Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Kənd təsərrüfatı sektoruna və aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilir

“Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 iyul tarixli 1400 nömrəli Fərmanı ilə idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək məhsulların dairəsinin müəyyənləşdirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal edilən yerli məhsulların qiymətinin azaldılması üçün aqrar emal müəssisələrinə vergi təşviqlərinin verilməsi müəyyən edilib.

Məlum olduğu kimi, son illər dünya iqtisadiyyatında baş verən proseslər fonunda idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərində artımlar müşahidə olunur. Bunları nəzərə alaraq, Vergi Məcəlləsində edilmiş son dəyişikliklərdə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqləri verilib.

Dəyişikliklərə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən şəxslər müvafiq siyahının təsdiq olunduğu ildən etibarən 7 il müddətinə əldə etdikləri gəlirin (mənfəətin) 50 faizi həcmində gəlir (mənfəət) vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən azad edilirlər.

Hazırda bir sıra məhsulların istehsalı ilə məşğul olan sahibkarlar Vergi Məcəlləsində investisiya təşviqi sənədi üzrə nəzərdə tutulmuş vergi güzəştlərindən faydalanırlar. Bununla belə, investisiya təşviqi sənədi yeni fəaliyyətə başlayan vergi ödəyicilərinə verildiyindən və sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin əksəriyyəti yeni fəaliyyətə başlayan vergi ödəyiciləri olmadığından, onlar təşviq alətindən faydala bilmirlər. Bu kimi hallar nəzərə alınmaqla, məhz aqrar sahədə fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyətinin dayanıqlığının təmin edilməsi və onların növbəti investisiya layihələrinin icrasının stimullaşdırılması məqsədilə həmin müəssisələrə də investisiya təşviqi sənədinə malik olan vergi ödəyicilərinə bərabər həcmdə vergi güzəşti verilib. Nəticədə həm yeni fəaliyyətə başlayan, həm də fəaliyyətdə olan müəssisələr eyni həcmdə vergi güzəştləri əldə ediblər.

Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsi üzrə də bir sıra digər vergi güzəştləri təsdiq edilib. Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. Lakin bu sektorda çalışan hüquqi və fiziki şəxslərin kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlirlərlə yanaşı, satışdankənar gəlirləri də mövcuddur və həmin gəlirlərə güzəşt tətbiq edilmirdi. Bunu nəzərə alaraq, kənd təsərrüfatı sahəsində aparılan təşviq siyasətinin davam etdirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin satışdankənar gəlirlərinin, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir (mənfəət) vergisindən azad edilib. Hüquqi şəxslərə münasibətdə bu, 2023-cü il yanvarın 1-dən 1 il müddətinə, fiziki şəxslərə münasibətdə isə müddətsiz tətbiq edilib. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan rezident hüquqi şəxslərin təsisçilərinin dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 1 il müddətinə gəlir vergisindən azad olunub ki, bu da təsisçi maraqlarına xidmət etməklə əlavə investisiya qoyuluşlarına təkan verəcək.

Bütövlükdə güzəştlərin verilməsində əsas məqsəd rəqabətədavamlı kənd təsərrüfatı məhsullarının emalı sənayesinin genişləndirilməsi, maya dəyərini təşkil edən xərclərin optimallaşdırılması və istehsal olunan yerli məhsulların qiymətinin aşağı salınmasıdır.