznes" münasibətlərinin müasir standartlar səviyyəsinə qaldırılmasına nail olunub.

Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı ilə müəyyən edilmiş vəzifələr elektron xidmətlərin tətbiqinə ciddi təkan verib. Vergilər Nazirliyi həyata keçirdiyi elektron xidmətlərin əhatəsini genişləndirərək 2011-ci ildən fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt rejimində qeydiyyatı sistemini, 2012-ci ildən isə hüquqi şəxslərin dövlət qeydiyyatının elektron qaydada aparılmasını tətbiq edib. 2013-cü ildə Azərbaycan ilə Avropa Birliyi arasında səmərəli əməkdaşlığın real nəticələrindən biri olan "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsi elektron auditin qurulmasına geniş imkanlar açıb. Hazırda Vergilər Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin sayı 64-dür.

Dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, yeni texnologiyalara və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini, eləcə də daim dəyişən və yenilənən əmək şəraitinə uyğunlaşmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Şamaxı rayonunda Tədris Mərkəzinin yeni kompleksi inşa edilib. 2011-ci il sentyabrın 13-də dövlət başçısının iştirakı ilə kompleksin açılışı olub. Mərkəz yeni informasiya texnologiyalarından istifadə imkanları yaradan texniki avadanlıqlarla və müasir təlim proseslərinin həyata keçirilməsi üçün zəruri vasitələrlə təchiz edilib.

Vergilər Nazirliyi öz fəaliyyəti çərçivəsində innovativ texnologiyaların tətbiqinə geniş yer verib. 2010-cu ildən tətbiq edilən "onlayn kargüzarlıq" sistemi vasitəsilə e-hökumət quruculuğunun əsas tərkib hissələri olan "vətəndaş-dövlət", "biznes-dövlət" və "biznes-biznes" münasibətlərinin müasir standartlar səviyyəsinə qaldırılmasına nail olunub.

Dövlət başçısının "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" sərəncamının icrası ilə Azərbaycanda vergi inzibatçılığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Sərəncamdan irəli gələn vəzifələrdən biri vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinqin əldə edilməsi idi. Vergilər Nazirliyinin belə bir reytinqin əldə edilməsi üçün apardığı işlərin nəticəsi olaraq, 2016-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumu tərəfindən Azərbaycan vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə "Əsasən uyğundur" (largely compliant) reytinq balına layiq görülüb.

Vergilər Nazirliyi digər ölkələrin vergi qanunvericiliyinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması, beynəlxalq və regional vergi təşkilatlarının işində səmərəli iştirakın təmin olunması, vergi məsələlərinə dair beynəlxalq müqavilələrin layihələrinin hazırlanması, həmin müqavilələrin tətbiqi ilə bağlı vergi xidməti əməkdaşlarının və vergi ödəyicilərinin məlumatlandırılması sahəsində mühüm uğurlara imza atıb. Hazırda Azərbaycan 55 dövlətlə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələr imzalayıb və onlardan 51-i qüvvədədir. Vergilər Nazirliyinin İslam Ölkələrinin Vergi Orqanları Assosiasiyası (ATAIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Amerika Ölkələrinin Vergi Administrasiyaları Mərkəzi (CIAT), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi (ITIC) ilə sıx əməkdaşlığı mövcuddur. Eyni zamanda, beynəlxalq maliyyə qurumları - Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı və s. ilə əməkdaşlıq sürətlə inkişaf edir.

Vergilər Naziriyi tərəfindən aparılan islahatlar beynəlxalq reytinqlərdə yüksək göstəricilərin əldə olunmasına zəmin yaradır. Dünya Bankı tərəfindən hazırlanmış biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2019" hesabatında Azərbaycan Respublikasının mövqeyi 190 ölkə arasında 25-ci yerə yüksəlib. Hesabatda 2 indikator - "Biznesə başlama" (Starting business) və "Vergilərin ödənişi" (Paying taxes) birbaşa vergi məsələlərinə aiddir. Ölkəmiz hər iki göstərici üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, "Biznesə başlama" üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, "Vergilərin ödənilməsi" indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlib.

Vergilər Nazirliyinin fəaliyyətində nağdsız hesablaşmaların artırılması sahəsində irəliləyişə nail olmaq üçün "kölgə iqtisadiyyatı"nın azaldılması, elektron ödəniş infrastrukturunun inkişaf etdirilməsi və institusional bazasının gücləndirilməsi, innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi, əhalinin və iqtisadi subyektlərin elektron ödəniş xidmətlərindən istifadəyə cəlb edilməsi xüsusi önəm daşıyır. Nazirlik ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu sahədə beynəlxalq tendensiyaları diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası istiqamətində Vergilər Nazirliyində Tədbirlər Planı təsdiqlənib və bu sahədə fəaliyyətin daha səmərəli təşkili üçün müasir standartlar yaradılıb.

Hazırda Azərbaycanın sosial-iqtisadi inkişaf xəttini müəyyən edən iqtisadi islahatların tərkib hissəsi olan vergi sisteminin yenidən qurulması prosesi həyata keçirilir. Vergi sahəsində aparılan yeni islahatlara sahibkarlığın inkişafının dəstəklənməsi, "kölgə iqtisadiyyatı"nın azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəliliyinin artırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məsələləri daxildir. Bu istiqamətlərdə aparılan islahatlar vergi sisteminin yeni çağırışlara uyğunlaşması, müasir biznes əlaqələrinin qurulması və ölkə iqtisadiyyatının inkişafında vergi sisteminin rolunun artırılması üçün yeni imkanlar açır.