Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda kassa əməliyyatlarının aparılması qaydaları

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının 
Ədliyyə Nazirliyi
Qeydiyyat №– 3431
30 yanvar 2009-cu il

Nazir müavini
Toğrul MUSAYEV
 

 

«Təsdiq edirəm»
Azərbaycan Respublikasının 
Maliyyə Nazirliyi
Əmr №– İ-07
13 yanvar 2009-cu il

Nazirin birinci müavini
İlqar FƏTİZADƏ

 

Bu qaydalar «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununa və «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»yə əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda (bundan sonra büdcə təşkilatları adlandırılacaq) kassa əməliyyatlarının aparılması, müvafiq banklardan alınmış nağd pulların kassaya mədaxili, məxarici əməliyyatlarının müvafiq qaydada sənədləşdirilməsi, nağd pulun təyinatı üzrə xərclənməsinin təmin edilməsi məqsədi ilə hazırlanmışdır və büdcədən maliyyələşən təşkilatlara şamil olunur.

I. Ümumi müddəalar

1.1. Büdcə təşkilatlarının banklardan aldıqları nağd pullar müvafiq qaydada kassaya mədaxil edildikdən sonra təyinatı üzrə xərclənir. Büdcədən ayrılan təxsisatlardan başqa, digər mənbələrdən əldə etdikləri gəlirdən və daxilolmalardan kassaya mədaxil olunan nağd pul müvafiq xəzinədarlıq orqanının müvəkkil bankdakı tranzit hesabına köçürüldükdən sonra xəzinədarlıq haqqında mövcud qaydalara uyğun olaraq təyinatı üzrə xərclənir.

Müxtəlif mənbələrdən aldıqları nağd pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil banklardakı xəzinə hesabına və ya kassaya müvafiq qaydada mədaxil edildikdən sonra təyinatı üzrə xərclənməsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin vasitəsilə həyata keçirilir.

1.2. Büdcə təşkilatları bu qaydalarla müəyyən edilmiş limitlərdən əlavə kassada olan nağd pulu bütövlüklə müvafiq qaydada və müddətlərdə müvəkkil banklara təhvil verməlidir.

1.3. Büdcə təşkilatlarının kassalarında onlar üçün müəyyən edilmiş limitlərdən əlavə nağd pul banklardan alındığı və digər mənbələrdən qəbul edildiyi gün də daxil olmaqla ən çoxu 3 iş günü müddətində saxlanıla bilər.

1.4. Büdcə təşkilatlarının kassalarından təhtəlhesab şəxslərə nağd pul müvafiq müddətlərə verilir. Təhtəlhesab şəxslər aldıqları avansların təyinatından asılı olaraq 5 iş günü müddətində onların xərclənməsi barədə mühasibatlığa avans hesabatı təqdim etməlidirlər və xərclənməyən pul qalığını kassaya qaytarmalıdırlar.

1.5. Ezam olunan şəxslərə xidməti ezamiyyətlərlə əlaqədar xərclər üçün nağd pul bu məqsədlə müvafiq normativlər əsasında ödənilməli olan məbləğ həddində verilir.

Ezam olunan şəxslərə verilən və xərclənməyən nağd pul ezamiyyə müddəti qurtardıqdan sonra ən geci 3 iş günü ərzində kassaya qaytarılmalıdır.

1.6. Kassada nağd pulun lüzumsuz saxlanılmasına yol verməmək məqsədi ilə büdcə təşkilatlarının mərkəzi aparatlarının kassasında saxlanıla biləcək nağd pulun məbləği üçün 1000 (bir min) manat, onların tabeli təşkilatları üçün 500 (beş yüz) manat limit müəyyən edilir.

II. Anlayışlar

2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. büdcə təşkilatlarının səlahiyyətli nümayəndələri  büdcə təşkilatının rəhbərinin müvafiq əmri əsasında kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərinin imza olunmasına dair səlahiyyət (vəkil edilmiş) almış məsul şəxs.

2.1.2. Kassa əməliyyatları — büdcə təşkilatlarında nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması və qorunması üzrə əməliyyatların məcmusu.

