Samirə Musayeva: "Dövlət qeydiyyatında iştirak edən qurumların məlumat bazaları əlaqələndiriləcək"
Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə Yol Xəritəsi ictimiayyətə təqdim olunub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Yol Xəritəsinin əsas parametrləri və komponentləri barədə “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Samirə xanım, Azərbaycan Dünya Bankının "Əlverişli Biznes Mühiti" layihəsində aktiv iştirak edir. Bu layihənin bir istiqaməti də biznesə başlama sahəsində aparılan islahatlardır. Layihə barədə danışmazdan əvvəl bu gün ölkədə biznesin qeydiyyatı sahəsində mövcud vəziyyət barədə fikirlərinizi bilmək istərdik.
- Azərbaycan biznesə başlama sahəsində dünyanın ən yaxşı təcrübələrindən birinə malikdir. Ölkəmizdə biznesə başlamaq, onu dövlət qeydiyyatından keçirmək rahat və sadədir. Bu, ötən illər ölkədə aparılmış çoxşaxəli islahatların nəticəsində əldə olunub. Ölkəmizdə “bir pəncərə” sistemi ilk dəfə məhz vergi ödəyicilərinin qeydiyyatı sahəsində tətbiq olunub. 2018-2019-cu illərdə aparılmış islahatlarla biznesin qeydiyyatında yeni üsullar tətbiq olunub, qeydiyyat prosesi tam sadələşib. Hazırda yerli investisiyalı MMC-lərin qeydiyyatı müddəti 20 dəqiqəyə qədər azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.
Onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi, vətəndaş məmnunluğunun artırılması olub. Bütün bunlar vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Əldə edilmiş nailiyyətlər beynəlxalq reyniqlərdə yüksək qiymətləndirilib. Dünya Bankının əvvəlki qiymətləndirməsi - “Doing Business 2020” hesabatının “Biznesə başlama” indikatoru üzrə Azərbaycan 190 ölkə arasında 9-cu yerdə olub. Bu, “Etalon Qanunvericiliyə Yaxınlıq” indeksi üzrə 96,2 %-dir. “Doing Business 2020” hesabatında Azərbaycan "dünyanın ən islahatçı on ölkəsindən biri kimi" qiymətləndirilib. "Bir prosedurla qeydiyyat" layihəsini isə Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İcraiyyə Komitəsi 2021-ci ilin mart ayında “Təqdir” kateqoriyasındakı mükafata layiq görüb.
Belə misallar çoxdur. Azərbaycanda iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar biznesin inkişafına güclü təkan verib. Ölkəmizdə biznes mühitinin formalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanılması isə investisiya şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.
- “Əlverişli Biznes Mühiti” layihəsinin bütövlükdə iqtisadiyyat, birbaşa olaraq sahibkarlıq subyektləri üçün əhəmiyyəti nədən ibarət olacaq? “Biznesə daxilolma” sahəsindəki Yol Xəritəsinin əsas hədəfləri hansılardır?
- Ölkəmiz Dünya Bankının biznes mühiti ilə bağlı dəyərləndirmə proseslərinə daim önəm verib. Biznes mühitinin cəlbediciliyinin artırılması üçün bir çox qayda və prosedurların sadələşdirilməsi və asanlaşdırılması prosesi bu sahədə aparılan islahatlar zamanı həyata keçirilib.
Dünya Bankı Qrupunun təqdim etdiyi “Əlverişli Biznes Mühiti” layihəsi biznes mühiti üçün yeni imkanlar yaratmağı hədəfləyən, investisiya mühitinin yerli və xarici investorlar üçün cəlbediciliyinin artırılmasına yönələn keyfiyyətcə yeni yanaşmadır. Bu yanaşmaların həyata keçirilməsi üçün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın xətti ilə biznes mühtinin əlverişliyinə təsir edən əsas indikatorlar müəyyən edilib. Komissiya çərçivəsində yaradılan işçi qruplar müvafiq sahələrin diaqnostikasını aparıb, təkmilləşmələrə nail olmaq üçün yol xəritələri və diaqnostika matrisaları tərtib edib.
Dövlət Vergi Xidməti “Biznesə daxilolma” indikatoru daxil olmaqla bu işçi qruplardan ikisinin işinə rəhbərlik edir. Artıq "Biznesə daxilolma" indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi tərtib olunub və bu yaxınlarda onun təqdimatı da keçirilib. Bu Yol Xəritəsi biznesə daxilolmanın beynəlxalq aspektlərini nəzərə alır, yerli və xarici özəl şirkətlərin ölkə daxilində qeydiyyatdan keçirilməsini qiymətləndirir, startaplar üçün rəqəmsal dövlət xidmətlərinin mövcudluğunu və məlumatların şəffaflığını dəyərləndirir.
