Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır

Qeydiyyat №–1810
«14» iyul 2000-ci il

Nazir
F.MƏMMƏDOV

 

 

Təsdiq edirəm:

Azərbaycan Respublikasının
Maliyyə Naziri
Ə.ƏLƏKBƏROV

Əmr №– İ-107
«03» iyul 2000-ci il

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hazırlanmışdır. Həmin Qanuna əsasən müəssisə mühasibat uçotu və hesabatının doğru və düzgünlüyünü təsdiq etmək üçün dövri olaraq öz əmlakının, öhdəliklərinin, hesablaşmalarının, kapitalının və s. maddi sərvətlərinin və ümumiyyətlə, balansın bütün aktiv və passiv maddələrinin inventarizasiyasını aparmalıdır.

1.2. Bu Qaydalar tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sahibkarlıq, istehsalat, kommersiya və digər fəaliyyət növləri ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə, həmçinin onların bölmələrinə, nümayəndəliklərinə, filiallarına, təmsilçilərinə, törəmə müəssisələrinə və digər qurumlarına (gələcəkdə «müəssisə» adlandırılacaq) şamil edilir.

1.3. İnventarizasiyanın aparılması məcburi olan hallardan başqa hesabat ilində inventarizasiyaların sayı, onların aparılma tarixləri, həmin inventarizasiyaların hər birində yoxlanılacaq əmlakın və öhdəliklərin siyahısı müəssisənin rəhbərliyi tərəfindən müəyyən edilir.

1.4. Müəssisənin bütün əmlakı və öhdəlikləri onların olduğu yerlərdən asılı olmayaraq inventarizasiya olunmalıdır. Bundan başqa müəssisənin istifadəsində olan və balansarxası hesabda göstərilən (məsuliyyətli mühafizəyə qəbul edilən, müvəqqəti icarəyə götürülən, təkrar emal və ya yuyulmaq üçün alınan və s.) istehsal ehtiyatları, əmlaklar, həmçinin bu və ya digər səbəblər üzündən uçota alınmamış qiymətlilər inventarizasiya olunur.

1.5. Əmlakın inventarizasiyası bir qayda olaraq onların olduğu yerlər və maddi-məsul şəxslər üzrə aparılır.

1.6. Qiymətli metalların və daş-qaşların inventarizasiyası idarə, müəssisə və təşkilatlarda xüsusi olaraq qiymətli metalların və daş-qaşların alınması, istifadə edilməsi, mühafizə olunması və uçotunun aparılması qaydaları müəssisənin uçot siyasəti və müvafiq normativ-hüquqi aktlarla (sənədlərlə) tənzimlənir.

1.7. İnventarizasiyanın aparılmasında əsas məqsəd müəssisədə əmlakın və öhdəliklərin faktiki mövcudluğunu aşkar etməkdən, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaqdan ibarətdir.

1.8. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq əmlakın və öhdəliklərin inventarizasiyasının aparılması aşağıdakı hallarda məcburidir:

  • müəssisənin əmlakı satıldıqda, alındıqda, icarəyə verildikdə;
  • qanunvericilikdə nəzərdə tutulduğu qaydada dövlət və bələdiyyə müəssisəsi, səhmdar cəmiyyəti, yaxud başqa qurum (müəssisə) kimi yenidən təşkil edildikdə;
  • illik mühasibat (maliyyə) hesabatlarının tərtibindən əvvəl 01 oktyabrdan tez olmayaraq əmlakın və öhdəliklərin mövcud vəziyyətinin tamamilə başdan-başa yoxlanması məqsədilə inventarizasiya keçirildikdə.
  • müəssisə ləğv edilərkən, ləğv balansı tərtib edilməmişdən əvvəl və qanunvericilikdə nəzərdə tutulan digər hallarda;
  • maddi-məsul şəxslər dəyişildikdə və yaxud məzuniyyətə getdikdə (işlərin qəbulu və təhvili günü);
  • oğurluq və ya sui-istifadə halları, həmçinin qiymətlilərin xarab olması faktları müəyyən edildikdə;
  • yanğın, təbii fəlakət, qəza və digər fövqəladə hadisələr baş verdikdə;
  • müəssisənin əmlakı və öhdəlikləri yenidən qiymətləndirildikdə;
  • məhkəmənin və ya müstəntiqin müvafiq qərarı, yaxud prokurorun yazılı göstərişi olduqda;
  • özəlləşdirmə zamanı, sahibkar və hüquqi şəxs statusu dəyişildikdə inventarizasiya tərəflərin razılığı ilə, yaxud dövlət əmlakının idarəetmə orqanlarının tələbi ilə həyata keçirilir.

1.9. Kollektiv (briqada) üzrə maddi-məsul şəxslərin öhdələrində olan əmlakın və öhdəliklərin inventarizasiyası kollektivin (briqadanın) rəhbəri dəyişildikdə; kollektivin (briqadanın) üzvlərinin əlli faizdən çoxu tərkibdən çıxdıqda, həmçinin kollektivin (briqadanın) bir və ya bir neçə üzvünün tələbi ilə aparıla bilər. Kollektiv (briqada) üzrə inventarizasiya qaydaları müəssisənin uçot siyasəti və digər normativ-hüquqi aktlarla (sənədlərlə) tənzimlənir.

1.10. Əsas vəsaitlərin inventarizasiyası üç ildən bir; kitabxana fondunun inventarizasiyası isə beş ildən bir aparıla bilər;

1.11. Müəssisə inventarizasiyanın başlandığı və qurtardığı müddət ərzində yeni yaranan maddi sərvətlərin hərəkəti üzərində nəzarəti təmin edir.

1.12. Müəssisədə inventarizasiyanın aparılması üçün müəssisə rəhbərinin əmri ilə müəssisənin aparıcı bölmələrinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət daimi fəaliyyətdə olan inventarizasiya komissiyası yaradılır. Müəssisənin rəhbəri və ya onun müavinlərindən biri inventarizasiya komissiyasının sədri, mühasibat xidmətinin rəhbəri isə sədrin müavini olur. Böyük təsərrüfatlarda inventarizasiya komissiyasının tərkibində bir neçə işçi qrupları yaradılır.

