Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Kiçik sahibkarlığa dövlət köməyi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 1. Qanunun təyinatı

Bu Qanun hər kəsin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuş azad sahibkarlıq fəaliyyəti və qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququnun həyata keçirilməsi məqsədi daşıyır və Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyin iqtisadi, hüquqi, təşkilati əsaslarını, forma və üsullarını müəyyən edir.

Maddə 2. Kiçik sahibkarlığa dövlət köməyi haqqında qanunvericilik

1. Kiçik sahibkarlığa dövlət köməyi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunundan, bu Qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir.

2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Qanunda müəyyən edilmiş müddəalardan fərqli müddəalar müəyyən edildikdə həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur.

Maddə 3. Kiçik sahibkarlıq subyektləri [1]

Bu Qanunun məqsədləri üçün kiçik sahibkarlıq subyektləri dedikdə Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyən olunmuş kiçik və mikro sahibkarlıq subyektləri başa düşülür.[2]

Maddə 4. Kiçik sahibkarlıq subyektlərinin qeydiyyatı

1. Hüquqi şəxs yaratmadan kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. [3]

2. Hüquqi şəxs yaratmaqla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 5. Kiçik sahibkarlıq subyektlərinin hesabatı

Kiçik sahibkarlıq subyektləri statistik və mühasibat hesabatlarını müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunan və vergitutma məsələlərinin həlli üçün məlumatı özündə əks etdirən sadələşdirilmiş qaydada və formada aparırlar.

Maddə 6. Kiçik sahibkarlığa dövlət köməyinin istiqamətləri

Kiçik sahibkarlıq subyektlərinə dövlət köməyi aşağıdakı istiqamətlərdə həyata keçirilir:

kiçik sahibkarlığın dəstəklənməsinin və inkişafının infrastrukturunun formalaşdırılması;

kiçik sahibkarlığa kömək proqramlarının hazırlanması və həmin proqramların həyata keçirilməsinin təşkili;

kiçik sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmi-texniki və informasiya resurslarının əldə etmələri üçün güzəştli şəraitin yaradılması;

kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması sahəsində kiçik sahibkarlıq subyektlərinə kömək göstərilməsi;

kiçik sahibkarlıq subyektlərinin xarici-iqtisadi fəaliyyətinə, o cümlədən xarici tərəf-müqabilləri ilə istehsalat, maliyyə-kredit, ticarət, elmi-texniki və informasiya əlaqələrinin inkişafına kömək göstərilməsi;

kiçik sahibkarlıq subyektləri üçün dövlət qeydiyyatının (uçotunun), statistik və mühasibat hesabatlarının təqdim edilməsinin, onların fəaliyyətinin lisenziyalaşdırılmasının və istehsal etdikləri məhsulun (işin, xidmətin) sertifikatlaşdırılmasının sadələşdirilmiş sisteminin tətbiqi; [4]

kiçik sahibkarlığın inkişafı üzrə tədqiqatların təşkili.

Maddə 7. Kiçik sahibkarlığa kömək proqramları

1. Kiçik sahibkarlığa kömək tədbirləri sahibkarlığın, dövlət regional və sahə kömək proqramları çərçivəsində həyata keçirilir.

Kiçik sahibkarlığa kömək proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.

2. Yerli özünüidarəetmə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, həmkarlar ittifaqları müstəqil qaydada kiçik sahibkarlığa kömək proqramları hazırlayıb həyata keçirə bilərlər və ayrı-ayrı layihələrin və tədbirlərin kiçik sahibkarlığa kömək üzrə dövlət və yerli özünüidarəetmə orqanlarının proqramına daxil edilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarına müraciət edə bilərlər.

3. Kiçik sahibkarlığa kömək proqramlarının maliyyələşdirilməsi dövlət büdcəsi, yerli büdcələr və bu qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına həyata keçirilir. Kiçik sahibkarlığa kömək proqramlarının maliyyələşdirilməsi üçün nəzərdə tutulan büdcə xərcləri ayrıca sətirdə göstərilir.

Yerli büdcələr hesabına maliyyələşdirmənin həcmi yerli özünüidarəetmə orqanları tərəfindən müəyyənləşdirilir.