Əgər “Doing Business” hesabatında biznesin mümkün qədər qısa müddətdə, az prosedurla, az xərc çəkməklə qeydiyyatının həyata keçirilməsi əsas meyar kimi götürülürdüsə, artıq “Əlverişli biznes mühiti” üzrə yeni yanaşmada məsələyə daha geniş yanaşılır. Söhbət rəqəmsal xidmətlərin mövcudluğu, dövlət orqanları arasında daha sonrakı inteqrasiya prosesinin mövcud olub-olmaması, bu proseslərdə ekoloji amillərin nəzərə alınması, beynəlxalq təcrübədə göstərilən meyarlara cavab verib-verməməsi kimi yeni göstəricilərdən gedir ki, bu gün artıq onların təhlili aparılır. İşçi qrup səviyyəsində bu sahədə mövcud olan qaydalar bir daha nəzərdən keçirilib.
- Yol Xəritəsinin əsas komponentləri nədən ibarətdir?
- İşçi qrupun tərtib etdiyi "Biznesə daxilolma" indikatoru ilə bağlı təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin əsas hədəfi biznesə daxil olmanın səmərəliliyi göstəricilərinin yaxşılaşdırılmasıdır. Yol Xəritəsi 2 alt-indikatoru, 6 komponenti və 34 görüləcək tədbiri özündə birəşdirən geniş bir sənəddir. Bu komponentlər əsasən biznesə daxil olmaq üçün qaydaların keyfiyyəti, biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığıdır.
Biznesin təsis edilməsi qaydalarının keyfiyyəti üzrə aparılacaq işlər əsasən biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi və biznesə daxil olmaq üçün normativ hüquqi bazada məhdudiyyətlərin aradan qaldırılması alt komponenlərini özündə əks etdirir.
Biznesə daxil olmaq üçün qaydalarda hansı amillərin nəzərə alınması ilə bağlı UNCİTRAL-ın etalon və ümumi beynəlxalq qəbul olunmuş tələbləri mövcuddur. Bu qaydalar bir daha nəzərdən keçirilib, bütün təhlillər və milli qanunvericilik müqayisə olunub.
Biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı komponenti isə biznesin təsis edilməsi və əməliyyatların başlanılması üçün onlayn xidmətlərin mövcudluğunu, biznesin təsis edilməsi və əməliyyatların başlanılması üçün xidmətlərin qarşılıqlı fəaliyyətini, şirkət barədə məlumatların onlayn mövcudluğu və informasiyanın şəffaflığını, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesləri, o cümlədən kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatlar ilə bağlı məlumatlandırma, təbliğat və təşviqat işlərinin həyata keçirilməsini nəzərdə tutur.
- Samirə xanım, biznesin qeydiyyatının kifayət qədər sadə olduğunu nəzərə alsaq, burada təkmilləşdirmə prosesinin istiqaməti nədən ibarət olacaq?
- Biznesə daxilolmanın təkmilləşdiriıməsi istiqamətlərini təhlil edərkən, diaqnostika matrisası bizə müəyən riskləri aşkar etməyə imkan verdi. Hazırda biznesin təsis edilməsi praktikasının təkmilləşdirilməsinə qoyulan ən əsas tələb kommersiya hüquqi şəxsin elektron təsis edilməsi və elektron əməliyyatların həyata keçirilməsi üçün təhlükəsiz və etibarlı eyniləşdirmə alətlərinin mövcud olmasıdır.
Elektron qeydiyyat sistemlərinin inkişafı, daha doğrusu sadələşməsi özündə müəyyən risk elementlərini də daşıyır. Qeydiyyat sisteminin sadələşdiriməsinə, elektron qeydiyyatın gücləndirilmiş elektron imza ilə keçirilməsinə baxmayaraq, əfsuslar olsun ki, təcrübədə gücləndirilmiş elektron imzanın da şəxsin iradəsindən asılı olmayan üçüncü şəxslər tərəfindən istifadə edilməsi, insanların etibarından sui-istifadə və üçüncü şəxslərə ziyan vurulması ilə bağlı hallar müşahidə edilir. Bu baxımdan təhlükəsizlik amili və sui-istifadə hallarının qarşısının alınması üçün etibarlı alətlərin mövcudluğu olduqca vacibdir.
Buna biz müxtəlif alətlər vasitəsilə nail olmağı planlaşdırırıq.