1.13. İnventarizasiya komissiyasının və onun tərkibindəki işçi qrupun yaradılmasına dair əmrdə komissiyanın və işçi qruplarının hüquqları, vəzifələri, işin təşkili, inventarizasiyanın başlanma və qurtarma müddəti, işçi qruplarının təlimatlandırılması və onların gördükləri işlərin nəticələrinin müzakirə vaxtı, hər bir işçi qrupunun inventarizasiya aparacağı yerin və maddi-məsul şəxsin ünvanı və s. öz əksini tapır.

1.14. Bir çox işçi qrupu yaratmaq zərurəti olduqda, o zaman müəssisənin əsas (aparıcı) bölmələrinin rəhbərlərindən ibarət inventarizasiya komissiyasının işinə əsas nəzarət qrupu yaradılır. Bu qrup isə işçi qruplarının üzvlərini təlimatlandırır, onların işinin vaxtında başa çatdırılmasına şərait yaradır və işçi qruplarının işlərinin nəticəsini müzakirə etdikdən sonra qanunvericiliyə uyğun rəsmiləşdirir və rəhbərlik qarşısında hesabat verir.

1.15. Hər bir işçi qrupu ona həvalə edilmiş işləri vaxtında və düzgün icra etməyə borcludur və bu işləri icra edərkən buraxdığı səhvlərə və nöqsanlara cavabdehdir.

1.16. İşçi qruplarının sədrləri əsas nəzarət qrupunun tərkibindəki şəxslərdən ibarətdir.

1.17. Hər bir işçi qrupu inventarizasiya başlamazdan əvvəl inventarizasiya aparacağı maddi məsul şəxsin öhdəsində olan əmlakın inventarizasiya aparılacaq günə uçotda olan qalıqlarını mühasibatlıqdan alır. Qalıqları verən mühasib həmin qalıqların düzgünlüyünü öz imzası ilə təsdiq edir və tarix yazır.

1.18. İnventarizasiya başlamazdan əvvəl maddi-məsul şəxs özündə apardığı uçotun və öhdəsində olan əmlakın vəziyyəti barədə inventarizasiya komissiyasına məlumat (izahat) verir. Verilən məlumat (izahat) inventarizasiya komissiyası tərəfindən nəzərə alınır.

Maddi-məsul şəxs inventarizasiya gününə kimi öhdəsində olan əmlakın mədaxil və məxaric sənədlərini mühasibatlığa təhvil verməlidir ki, mühasibatlıqda onun öhdəsində sayılan əmlakın qalığı düzgün müəyyənləşdirilsin. Əks halda qalığın düzgünlüyünü birgə müəyyənləşdirmək məqsədilə inventarizasiya günü mədaxil və məxaric sənədləri inventarizasiya komissiyasının sədrinə təqdim edilir.

Maddi-məsul şəxs öhdəsində olan əmlakdan kənara borc, yaxud başqa qaydada saxlanmaq üçün verdikdə və ya kənardan borc, yaxud başqa qaydada saxlanmaq üçün əmlak aldıqda, eyni zamanda inventarizasiya yerində onun özünəməxsus əmlakı olduqda onları aydın şəkildə inventarizasiya komissiyasına verdiyi izahatda göstərməlidir.

Eyni belə bir izahatı əmlak alınması üçün təhtəl-hesab məbləğ və ya vəkalətnamə almış şəxslər də verir.

İnventarizasiya aparılan zaman inventarizasiya komissiyasının, yaxud işçi qrupunun bütün üzvləri iştirak etməlidir.

1.19. Əmlakın və öhdəliklərin faktiki mövcudluğunu və onların mühasibat uçotu hesablarında uçotunun düzgün aparılmasına dair iki nüsxədən az olmamaqla inventarizasiya siyahısı və yaxud inventarizasiya aktı tərtib edilir.

1.20. İnventarizasiya komissiyası əsas vəsaitlərin, ehtiyatların, malların, pul vəsaitinin, digər əmlakların və öhdəliklərin faktiki qalıqları haqqında məlumatların siyahıda və yaxud aktda ətraflı və düzgün yazılmasını, inventarizasiya materiallarının vaxtında və düzgün rəsmiləşdirilməsini təmin edir.

1.21. İnventarizasiya zamanı əmlakın mövcud qalıqları məcburi qaydada sayılmaq, çəkilmək və ölçülmək yolu ilə müəyyən edilir.

1.22. Müəssisənin rəhbəri əmlakın faktiki qalığının müəyyən olunmuş müddətdə düzgün yoxlanmasına (əmlakın vaxtında sayılması üçün işçi qüvvəsinin səfərbər edilməsinə, çəki alətlərinin, nəzarət və ölçü cihazlarının texniki sazlığının təmin olunmasına və s.) şərait yaradır.

1.23. Açılmasına icazə verilməyən və zədələnməyən taralarda saxlanılan malların, materialların və digər əmlakların miqdarı onların sənədlərinə əsasən naturada seçmə üsulla yoxlanıla bilər. Üst-üstə yığılmış bu kimi taralarda malların, materialların və digər əmlakların sənədləri əsasında yoxlamalar keçirilən zaman onların çəkisinin və həcminin müəyyən edilməsi texniki hesablamalar və nəzarət ölçü qaydasına əsasən həyata keçirilə bilər. Şübhəli və ya mübahisəli hallar yarandıqda inventarizasiya başdan-başa lazımi qaydada aparılır. Spesifik xüsusiyyətlərə malik olan bəzi sahələrdə (kənd təsərrüfatında, ticarətdə, topdansatış bazalarında və başqalarında) bu qaydalarda nəzərdə tutulmayan spesifik xüsusiyyətə malik əmlakın inventarizasiya qaydaları və lazımi ilkin uçot sənədlərinin forma və rekvizitləri həmin orqanların uçot siyasəti ilə müəyyənləşdirilir. Baş (yuxarı) idarəetmə orqanı olan müəssisələrdə bu cür spesifik xüsusiyyətə malik olan inventarizasiya işləri baş (yuxarı) idarəetmə orqanının normativ-hüquqi sənədləri (qaydalar, təlimatlar və s.) əsasında həyata keçirilir.

1.24. Əmlakın faktiki qalığının inventarizasiyası maddi-məsul şəxslərin bilavasitə iştirakı ilə aparılır.

1.25. İnventarizasiya gününədək maddi-məsul şəxslər öhdələrində olan əmlakın (qiymətlilərin) olduğu yerlərdə səliqə-səhman yaratmalı, qruplaşdırmalar aparmalı, yarlıqlar asmalı və digər lazımi işləri görməklə inventarizasiyanın vaxtında və düzgün aparılmasına şərait yaratmalıdır.

