Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"Biznesə başlama, vergi və hesabatlılıq” sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası

MÜNDƏRİCAT

BÖLMƏ I. Ümumi müddəalar

  1. Hazırlanma zərurəti

  2. Predmeti

  3. Məqsəd və hədəfləri

  4. Hədəf auditoriyası

  5. Mesajlar

BÖLMƏ II. Kommunikasiya matrisi 

  1. İnformasiya xarakterli materiallar

  2. Kütləvi informasına vasitələri (KİV) ilə iş

  3. Sosial şəbəkələr və internet resursları ilə iş

BÖLMƏ III. İctimai iştirakçılığın təmin edilməsi

  1. Ekspert cəmiyyəti ilə iş

YEKUN MÜDDƏALAR 

Əlavə 1 “Biznesə başlama, vergi və hesabatlılıq” sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə 2022-ci il üzrə kommunikasiya planı

 

BÖLMƏ I. Ümumi müddəalar

  1. Hazırlanma zərurəti

“Biznesə başlama, vergi və hesabatlılıq” sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası bu sahədə həyata keçirilən islahatlarda ictimai iştirakçılığın artırılması, ekspert cəmiyyətinin cəlb olunması yolu ilə mövcud çətinliklərin həll edilməsi və mütərəqqi yeniliklərin tətbiqi, vergi ödəyicilərinin və cəmiyyətin həyata keçirilən islahatlardan məmnunluq səviyyəsinin artırılması məqsədilə həyata keçirilməli siyasətləri, yanaşmaları, addımları və tədbirlər toplusunu əhatə edir.

Sənəd indiyədək həyata keçirilmiş iş planları, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

  1. Strategiyanın predmeti

Kommunikasiya strategiyası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (mətndə - Dövlət Vergi Xidməti) fəaliyyət sahəsinə aid 2 istiqaməti əhatə edir:

  • Biznesə başlama sahəsində islahatlar;

  • Vergilərin ödənilməsi sahəsində islahatlar.

  1. Strategiyanın məqsəd və hədəfləri

Kommunikasiya strategiyası kommunikasiya prosesinə cəlb olunan iştirakçıların islahatın mahiyyəti, hədəfləri barədə məlumatlandırılmasına, sloqanlar, tezislərin cəmiyyətə çatdırılmasında vahid yanaşmaların formalaşmasına xidmət edir:

  • Ortaya çıxan sualların, çətinliklərin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi daşıyır;

  • Həyata keçiriləcək kommunikasiyanın səmərəliliyinin artırılması məqsədilə KİV-in və sosial medianın cəlb edilməsi işin koordinasiyalı təşkili üçün əsas yaradır;

  • İslahatlarla bağlı bütün mərhələlərdə cəmiyyətə məlumatların məqsədyönlü, ardıcıl və effektiv şəkildə çatdırılmasını təmin edir;

  • Ekspert cəmiyyətinə, habelə özəl sektora islahatların müəyyən edilməsi prosesində iştirak imkanları yaradır;

  • İslahatların və təkmilləşdirmələrin aparılmasında özəl sektorun, sahibkarların ictimai birliklərinin təkliflərinin verilməsini və ictimai iştirakçılığını təmin edir.

  1. Hədəf auditoriyası

Həyata keçiriləcək tədbirlər hədəf auditoriyasından asılı olaraq kommunikasiya vasitələrinə cəlb ediləcək.

Məlumatlandırma prosesinin hədəf kütləsi:

  • Sahibkarlıq subyektləri, sahibkarların ictimai təşkilatları.

İslahat və təkmilləşdirmə proseslərinin hədəf kütləsi:

  • Ekspert cəmiyyəti, sahibkarların ictimai təşkilatları, audit şirkətləri, beynəlxalq təşkilatlar.

  1. Strategiya çərçivəsində çatdırılması nəzərdə tutulan mesajlar

Kommunikasiya strategiyası cəmiyyət üçün aşağıdakı mesajların çatdırılmasına ünvanlanıb:

  • Azərbaycanda biznesin qeydiyyatı prosesi asan və sadədir;

  • Azərbaycanda vergi hesabatlılığı sadələşir, vergilərin ödənilməsi asanlaşır;

  • Vətəndaşlar və özəl sektor vergi siyasətinin formalaşmasında iştirak imkanına malikdir.


