Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında Qərar N 10
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Bakı şəhəri, 8 yanvar 2001-ci il
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. «Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları»nın 4.2.-ci bəndinin 4.2.3.-cü yarımbəndi 2001-ci il mayın 1-dən qüvvəyə minir.
3. «Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları»nın 4.2.-ci bəndinin 4.2.3.-cü yarımbəndinin qüvvəyə minməsi tarixinədək pivə məhsullarına «alkoqollu içkilər» aksiz markaları tətbiq edilsin.
4. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2001-ci il, №– 1, maddə 59).
14 iyun 2003-cü il tarixli, 83 nömrəli; 20 noyabr 2007-ci il tarixli, 188 nömrəli; 6 yanvar 2009-cu il tarixli, 1 nömrəli qərarlara əsasən əlavə və dəyişikliklərlə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmişdir
Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi Qaydaları
1. Ümumi müddəalar
Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli mallardan aksiz markaları ilə markalanmalı olan malları və həmin mallara aksiz markalarının tətbiqi qaydalarını müəyyən edir.
2. Aksiz markaları ilə markalanmalı olan mallar
2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində qeyd olunan aksizli mallardan aşağıda göstərilən mallar (qablaşdırılmamış halda istisna olmaqla) aksiz markaları ilə markalanmalıdır:
2.1.1. içməli spirt;
2.1.2. spirtli içkilərin bütün növləri;
2.1.3. pivə;
2.1.4. tütün məmulatları.
3. Aksiz markalarına olan ümumi tələblər
3.1. Markalanmalı olan mallara tətbiq olunan aksiz markalarının üzərində aşağıda göstərilənlər əks olunmalıdır:
3.1.1. Azərbaycan Respublikasının simvolları;
3.1.2. seriya;
3.1.3. sıra nömrəsi;
3.1.4. təyinatı («daxili istehsal», «idxal» və yaxud «müsadirə»);
3.1.5. növü («etil (yeyinti) spirti», «alkoqollu içkilər», «pivə», «tütün məmulatı»).
3.2. Eyni seriyaya malik olan aksiz markalarının sıra nömrələri təkrarlanmamalı, «daxili istehsal», «idxal» və «müsadirə» üçün nəzərdə tutulmuş aksiz markalarının rəngləri bir-birindən fərqlənməlidir.
4. Aksiz markalarının tətbiq edilməsi
4.1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən, həmçinin müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş bu Qaydaların 2-ci bəndində göstərilən markalanmalı olan mallara (bundan sonra — markalanmalı mallar) aksiz markaları bu Qaydalarda göstərildiyi kimi tətbiq olunmalıdır.
4.2. Bu Qaydaların 2-ci bəndində göstərilən markalanmalı malların növündən asılı olaraq, aşağıda göstərilən aksiz markaları tətbiq edilir:
4.2.1. içməli spirtə – «etil (yeyinti) spirti» aksiz markası;
4.2.2. spirtli içkilərin bütün növlərinə – «alkoqollu içkilər» aksiz markası;
4.2.3. pivəyə – «pivə» aksiz markası;
4.2.4. tütün məmulatlarına – «tütün məmulatı» aksiz markası.
4.3. Azərbaycan Respublikasının ərazisində istehsal olunan markalanmalı mallara tətbiq edilən aksiz markaları bu malların istehsal olunduğu yerdə onların istehsalçıları tərəfindən yapışdırılır.
4.4. Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı mallara (pivə istisna olmaqla) tətbiq edilən aksiz markaları, həmin malların istehsalçıları və ya Azərbaycan Respublikasının hüdudlarından kənar onların satışında vasitəçilik fəaliyyətini həyata keçirən subyekt tərəfindən yapışdırılır.
4.5. Azərbaycan Respublikasının ərazisinə idxal olunan markalanmalı mallara tətbiq edilən aksiz markalarının ölkə ərazisindən çıxarılması və geri qaytarılması gömrük orqanları tərəfindən rəsmiləşdirilir. Gömrük yığımlarının tətbiqi mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
4.6. Azərbaycan Respublikasının ərazisinə idxal olunan pivəyə tətbiq olunan aksiz markaları Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrində həmin malı idxal edən şəxs tərəfindən gömrük orqanlarının əməkdaşlarının nəzarəti altında yapışdırılır.
4.7. Aksiz markaları markalanmalı malların şəffaf sellofan örtüyünün (istehsalda nəzərdə tutulubsa) altında (müvafiq dövlət orqanları tərəfindən müsadirə olunmuş markalanmalı mallar istisna olmaqla) yapışdırılır. Məhsul istifadə üçün açıldıqda, həmin markalar təkrar istifadə üçün yararsız hala düşməlidir.
4.8. Aksiz markaları malın üzərinə yapışdırılarkən rekvizitləri aydın görünməli, əzilməsinə yol verilməməli və onların gələcəkdə malın üzərindən zədələnmədən ayırılması ehtimalı mümkün olmamalıdır.
4.9. Aksiz markası (pivə üçün nəzərdə tutulan qabın qapağına yapışdırılan aksiz markaları istisna olmaqla) spirtli içkilərin, içməli spirtin və pivənin qablarına elə yapışdırılmalıdır ki, markanın bir hissəsi qabın boğazlığının yan tərəfinə, digər hissəsi isə qapağın üst tərəfinə düşsün.
Aksiz markalarını pivə qapağının üstünə yapışdırmaq üçün avadanlıqları olan pivə istehsalçıları həmin markaları pivə qablarının qapağının üzərinə yapışdırırlar.
4.10. Tütün məmulatının qutusundan asılı olaraq aksiz markası aşağıda göstərilən şəkildə yapışdırılmalıdır:
4.10.1. tütün məmulatının qutusu bərk olduqda, aksiz markası onun arxa tərəfinə yapışdırılmalı və qapağın bir hissəsini yan tərəfindən əhatə etməlidir:
4.10.2. tütün məmulatının qutusu yumşaq olduqda, aksiz markası onun üst tərəfinin mərkəz hissəsinə və hər iki tərəfin hissələrinə yapışdırılmalıdır.
5. Məsuliyyət
5.1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal edilən markalanmalı məhsulların aksiz markaları ilə markalanmamasına görə məsuliyyəti müvafiq olaraq daxili istehsalçılar və idxalçılar, həmin məhsulların aksiz markası olmadan satışına görə isə onları satan şəxslər daşıyırlar.
5.2. Aksiz markalarını digər şəxslərə ötürən, qanunsuz əldə edən və onları istifadə edən, saxtalaşdıran, saxta aksiz markalarını istifadə edən və bu Qaydalara riayət etməyən şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
6. Nəzarət
Bu Qaydaların icrasına nəzarəti öz aidiyyəti üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.