1.26. İnventarizasiya siyahıları mürəkkəblə, yaxud adi diyircəkli qələmlə, pozuntu və ləkə salmadan doldurulur.

1.27. Siyahılarda inventarizasiya olunan qiymətlilərin və obyektlərin adları, miqdarı və ölçü vahidləri göstərilir.

1.28. İnventarizasiya siyahılarında düzəlişlər, bütün nüsxələrdə düzgün olmayan mətnin üzərindən nazik xətt çəkərək onun üzərində düzgün olan mətni yazmaqla həyata keçirilir. Düzəlişlərin aparılmasına dair izahat verilməli və inventarizasiya komissiyasının və ya işçi qrupunun bütün üzvləri və maddi-məsul şəxs tərəfindən imzalanmalıdır.

1.29. İnventarizasiya siyahılarında doldurulmamış sətirlərin saxlanmasına yol verilmir və doldurulmamış axırıncı sətirlərin üzərindən xətt çəkilir.

1.30. Siyahının axırıncı sətrində yoxlamanı aparmış şəxsin imzası ilə qiymətlər, taksirovka və sayılmış yekunlar haqqında qeydlər edilir.

1.31. Siyahıları inventarizasiya komissiyasının bütün üzvləri və maddi-məsul şəxslər imzalayır. Siyahının sonunda maddi-məsul şəxslər komissiyanın üzvlərinin iştirakı ilə əmlakın yoxlanılmasının təsdiq olunmasına, komissiya üzvlərinə qarşı etirazının olub-olmamasına və siyahıda göstərilən əmlakın maddi-məsuliyyətli mühafizəyə götürməsinə dair izahat verir.

1.32. Əmlakın faktiki qalığının yoxlanılması zamanı maddi-məsul şəxslərin dəyişməsi hallarında əmlakı qəbul edən şəxs siyahıda əmlakı almasına dair, təhvil verən şəxs isə verməsinə dair imza edirlər.

1.33. Şəxsi və ya məsuliyyətli mühafizəyə götürülən, icarəyə, yuyulmağa və təkrar emala qəbul edilən əmlaka ayrıca siyahı tərtib edilir.

1.34. İnventarizasiyanın müddəti uzandığı hallarda işin sonunda komissiya əmlakın yerləşdiyi otağın qapısını qıfıllayıb surqucla möhürləməli, bu olmadıqda komissiya üzvlərinin imzaları olan kağızın bir ucunu qapıya, digər ucunu çərçivəyə yapışdırmalı, yaxud digər nişanələrlə (plomb və s.) qapının komissiyasız açılmasına mane olmalıdır. İnventarizasiya komissiyasının etdiyi fasilə zamanı (nahar fasiləsi, gecə vaxtı, başqa səbəblərə görə) siyahılar inventarizasiya aparılan ağzı bağlı otaqda yeşikdə (şkafda, seyfdə) saxlanılmalı, göstərilən nişanələrlə mühafizəsi möhkəmləndirilməlidir.

1.35. İnventarizasiyadan sonra maddi-məsul şəxslər siyahıda səhv aşkar etdikləri halda təcili olaraq (anbarda və digər bağlı yerlərdə) inventarizasiya komissiyasının sədrinə məlumat verir. İnventarizasiya komissiyasının sədri göstərilən faktın yoxlanılmasını həyata keçirir və onların doğruluğu təsdiq olunduğu hallarda, müəyyən olunmuş qaydada, siyahıda aşkar olunmuş səhvlərin düzəlişi aparılır.

1.36. Müəssisənin rəhbəri əmrlə daim fəaliyyətdə olan inventarizasiya komissiyasına yararsız hala düşmüş əmlakın ləğv edilməsi üçün yaradılacaq daimi fəaliyyətdə olan ləğvetmə komissiyasının səlahiyyətlərini həvalə edə bilər.

1.37. Yararsız hala düşmüş əmlakın qanunvericiliyə uyğun balansdan silinməsi inventarizasiya başa çatdıqdan sonra həyata keçirilə bilər.

1.38. İnventarizasiya komissiyası istismara yaramayan, təmir və bərpa olunmağa lüzumu olmayan əsas vəsaitlərə və digər əmlaklara (qiymətlilərə) onların istismara verilməsi tarixi və yararsız hala düşməsi səbəbləri (xarabolma, tam köhnəlmə hesablanması və s.) göstərilməklə, ayrıca siyahı tərtib edir.

1.39. Yararsız hala düşüb balansdan silinməmiş azqiymətli və tezköhnələn əşyalar inventarizasiya siyahısına daxil edilmir, lakin onların istismar müddəti, yararsızlığının səbəbi, təsərrüfatda bu əşyaların istifadə olunmasının mümkünlüyü göstərilməklə akt tərtib edilir.

1.40. Siyahıda taralar növləri, məqsədli təyinatı və istismar vəziyyətinin keyfiyyəti (təzə, keçmişdə istifadə olunan, təmir tələb edən və s.) üzrə göstərilir.

1.41. İnventarizasiya komissiyası tərəfindən xarabolma səbəbləri göstərilməklə yararsız hala düşmüş taraların silinməsinə akt tərtib edilir.

2. Əsas vəsaitlərin inventarizasiyası

2.1. İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan əmlakın qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:

a) inventar kartlarının, inventar kitablarının, siyahıların və digər analitik uçotun mövcud vəziyyəti;

b) texniki pasportların və ya digər texniki sənədlərin mövcud vəziyyəti;

v) əsas vəsaitlərin müəssisə tərəfindən icarəyə verilməsinə və yaxud mühafizəyə götürülməsinə dair sənədlərin mövcudluğu. Sənədlər olmadığı hallarda, onların alınmasının rəsmiləşdirilməsi təmin olunmalıdır.

2.2. Mühasibat uçotu registrlərində və yaxud texniki sənədlərdə fərq və çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.

2.3. Əsas vəsaitlər inventarizasiya olunarkən komissiya obyektlərə baxış keçirməli və siyahıda onların tam adını, təyinatını, əsas texniki və ya istismar müddəti göstəricilərini yazmalıdır.

