Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Aytən Kərimova: “Fəaliyyətimizın əsas prinsipi “Cəlb et, inkişaf etdir və həvəsləndir!” devizinə söykənir”

İnsan resurslarının idarə olunması İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin prioritet inkişaf istiqamətlərindən biridir. Son illər vergi orqanlarında kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş bir sıra yeni layihələr həyata keçirilib. Dövlət Vergi Xidmətinin 2024-2030-cu illər üzrə inkişaf strategiyasının mühüm bir istiqaməti insan resursları ilə bağlıdır ki, bu da qurumun prioritetlərinə dəyər qatmaq niyyətini aydın şəkildə nümayiş etdirir. Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisi Aytən Kərimova vergiler.az saytına müsahibəsində həyata keçirilən layihələrin mahiyyəti və hədəfləri barədə danışıb. 

- Aytən xanım, Dövlət Vergi Xidmətinin insan resursları sahəsində apardığı işlərin əsas hədəfləri nədən ibarətdir?

- Məlumdur ki, rəqabətli iqtisadi mühitdə bacarıqlı və hazırlıqlı insan resurslarına malik olmaq hər bir təşkilatın gələcəyini müəyyən edən ən vacib məsələlərdəndir. Dövlət Vergi Xidməti öz fəaliyyətində vətəndaş məmnunluğu, vergi ödəyicilərinə keyfiyyətli və əlçatan xidmətlərin göstərilməsi, risk əsaslı nəzarət prinsiplərini rəhbər tutur. Bu prinsiplərin dayanıqlığını təmin etmək, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq peşəkar insan resurslarına malik olmaq məqsədilə 2022-2025-ci illərdə istedadlı insan resurslarının işə cəlb edilməsi, heyətin inkişaf etdirilməsi üçün bir sıra proqramların icra olunması, kadrların daim motivasiyalı saxlanılması məqsədilə müəyyən islahatlara başlanılıb. Dövlət Vergi Xidmətinin prioritetlərinə dəyər qatmaq məqsədilə istedadlı əməkdaşların cəlb olunması, inkişafı və həvəsləndirmə proqramlarını tətbiq etməklə işçi təcrübəsi və məmnuniyyətinin artırılması məqsədləri qarşıya qoyulub.

Dövlət Vergi Xidməti öz fəaliyyətində vətəndaş məmnunluğu, vergi ödəyicilərinə keyfiyyətli və əlçatan xidmətlərin göstərilməsi, risk əsaslı nəzarət prinsiplərini rəhbər tutur

- İlk addımdan başlasaq, bunu Dövlət Vergi Xidmətində işə qəbulla bağlamaq olar. Xidmətin rəqabətqabiliyyətli insan kapitalı üçün işə qəbul siyasətində hansı dəyişikliklər var?

- Yüksək istedadlı insan resurslarını işə cəlb etmək və onları saxlamaq hər bir uğurlu təşkilatın əsas hədəflərindəndir. Rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması üçün bizim fəaliyyətimizin əsas prinsipi “Cəlb et, inkişaf etdir və həvəsləndir!” devizinə söykənir. Bu yanaşmadan çıxış edərək, Dövlət Vergi Xidmətində işə qəbul prosesinə proaktiv yanaşmanın tətbiq olunması məqsədilə həmin prosesə bəzi dəyişikliklər edilib. Əsas məqsəd və gözləntilər ilkin olaraq daha çox gəncə dövlət vergi orqanlarında işə qəbul olunmaq imkanı yaratmaq, potensiallı və analitik düşüncəyə malik gəncləri müəyyən edərək işə qəbul etmək, onların vergilər və vergitutma sahəsində zəruri peşə biliklərini və bacarıqlarını intensiv təlimlər vasitəsilə artırmaq və hazırlıqlı kadr kimi yetişdirməkdir.

