Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

2021-ci ilin 10 ayı ərzində vergi daxilolmaları və sosial sığorta ödəmələri sahəsində əldə olunan nəticələr haqqında

2021-ci ilin yanvar-oktyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının  artımına səbəb olub.

 

Vergi daxilolmaları

2021-ci ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 362,4 milyon manat vergi daxil olub, proqnoza 122,4 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,8 faiz və ya 1 milyard manatdan çox artıb.

Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 379,6 milyon manat olub, proqnoza 115,9 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 736,5 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 12,9 faiz və ya 616,5 milyon manat artıb.

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz artaraq 4 milyard 88,6 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 788,8 milyon manat olmaqla proqnoz 114,6 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 8,3 faiz artıb.

Ödənilmiş vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.

 

Sosial sığorta ödəmələri

Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb. Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

2021-ci il noyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 766.593 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 226.671 say çoxdur. Məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və bu, gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 115,9 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb, daxilolmalar üzrə proqnoz 292,1 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 1 milyard 986,9 milyon manat təşkil edib, proqnoz 113,2 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artaraq 107,3 milyon manat olub, proqnoz 108,4 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 faiz artaraq 79,5 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5 faiz icra edilib.

 

Qeydiyyata alınmış vergi ödəyiciləri

Cari il noyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,2 faiz artaraq 654.465 təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 15,6 faiz artıb və 33.700-ə çatıb. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,9 faiz artaraq 180.292-yə çatıb.

 

Onlayn nəzarət-kassa aparatlarının tətbiqi

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 49.548 ədəd bu cür  NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2021-ci ilin yanvar-oktyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 12,5 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə çoxdur.