2.1.3. Kassir — Bu qaydalara uyğun olaraq büdcə təşkilatlarında kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxs.

2.1.4. Kassa sənədi — büdcə təşkilatlarında kassa əməliyyatlarının aparılması üçün istifadə olunan ilkin uçot sənədi.

2.1.5. Əməliyyat günü — büdcə təşkilatının daxili qaydaları ilə müəyyən edilmiş iş günü ərzində müştərilərə xidmət göstərilən müddət.

2.1.6. İnkassasiya — büdcə təşkilatlarında nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinat yerinə daşınması.

2.2. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının mövcud qanunvericilik aktları ilə müəyyənləşdirilmiş mənaları ifadə edir.

III. Nağd pul vəsaitlərinin qəbulu, ödənilməsi və kassa sənədlərinin tərtibi

3.1. Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində büdcə təşkilatının rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, kassiri, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər.

3.2. Kassaya nağd pul vəsaitləri büdcə təşkilatının və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə kassiri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə mədaxil edilir və pulu kassaya verən şəxsə kassir tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir.

3.3. Kassa mədaxil orderinə onu tərtib etmək üçün əsas olan sənədlər əlavə olunur.

3.4. Kassadan nağd pul büdcə təşkilatının rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə kassiri və pulu qəbul edən şəxs tərəfindən imzalanmış kassa məxaric orderi və ona əlavə edilmiş ödəniş sənədləri əsasında verilir.

3.5. Kassa məxaric orderinə əlavə edilən ödəniş sənədləri büdcə təşkilatlarının və ya onun müvafiq struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə kassiri və pulu qəbul edən şəxslər tərəfindən imzalanır.

3.6. Ödəniş sənədləri əsasında pul ödənişlərini həyata keçirən zaman pul alan şəxsə eyni adlı bir neçə ödəniş sənədinin ümumi yekunu üzrə məbləğə bir kassa məxaric orderi tərtib edilə bilər.

3.7. Kassa məxaric orderi ilə ayrı-ayrı şəxslərə fərdi qaydada pul vəsaiti verildikdə, kassa məxaric orderinin «əlavə sənədlər» rekvizitinə pul alanın şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer, tarix və digər müvafiq göstəriciləri yazılır.

3.8. Kassir yalnız kassa məxaric orderində və ya ona əlavə edilən etibarnamədə göstərilən şəxslərə pul verə bilər.

3.9. Əgər nağd pul müəyyən olunmuş qaydada sənədləşdirilmiş etibarnamə əsasında kassa məxaric orderi ilə verilərsə, onda orderin mətnində pul alan şəxsin adı, soyadı və atasının adından sonra pulun alınması etibar edilən şəxsin adı, soyadı, atasının adı da yazılır. Nağd pul etibarnamə ilə ödəniş cədvəlləri əsasında verilərsə, kassir pulun alınması üçün imza edilməmişdən əvvəl «etibarnamə ilə» sözünü yazmalıdır. Etibarnamə kassirdə qalır və kassa məxaric orderinə əlavə edilir.

3.10. Ayrı-ayrı şəxslərə birdəfəlik ödənişlər kassa məxaric orderi vasitəsilə verilir.

3.11. Bankdan müxtəlif məqsədlər üçün alınmış vəsaitlərin ödəniş müddəti bitdikdə, kassir tərəfindən aşağıdakı işlər icra olunur:

a) ödəniş cədvəlində pulunu almayan şəxsin adının qarşısında «Deponentləşdirilib» sözü yazılır;

b) deponent olunmuş məbləğ üçün reyestr tərtib edilir;

c) ödəniş cədvəlinin sonunda faktiki olaraq ödənilən və ödənilməyib deponentləşdirilən məbləğlər barədə qeydlər edilməli, bu məbləğlər ödəniş cədvəlinin ümumi cəmi məbləği ilə üzləşdirilməli və qeydlər kassirin imzası ilə təsdiq edilməlidir.

