Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab- fakturasının vahid formasının tərtib edilməsi” Qaydası

Azərbaycan Respublikası vergilər nazirinin
29 sentyabr 2016-cı il tarixli 1617040101467300 №–-li
əmri ilə təsdiq edilmişdir

 

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab-fakturasının vahid forması” Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2016-cı il tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması Qaydası”na əsasən alıcıların tələbi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsində elektron vergi hesab-fakturası hazırlanır, qeydə alınır, çap edilir və hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə təsdiqlənməklə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təqdim edilir.

Elektron vergi hesab-fakturalarının seriyaları və nömrələri Azərbaycan Respublikasının Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə verilir. Elektron vergi hesab-fakturasının hazırlanaraq qeydə alındığı tarix həmin elektron vergi hesab-fakturasının verilmə tarixi sayılır və bu tarix elektron vergi hesab-fakturasında proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd olunur.

Elektron vergi hesab-fakturasının «Satıcı» rekvizitində malları satan vergi ödəyicisinin (satıcının) adı, soyadı, təsərrüfat subyektinin ünvanı və VÖEN-i , «Alıcı» rekvizitində isə malların alıcısının adı və soyadı göstərilməlidir. Eyni zamanda alıcının pasport seriyası, nömrəsi və vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin gəldiyi ölkənin) qeyd olunmalıdır.

«Sıra №––si» sütunu - alıcıya (sifarişçiyə) təqdim edilmiş malların adları ardıcıl nömrələnir.

«Satılmış malların adı» sütunu - satılmış malların adları göstərilir.

«Ölçü vahidi» sütunu - malların ölçü vahidi göstərilir.

«Miqdarı» sütunu - malların ölçü vahidi ilə miqdarı (həcmi) əks olunur.

«Vahidinin qiyməti» sütunu - malların  müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV nəzərə alınmadan) qeyd olunur.

«Satılmış malların dəyəri (ƏDV-siz)» sütunu - “Miqdarı” və “Vahidin qiyməti” sütunlarında göstərilən rəqəmlər vurulmaqla əks olunur.

«Vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV» sütunu - «Satılmış malların dəyəri (ƏDV-siz)» sütununda göstərilən məbləğin ƏDV-nin Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcəsinə vurmaqla alınmış məbləğ əks olunur.

«Satılmış mallar üçün məbləğ» sütunu - «Satılmış malların dəyəri (ƏDV-siz)» sütunu ilə «Vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV» sütununda göstərilən məbləğlərin cəmini əks etdirən məbləğ qeyd olunur.

«Qaytarılacaq ƏDV məbləği» sətri - «Vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV»  sütununda göstərilən məbləğlərin cəmi əsasında proqram təminatı vasitəsilə hesablanaraq avtomatik olaraq qeyd olunur.

«Deadline of VAT refund/Последний день возврата НДС» sətri - elektron vergi hesab-fakturasının hazırlanaraq qeydə alındığı tarixdən 90 gün hesablanaraq proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd olunur.

«Dövlət Gömrük Komitəsinin səlahiyyətli şəxsi» sətri - Dövlət Gömrük Komitəsinin səlahiyyətli şəxsinin adı, soyadı, vəzifəsi qeyd olunur və  elektron vergi hesab-faktura onun tərəfindən imzalanmaqla, möhürlə təsdiq olunur.  

«Alıcının bank kartının və ya hesabının rekvizitləri (alıcının istəyi əsasında)» bölməsi - «Bank kartının sahibinin adı», «Soyadı»  və «Hesabının №–si» sətirləri alıcının təqdim etdiyi məlumatlar əsasında doldurulur.

«Operatorun rekvizitləri» və «Müvəkkil bankın rekvizitləri» sətirləri üzrə məlumatlar proqram təminatı vasitəsilə avtomatik olaraq qeyd olunur.

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab-fakturasının vahid forması”nın bütün xanalarının doldurulması zəruridir. Eyni zamanda elektron vergi hesab- fakturasında məbləğ milli valyutada (manatla) göstərilməlidir.