İlk növbədə, birgünlük, yalançı əməliyyatların həyata keçirilməsi üçün yaradılan müəssisələrin qarşısının alınması üçün aidiyyəti normativ-hüquqi aktlarda həmin kateqoriya şəxslərin sonradan hüquqi şəxs yaratmasını məhdudlaşdıran layihələrin hazırlanması nəzərdə tutulur. Təhlükəsizliyin qorunması üçün elektron eyniləşdirmənin, elektron autentifikasiyanın təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, elektron qeydiyyatın təhlükəsizliyinin qorunması məqsədilə daha innovativ texniki imkanlardan istifadə edilməsi, şəxsin bilavasitə eyniləşdirməsinə imkan verən rəqəmsal eyniləşdirmə alətlərinin nəzərdən keçirilməsi, yerli investisiyalı MMC-lərin elektron qeydiyyatının alternativ identifikasiya üsullarından istifadə edilməklə (“üz tanıma” üsulları) daha təkmil formada həyata keçirilməsi nəzərdə tutulur. Qanunvericilikdə elektron qeydiyyatla bağlı bu növ imkanların yaradılması da tədbirlər planına daxil edilib. Növbəti alət olaraq, riskli vergi ödəyicilərinin hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılmasına nail olmaqdır.
- Biznesin təsis edilməsi praktikasının təkmilləşdirilməsində başqa yeniliklər olacaqmı?
- Biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesində mütərəqqi təcrübələrin tətbiqi nəzərdə tutulur. Bu, qeydiyyat prosesi zamanı BMT-nin qərarlarına uyğun sanksiya tətbiq edilmiş şəxslər haqqında məlumata giriş imkanının yaradılması, təsisçi və rəhbərin bu siyahı üzrə yoxlanılması, bu sahədə beynəlxalq təcrübələrin araşdırılması, beynəlxalq sənədlərdə nəzərdə tutulan tövsiyələrin milli qanunvericilik və inzibatçılıqla müqayisə edilməsi, qeyd olunan sahədə mövcud olmayan təcrübələrin tətbiq edilməsi ilə bağlı təkliflərin hazırlanması gələcəkdə görüləcək tədbirlər sırasındadır.
Biznesin təsis edilməsi praktikasının təkmilləşdirilməsi prosesində biznes üçün inzibati yükün azaldılmasını nəzərdə tutan bir sıra yeniliklər də gözlənilir. Məsələn, hazırda yerli investisiyalı MMC-ləri yaratmaq üçün müraciət edən şəxslərin reyestr tərəfindən təmin edilmiş standart təsis sənədlərinin biznes reyestrinə elektron şəkildə təqdim etməsi imkanı mövcuddur. Gələcəkdə bunun digər təşkilati hüquqi formada sahibkarlıq subyektinin təsis edilməsi praktikasına da tətbiqi nəzərdə tutulur.
Həmçinin gələcəkdə yerli investisiyalı MMC-nin adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə təsisçi tərəfindən nizamnamənin əlavə edilməsi tələbinin aradan qaldırılmasına dair qanunvericiliyə dəyişiklik edilməsi nəzərdə tutulur.
Biznesin təsis edilməsi praktikasının təkmilləşdirilməsi prosesində qoyulan daha bir tələb benefisiar mülkiyyətçi barədə məlumatların kommersiya hüquqi şəxsin qeydiyyatını aparan orqana təqdim olunması ilə bağlıdır. Bu istiqamətdə kommersiya qurumlarının benefisiar mülkiyyətçisi barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Kommersiya qurumlarının təsis sənədlərində və reyestrdə qeydiyyata alınmış məlumatlarında baş vermiş dəyişikliklər barədə qeydiyyat orqanına məlumat verilməsi prosesində də yeniliklər olacaq. Misal üçün, MMC-lərin məlumat dəyişikliklərinin elektron qaydada həyata keçirilməsi üçün texniki imkanlar yaradılması planlaşdırılır.
- Samirə xanım, siz qeyd etdiniz ki, biznesə daxil olmaq üçün normativ hüquqi bazada məhdudiyyətlərlə bağlı məsələlər də diqqətdə olacaq. Bunlar nədən ibarətdir?
- Biznesin təsis edilməsi qaydalarının keyfiyyəti alt indikatoru üzrə ikinci alt-komponent biznesə daxil olmaq üçün normativ hüquqi bazada məhdudiyyətləri özündə əks etdirir. Burada bir neçə məsələ var ki, İşçi qrup onların həllinə nail olmağa çalışacaq. Məsələn. bunlardan biri kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı mövcud olan ümumi və xüsusi məhdudiyyətlərin müəyyən edilməsi və aradan qaldırılmasıdır. Bu sahədə xarici investisiyalı MMC-nin e-qeydiyyatı ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur. Məsələn, hüquqi ünvanı təsdiq edən sənədin e-ərizəyə əlavə edilməsi tələbinin aradan qaldırılması, işçilərin əmək müqaviləsi məlumatlarının e-ərizəyə daxil edilməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə ötürülməsi və s.