4. Kiçik sahibkarlığa kömək aşağıdakı tədbirləri əhatə edir:

sahibkarlığın normativ hüquqi bazasının təkmilləşdirilməsi;

mərkəzi, regional və yerli səviyyələrdə kiçik sahibkarlığın inkişafına dəstək verən infrastrukturun yaradılması;

əhalinin sosial cəhətdən daha az təmin olunan təbəqələrinin, o cümlədən işsizlərin, qaçqınların və məcburi köçkünlərin, əlillərin, şəhid ailələrinin, təqaüdçülərin, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi;

kiçik sahibkarlığın həvəsləndirmə sisteminin formalaşdırılması və ona maliyyə köməyin göstərilməsi;

kiçik sahibkarlıq strukturlarının inkişafı üzrə tədqiqatların aparılması;

istehsal yönümlü kiçik sahibkarlığa dövlət himayədarlığının təmin edilməsi.

Maddə 8. Kiçik sahibkarlığa dövlət maliyyə yardımı

1. Kiçik sahibkarlığa dövlət maliyyə yardımını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

2. Kiçik sahibkarlığa dövlət maliyyə yardımı məqsədli proqramlar çərçivəsində güzəştli kreditlər, subsidiyalar, kompensasiyalar, qrantlar, kreditlərə təminatlar verilməsi, lizinqin təşkili, sahibkarlara xidmət göstərən maliyyə-kredit qurumlarına stimullaşdırıcı tədbirlərin tətbiqi formasında həyata keçirilir.

3. Kiçik sahibkarlığa dövlət maliyyə yardımının formaları və mexanizmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

4. Kiçik sahibkarlıq subyektlərinin maliyyə qaynaqlarından istifadə imkanlarını genişləndirmək məqsədi ilə kredit təminatı fondu yaradılır.

Maddə 9. (Çıxarılıb) [5]

Maddə 10. Kiçik sahibkarlığa kömək infrastrukturları

1. Kiçik sahibkarlığın inkişafı üçün kiçik sahibkarlıq subyektlərinə informasiya, hüquqi və iqtisadi məsləhət xidmətləri göstərmək və sahibkarların dövlət təşkilatları və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq əlaqələri yaratmalarına yardımçı olmaq məqsədi ilə istənilən mülkiyyət forması əsasında, hər hansı təşkilati-hüquqi formada müəssisə və təşkilatlar yaradıla bilər.

2. Yeni fəaliyyətə başlayan kiçik sahibkarlıq subyektlərinə fəaliyyətinin təşkilinə və maliyyə müstəqilliyi əldə etmələrinə kömək məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq onları müəyyən şərtlər əsasında və müəyyən müddətə, lazımi avadanlıqla təchiz edilmiş ofis (və ya) iş yerləri ilə təmin etmək üçün, habelə kiçik sahibkarlıq subyektlərinə gələcəkdə öz fəaliyyətini inkişaf etdirməyə imkan verə biləcək yeni texnologiyaların və digər yeniliklərin hazırlanmasına şərait yaratmaq məqsədi ilə istənilən təşkilati-hüquqi formada qurumlar yaradıla bilər.

Bu qurumlar kiçik sahibkarlıq subyektlərinə ümumi məqsədli köməklə yanaşı maliyyə-kommersiya xidmətləri də göstərə bilərlər.

3. Bu maddədə göstərilən qurumlar qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılır və onlara müvafiq icra hakimiyyəti orqanları tərəfindən yardım göstərilə bilər.

Maddə 11. Kiçik sahibkarlıq subyektləri üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisasların artırılması sahəsində kömək göstərilməsi

1. Müvafiq icra hakimiyyəti orqanları kiçik sahibkarlıq subyektləri üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisas artırılması üzrə tədrisin inkişafına şərait yaradılması sahəsində tədbirlər həyata keçirilməsini təmin edirlər.

2. Sahibkarlığa maliyyə köməyi qurumları kiçik sahibkarlıq subyektləri üçün kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılmasına yönəltdikləri xərcləri tam və ya qismən kompensasiya edə bilər.