BÖLMƏ II. Kommunikasiya matrisi

Kommunikasiya strategiyası məlumatlandırma və ekspert cəmiyyəti ilə iş prosesində ən müxtəlif kanallardan və platformalardan istifadə edir. Hədəf bu sənədə Əlavə 1-də müəyyən edilmiş kommunikasiya planı çərçivəsində mümkün olan bütün kommunikasiya panellərindən istifadə etməklə strategiyanın əhatə etdiyi sahələrdə mövcud olan qaydaların və yanaşmaların təkmilləşdirilməsinə nail olmaqdır.

  1. İnformasiya xarakterli materiallar

İnformasiya xarakterli materiallar ictimaiyyət üçün maraq kəsb edən islahatların, yenilik və dəyişikliklərin, fəaliyyətin işıqlandırılması, mətbuat konfransları, brifinqlər və ya ictimai tədbirlərdə iştirakçıların məlumatlandırılması məqsədilə hazırlanır və yayımlanır. Məlumatlandırma prosesində kommunikasiya panelləri media ilə işin qurulmasına və sosial şəbəkələrdə fəaliyyətin təmin edilməsinə yönəlib.

  1. KİV-lə iş

  • İnformativ, statistik məlumatların hazırlanaraq informasiya saytları və dövri mətbuatda dərc olunmasının təmin edilməsi;

  • Yeniliklər olduğu təqdirdə mətbuat üçün müsahibələrin və brifinqlərin təşkili;

  • Materialların hazırlanaraq KİV-də yayılması;

  • Spikerlərin müsahibələrinin təşkil edilməsi, aktual TV verilişlərinə çıxarılması;

  • Məlumatlandırıcı süjetlərin hazırlanması;

  • İnformativ xəbərlərin hazırlanaraq TV-lərin xəbər verilişlərində səsləndirilməsi;

  • Sahibkarların ictimai birlikləri, sahəvi assosiasiyalar, treninqlər və digər görüşlərin KİV-də işıqlandırılması.

  1. Sosial şəbəkələr və internet resursları ilə iş

Kommunikasiya panelləri Dövlət Vergi Xidmətinin rəsmi internet resursları və sosial şəbəkələrdəki səhifələri vasitəsilə təbliğatın aparılmasını, məlumatların yerləşdirilməsini nəzərdə tutur. Sosial şəbəkələrdəki səhifələrdə həştəqlərdən istifadə ediləcək, bu həştəqlərin siyahısı tərtib olunacaq.

  • “Suallar və cavablar toplusu”nun hazırlanması (məsələn, kommersiya hüquqi şəxslərin qeydiyyatı mövzusunda) və ondan spikerlərin şərh və müsahibələrində, mətbuat üçün və ictimai tədbirlərdə istifadə edilməsi;

  • İnformativ məlumatların hazıranaraq sosial mediada yayımlanması;

  • Videoçarx, qrafik çarx, infoqrafika və posterlərin hazıranaraq sosial mediada yayımlanması.


BÖLMƏ III. İctimai iştirakçılığın təmin edilməsi

Mövcud kommunikasiya strategiyasının mühüm bir qolu islahatların həyata keçirilməsi zamanı ictimai iştirakçılığın təmin edilməsinə yönəlib. Bu məqsədlə ekspert cəmiyyətini prosesə cəlb etmək, sahibkarların ictimai birliklərinin, vətəndaş cəmiyyəti təşkilatlarının və sahə üzrə mütəxəssislərin prosesdə iştirakını təmin etmək, rəyvermə və əks-əlaqə (feedback) sistemini qurmaqdır.

Bu istiqamətdə bu sənədə Əlavə 1-də müəyyən edilmiş kommunikasiya planı çərçivəsində kommunikasiya panelləri aşağıdakı şəkildə qurulacaqdır:

  1. Ekspert cəmiyyəti ilə iş

  • Vergi və mühasibatlıq sahəsində ixtisaslaşdırılmış ekspertləri İşçi qrupun işinə cəlb etməklə islahatların dəyərləndirilməsi;

  • Ekspert cəmiyyətindən təkliflərin alınması və müzakirəyə çıxarılmasına nail olunması;

  • KİV və sosial şəbəkələrdə iş zamanı azranking.az saytının müraciət və təkliflərin alınması bölmələrinin tanıdılması;

  • İşçi qrupun fəaliyyətinin sosial şəbəkələrdə mövcud olan vergi və mühasibatlıq səhifələrində tanıdılması;

  • Müxtəlif xarakterli onlayn sorğuların keçirilməsi yolu ilə cəmiyyətin islahatlara münasibətinin və gözləntilərinin müəyyən edilməsi.

