Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

​​​​​​​Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması Qaydaları

Azərbaycan Respublikası vergilər nazirinin
07 avqust 2017-ci il tarixli 1717040101124300 nömrəli əmri ilə təsdiq edilmişdir.

 

1. Ümumi müddəalar

 

1.1. “Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması Qaydaları” (bundan sonra - Qaydalar) Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmış və şadlıq evlərində, restoranlarda, digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirlərinin düzgün müəyyənləşdirilməsi və uçotunun aparılması, onların fəaliyyətlərinə nəzarət, habelə xidmət göstərdikləri ictimai iaşə obyektlərinin məxsus olduğu vergi ödəyicilərinin məlumatlandırılmasını və bu sahədə görüləcək işləri tənzimləyir.

1.2. Qaydaların məqsədi şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində (bundan sonra – ictimai iaşə obyektləri) müğənnilik və ya ansambl (qrup) formasında musiqiçilik fəaliyyəti göstərən şəxslərin əldə etdikləri gəlirlərin uçotunun aparılması və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan (“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla fəaliyyət göstərməli olan) şəxslərin müəyyənləşdirilməsi üçün Qeydiyyat kitabının tətbiqi, bu istiqamətdə zəruri tədbirlərin görülməsindən ibarətdir.

1.3. Bu Qaydaların məqsədləri üçün Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri dedikdə aşağıdakılar nəzərdə tutulur:

1.3.1. toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq,  aşıqlıq,  məzhəkəçilik və digər oxşar fəaliyyət;

1.3.2. fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət.

1.4. Qaydalar aşağıdakı prosedurları əhatə edir:

1.4.1. “Musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətləri göstərən şəxslərin qeydiyyatı kitabı”nın (bundan sonra – Qeydiyyat kitabı) tətbiqi;

1.4.2. Qeydiyyat kitabında qeyd olunmuş məlumatların qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi;

1.4.3. Qeydiyyat kitabı barədə məlumat forması (bundan sonra – məlumat forması) təqdim edilmədikdə görülməli tədbirlər;

1.4.4.Təqdim edilmiş məlumatlar üzrə görülməli tədbirlər;

1.4.5. Təqdim edilmiş məlumatlar üzrə risk qiymətləndirilməsi.

1.5. Qaydalarda nəzərdə tutulan prosedurları həyata keçirmək, nəzarət etmək, təhlillər aparmaq, habelə müvafiq məlumatları almaq məqsədi ilə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi və “Axtarış&Hesabat” informasiya sistemində bu məqsədlə yaradılmış proqram təminatından və hesabatlardan istifadə edilir.

 

2. Qeydiyyat kitabının tətbiqi

 

2.1. Bu Qaydalarda nəzərdə tutulan ictimai iaşə obyektləri yerləşdiyi ərazi üzrə vergi orqanları tərəfindən Qaydaların 1 nömrəli Əlavəsinə uyğun olaraq Qeydiyyat kitabı ilə təmin edilirlər.

2.2. Təsərrüfat subyektlərində (obyektlərində) Qeydiyyat kitabının tətbiqi nəzərdə tutulan vergi ödəyicilərinin siyahısı vergi orqanlarının vergi ödəyicilərinin vergi potensialının müəyyən edilməsi istiqamətində təhlillərin aparılması ilə məşğul olan strukturları tərəfindən rübdə 1 dəfədən az olmayaraq müəyyən edilərək vergi ödəyicilərinə xidmət strukturlarına təqdim edilir.

2.3. Qeydiyyat kitabı vergi orqanları tərəfindən nömrələnir, qaytanlanır və möhürlənir.

2.4. Qeydiyyat kitabının vergi ödəyicisinə təqdim edilməsi barədə həmin kitabın titul vərəqində (Qaydaların 1 nömrəli əlavəsində göstərilən formada) qeyd aparılır. Vergi ödəyicisi Qeydiyyat kitabının tətbiqinin məqsədi, doldurulma qaydası, vergi orqanına məlumatın təqdim edilməsi forması barədə məlumatlandırılır.

2.5. Qeydiyyat kitabında müvafiq qeydlər hər bir müğənninin, ansamblın (qrupun) və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan şəxslərin çıxışına (ifasına) başlamazdan əvvəl aparılır.

2.6. İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən Qeydiyyat kitabında göstərilmiş məlumatlar Qaydaların 3-cü bəndində göstərilən müddətdə və formada uçotda olduğu vergi orqanına təqdim edilir.

2.7. Vergi orqanında vergi ödəyicilərinə təqdim edilən Qeydiyyat kitablarının uçotu bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən formada aparılır.

2.8. Bu Qaydaların müddəalarına uyğun olaraq Qeydiyyat kitabının tətbiqi elektron formada aparıla bilər.

 

3. Məlumatların vergi orqanına təqdim edilməsi

 

3.1. Təsərrüfat subyektlərində (obyektlərində) Qeydiyyat kitabı tətbiq olunan vergi ödəyiciləri tərəfindən Qeydiyyat kitabında qeyd olunan məlumatlar hər ay başa çatdıqdan sonra növbəti ayın 10-dək bu Qaydaların 3 nömrəli Əlavəsində nəzərdə tutulan formada vergi orqanına təqdim edilir.