2.4. Binaların, tikililərin və digər daşınmaz əmlakın inventarizasiyası zamanı komissiya müəssisənin mülkiyyətində olan obyektləri təsdiq edən sənədlərin mövcudluğunu yoxlayır. Komissiya, həmçinin müəssisənin mülkiyyətində olan torpaq sahəsinin, su tutumunun və digər təbii resurs obyektlərinin mövcud sənədlərini yoxlayır.

2.5. Əsas vəsaitlərin texniki pasportları mühasibatlıqda daimi saxlanılır.

2.6. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilmiş obyektlər və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən obyektlər, komissiya tərəfindən onların texniki göstəriciləri düzgün göstərilməklə, siyahılara daxil edilməlidir. Məsələn, binalar üzrə — təyinatı, əsas tikinti materialı, həcmi (daxili və ya xarici), sahəsi (ümumi yararlı sahə), mərtəbələrin sayı (zirzəmili və ya zirzəmisiz, yaxud yarımzirzəmisiz və s.), inşa edildiyi il və i.a.; kanallar üzrə — uzunluğu, dərinliyi və eni (dibi və səthi üzrə), qeyri-təbii tikililər, dibi və yanların bərkidilməsi materialları; körpülər üzrə — olduqları yer, materialların növü və ölçüsü; yollar üzrə — onların təyinatı, tipi (şosse və s.) uzunluğu, örtük materialı, döşəmənin eni və i.a.

2.7. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən obyektlər bazar qiymətlərinə uyğun qiymətləndirilir, köhnəlmə (köhnəlmə hesablanmayan obyektlərdən başqa) isə obyektin həqiqi texniki vəziyyəti üzrə hesablanır və müvafiq aktla rəsmiləşdirilir.

2.8. Əsas vəsait obyektləri siyahıda adları və təyinatı üzrə yazılır. Əgər əsas vəsait obyektləri yenidən bərpa olunub və rekonstruksiya edilibsə, yenidən quraşdırılması genişləndirilibsə və bunların nəticəsində təyinatını dəyişibsə siyahıda yeni adı və yeni təyinatı göstərilir.

2.9. Əgər əsas xarakterli işlərin (mərtəbələrdə əlavə tikintilər, yeni otaqların inşası və s.) və yaxud tikililərin və qurğuların qismən ləğv edilməsi hallarının mühasibat uçotunda əks etdirilməməsi komissiya tərəfindən müəyyən edildikdə müvafiq yeni sənədlər əsasında obyektlərin balans dəyərinin artması və ya azalması məbləğləri müəyyən edilməli və siyahıda əks etdirilməlidir.

2.10. Maşın, avadanlıq və nəqliyyat vasitələri siyahıda istehsalçı-müəssisənin texniki pasportu üzrə onların zavod nömrəsi, buraxılış ili, təyinatı, gücü və s. göstərilməklə fərdi qaydada yazılır.

2.11. Eyni tipli, eyni qiymətli və eyni vaxtda müəssisənin struktur bölmələrindən birinə mədaxil olunmuş və tipik inventar kartlarda analitik uçotu aparılan təsərrüfat əşyalarının, alətlərin, cihazların və s. siyahıda ümumi miqdarı göstərilməklə adları yazılır.

2.12. İnventarizasiya zamanı öz yerlərində olmayan əsas vəsaitlərin (uzaq dəniz və su səfərlərində olan gəmilər, hərəkətdə olan dəmir yolu qatarları, avtomobillər; əsaslı təmirə göndərilmiş maşın və avadanlıqlar, məsuliyyətli mühafizəyə və icarəyə verilmiş əmlakın və s.) inventarizasiyası onların müvəqqəti xaric olduğu tarixə ayrıca aparılır və rəsmiləşdirilir.

3. Qeyri-maddi aktivlərin inventarizasiyası

3.1. Qeyri-maddi aktivlər inventarizasiya olunarkən aşağıdakıların yoxlanılması lazımdır:

a) müəssisənin qeyri-maddi aktivlərdən istifadə etmək hüququnun olmasına dair sənədlərin mövcudluğunu;

b) qeyri-maddi aktivlərin balansda vaxtında və düzgün əks etdirilməsini.

4. Maliyyə qoyuluşlarının inventarizasiyası

4.1. Maliyyə qoyuluşları inventarizasiya olunarkən müəssisənin qiymətli kağızlarına və nizamnamə fonduna (kapitalına) çəkilən faktiki məsrəflər, həmçinin digər müəssisələr tərəfindən alınmış borclar yoxlanılır.

4.2. Qiymətli kağızların faktiki mövcudluğu yoxlanılarkən aşağıdakılar müəyyənləşdirilməlidir:

  • qiymətli kağızların düzgün sənədləşdirilməsi;
  • balansda uçota alınmış qiymətli kağızların real vəziyyəti;
  • qiymətli kağızların saxlanılması (faktiki mövcud qalıqların mühasibat uçotu məlumatları ilə tutuşdurulması);
  • qiymətli kağızlar üzrə daxil olmuş gəlirlərin mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsi.

4.3. Qiymətli kağızların inventarizasiyası müəssisənin kassasında pul vəsaitinin inventarizasiyası ilə eyni vaxtda aparılır.

4.4. Qiymətli kağızların inventarizasiyası aktında onların adı, seriyası, nömrəsi, nominal və faktiki dəyəri, ödəniş müddəti və ümumi məbləği göstərilməklə hər bir emitent üzrə ayrıca aparılır.

4.5. Müəssisənin mühasibatlığında saxlanılan hər bir qiymətli kağızın faktiki rekvizitləri siyahının (reyestr, kitab) məlumatları ilə tutuşdurulur və ayrıca rəsmiləşdirilir.

4.6. Depozit qaydada banklara və ixtisaslaşdırılmış müəssisələrə saxlanılmağa verilmiş qiymətli kağızların mühasibat uçotunun müvafiq hesablarında göstərilən qalıqları saxlanılmağa verilmiş müəssisələrin çıxarış məlumatları ilə tutuşdurularaq ayrıca rəsmiləşdirilir.

4.7. Müəssisənin nizamnamə kapitalına maliyyə qoyuluşları, həmçinin başqa təşkilatlardan alınmış borcları inventarizasiya zamanı sənədlərlə təsdiq edilməlidir.