  1. Yekun müddəalar

Layihə çərçivəsində kommunikasiya İşçi qrupun rəhbərliyi, habelə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” ilə razılaşdırılmaqla aparılır. Dövlət Vergi Xidmətinin əməkdaşları xarici kommunikasiya üçün informativ məlumatların hazırlanması, KİV-in və vətəndaşların sorğularının cavablandırılması, ekspertlə iş və s. proseslərdə kommunikasiyaya cavabdeh struktura operativ dəstək verməlidirlər.
 

Əlavə 1
“Biznesə başlama, vergi və hesabatlılıq” sahəsində məlumatlılığın artırılması
və ictimai iştirakçılığın təmin edilməsi üzrə 2022-ci il üzrə kommunikasiya planı

Nömrə

Görülməli tədbirlər

İcra müddəti

İcraçılar

KİV və sosial şəbəkələrdə iş sahəsində

1

Kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı, vergilərin ödənilməsi və hesabatlılığın təkmilləşdirilməsi sahəsində mütərəqqi yeniliklərin tətbiqi zamanı islahatların üstünlükləri və istiqamətləri ilə bağlı müsahibələrin və brifinqlərin təşkili

Mütəmadi

Media və kommunikasiya idarəsi,

Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları

2

Kommersiya hüquqi şəxslərin elektron qeydiyyatı, vergilərin ödənilməsi və hesabatlılığın təkmiləşdirilməsi sahəsində mütərəqqi yeniliklərin KİV-də işıqlandırılması

Mütəmadi

Media və kommunikasiya idarəsi,

Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları

3

Sahibkarların ictimai birlikləri, sahəvi assosiasiyalar, treninqlər və digər görüşlərin KİV-də işıqlandırılması

Mütəmadi

Media və kommunikasiya idarəsi,

Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları

4

Məlumatların ictimai gündəmdə saxlanılması məqsədilə informativ və statistik məlumatların hazırlanaraq KİV-də işıqlandırılması

Mütəmadi

Media və kommunikasiya idarəsi,

Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları

5

İslahatların üstünlükləri barədə proaktiv materialların hazırlanaraq KİV-də yayılması

Mütəmadi

Media və kommunikasiya idarəsi,

Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları

6

Videoçarx, qrafik çarx, animasiyalı infoqrafika və posterlərin hazırlanaraq sosial mediada yayımlanması

Mütəmadi

Media və kommunikasiya idarəsi,

Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları

7

Problemli mövzularla bağlı maarifləndirici materialların hazırlanması

Mütəmadi

Media və kommunikasiya idarəsi,

Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları

Özəl sektor və ekspert cəmiyyəti ilə iş

8

Vergi və mühasibatlıq sahəsində ixtisaslaşdırılmış ekspertlərin İşçi qrupun işinə cəlb edilməsi

Mütəmadi

Media və kommunikasiya idarəsi

9

İşçi qrupun iclasları barədə məlumatların azranking.az portalında və Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilməsi və KİV-də yayılması

İclasların təşkilindən asılı olaraq

Media və kommunikasiya idarəsi

10

İşçi qrupun fəaliyyətinin sosial şəbəkələrdə mövcud olan vergi və mühasibatlıq səhifələrində tanıdılması, həmçinin ekspert cəmiyyətindən əlavə təkliflərin alınması məqsədilə İşçi qrupun iclasları barədə məlumatların ixtisaslaşdırılmış sosial şəbəkələrdə (vergiqoyma.az, mühasibat uçotu və vergilər və s. analoji səhifələr) yerləşdirilməsi, sosial şəbəkələrdə iş zamanı azranking.az saytının müraciət və təkliflərin alınması bölmələrinin tanıdılması

Mütəmadi

Media və kommunikasiya idarəsi

11

Zərurət olduqda, İşçi qrupun sahibkarlar və onların birliklərinin nümayəndələrinin iştirakı ilə keçirilən iclaslarında Dövlət Vergi Xidmətinin aidiyyati strukturlarının nümayəndələrinin iştirakının təmin edilməsi

İşçi qrupun rəhbərliyinin razılığı əsasında

Media və kommunikasiya idarəsi,

Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları

12

Müxtəlif xarakterli onlayn sorğuların keçirilməsi

2022-ci il ərzində 1 dəfə

Media və kommunikasiya idarəsi,

Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları

13

“Suallar və cavablar toplusu”nun hazırlanaraq rəsmi saytda yerləşdirilməsi

2022-ci il ərzində 1 dəfə

Media və kommunikasiya idarəsi,

Dövlət Vergi Xidmətinin aidiyyəti strukturları