3.2. Vergi ödəyiciləri tərəfindən Qeydiyyat kitabında qeyd  olunan məlumatların vergi orqanına vaxtında təqdim edilməsi barədə vergi ödəyicilərinə xidmət strukturları tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır, o cümlədən qanunvericiliyin tələbləri barədə məlumatlandırılır.

3.3. Qeydiyyat kitabında qeyd olunan məlumatlara əsasən tərtib edilən məlumat forması vergi ödəyiciləri tərəfindən kağız daşıyıcılarda (poçt vasitəsi ilə və ya əlbə-əl) və ya Vergilər Nazirliyinin İnternet vergi idarəsində real vaxt rejimində elektron qaydada tərtib edilib vergi orqanına təqdim edilə bilər.

3.4. Vergi ödəyicisi tərəfindən Vergilər Nazirliyinin İnternet vergi idarəsində real vaxt rejimində elektron formada təqdim edilmiş məlumat formasının məlumatları “Axtarış&Hesabat” informasiya sisteminin müvafiq hesabatlarına inteqrasiya olunur.

3.5. Məlumat forması kağız daşıyıcılarda təqdim edildikdə (və ya elektron qaydada təqdim edilməsinə baxmayaraq Vergilər Nazirliyinin İnternet vergi idarəsində real vaxt rejimində elektron qaydada tərtib edilmədikdə) məlumatların Avtomatlaşdırılmış Vergi İnformasiya Sisiteminin proqram təminatının “Musiqiçilərlə iş” pəncərəsi vasitəsilə sistemə daxil edilməsi məqsədi ilə həmin məlumat forması icra üçün vergi ödəyicilərinə xidmət strukturlarına göndərilir. Eyni zamanda vergi ödəyicilərinə xidmət strukturları tərəfindən həmin vergi ödəyicilərinin gələcəkdə Məlumat formasını Vergilər Nazirliyinin İnternet vergi idarəsində real vaxt rejimində elektron qaydada tərtib edib vergi orqanına göndərilməsi istiqamətində məlumatlandırılması işləri aparılır.

3.6. Vergi orqanlarının vergi ödəyicilərinin vergi potensialının müəyyən edilməsi istiqamətində təhlillərin aparılması ilə məşğul olan strukturları tərəfindən hər ayın 15-dək baza məlumatlarının təhlillərinin nəticələrinə əsasən müvafiq məlumat formasını Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə təqdim etməyən vergi ödəyicilərinin siyahısı müəyyənləşdirilir və 10 gün ərzində müvafiq məlumatlandırma işlərinin aparılması üçün vergi ödəyicilərinə xidmət strukturlarına təqdim edilir.

3.7. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən məlumat formasını bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə təqdim etməyən vergi ödəyiciləri ilə məlumat formasınının müəyyən olunmuş qaydada təqdim edilməsi barədə  müvafiq məlumatlandırma-izahat tədbirləri həyata keçirilir.

3.8. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən aparılan məlumatlandırma-izahat tədbirlərindən sonra da 10 iş gün ərzində məlumat forması təqdim edilmədikdə, həmin vergi ödəyiciləri barədə məlumatlar, risk meyarı kimi qiymətləndirilərək gələcəkdə həmin vergi ödəyiciləri ilə bağlı keçiriləcək vergi nəzarəti tədbirləri zamanı nəzərə alınması məqsədi ilə operativ nəzarət funksiyalarını həyata keçirən strukturlara təqdim edilir.

3.9. Qeydiyyat kitabının tətbiqi nəzərdə tutulan, lakin kitabdakı məlumatları və məlumat formasını bu Qaydalara uyğun tərtib və təqdim etməyən obyektlər vergi orqanı tərəfindən xüsusi nəzarətə götürülür, mütəmadi müşahidə-baxış tədbirləri keçirilməklə Qeydiyyat kitabının düzgün tətbiqi onlara tövsiyyə edilir.

 

4. Təqdim edilmiş məlumatlar üzrə görülməli tədbirlər

 

4.1. İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən müvafiq qaydada təqdim olunmuş məlumatlar vergi orqanlarının vergi ödəyicilərinin vergi potensialının müəyyən edilməsi istiqamətində təhlillərin aparılması ilə məşğul olan strukturu tərəfindən ayda 1 dəfədən az olmayaraq “Axtarış&Hesabat” informasiya sistemindən alınaraq təhlil olunur və  təhlil əsasında aşağıdakı tədbirlər görülür:

4.1.1. Vergi Məcəlləsinin 220.10-cu maddəsinə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan şəxslərin VÖEN-i olduğu halda, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” alıb-almaması yoxlanılır. Qəbz alınmadığı müəyyən olunduqda, qəbzin alınması istiqamətində 10 iş günü ərzində müvafiq məlumatlandırma işlərinin görülməsi məqsədi ilə siyahılar vergi ödəyicilərinə xidmət strukturlarına təqdim olunur.