5. Mal-material qiymətlilərinin inventarizasiyası

5.1. İnventarizasiya siyahılarında mal-material qiymətlilərinin hər birinin (istehsal ehtiyatları, hazır məhsul, mallar, sair ehtiyatlar) adı, növü, qrupu, miqdarı və başqa lazımi göstəriciləri (artikul, növ və s.) ayrıca göstərilir.

5.2. Mal-material qiymətlilərinin inventarizasiyası bir qayda olaraq onların yerləşdiyi otaqlarda aparılır.

5.3. Bir maddi-məsul şəxsin öhdəsində olub müxtəlif qapalı otaqlarda saxlanılan mal-material qiymətlilərinin inventarizasiyası ardıcıl olaraq onların saxlanıldığı yerlər üzrə aparılır. Qiymətlilərin saxlanıldığı otaqda yoxlama qurtardıqdan sonra həmin otağa giriş qadağan edilir, otağın qapısı qıfıllanır, surquçla, plombla, imzalı kağızla və digər nişanələrlə mühafizəsi möhkəmləndirilir (surquçla möhürlənir) və komissiya işini davam etdirmək üçün sonrakı otağa keçir.

5.4. Komissiya maddi-məsul şəxslərin iştirakı ilə mal-material qiymətlilərinin qalıqlarını məcburi qaydada saymaq, çəkmək və ölçməklə yoxlayır. Maddi-məsul şəxslərin şifahi sözünə görə və yaxud mal-material qiymətlilərinin mövcud qalığını yoxlamadan hər hansı bir məlumatın siyahıya daxil edilməsinə yol verilmir.

5.5. İnventarizasiya aparılan zaman daxil olan mal-material qiymətliləri maddi-məsul şəxsin və inventarizasiya komissiyasının üzvlərinin iştirakı ilə qəbul olunur və inventarizasiyadan sonrakı hesabata daxil edilir.

5.6. Bu kimi mal-material qiymətliləri inventarizasiya siyahısında «İnventarizasiya zamanı daxil olmuş mal-material qiymətliləri» adı ilə ayrıca göstərilir. Siyahıda daxilolma tarixi, malgöndərənin adı, mədaxil sənədinin tarixi və nömrəsi, malın adı, miqdarı, qiyməti və məbləği göstərilir. Eyni zamanda inventarizasiya komissiyası sədrinin (və yaxud onun tapşırığı ilə komissiya üzvünün) imzası ilə mədaxil sənədində siyahının tarixi göstərilməklə «inventarizasiyadan sonra» sözü qeyd edilir.

5.7. Müəssisədə inventarizasiya uzun müddət davam etdikdə, istifadə üçün tələb olunan mal-material qiymətliləri, qanunvericiliyə uyğun rəsmiləşdirilərək anbardan maddi-məsul şəxslərə inventarizasiya komissiyasının iştirakı ilə buraxılır və inventarizasiyadan sonrakı hesabata daxil edilir.

5.8. Bu cür mal-material qiymətliləri inventarizasiya siyahısında «İnventarizasiya zamanı buraxılmış mal-material qiymətliləri» adı ilə ayrıca göstərilir. Həmin siyahılar analoji qaydada inventarizasiya zamanı daxil olan mal-material qiymətliləri üzrə də tərtib edilir. İnventarizasiya komissiyası sədrinin və yaxud onun tapşırığı ilə komissiya üzvünün birinin imzası ilə məxaric sənədlərində qeydlər aparılır.

5.9. Yolda olan, yüklənmiş, lakin alıcılar tərəfindən vaxtında ödənilməyən, başqa müəssisələrin anbarında saxlanılan mal-material qiymətlilərinin inventarizasiyası, onların mühasibat uçotunun müvafiq hesablarındakı uçot məlumatlarının məbləğlərinin düzgünlüyünün yoxlanılması ilə həyata keçirilir.

5.10. İnventarizasiya vaxtı maddi-məsul şəxslərin öhdəsində olmayan (yolda olan, yüklənmiş mallar və s.) mal-material qiymətlilərinin məbləği uçot hesablarında yalnız təsdiq edilmiş sənədlərlə göstərilə bilər: yolda olanlar üzrə — malgöndərənlərin hesablaşma sənədləri ilə və yaxud digər əvəzedici sənədlərlə; yüklənmiş mallar üzrə — alıcılar tərəfindən təqdim olunmuş sənədlərin surətləri ilə (ödəniş tapşırığı, veksellər və s.); ödəniş vaxtı keçmiş sənədlər üzrə — bank idərələrinin təsdiq etdiyi öhdəliklərlə; kənar müəssisələrin anbarında saxlanılan qiymətlilər üzrə — inventarizasiyanın aparıldığı tarixə yaxın tərtib edilmiş saxlanma izahatnaməsi ilə.

5.11. İnventarizasiya aparılmamışdan əvvəl hesabların digər qarşılıqlı hesablarla üzləşdirilməsi yoxlanılmalıdır. Məsələn, başqa hesablarda əks olunası ödənilmiş məbləğin «Yüklənmiş mallar» hesabında uçota alınıb-alınmaması və yaxud mallara və materiallara görə faktiki ödənilmiş və alınmış məbləğin yolda olması müəyyən edilməlidir.

5.12. Alıcılar tərəfindən vaxtında ödənilməyib yolda olan, yüklənmiş və başqa müəssisələrin anbarında saxlanılan mal-material qiymətlilərinə ayrıca siyahılar tərtib edilir.

5.13. Yolda olan mal-material qiymətlilərinin siyahısında hər bir sətir üzrə aşağıdakılar ayrıca yazılır: adı, miqdarı və dəyəri, yüklənmə tarixi, həmçinin mühasibat uçotu hesablarında bu qiymətlilərin uçota alınmasına əsas verən sənədlərin adı, tarixi və nömrələri.

5.14. Yüklənmiş və dəyəri alıcılar tərəfindən vaxtında ödənilməmiş mal-material qiymətlilərinin siyahısında hər bir yüklənmiş mallar üzrə alıcıların adı, mal-material qiymətlilərinin adı, məbləği, yüklənmə tarixi, çıxarışın və hesablaşma sənədinin tarixi qeyd edilir.

5.15. Başqa müəssisənin anbarında saxlanılan mal-material qiymətlilərinin siyahısı onların məsuliyyətli mühafizəyə verilməsinə dair təsdiqedici sənədlərin əsasında tərtib edilir. Bu siyahıda qiymətlilərin adı, miqdarı, növü, dəyəri (uçot məlumatları üzrə), həmçinin yüklərin mühafizəyə qəbul olunma tarixi, mühafizə yeri, sənədlərin nömrəsi və tarixi göstərilir.

