Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının «bir pəncərə» prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 25 oktyabr tarixli, 2458 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. «Maliyyə-sənaye qrupları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 sentyabr tarixli, 490 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №– 2, maddə 102; 2001-ci il, №– 10, maddə 640; 2003-cü il, №– 10, maddə 565) 2-ci bəndinin üçüncü abzasında «Ədliyyə» sözü «Vergilər» sözü ilə əvəz edilsin.

2. «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli, 522 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №– 4, maddə 273; 2000-ci il, №– 12, maddə 844; 2001-ci il, №– 10, maddə 640; 2004-cü il, №– 7, maddə 526; 2006-cı il, №– 7, maddə 590; Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 fevral tarixli, 550 nömrəli Fərmanı) 1-ci bəndinin beşinci abzasında «7.2-ci yarımbəndinin 1-ci abzasında» sözlərindən sonra «(birinci halda)» sözləri, altıncı abzasında isə «1-ci abzasında» sözlərindən sonra «(ikinci halda)» sözləri əlavə edilsin və «Ədliyyə» sözü «Vergilər» sözü ilə əvəz edilsin.

3. «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 171 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №– 8, maddə 481; 2001-ci il, №– 10, maddə 640; 2003-cü il, №– 10, maddə 573) 2-ci bəndinin üçüncü abzasında «müvafiq ədliyyə orqanları öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər» sözləri «Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir» sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №– 8, (III kitab), maddə 606; 2001-ci il, №– 10, maddə 640; 2002-ci il, №– 4, (II kitab), maddə 189, №– 10, maddə 592; 2003-cü il, №– 10, maddələr 566, 569; 2004-cü il, №– 6, maddə 432; 2005-ci il, №– 5, maddələr 400, 403, 405; 2006-cı il, №– 7, maddə 590, №– 8, maddə 678, №– 9, maddə 742; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 noyabr tarixli, 649 nömrəli Fərmanı) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 18.2-ci bəndində «Ədliyyə» sözü «Vergilər» sözü ilə əvəz edilsin.

5. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli, 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №– 8, (III kitab), maddə 609; 2001-ci il, №– 10, maddə 640; 2003-cü il, №– 8, maddə 435, №– 10, maddə 552; 2004-cü il, №– 6, maddə 435; 2005-ci il, №– 2, maddə 64, №–5, maddə 403; 2006-cı il, №– 7, maddə 590, №– 12, maddə 1034; 2007-ci il, №– 3, maddə 228, №– 6, maddə 606; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli, 662 nömrəli Fərmanı) 3-cü bəndinin ikinci abzasında «qeydiyyat şöbələri» sözlərindən sonra «, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi» sözləri əlavə edilsin, beşinci abzasından isə «129.1-ci, və» sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №– 3, maddə 162; 2005-ci il, №– 9, maddə 797; 2006-cı il, №– 5, maddə 400; 2007-ci il, №– 4, maddə 323) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»yə aşağıdakı məzmunda 9.9-1-ci bənd əlavə edilsin, 11.21-ci bənd isə çıxarılsın:

«9.9-1. kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirir və dövlət reyestrini aparır və bununla bağlı məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə aidiyyəti dövlət orqanlarına göndərir;».

7. «Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 sentyabr tarixli, 783 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №– 9, maddə 556; 2006-cı il, №– 7, maddə 590) 7-ci bəndinin ikinci abzası çıxarılsın.

8. «Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 977 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №– 10, maddə 582; 2007-ci il, №– 8, maddə 769) 1-ci bəndinin beşinci yarımbəndinin üçüncü abzasında «Ədliyyə» sözü «Vergilər» sözü ilə əvəz edilsin.

9. «Azərbaycan Respublikası Prezidentinin hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı bəzi fərmanlarına dəyişikliklər edilməsi və bəzi fərmanlarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 dekabr tarixli, 149 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №– 12, maddə 995; 2006-cı il, №– 8, maddə 677) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«2.1. qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatı üzrə səlahiyyətləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin isə dövlət qeydiyyatı üzrə səlahiyyətləri Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi həyata keçirirlər;»

9.2. 2.3-cü bəndində «bütün hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin» sözləri «digər qeyri-kommersiya hüquqi şəxslərin» sözləri ilə əvəz edilsin.

10. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli, 521 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli, 238 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №– 5, maddə 403) 7-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«7. Müəyyən edilsin ki:

7.1. «Siyasi partiyalar haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və onuncu hissələrində və «Azərbaycan Respublikasının Təhsil Qanunu»nun 13-cü maddəsinin birinci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

7.2. «Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsində və «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.».

11. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli, 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №– 4, maddə 323, №– 12, maddə 1034) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə»nin 8.7-ci (hər iki halda), 9.9-cu, 9.11-ci və 9.12-ci bəndlərində «hüquqi şəxslərin» və 10.6-cı bənddə «hüquqi şəxsin» sözlərinin əvvəlinə «qeyri-kommersiya» sözləri əlavə edilsin.

12. «Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli, 452 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №– 8, maddə 677) 4-cü bəndi çıxarılsın.

13. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

13.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

13.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

13.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

14. Bu Fərman «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının «bir pəncərə» prinsipinə uyğun təşkili ilə əlaqədar dəyişikliklər edəcək müvafiq Qanunla eyni gündə qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV

Bakı şəhəri, 28 dekabr 2007-ci il
№– 696

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 2007-ci il, №– 293).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2007-ci il, №– 12 (126), maddə 1246).