Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli, 392-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli, 392-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli, 392-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını bir ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 72.2-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası»nı 10 gün müddətində müəyyənləşdirib təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli, 392-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 72.2-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli, 392-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı zəruri tədbirlər görsün.

4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 29 iyun 2007-ci il
№– 604

«Azərbaycan» qəzetində dərc edilmişdir (30 iyun 2007-ci il, №– 141).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2007-ci il, №– 6, maddə 617).