5.16. Təkrar emal üçün başqa müəssisəyə verilmiş mal-material qiymətlilərinin siyahısında təkrar emalı həyata keçirən müəssisənin adı, qiymətlinin adı, miqdarı, uçot məlumatları üzrə faktiki dəyəri, qiymətlinin təkrar emala verilmə tarixi, sənədlərin nömrəsi və tarixi göstərilir.

5.17. İstismarda olan azqiymətli və tezköhnələn əşyaların inventarizasiyası onların olduğu yerlər və maddi-məsul şəxslər üzrə hər bir əşyaya baxış keçirməklə aparılır.

5.18. Fərdi qaydada işçilərin istifadəsinə verilmiş azqiymətli və tezköhnələn əşyalar inventarizasiya olunarkən onları alan cavabdeh şəxslərin adı və imzası göstərilməklə qrup halında siyahı tərtib edilir.

5.19 Yuyulmağa və təmirə göndərilmiş xüsusi geyimlər, yeməkxana və yataq ləvazimatları və digər yumşaq inventarlar inventarizasiya siyahısında göstərilən xidmətlərin həyata keçirilməsinə dair mövcud olan sənədlər əsasında yazılır.

6. Başa çatmamış istehsal və gələcək dövr xərclərinin inventarizasiyası

6.1. Sənaye istehsalı ilə məşğul olan müəssisələrdə başa çatmamış istehsalın inventarizasiyası zamanı aşağıdakıları müəyyən etmək lazımdır:

  • istehsalatda olan artıq məhsulun (hissə, aqreqat, qovşaq və s.) və hazırlanması (yığılması) qurtarmamış məmulatların faktiki mövcudluğunu;
  • faktiki komplektləşdirilməsi başa çatmamış istehsalın (artıq məhsulun) mövcudluğunu;
  • ləğv olunmuş sifarişlər, həmçinin icrası dayandırılmış sifarişlər üzrə başa çatmamış istehsalın qalığını.

6.2. İstehsalın spesifikasından və xüsusiyyətindən asılı olaraq inventarizasiya başlamazdan əvvəl sexlərə lazım olmayan materiallar, alınmış hissələr və yarımfabrikatlar, həmçinin hal-hazırki mərhələdə hazırlanması qurtarmış bütün hissələr, aqreqatlar, qovşaqlar və s. anbara təhvil verilir.

6.3. Başa çatmamış istehsalın artıq məhsullarının yoxlanması faktiki olaraq sayılmaq, çəkilmək və ölçülmək üsulu ilə həyata keçirilir.

6.4. İşlər tam başa çatandan sonra hər bir ayrı-ayrı struktur bölmələr (sex, sahə) üzrə — məhsulların adlarını, hazırlanma mərhələsini və ya dərəcəsini, miqdarını və ya həcmini; tikinti-quraşdırma işləri üzrə — işlərin həcmini; qurtarmamış obyektlər üzrə — növbəliyini, buraxılış kompleksini, işlərin növlərini göstərməklə siyahılar tərtib edilir.

6.5. Təkrar emala verilməyən istehsalatda olan xammal, material və alınmış yarımfabrikatlar başa çatmamış istehsalat siyahısına daxil edilmir, onların inventarizasiyası ayrıca aparılır.

6.6. Zay hissələr (məhsullar) başa çatmamış istehsal siyahısına daxil edilmir və onlar üçün ayrıca siyahı tərtib edilir.

6.7. Müvafiq sənaye sahələrində eynicinsli olmayan kütlələrin və ya qarışıqların inventarizasiyası həmin sahələrin qəbul olunmuş uçot siyasətinə əsasən həyata keçirilir. Baş (yuxarı) idarəetmə orqanı olan müəssisələrdə bu cür spesifik xüsusiyyətə malik olan əmlakın inventarizasiyası həmin baş (yuxarı) idarəetmə orqanının normativ sənədlərinə (qaydalarına, təlimatlarına və s.) əsasən həyata keçirilir.

6.8. Başa çatmamış əsaslı tikinti siyahılarında obyektin adı, bu obyekt üzrə yerinə yetirilmiş işin həcmi, konstruktiv elementlər, avadanlıqlar, hər bir iş növü və s. ayrıca göstərilir.

Bu zaman aşağıdakıları yoxlamaq lazımdır:

a) başa çatmamış əsaslı tikintinin tərkibində quraşdırılmağa verilmiş, lakin quraşdırılmamış avadanlığın olub-olmamasını;

b) konservasiya olunmuş və tikintisi müvəqqəti dayandırılmış obyektin vəziyyətini.

Bu obyektlərin konservasiya olunması üçün əsas amilləri və səbəbləri qismən də olsa aşkar etmək lazımdır.

6.9. Tikintisi qurtarıb tam və ya qismən istismara verilmiş obyektlərin istismara verilməsinə və qəbuluna dair lazımi rəsmi sənədlər tərtib edilmədiyi hallarda ayrıca siyahı yazılır. Tikintisi qurtarmış, lakin bu və yaxud başqa səbəblərdən istismara verilməmiş obyektlərə də ayrıca siyahı tərtib edilir. Siyahılarda obyektlərin istismara verilməməsinin səbəbləri izah edilməlidir.

6.10. Tikintisi dayandırılmış obyektlərə, həmçinin tikintisi həyata keçirilməmiş layihə-axtarış işlərinə siyahı tərtib edilərkən tikintinin dayandırılması səbəbləri göstərilməklə tikintinin dəyəri və yerinə yetirilmiş işlərin xarakteri haqqında məlumatlar verilməlidir. Bunun üçün müvafiq texniki sənədlərdən (çertyojlar, smeta, maliyyə-smeta hesablamaları), işlərin təhvilinə dair aktlardan, tikinti obyektində yerinə yetirilmiş işlərin uçotu jurnalından və başqa sənədlərdən istifadə etmək lazımdır.

6.11. İnventarizasiya komissiyası müəssisə tərəfindən hazırlanmış hesabatlara və uçot siyasətinə uyğun olaraq sənədlə əsaslandırılmış müddət ərzində gələcək dövr xərcləri hesabında əks etdiriləsi istehsalat, yaxud tədavül xərclərinə aid ediləsi məbləği müəyyən edir.