ç) kassa mədaxil və məxaric orderləri üzrə məbləğlər gün ərzində kassa kitabında qeydə alınmalıdır.

3.12. Ödəniş cədvəlləri üzərində kassir tərəfindən edilən qeydlər, ödənilən və deponentləşdirilən məbləğlər mühasibatlıqda əsaslı surətdə yoxlanılmalıdır.

3.13. Deponentləşdirilmiş və banka təhvil verilmiş məbləğlər üçün bir ümumi kassa məxaric orderi tərtib olunur.

3.14. Kassa mədaxil orderi və onların qəbzləri, həmçinin kassa məxaric orderi və ona əlavə edilən ödəniş sənədləri (kassa sənədləri) mürəkkəbli və ya diyircəkli qələmlə dürüst və aydın doldurulmalıdır. Kassa mədaxil orderi makinalarda, kompüterlərdə və ya digər müasir hesablama texnikalarında da doldurula bilər. Həmin sənədlərdə heç bir düzəlişə yol verilmir.

3.15. Kassa mədaxil orderi blanklarının cırılmasına, pozuntuların aparılmasına, ləkələnməsinə, habelə kassa mədaxil və məxaric orderlərinin üzərində düzəlişlərin edilməsinə yol verilmir (korlanmış blankların əvəzinə başqaları doldurulur). Korlanmış kassa mədaxil orderi blankları ciddi hesabat blankları üçün müəyyən edilmiş qaydada ləğv olunur. Kassa məxaric orderləri yazıldıqdan, rəhbər və baş mühasib tərəfindən imzalandıqdan sonra, xüsusi olaraq hazırlanmış kitabda baş mühasib və ya bu işlərin icrası həvalə edilmiş mühasib tərəfindən qeydiyyata alınır və icra üçün kassirə verilir.

3.16. Gün ərzində müvafiq qaydada istifadə edilmiş (rəsmiləşdirilmiş) kassa mədaxil və məxaric orderləri üzrə reyestr tərtib edilir və həmin reyestrlərin yekun məbləğləri kassa kitabına işlənir. Reyestrlərdə kassa mədaxil və məxaric orderlərinin nömrələri, tarixləri və məbləğləri yazılaraq gün ərzində mədaxil və məxaric əməliyyatları üzrə yekun məbləğləri göstərilir.

3.17. Kassir kassa mədaxil və məxaric orderlərini və ya onlara əlavə edilən sənədləri alan zaman aşağıdakıları yoxlamalıdır:

a) ödəniş sənədlərində rəhbərin, baş mühasibin və ya onların səlahiyyətli nümayəndələrinin imzalarının mövcudluğunu və özündə olan imza nümunəsi ilə uyğunluğunu;

b) ödəniş sənədlərinin düzgün tərtib edilməsini və yekun məbləğlərinin doğruluğunu;

c) sənədlərdə sadalanan əlavələrin mövcudluğunu.

3.18. Bu tələblərin hər hansı birinə riayət olunmadıqda, kassir həmin sənədləri icra etmədən mühasibatlığa qaytarır.

3.19. Mədaxil və məxaric orderləri ilə və ya onlara əlavə edilən sənədlərlə pul alındıqdan və ya verildikdən sonra bu sənədlər tarix (gün, ay, il) göstərilməklə dərhal kassir tərəfindən imzalanır, onlara əlavə edilən ödəniş sənədlərinə ştamp vurulur və ya tarix (gün, ay, il) göstərilməklə «Ödənilib» qeydi edilir.

3.20. Müəssisələrin kassirləri pul əskinazlarını və sikkələri ödəniş kimi qəbul edərkən Azərbaycan Respublikası Mərkəzi Bankının «Bank sistemində pulların ekspertizasının təhlili və aparılması qaydaları»nı əldə rəhbər tutur.

IV. Kassa kitabının tərtibi və pul vəsaitlərinin saxlanması

4.1. Büdcə təşkilatlarında bütün növ pul vəsaitləri (valyutaları) üzrə aparılan kassa əməliyyatları üçün müəyyən olunmuş formada ayrıca kassa kitabı açılmalıdır.