İkinci bir məsələ xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası ilə bağlıdır. Müvafiq orqanlar elektron imza ilə təsdiq edilmiş xarici rəsmi sənədlərin dövriyyəsinin sadələşdirilməsi məqsədi ilə “Açıq açarlar infrastrukturu”nu öyrənməli və təşviqi İlə bağlı təkliflər hazırlamalıdır. Bu məsələni İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumları araşdırır.
Bundan başqa, elektron apostil, leqallaşdırılmış sənədlərin e-notariat üzərindən rəsmiləşdirilməsi kimi təkliflər də var ki, bunların tətbiqi imkanları da dərindən araşdırılmalıdır. Sözügedən məsələlər öyrənildikdən və onların mümkün tətbiq imkanları dəyərləndirildikdən sonra proseslər xəritəsi hazırlanaraq zəruri resurslar və imkanlar qiymətləndiriləcək və təkliflər veriləcək.
- Yol Xəritəsinin ikinci mühüm alt-indikatoru biznes startapları üçün rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığını özündə əks etdirir. Bu sahədə hansı işlərin görülməsi nəzərdə tutulur?
- Bu günə qədər əldə olunan nailiyyətlərə baxmayaraq, Dünya Bankı Qrupunun “Əlverişli biznes mühiti” layihəsi çərçivəsində aparılan təhlillər göstərdi ki, sahibkarlıq fəaliyyəti göstərmək niyyəti olan subyektin daha çox əlavə xidmətlərə ehtiyacı var. “Biznesə daxilolma” indikatoru bu məsələyə daha geniş mənada yanaşır, rəqəmsal xidmətlərin mövcudluğu əsas amillərdən biri kimi götürülür, yerli şirkətlərlə bağlı mövcud olan imkanların bütün xarici şirkətlərə münasibətdə də tətbiqi əsas şərt kimi qoyulur.
İkinci mərhələdə rəqəmsal infrastruktur, rəqəmsal xidmətlərin bugünkü keyfiyyəti və əlçatanlığı diqqət mərkəzində olacaq. Sahibkarlıq fəaliyyətinə başlayan subyektin biznes savadının kifayət qədər olmaması fonunda, bu xidmətlərdən istifadənin əlçatanlığı bir daha diaqnostika olunub.
Rəqəmsal xidmətlər komponentinə baxdıqda, kommersiya hüquqi şəxsin qeydiyyat prosesini əhatə edən elektron sistemin mövcudluğu, kommersiya hüquqi şəxslərin digər təşkilati-hüquqi formalarının elektron dövlət qeydiyyatının həyata keçirilməsi, “Lisenziyalar və icazələr” Portalına keçid imkanının yaradılması, biznesin təsis edilməsi və əməliyyatların başlanılması üçün xidmətlərin qarşılıqlı fəaliyyəti və s. amillər diqqət mərkəzində olacaq. Həmçinin kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində iştirak edən qurumların məlumat bazalarının əlaqələndirilməsi (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Mərkəzi Bankı) nəzərdə tutulur.
Mühüm komponentlərdən biri olaraq, şirkətlər barədə məlumatların onlayn mövcudluğu və informasiyanın şəffaflığı amilinə diqqət çəkmək istərdim. Bu istiqamətdə kommersiya qurumlarının dövlət reyestrinin ictimaiyyət üçün açıq olması, dövlət reyestrinə daxil edilən məlumatlardakı dəyişikliklərin tarixçəsinə baxış imkanının yaradılması, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı mövcud informasiya resurslarının təkmilləşdirilməsi də fəaliyyət planına daxil edilib.
Nəhayət, üçüncü mərhələdə biznes subyektlərinin məmnunluq səviyyəsinin ölçülməsi sorğunun keçirilməsi ilə müəyyən olunacaq.
Xüsusilə qeyd etmək istərdim ki, bu prosesdə hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu çərçivəsində qurulan əməkdaşlığın mühüm payı var. Çünki, bütün bu qeyd etdiyimiz məsələr, İşçi Qrupun işinə cəlb edilmiş konsaltinq şirkətləri, özəl sektor və vətəndaş cəmiyyəti institutları ilə birgə müzakirə prosesindən keçir. Hesab edirəm ki, birgə əməkdaşlıq ancaq və ancaq ümumi işimizin daha da irəli aparılmasına öz faydasını verəcək. Bütövlükdə, “Əlverişli Biznes Mühiti” layihəsi çərçivəsində əldə ediləcək nəticələr biznes mühitində islahatların sürətləndirilməsinə töhfə verəcək, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasına səbəb olacaq.