Eyni zamanda, aparılan siyasətin tərkib hissəsi kimi gənclərlə iş sahəsində universitetlərlə əməkdaşlıq genişləndirilir, könüllülük fəaliyyəti icra olunur və ilk dəfə yeni formatda tətbiq olunmuş Yay Təcrübə Proqramı çərçivəsində ən uğurlu tələbələr arasında seçim edilərək onlara vergi orqanlarında təcrübə keçmələri və təlim almaları üçün imkanlar yaradılır. Layihələrin əhatə dairəsinə Bakı şəhəri ilə yanaşı, regionlarda yerləşən ali təhsil müəssisələri də daxil edilib ki, bu da bölgələrdə təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması və həmin regionlar üzrə kadr ehtiyatı bazasının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Diqqətinizə bəzi mühüm statistik göstəriciləri də çatdırmaq istərdim. 2005-ci ildən dövlət vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə aparılır və o vaxtdan bəri müsabiqə ilə işə qəbul olunmuş şəxslər dövlət vergi orqanlarının hazırkı əməkdaşlarının təxminən 82 faizini təşkil edir. Bununla yanaşı, Dövlət Vergi Xidmətində gender bərabərliyinə ayrılan diqqəti nəzərə alaraq və bu istiqamətdə görülən işlərin nəticəsi kimi qeyd etmək lazımdır ki, 2022-ci ildə keçirilmiş işə qəbul müsabiqəsi ilə müqayisədə 2023-cü ildə keçirilmiş müsabiqənin test imtahanında iştirak etmiş qadın namizədlərin sayında 17% artım qeydə alınıb. Həmçinin, Yay Təcrübə Proqramında iştirak etmiş məzunlardan 35%-i işə qəbul müsabiqəsinin test imtahanı mərhələsindən uğurla keçərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Qeyd etməliyəm ki, əməkdaşlara dövlət vergi orqanlarının fəaliyyət sahələri üzrə karyeralarını davam etdirmək imkanının yaradılması, eyni zamanda obyektivlik, bərabərlik və şəffaflıq prinsipləri əsasında kadrların yerdəyişməsinin təşkil olunması məqsədilə yeni qaydalar müəyyən edilib. Hazırda daxili yerdəyişmələr və müsabiqələr həmin qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir. Əməkdaşlar üçün daxili müsabiqəyə çıxarılan bütün vakansiyalar barədə məlumatlar əldə etmək, o cümlədən vakansiyalar üzrə tələblərlə tanış olmaq və uyğun gördükləri vakansiyalara elektron qaydada müraciət etmək imkanları yaradılıb. 2021-ci ildən bugünədək 26 daxili müsabiqə keçirilib və bu müsabiqələrdə uğur qazanmış 98 nəfər əməkdaşımızın yerdəyişməsi ardıcıl qaydada həyata keçirilib.

2005-ci ildən dövlət vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə aparılır və o vaxtdan bəri müsabiqə ilə işə qəbul olunmuş şəxslər dövlət vergi orqanlarının hazırkı əməkdaşlarının təxminən 82 faizini təşkil edir

- Dövlət Vergi Xidmətində yeni vəzifə dərəcələndirmə sisteminin - qreydinqin tətbiqi nəzərdə tutulur. Bu sistemin mahiyyəti nədən ibarətdir?

- Dövlət Vergi Xidmətində şəffaf və ədalətli əməkhaqqı sisteminin formalaşdırılması, performans, motivasiya və karyera sisteminin düzgün qurulması, habelə işçi məmnuniyyətinin artırılması və kadr axınının qarşısının alınması məqsədilə yeni əməkhaqqı sisteminin - vəzifə dərəcələndirmə sisteminin (qreydinq) tətbiqi nəzərdə tutulur. Bu məqsədlə yaradılmış İşçi qrup və dəvət edilmiş kənar ekspertlər tərəfindən Dövlət Vergi Xidmətində mövcud olan bütün vəzifə və funksiyalar, təşkilati səviyyədə strateji prioritet, məqsədlər üzrə əsas meyarların əhəmiyyətliliyi, ümumi vəziyyət və aşkar olunan boşluqlar, habelə əməkhaqqı sistemi təhlil edilib, vəzifələrin əmək bazarındakı dəyəri araşdırılıb, araşdırma nəticələrinə dair təkliflər hazırlanıb.

Vəzifə dərəcələndirmə sistemin tətbiqindən sonra bəzi boşluqların aradan qaldırılacağı, şəffaf, ədalətli və çevik əməkhaqqı və effektiv mükafatlandırma prosedurunun, rəhbərlik və işçilər arasında idarəetmə münasibətlərinin formalaşacağı gözlənilir. Bu sistemin tətbiqi ilə kadr axınının qarşısı alınacaq, işçi məmnuniyyəti və motivasiyası bərqərar olacaq, karyera yüksəlişi imkanları ortaya çıxacaq. Layihənin davamı olaraq, Dövlət Vergi Xidmətində mütəxəssis vəzifələrinə daxili karyera keçidlərinin təmin edilməsi üçün “Karyera yolu” layihəsi də işlənib hazırlanıb.

- Dövlət Vergi Xidmətində tətbiq olunan səriştə modeli və 360 dərəcə qiymətləndirmə alətinin yaradılması barədə nə deyə bilərsiniz?