4.2. Kassa kitabı (avtomatlaşdırılmış üsulla aparılan kassa kitabından başqa) qaytanlanır, onun vərəqi iki hissədən ibarət olduğundan (ikinci hissə kassirin hesabatı sayılır) hər iki hissə eyni nömrə ilə nömrələnir, səhifələrin sayı büdcə təşkilatının və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri tərəfindən imzalanaraq möhürləndikdən sonra istifadə üçün kassirə verilir.

4.3. Kassa kitabının vərəqləri diyircəkli və ya mürəkkəbli qələmlə doldurulur, vərəqin ikinci hissəsi kəsilərək kassirin hesabatı kimi bütün təsdiqedici sənədlərlə birlikdə baş mühasibə təhvil verilir və kassa kitabının özü (vərəqin birinci hissəsi) kassada saxlanılır.

4.4. Kassa kitabında qeydsiz düzəlişə yol verilmir. Qeydli düzəlişlər isə kassir, baş mühasib və ya onu əvəz edən şəxslərin imzaları ilə müvafiq qaydada təsdiq edilir.

4.5. Kassir gün ərzində kassa mədaxil və məxaric orderləri üzrə məbləğləri kassa kitabında qeydiyyatdan keçirir, aparılan əməliyyatları yekunlaşdırır, növbəti günün əvvəlinə kassada qalan pulun qalığını çıxarır və hər gün üçün kassa hesabatını büdcə təşkilatının baş mühasibinə təhvil verir. Baş mühasibə təqdim olunmuş kassa hesabatı onun tərəfindən yoxlanılaraq qəbul edilir, günün sonuna kassada nağd pul qalığı müəyyən edilmiş limiti aşdıqda bunun səbəbləri dəqiqləşdirilir və zəruri hesab olunduğu təqdirdə nağd pul qalığının mövcudluğu yoxlanılaraq müvafiq tədbirlər görülür. Kassa mədaxil və məxaric sənədləri əsasında kassa əməliyyatlarının uçotu və kassa kitabının tərtibi kompüterlə və ya müasir hesablama texnikası ilə aparıla bilər.

4.6. Kassa kitabının düzgün tərtib edilməsinə və kassa əməliyyatlarının aparılmasına baş mühasib nəzarət etməlidir.

4.7. Kassa mədaxil orderi olmadan kassaya nağd pul mədaxil etmək və ya kassa məxaric orderi olmadan kassadan nağd pul məxaric etmək qadağandır.

4.8. Büdcə təşkilatlarının və ya bu sahəyə rəhbərlik edən struktur bölmələrin rəhbərləri pulun banklardan gətirilməsinin, banklara təhvil verilməsinin və kassada saxlanılmasının mühafizəsini təmin etməlidirlər. Onların təqsiri üzündən pul vəsaitlərinin mühafizəsini təmin edən zəruri şərait yaradılmayıbsa, onlar müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Pulun təhlükəsiz daşınmasını təmin etmək məqsədilə müvafiq müqavilələr bağlamaq yolu ilə bankların inkassasiya xidmətlərindən istifadə edilə bilər.

4.9. Kassa otağı digər otaqlardan təcrid olunmaqla aşağıdakı tələblərə cavab verməlidir:

a) yanğın və təhlükəsizlik tələblərinə cavab verməli;

b) qorunan sistemli dəmir qapısı olmalı;

c) otaq oda davamlı dəmir seyflə təchiz olunmalı;

d) kassa otağının alt hissəsi boşluq və ya zirzəmi olmamalıdır.

Eyni zamanda kassa əməliyyatları aparılan zaman otaq içəridən bağlı olmalıdır.

4.10. Büdcə təşkilatlarında bütün nağd pul və qiymətli kağızlar, bir qayda olaraq, yanmayan seyflərdə (dəmir şkaflarda) saxlanılır. İş gününün sonunda kassalar açarla bağlanılır və kassirin surğuclu möhürü ilə möhürlənir.