Bu xərclərin kompensasiyasının şərtləri, qaydası və məbləği kiçik sahibkarlıq subyekti ilə müvafiq maliyyə qurumu arasında bağlanmış müqavilə ilə müəyyən edilir.

Maddə 12. Kiçik sahibkarlıq subyektlərinə informasiya sahəsində kömək göstərilməsi

1. Kiçik sahibkarlıq subyektləri tərəfindən iqtisadi, hüquqi, istehsal-texnoloji və digər məlumatın əldə olunması və onlar arasında işgüzar məlumat mübadiləsi etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları informasiya infrastrukturasının yaradılması üzrə tədbirlər hazırlayır və həyata keçirirlər.

2. Dövlət qurumları kiçik sahibkarlıq subyektlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştli şərtlərlə informasiya xidmətləri göstərə bilər.

3. Sahibkarlığa maliyyə köməyi qurumları kiçik sahibkarlıq subyektlərinin informasiya əldə olunmasına yönəldilmiş xərclərini tam və ya qismən kompensasiya edə bilər.

Bu xərclərin kompensasiyasının şərtləri, qaydası və məbləği kiçik sahibkarlıq subyekti ilə müvafiq maliyyə qurumu arasında bağlanmış müqavilədə müəyyən edilir.

Maddə 13. Kiçik sahibkarlıq subyektlərinin dövlət ehtiyacları üçün məhsul istehsalında və xidmətlər göstərilməsində iştirakı

1. Müvafiq icra hakimiyyəti orqanların dövlət ehtiyacları üçün məhsul istehsalı, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə sifarişlərin 15 faizdən az olmayan hissəsinin kiçik sahibkarlıq subyektlərinə verilməsi məqsədi ilə tədbirlər görürlər.

2. Kiçik sahibkarlıq subyektlərinin dövlət ehtiyacları üçün məhsul istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə sifarişlərin yerinə yetirilməsində iştirakı dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir. [6]

Maddə 14. Kiçik sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinə kömək

1. Müvafiq icra hakimiyyəti orqanları kiçik sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin inkişafı üçün, habelə beynəlxalq sərgi və yarmarkalarda, xarici-iqtisadi proqramların və layihələrin icrasında iştirakını genişləndirmək məqsədi ilə tədbirlər həyata keçirirlər.

2. Sahibkarlığa maliyyə köməyi qurumları kiçik sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyət zamanı yaranmış xərclərini, o cümlədən nəqliyyat, məlumat alınması, beynəlxalq sərgilərdə (yarmarkalarda) iştirak üzrə xərclərini tam və ya qismən kompensasiya edə bilər.

Bu xərclərin kompensasiya şərtləri, qaydası və məbləği kiçik sahibkarlıq subyekti ilə müvafiq maliyyə qurumu arasında bağlanmış müqavilədə müəyyən edilir.

Maddə 15. Kiçik sahibkarlıq subyektlərinin qarşılıqlı maliyyə yardımı təşkilatları

1. Kiçik sahibkarların qarşılıqlı maliyyə yardımı təşkilatları kiçik sahibkarlıq subyektləri tərəfindən könüllü olaraq onların maliyyə ehtiyaclarını ödəmək məqsədi ilə öz vəsaitləri hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılır.

2. Kiçik sahibkarlıq subyektlərinin qarşılıqlı maliyyə yardımı təşkilatları yalnız həmin təşkilatların iştirakçılarına maliyyə yardımı göstərirlər.

Maddə 16. Kiçik sahibkarlıq subyektlərinin birlikləri

1. Kiçik sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz birliklərini yarada bilərlər.

2. Müvafiq icra hakimiyyəti orqanları kiçik sahibkarlıq subyektlərinin birliklərinin təşkilinə və fəaliyyətinə kömək göstərirlər.