- Məlumdur ki, son illər Dövlət İmtahan Mərkəzi dövlət qulluqçularının səriştə modelinin qurulması ilə bağlı müvafiq işlər görür. Bu təşəbbüsü və təşkilatdaxili proseslərdən irəli gələn ehtiyacları əsas götürərək, dövlət vergi orqanlarında fəaliyyət göstərmək üçün zəruri olan səriştələrin müəyyən edilməsi, həmçinin “Səriştə modeli”nin və 360 dərəcə qiymətləndirmə alətinin yaradılması məqsədilə Dövlət İmtahan Mərkəzi ilə birlikdə layihə icra edilib. Qeyd edim ki, bu təşəbbüs dövlət sektorunda ilklərdən hesab olunur və həmin layihənin nəticəsində Dövlət Vergi Xidmətinin “Səriştə modeli” təsdiqlənib.

Əməkdaşlarımız təşkilatımızın dayağıdır və buna görə də onların zəhməti və fəaliyyəti mükafatlandırılmalıdır. Yaxşı tərtib edilmiş qiymətləndirmə mexanizmi təkcə işçiləri  həvəsləndirmir, həm də üksək nəticələr əldə etməyə imkan verir

Bu sahədə yeni və eyni zamanda maraqlı növbəti təşəbbüsümüz var. Əməkdaşlarımız təşkilatımızın dayağıdır və buna görə də onların zəhməti və fəaliyyəti mükafatlandırılmalıdır. Yaxşı tərtib edilmiş qiymətləndirmə mexanizmi təkcə işçiləri həvəsləndirmir, həm də yüksək nəticələr əldə etməyə imkan verir. 2022-ci ildən etibarən Dövlət Vergi Xidmətində işçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesi qurulub və əməkdaşlarımız fəaliyyət nəticələrinə adekvat olaraq rüblük əsasda mükafatlandırılır. Bu proses bir neçə mərhələdən ibarətdir: səriştələrin müəyyən edilməsi, iş ssenariləri əsasında test bankının formalaşdırılması, 360 dərəcə qiymətləndirmə alətinin yaradılması və sonda istifadəyə verilməsi.

Hazırda proses manual idarə olunur, lakin bu, bizə işçi heyətimizin 80%-i üçün Əsas Fəaliyyət Göstəriciləri (ƏFG) sistemini tətbiq etməyə mane olmayıb. Məqsədimiz nəticələri ölçülə bilən strukturlarda fəaliyyət göstərən bütün işçilərimizi ƏFG sistemi ilə əhatə etməkdir. Biz işçilərin fəaliyyətinin qiymətləndirilməsi nəticələrini karyera yüksəlişi və əməkhaqqı prosesləri üçün intensiv istifadə etməyi hədəfləyirik.

Dövlət Vergi Xidməti üzrə zəruri 4 klaster səriştələr müəyyən olunub. Bunlar liderlik, nəticəyönümlülük, başqaları ilə işləmək bacarığı və vətəndaşlara xidmətdir. Həmin səriştə modelinin Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxslərinə peşəkar və sistemli formada ötürülməsi məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Dövlət Vergi Xidmətinin yuxarı rəhbər vəzifəli şəxsləri üçün 5 moduldan ibarət “Liderlik” proqramı həyata keçirilib.

Səriştə modelindən irəli gələrək, ümumilikdə 1045 nəfər əməkdaşımız zəruri səriştələrin təkmilləşdirilməsi məqsədilə yumşaq bacarıqların inkişaf etdirilməsinə dair təlimlərə cəlb olunub.

İnkişaf istiqaməti üzrə islahatların növbəti mərhələsi dayanıqlı təlim və inkişaf sisteminin qurulmasıdır

- Dövlət Vergi Xidməti əməkdaşlarının bilik və bacarıq potensialının gücləndirilməsi məqsədilə hansı təlimlər keçirilir?

- İnkişaf istiqaməti üzrə islahatların növbəti mərhələsi dayanıqlı təlim və inkişaf sisteminin qurulmasıdır. Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri üçü “Kouçvari liderlik”, “Emosional zəka və idarəetmə”, “Liderlik” proqramı, “Müştəriyönümlü xidmət mədəniyyəti”, “Mentorluq”, həmçinin ixtisasartırma təlimləri keçirilir. Yeni inkişaf proqramının hazırlanmasına və icra olunmasına yalnız İnsan resursları baş idarəsi və Tədris Mərkəzi deyil, Dövlət Vergi Xidmətinin xeyli sayda strukturları cəlb edilərək layihənin uğurla başa çatmasına nail olunub. Nəticədə 2023-cü ildə heyətimizin 75 faizinin ixtisasartırma təlimlərinə cəlb olunmasını təmin edə bilmişik.