4.1.2. Qeydiyyat kitabında VÖEN-i olmayan şəxslər olduğu halda, müvafiq məlumatlandırma işlərinin görülməsi məqsədi ilə siyahılar vergi ödəyicilərinə xidmət strukturlarına təqdim olunur.

4.2. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən bu Qaydaların 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərinə uyğun təqdim olunmuş siyahılar üzrə vergi orqanında uçota alınmayan və (və ya) sabit vergi üzrə qəbzi olmayan şəxslərin vergi orqanında uçota alınması və qəbzin verilməsi məqsədi ilə həmin şəxslərlə bütün mümkün xidmət kanallarından istifadə etməklə məlumatlandırma tədbirləri görülür, habelə məlumat təqdim etmiş ictimai iaşə obyektlərində ünvanlı məlumatlandırma xidmətləri həyata keçirilir.

4.3. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən aparılan məlumatlandırma işlərindən sonra da kənarlaşmanı aradan qaldırmayan (VÖEN almayan, Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz almayan və s.) şəxslərin siyahısı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi məqsədi ilə operativ nəzarət funksiyalarını həyata keçirən strukturlara təqdim edilir.

4.4. Müğənnilik fəaliyyəti ilə məşğul olan və ansambl (qrup) formasında musiqiçilik fəaliyyəti göstərən şəxslərin gəlirləri barədə məlumatlar həmin şəxslərin həmin dövr üzrə təqdim edilmiş vergi bəyannamələrinin məlumatları ilə proqram təminatı tərəfindən avtomatik olaraq qarşılaşdırılır, kənarlaşmalar aşkar olunduqda kameral vergi yoxlaması ilə müvafiq tədbirlər görülür.

 

5. Təqdim edilmiş məlumatlar üzrə risklərin müəyyən edilməsi

 

5.1. Vergi orqanlarının iqtisadi təhlil və risklərin müəyyənləşdirilməsi ilə məşğul olan müvafiq struktur vahidi tərəfindən ildə 2 dəfədən az olmayaraq aşağıdakı istiqamətlərdə məlumatlar təhlil edilərək riskli vergi ödəyicilərinin siyahısı müəyyənləşdirilir:

5.1.1. İctimai iaşə obyekti olub, lakin məlumat forması təqdim etməyən və ya təqdim edilmiş məlumatların düzgünlüyündə risk  ehtimalı olan vergi ödəyiciləri;

5.1.2. Müğənnilik və ansambl fəaliyyəti ilə məşğul olan şəxslər üzrə qarşılıqlı əlaqələrə, KİV-dən (reklamlar, anonslar) əldə edilmiş məlumatlar ilə onlar barədə təqdim edilmiş məlumatlar arasında kənarlaşma olan və ya barələrində ümumiyyətlə məlumat olmayan şəxslər;

5.1.3. Eyni müğənni və ya ansambl (qrup) barədə ayrı-ayrı vergi ödəyiciləri tərəfindən fərqli məlumatların təqdim edilməsi üzrə;

5.1.4. Baza məlumatlarına əsasən fəaliyyəti aktiv olan, lakin barəsində məlumat forması təqdim edilməyən müğənnilər və ansambllar;

5.1.5. Təqdim etdikləri məlumat forması ilə həmin dövr üzrə vergi bəyannamələri arasında kənarlaşma (keçirilmiş tədbir sayına uyğun orta günlük dövriyyə və s.) ehtimal olunan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;

5.1.6. Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri üzrə vergi orqanında uçota alınan, lakin təqdim edilmiş məlumatlara əsasən barələrində məlumat olmayan və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almayan vergi ödəyiciləri.

 

7. Yekun müddəalar

 

6.1. İctimai İaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyətlə məşğul olan, habelə fərdi foto, audio-video xidmətləri göstərən şəxslərin vergi orqanlarında uçota alınması, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz”in verilməsi, vergilərin hesablanması, məsuliyyət tədbirlərinin görülməsi zamanı vergi orqanları tərəfindən həyata keçiriləcək tədbirlər qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əsasən həyata keçirilir.

6.2. Bu Qaydaların tələblərini pozan vergi orqanının vəzifəli şəxsləri intizam məsuliyyəti daşıyırlar.

 

*   *   *

 

Azərbaycan Respublikası vergilər nazirinin  07 avqust 2017-ci il tarixli 1717040101124300 nömrəli əmri ilə təsdiq edilmiş “Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması Qaydaları”na 1 nömrəli əlavə

Azərbaycan Respublikası vergilər nazirinin  07 avqust 2017-ci il tarixli 1717040101124300 nömrəli əmri ilə təsdiq edilmiş “Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması Qaydaları”na 2 nömrəli əlavə

Azərbaycan Respublikası vergilər nazirinin  07 avqut 2017-ci il tarixli 1717040101124300 nömrəli əmri ilə təsdiq edilmiş “Şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması Qaydaları”na 3 nömrəli əlavə