3. Kiçik sahibkarlığa dövlət köməyi sistemini təkmilləşdirmək, kiçik sahibkarlıq subyektləri birliklərinin fəaliyyətini əlaqələndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları yanında sahibkarlığın inkişafı üzrə şuralar yaradıla bilər. Bu şuranın funksiyaları və səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Maddə 17. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri, habelə kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 18. (Çıxarılıb) [7]

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 4 iyun 1999-cu il
673-IQ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736)

2.       6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 12, maddə 709)

3.       4 noyabr 2003-cü il tarixli 508-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 12, maddə 672)

4.       9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938)

5.       06 oktyabr 2015-ci il tarixli 1357-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 14 noyabr 2015-ci il, 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 11, maddə 1264)

6.       12 oktyabr 2018-ci il tarixli 1268-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 14 noyabr 2018-ci il, 256)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 4 noyabr 2003-cü il tarixli 508-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 12, maddə 672) ilə 3-cü maddə yeni redaksiyada verilmişdir.

 

Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 3. Kiçik sahibkarlıq subyektləri

1. Kiçik sahibkarlıq subyektləri dedikdə aşağıdakılar nəzərdə tutulur:

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;

işçilərin orta siyahı sayı (Mövsümi işçilər nəzərə alınmadan) sənaye, nəqliyyat və tikintidə - 50 nəfərədək, kənd təsərrüfatında və elmi-texniki sahədə - 30 nəfərədək, ticarət, xidmət, informasiya və digər sahələrdə - 25 nəfərədək olan hüquqi şəxslər.

2. Bir neçə fəaliyyət növü ilə məşğul olan kiçik sahibkarlıq subyektləri rüblük dövriyyədə daha yüksək xüsusi çəkiyə malik olan fəaliyyət növü üzrə kiçik sahibkarlıq subyektinə aid edilirlər.

 

[2] 06 oktyabr 2015-ci il tarixli 1357-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 14 noyabr 2015-ci il, 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 11, maddə 1264ilə 3-cü maddənin mətni yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1. Kiçik sahibkarlıq subyektləri işçilərinin orta siyahı sayı (mövsümi cəlb edilən işçilər nəzərə alınmadan) və illik dövriyyələrinin həcmi əsas götürülməklə müəyyənləşdirilir.

2. İqtisadi fəaliyyət növləri üzrə bu meyarların hədlərinin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

12 oktyabr 2018-ci il tarixli 1268-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 14 noyabr 2018-ci il, 256) ilə 3-cü maddənin mətni yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Kiçik sahibkarlıq subyektləri Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyənləşdirilir.

 

[3] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736) ilə 4-cü maddənin 1-ci bəndində "uçotunu onların yaşadıqları və ya fəaliyyət göstərdikləri ərazilərin vergi orqanları aparır" sözləri "vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir" sözləri ilə əvəz edilmişdir.

 

[4] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736) ilə 6-cı maddənin yeddinci abzasından "vergitutma" sözü çıxarılmışdır.

 

9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 6-cı maddəsinin yeddinci abzasından "fəaliyyətinin lisenziyalaşdırılmasının və" sözləri çıxarılmışdır.

 

[5] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736) ilə 9-cu maddə çıxarılmışdır.

 

Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 9. Kiçik sahibkarlıq subyektlərindən vergi tutulması

1. Rüblük dövriyyəsi (istehsalın, işin, xidmətin həcmi) aylıq gəlirin vergi tutulmayan minimum məbləğinin 1000 mislindən çox olmayan kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq olunur. Vahid vergi dərəcəsi dövriyyənin 5 faizi səviyyəsində müəyyən edilir.

Digər kiçik sahibkarlıq subyektlərindən vergi tutulması Azərbaycan Respublikasının vergi qanunvericiliyinə müvafiq surətdə həyata keçirilir.

2. Kiçik sahibkarlıq subyektlərinə məqsədli proqramlar çərçivəsində xüsusi vergi güzəştləri tətbiq edilə bilər.

 

[6] 6 dekabr 2002-ci il tarixli 399-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 12, maddə 709) ilə 13-cü maddənin ikinci bəndi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

2. Kiçik sahibkarlıq subyektlərinin dövlət ehtiyacları üçün məhsul istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə sifarişlərin yerinə yetirilməsində iştirakı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

[7] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736) ilə 18-ci maddə çıxarılmışdır.

 

Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 18. Keçid müddəası

Kiçik sahibkarlıq subyektləri üçün bu Qanunun 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan vahid vergi dərəcəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi qüvvəyə mindikdən sonra tərtib edilir.