4.11. Kassir kassa (pul) sənədlərində imza etmək səlahiyyəti olan vəzifəli şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin imza nümunələri ilə və kassa (pul) sənədlərinin rəsmilləşdirilməsində istifadə edilməsi nəzərdə tutulmuş möhür ilə (ştampla) büdcə təşkilatının və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri tərəfindən təmin edilməlidir.

4.12. Seyflərin (şkafların) açarı və möhür kassirdə, açarların surəti isə büdcə təşkilatının və ya onun müvafiq struktur bölməsinin rəhbərində (kassir tərəfindən möhürlənmiş paketlərdə, mücrülərdə və s.) saxlanılır.

4.13. Müvafiq büdcə təşkilatına aid olmayan nağd pulun və başqa qiymətlilərin onun kassasında saxlanılmasına yol verilmir.

4.14. Kassanı və seyfi (şkafı) açmamışdan əvvəl kassir qıfılın, qapının, pəncərənin və möhürün bütövlüyünü yoxlamalıdır.

4.15. Möhürün çıxarılması və ya zədələnməsi, qıfılın, qapının və ya pəncərənin sındırılması, kassa açarlarının itirilməsi hallarında kassir təcili olaraq bu barədə büdcə təşkilatının və ya onun müvafiq struktur bölməsinin rəhbərinə, o isə öz növbəsində hüquq mühafizə orqanlarına xəbər verməlidir. Bu halda rəhbərin, baş mühasibin və ya onu əvəz edən şəxsin, həmçinin kassirin iştirakı ilə (hüquq mühafizə orqanlarının razılığı alındıqdan sonra) müvafiq əmr əsasında kassada saxlanılan nağd pul vəsaitləri və digər qiymətlilər yoxlanılır. Bu yoxlama bitənədək kassa əməliyyatları aparılmır. Yoxlamanın nəticəsi haqqında yoxlamada iştirak edən bütün şəxslər tərəfindən imzalanan üç nüsxədən ibarət akt tərtib olunur. Aktın bir nüsxəsi hüquq-mühafizə orqanlarına, digər nüsxəsi yuxarı təşkilatlara verilir, üçüncü nüsxəsi isə müvafiq büdcə təşkilatında qalır.

4.16. Kassa açarlarının hər hansı bir nüsxəsi itirildikdə, dərhal büdcə təşkilatının rəhbərinə məruzə edilərək, qıfılların yenisi ilə əvəz edilməsi həyata keçirilməlidir.

4.17. Kassir işə qəbul edildikdən sonra büdcə təşkilatının və ya müvafiq struktur bölmənin rəhbəri onu kassa əməliyyatlarının aparılması qaydaları ilə rəsmi tanış etməli və onunla müəyyən olunmuş qaydada tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlamalıdır.

4.18. Kassir tərəfindən, ona həvalə edilmiş işlərin başqa şəxslərə etibar edilməsinə yol verilmir.

4.19. Büdcə təşkilatlarında kassirin əvəz edilməsinə zərurət yarandıqda onun vəzifəsinin icrası büdcə təşkilatının rəhbərinin əmri ilə başqa işçiyə həvalə edilir. Kassir vəzifəsinin icrası həvalə edilmiş işçi ilə tam maddi məsuliyyət barədə fərdi müqavilə bağlanılır.

Kassa sənədlərini imzalamaq hüququna malik olan mühasiblər kassir vəzifəsini icra edə bilməzlər.

4.20. Kassirin işdən çıxdığı, məzuniyyətə getdiyi, xəstəliyi və digər səbəblərlə əlaqədar işdə olmadığı hallarda büdcə təşkilatı rəhbərinin əmri ilə xüsusi komissiya təşkil edilir. Kassir vəzifəsini icra edəcək şəxsin də daxil olduğu bu komissiya büdcə təşkilatının və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbərinin seyfində xüsusi surğuclanmış paketdə (mücrüdə) saxlanan kassa açarları ilə (kassirdəki açarları əldə etmək çətinləşdikdə) kassanın qapısını açır, kassirin öhdəsində olan pul vəsaitlərini və digər qiymətliləri sayır, kassa qalığını müəyyən edir və üç nüsxədən ibarət qəbul-təhvil aktı tərtib edir. Akt imzalanıb təsdiq edildikdən sonra kassa bütün sənədlərlə birlikdə kassir vəzifəsini icra edəcək şəxsə təhvil verilir. Qəbul-təhvil aktının birinci nüsxəsi mühasibatda saxlanılır. Kassir vəzifəsini icra edən şəxsə bu qaydalar izah edilir və onunla tam maddi məsuliyyət haqqında fərdi müqavilə bağlanır.