7. Cavan və kökəldilməkdə olan heyvanların inventarizasiyası

7.1. İnventarizasiya cədvəllərində işçi və məhsuldar heyvanlar nömrələri (birka, damğa), ləqəbi, doğulduğu il, cinsi, arıqlığı-köklüyü, diri çəkisi (diri çəkisi göstərilməyən atlardan, dəvələrdən, qatırlardan, marallardan başqa) və ilkin dəyəri ilə göstərilir. Heyvanların cinsi və digər əlamətləri onların bonitirovka məlumatlarına əsasən göstərilir.

7.2. İribuynuzlu mal-qara, iş heyvanları, donuzlar (ana və erkək donuzlar) və qoyun cinsləri və digər heyvanlar siyahıya fərdi qaydada əlavə edilir. Qrup halında hesaba alınan sair əsas sürülər siyahıda hər bir qrup üzrə baş və diri çəki göstərilməklə yaşına və cins qruplarına görə yazılır.

7.3. Cavan iribuynuzlu heyvanlar, döllük atlar və iş heyvanları siyahıda fərdi qaydada inventar nömrələri, ləqəbləri, cinsi, rəngi, nəsli və s. göstərilməklə yazılır.

7.4. Qrup halında hesaba alınan kökəldilməkdə olan cavan heyvanlar, donuzlar, qoyunlar, keçilər, quşlar və digər heyvan növləri hər bir qrup üzrə baş və diri çəki göstərilməklə uçotda olduğu kimi siyahıda əks etdirilir.

7.5. Siyahılar uçot qrupu bölgüsündə heyvan növləri üzrə fermalar, sexlər, şöbələr, briqadalar və maddi-məsul şəxslər üzrə ayrıca tərtib edilir.

8. Pul vəsaitinin, pul sənədlərinin və ciddi hesabat blankları sənədlərinin inventarizasiyası

8.1. Kassanın inventarizasiyası kassa əməliyyatlarının aparılması haqqında müvafiq normativ sənədlər əsasında aparılır.

8.2. Kassada faktiki mövcud olan pul nişanlarını və digər qiymətli kağızları sayarkən yalnız mövcud pullar, qiymətli kağızlar və pul sənədləri (poçt markaları, dövlət rüsumu nişanları, veksel markaları, təyyarə biletləri və s.) hesaba alınır.

8.3. Qiymətli kağızların və digər ciddi hesabat blanklarının sənədlərinin yoxlanılması, bu və ya digər blankların başlanğıc və son nömrələri nəzərə alınmaqla blankların növləri (məsələn, səhmlər üzrə: adı və təqdim edəni, üstünlüyü və adiliyi), həmçinin onların saxlanma yerləri və maddi-məsul şəxslər üzrə həyata keçirilir.

8.4. Yolda olan pul vəsaitlərinin inventarizasiyası bank idarələri və rabitə şöbələri qəbzlərinin, bank inkassatorları tərəfindən pulların təhvil verilməsinə dair müşayiət cədvəllərinin məlumatlarının mühasibat uçotu hesablarındakı məlumatlarla üzləşdirilməsi yolu ilə həyata keçirilir.

8.5. Banklarda hesablaşma (cari), valyuta və xüsusi hesablarda olan pul vəsaitinin inventarizasiyası bank çıxarışları məlumatlarının müəssisənin mühasibat uçotunun müvafiq hesablarındakı qalıq məbləğləri ilə üzləşdirilməsi yolu ilə həyata keçirilir.

9. Hesablaşmaların inventarizasiyası

9.1. Uzun və qısamüddətli kreditlər (borclar), büdcə, büdcədənkənar fondlar, alıcılar, malgöndərənlər, təhtəlhesab şəxslər, işçilər, deponentlər, digər debitor və kreditorlarla hesablaşmaların inventarizasiyasının aparılmasından əsas məqsəd vəsaitlərin mühasibat uçotu hesablarında düzgün əks olunmasını yoxlamaqdan ibarətdir.

9.2. Yolda olan mallara görə ödənişlər və sənədsiz göndərilmiş mallara görə malgöndərənlərlə hesablaşmalar üzrə «Malsatan və podratçılarla hesablaşmalar» hesabı xüsusi olaraq yoxlanılır.

9.3. Müəssisənin işçilərə əmək haqqı ödənişi üzrə ödənilməyib deponent hesabına köçürüləsi borc məbləğləri, həmçinin işçilərə artıq ödənmə məbləğləri və onların yaranma səbəbləri aşkar edilir.

9.4. İnventarizasiya zamanı təhtəlhesab məbləğlərin məqsədli istifadə olunması nəzərə alınmaqla verilmiş avanslar üzrə təhtəlhesab şəxslərin hesabatları, həmçinin hər bir təhtəlhesab şəxs üzrə verilmiş avans məbləğləri (verilmə tarixi, təyinatın məqsədi) yoxlanılır.

9.5. İnventarizasiya komissiyası, həmçinin sənədli yoxlama üsulu ilə müəyyən etməlidir:

a) banklar, maliyyə və vergi orqanları, büdcədənkənar fondlar, digər təşkilatlarla, həmçinin ayrıca balansa çıxarılmış müəssisənin struktur bölmələri ilə hesablaşmaların düzgünlüyünü;

b) mühasibat uçotunda hesaba alınan çatışmazlıq və oğurluqlar üzrə borc məbləğlərinin düzgünlüyünü və əsaslılığını;

v) iddia müddəti keçmiş debitor və kreditor borc məbləğləri nəzərə alınmaqla debitor, kreditor və deponent borc məbləğlərinin düzgünlüyünü və əsaslılığını.

10. Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatların və qiymətləndiriləcək ehtiyatların inventarizasiyası.

10.1. Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatların inventarizasiyası zamanı, Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktları əsasında müxtəlif sahələrin istehsalat spesifikasına uyğun xərclərin tərkibinə və məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilməklə işçilərin qarşıdakı məzuniyyətlərinin ödənilməsinə; uzunmüddətli xidmətə görə illik mükafatların verilməsinə; ilin yekununa görə mükafatların verilməsinə; əsas vəsaitlərin təmiri xərclərinə; sənayenin mövsümi sahələrində hazırlıq işləri üzrə istehsal məsrəflərinə; kirayə edilmiş əşyaların təmiri üzrə qarşıdakı xərclərə və s. məqsədlərə görə yaradılmış ehtiyatların düzgünlüyü və əsaslılığı yoxlanılır. İstehsal və tədavül xərcləri hesabına ehtiyat məbləğlərinin yaradılması qaydası müvafiq qanunverici və digər normativ aktlara əsasən nizamlanır.

