Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə"nin proqram təminatı istifadəyə verilib

Dövlət Vergi Xidməti tərəfindən vergi inzibatçılığı sahəsində həyata keçirilən tədbirlərin bir hissəsi kiçik və orta sahibkarlıq subyektlərinin vergi hesabatlarının verilməsinə, eyni zamanda vergilərin ödənilməsinə sərf edilən vaxtın və inzibati yükün azaldılması ilə bağlıdır. Bununla bağlı muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan “Vahid bəyannamə”nin göndərilməsi prosesinin asanlaşdırılması nəzərdə tutulur. Bəyannamə məzmunca geniş olduğundan, əsasən, mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən doldurulması zamanı bəzi çətinliklərin yarandığı müşahidə olunurdu. Həmin çətinliklərin aradan qaldırılması, ödəyicilərin hər dəfə xidmət mərkəzlərinə müraciət etməmələri üçün inzibatçılığın mərhələli şəkildə təkmilləşdirilməsini təmin edən vahid bəyannamənin tərtib edilməsi zərurəti yaranmışdı. İlkin mərhələdə işçisi olmayan fiziki şəxslər tərəfindən göndərilən bəyannamənin sadələşdirilmiş interfeys formasında tərtib edilməsi planlaşdırılır.

Bunun üçün müvafiq proqram təminatı artıq istifadəyə verilib. Vergi ödəyicisinin uçot baza məlumatları, həmçinin son bəyannamə məlumatlarına əsasən proqram təminatı tərəfindən bəyannamənin məlumat bölmələri avtomatik doldurularaq ödəyiciyə təqdim ediləcək. Vergi ödəyicisi məlumatlarla razı olduqda, bəyannaməni təsdiq edib qəbul olunması üçün elektron qaydada vergi orqanına göndərəcək. Əks halda, məlumatlarda dürüstləşməyə zərurət yarandıqda, düzəliş edib bəyannaməni təsdiq edə bilər.

"Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə"nin (işçisi olmayan fiziki şəxslər üzrə sadələşdirilmiş forma) tərtib edilməsi və göndərilməsi barədə müvafiq videotəlimat da artıq hazırlanıb.