Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicilərinə göstərilən ünvanlı xidmətlər genişləndirilir

Vergi ödəyicisinin vergi qanunvericiliyinə könüllü əməletməsinin yüksəldilməsi məqsədilə ona "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları"nda nəzərdə tutulmuş zəruri xidmətlər, o cümlədən metodiki köməklik, məsləhət və vəziyyəti qiymətləndirmə xidmətləri fərdi olaraq, eləcə də vergi ödəyicisinin faktiki və ya hüquqi ünvanında vergi orqanları tərəfindən ünvanlı qaydada göstərilir.

Vergi ödəyicisi yeni qeydiyyatdan keçdikdə, ödəyicisi olduğu tədiyyə (mükəlləfiyyət) növü dəyişdikdə və ya yeni mükəlləfiyyəti yarandıqda o, faktiki fəaliyyət göstərdiyi ünvanda öhdəlikləri barədə ətraflı məlumatlandırılır. Ünvanlı xidmət zamanı aşkar olunmuş və ya öncə müəyyən edilmiş uyğunsuzluqlar vergi ödəyicisinin nəzərinə çatdırılır, çatışmazlıqların aradan qaldırılması üçün vergi orqanının əməkdaşı tərəfindən köməklik göstərilir və praktiki addımlar atılır. Belə ki, vergi ödəyicisinə müvafiq ərizə, arayış, bəyannamənin tərtibatında yardımçı olmaqla, vergi orqanına elektron və ya yazılı şəkildə təqdim edilməsi təmin olunur. Göstərilmiş ünvanlı xidmət nəticəsində yeni qeydiyyatdan keçmiş, ödəyicisi olduğu mükəlləfiyyət növü dəyişmiş və ya yeni mükəlləfiyyəti yaranmış sahibkarların məlumatsızlıq nəticəsində öhdəlikləri vaxtında icra etməməsi, maliyyə itkiləri ilə qarşılaşması kimi risklər aradan qaldırılır.

Hazırda Dövlət Vergi Xidməti (DVX) tərəfindən bu xidmətlər vergi ödəyicilərinə ünvanlı şəkildə təqdim edilir:

  • vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması;
  • vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması;
  • DVX ilə elektron məlumat mübadiləsinin  aparılması üçün istifadəçi kodu, parol və şifrənin verilməsi;
  • kommersiya qurumunun və publik hüquqi şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi;
  • qeyri-kommersiya qurumunun uçot məlumatlarının dəyişdirilməsi;
  • fiziki şəxsin uçot məlumatlarının dəyişdirilməsi;
  • vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi;
  • vergi ödəyicisinin təsərrüfat subyektinin uçot məlumatlarının dəyişdirilməsi;
  • hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması;
  • fiziki şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması;
  • vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin fəaliyyətinin müvəqqəti dayandırılması;
  • vergi ödəyicisinin təsərrüfat subyektinin fəaliyyətinin müvəqqəti dayandırılması;
  • DVX ilə elektron məlumat mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi (dəyişdirilməsi);
  • bəyannamələrin, hesabatların, arayışların qəbulu;
  • DVX-nin elektron xidmətlərinin tətbiqi ilə bağlı kömək göstərilməsi;
  • Vətəndaşların, o cümlədən vergi ödəyicilərinin DVX-nin fəaliyyəti ilə bağlı olan və xidmətlərin vahid standartı ilə əhatə edilməyən digər məsələlər barədə müraciətlərinin qəbulu.