10.2. Müəssisədə müəyyən olunmuş normalar üzrə buraxılmış məhsulun faktiki maya dəyərinə daxil edilən, sənayenin mövsümi xarakterli istehsalı ilə əlaqədar istehsalat və idarə xərcləri məbləği faktiki xərclərdən artıq olan hallarda əmələ gəlmiş fərq qarşıdakı xərclərə yaradılmış ehtiyatlara aid edilir. İnventarizasiya komissiyası hesabatların əsaslılığını yoxlayır və lazım olan hallarda xərc normalarının düzəlişi barədə təkliflər verir. Bu ehtiyatlar üzrə ilin axırına qalıqlar olmamalıdır.

10.3. Mallar yükləndikcə (yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər) və hesablaşma sənədləri alıcılara (sifarişçilərə) təqdim edildikcə məhsul (işin, xidmətin) satışından daxilolmaların hesablaşma metodunu tətbiq edən müəssisədə şübhəli borclar üzrə yaradılmış ehtiyatların inventarizasiyası zamanı müqavilələrlə müəyyən edilmiş, lakin müvafiq zəmanətlərlə təmin olunmayıb vaxtında ödənilməyən məbləğlər yoxlanılır.

10.4. İnventarizasiya komissiyası müəyyən olunmuş qaydada yaranmış ehtiyatların hesabat ilinin axırına ehtimal olunan bu və ya digər xərclərin və itkilərin bağlanmasına yönəldilən hesabat sənədlərinin düzgünlüyünü və əsaslılığını yoxlayır.

11. İnventarizasiya cədvəllərinin tərtib edilməsi

11.1. Əmlakın inventarizasiyası zamanı uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün müqayisə cədvəlləri tərtib edilir.

11.2. İnventarizasiya cədvəllərində inventarizasiyanın nəticələri, yəni mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı ziddiyyətlər (fərq) göstərilir.

11.3. İnventarizasiya cədvəllərində əmlakın (qiymətlilərin) artıq və əskik məbləğləri onların mühasibat uçotundakı qiymətlərinə müvafiq göstərilir.

11.4. Müəssisənin balansında olan (məsuliyyətli mühafizədə olan, icarəyə götürülən, yenidən emal olunmaq üçün alınan), lakin müəssisəyə məxsus olmayan əmlaka (qiymətliyə) ayrıca inventarizasiya cədvəlləri tərtib edilir.

12. İnventarizasiyanın nəticələrinin tənzimlənməsi və sənədləşdirilməsi

12.1. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq inventarizasiya və digər yoxlamalar zamanı faktiki əmlakın (qiymətlinin) mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğləri aşağıdakı qaydada tənzimlənir:

  • əsas vəsaitlərdən, maddi sərvətlərdən, pul vəsaitlərindən və digər əmlaklardan artıqgəlmələr, onların səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirməklə onlar istismarda olduğu yerdə maddi məsul şəxsin hesabına mədaxil edilir və onların məbləğləri müvafiq olaraq müəssisələrdə təsərrüfat fəaliyyətinin nəticələrinə (mənfəətə), büdcə təşkilatlarında isə maliyyələşmənin (fondların) artırılmasına yönəldilir;
  • müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr və itkilər müəssisə rəhbərinin sərəncamına müvafiq olaraq müəssisələrdə istehsalat və ya tədavül xərclərinə, büdcə təşkilatlarında isə maliyyələşmənin (fondların) azalması hesabına silinir;
  • təyin edilməsi mümkün olan, lakin müvafiq normativ sənədlərdə nəzərdə tutulmayan təbii itki normaları mülkiyyətçi tərəfindən təyin edilə bilər;
  • əsas vəsaitlərdən, maddi sərvətlərdən, pul vəsaitlərindən və digər əmlaklardan əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır. Təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadıqda, əskikgəlmələrin və itkilərin məbləğlərinin müəssisə tərəfindən təqsirkar sayılan şəxsdən tutulması məhkəmə tərəfindən ləğv edildikdə və ödənilməsi mümkün olmayan (ümidsiz) əskikgəlmələr və itkilər müəyyənləşdirildikdə həmin məbləğlər müəssisə rəhbərinin yazılı sərəncamına müvafiq olaraq müəssisələrdə təsərrüfat fəaliyyətinin nəticələrinə (zərərə), büdcə təşkilatlarında isə maliyyələşmənin (fondların) azalmasına silinir;
  • maliyyə öhdəlikləri və hesablaşmalar üzrə məbləğlər dəqiqləşdirildikcə kənarlaşmalar hesabat ilində mənfəətin (zərərin) artırılmasına (azaldılmasına), yaxud şübhəli borcların ehtiyatı və bu kimi başqa məqsədli fondlar hesabına nizamlaşdırılır.

12.2. Əgər yenidən çeşidləmə üzrə təqsirkar şəxs müəyyən edilməzsə, onda məbləğlər fərqi itki normasından yuxarı çatışmazlıq kimi qəbul edilir və müəssisələrdə tədavül və istehsal xərclərinə, büdcə təşkilatlarında isə maliyyələşmənin (fondların) azalmasına silinir.

12.3. Maddi-məsul şəxslərin təqsiri olmadan yenidən çeşidləmə zamanı çatışmazlıq istiqamətində qiymətlilərin dəyərində yaranmış fərqlərin təqsirkar şəxslərə aid edilməməsi səbəblərinə dair inventarizasiya protokollarında müfəssəl izahatlar verilməlidir.

12.4. İnventarizasiya zamanı mal-material qiymətlilərinin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış ziddiyyətlərin tənzimlənməsi haqqında təkliflər baxılmaq üçün müəssisənin rəhbərliyinə təqdim edilir. Yaranmış fərqlərin hesaba alınması haqqında sonuncu qərarı müəssisənin rəhbəri verir.

12.5. Aylıq inventarizasiyanın nəticəsi inventarizasiya qurtaran aylar üzrə mühasibat uçotunda və hesabatında, illik inventarizasiyanın nəticələri isə illik mühasibat hesabatında əks etdirilməlidir.