4.21. Kassir ştatı olmayan büdcə təşkilatında kassa əməliyyatlarının yerinə yetirilməsi büdcə təşkilatının rəhbərinin əmri ilə başqa işçiyə həvalə edilir və onunla tam maddi-məsuliyyət barədə fərdi müqavilə bağlanır.

V. Kassa intizamına riayət olunmasına nəzarət

5.1. Rübdə bir dəfədən az olmayaraq, büdcə təşkilatlarının kassasında olan bütün pulların və başqa qiymətlilərin qəfləti yoxlaması aparılır. Kassanın yoxlanılması büdcə təşkilatlarının rəhbərləri və ya mühasibat xidmətlərinin rəhbərləri tərəfindən yaradılan və il ərzində daimi fəaliyyət göstərən komissiya tərəfindən aparılır.

Əgər təşkilatda (müəssisədə) bir neçə kassa varsa onlar eyni vaxtda yoxlanılmalıdır.

5.2. Kassa yoxlamasını həyata keçirən komissiya kassanı yoxlamazdan əvvəl kassirdən (onu əvəz edən şəxsdən) son kassa hesabatını (mədaxil və məxaric sənədləri ilə birlikdə) və yazılı iltizam almalıdır.

Kassanın faktiki pul qalığı kassirin kitab qalığı (kassa hesabatı) və mühasibat uçotunun kassa hesabı ilə üzləşdirilir.

Aktda həmçinin kassada qalan faktiki pul qalığının (başqa qiymətlilərin) yoxlamanın sonunda kassirin öhdəsində qalması barədə qeyd aparılır.

Komissiya tərəfindən pul vəsaitlərindən əskikgəlmələr üzrə məbləğlər aşkar edildikdə onların səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə həmin məbləğlər bu şəxslərin hesabına ödənilir. Pul vəsaitlərindən artıqgəlmələr isə aşkar edildikdə, həmin məbləğlər təşkilatın gəlirinə aid edilir

5.3. Yoxlama zamanı nağd pulun və qiymətlilərin mühafizəsinin təminatı məsələsinə xüsusi diqqət yetirilməlidir.

5.4. Kassa məxaric orderində, yaxud onu əvəz edən başqa sənəddə pul alanın imzası ilə təsdiq olunmadan kassadan pul verilməsi kassada nağd pulun çatışmazlığı sayılır və həmin məbləğ kassirdən tutulur.

Kassa intizamına riayət olunmamasına nəzarət zamanı kassada kassa mədaxil orderi ilə əsaslandırılmayan nağd pul aşkar olunarsa bununla bağlı müvafiq məsul şəxsin izahatı alınır və həmin məbləğ dərhal kassa mədaxil orderi əsasında kassaya mədaxil olunur.

5.5. Büdcə təşkilatlarında kassa əməliyyatları aparılması qaydalarının icrası müvafiq maliyyə orqanları tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlanılır.

5.6. Bu qaydaların tələblərinin pozulmasına görə büdcə təşkilatının və ya onun müvafiq struktur bölməsinin rəhbəri, baş mühasibi və kassiri qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.

«Azərbaycan Respublikasının normativ aktlarının büllleteni»ndə dərc edilmişdir (№– 1, 2009-cu il, s. 9).

16 iyun 2009-cu il tarixli, İ-72 nömrəli; 21 aprel 2010-cu il tarixli, I-64 nömrəli Əmrlərə əsasən dəyişikliklərlə.