Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının Qərarı

N 1917050000004800

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 3.1.1-ci, 3.1.2-ci və 3.1.4-cü yarımbəndlərinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR

 

1. “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Kart təşkilatları tərəfindən nağdsız qaydada aparılmış ödənişlər barədə təqdim edilməli məlumat” forması təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı olan mühasibat uçotu subyektləri tərəfindən təqdim olunmalı məlumatların siyahısı və forması” təsdiq edilsin (3-14 nömrəli əlavələr).

4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edildikdən sonra bu Qərarla təsdiq edilmiş normativ hüquqi aktların Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

6. Müəyyən edilsin ki:

6.1. Bu Kollegiya Qərarının 2-ci hissəsi ilə təsdiq edilmiş “Kart təşkilatları tərəfindən nağdsız qaydada aparılmış ödənişlər barədə təqdim edilməli məlumat” forması Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən ediləcək “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası” ilə eyni gündə;

6.2. Bu Kollegiya Qərarının 3-cü hissəsi ilə təsdiq edilmiş “Mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı olan mühasibat uçotu subyektləri tərəfindən təqdim olunmalı məlumatların siyahısı və forması” “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslərlə bağlı ediləcək dəyişikliklə eyni gündə qüvvəyə minir.

7. Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Nazir,
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri 
Mikayıl Cabbarov