Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrini (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) həyata keçirən şəxslərə Vergi Məcəlləsinin XVIII fəslinin müddəaları şamil edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyətinin pandemiyadan zərər çəkən fəaliyyət sahələrinə adi edilib-edilməməsinin faktiki uçot məlumatları əsasında müəyyən edilməsi üçün aidiyyəti sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 222-ci və 224-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyiciləri kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən "Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.

“Sosial sığorta haqqında” Qanuna əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 30 manat sosial sığorta haqqı ödəməlidir. 

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci, 221-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul elan edildikdə müsabiqənin test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı “İşə qəbul” bölməsinin müvafiq altbölməsində yerləşdirilmişdir (https://www.taxes.gov.az/az/page/ise-qebul).

Saytımızda yerləşdirilən ədəbiyyat siyahısı dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunacaq 100 test tapşırığından 80-ni əhatə edir.

Müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunan 100 test tapşırığının 20-ni məntiqi təfəkkürün müəyyən edilməsi istiqamətində tapşırıqlar təşkil edir və bununla bağlı əlavə məlumat üçün Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Sığortaolunanın fərdi uçota alınması və uçotdan çıxarılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna və ya "DOST" mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.

Bununla bağlı İqtisadiyyat Nazirliyi tərəfindən 4 (dörd) mərhələdən ibarət olmaqla, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin göstərilməsi həyata keçirilmiş, eyni zamanda Vergi Məcəlləsinə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni XVIII fəsil əlavə edilmişdir. 

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Sorğunuzda qeyd olunan işçilərə əməkhaqqının ödənilməməsi ilə bağlı hər hansı qərar mövcud deyil.

Eyni zamanda bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin isə bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

 

Ümumi qiymət: 4/52
Qiymət ver:

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Həyatın yığım sığortasına yönəldilən gəlirlər işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarından azad olmadığı üçün həmin məbləğ  işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına cəlb olunur.

Ümumi qiymət: 3/53
Qiymət ver:

Sorğunuzda qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün lisenziya və ya icazənin alınıb-alınmaması barədə məlumat almaq üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) müraciət etməyiniz daha məqsədəuyğundur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki,  Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli 226 saylı Qərarına əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarından az olmamalıdır. 

Göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müəyyən edilmişdir.

Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş  “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Eyni zamanda dövlət və bələdiyyə torpaqlarının icarəyə götürülməsi zamanı icarə haqqının müəyyən edilməsi Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmədiyindən qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə icarəyə verən bələdiyyə orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 206-cı, 207-ci, "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli 226 nömrəli və 2000-ci il 29 dekabr tarixli 230 nömrəli qərarları.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Gəliri ödəyən şəxslər gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və "Ödəmə mənbəyində tutulan vergi" bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

Sorğunuzda qeyd olunan halda, əvvəlki ildə təqdim etdiyiniz mallara görə ödəmə mənbəyində vergi tutulduğu üçün, həmin gəlirlərin yenidən vergiyə cəlb olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

Vergi ödəyicisi kimi uçota alındıqdan sonra təqdim etdiyiniz mallara görə qarşı tərəfə elektron qaimə-faktura təqdim etməli, fəaliyyətiniz topdansatış fəaliyyəti olduğu üçün gəlir vergisi ödəyicisi kimi əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən, mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 3-cü, 101-ci, 71-ci və 150-ci maddələri və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsi.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərinə aiddir. Bu zaman həmin gəlirlərdən ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergi tutulur.

Yuxarıda qeyd olunanlara əsasən, icarəçi ödəmə mənbəyində vergini tutub qalan vəsaiti icarəyə verən şəxsə ödəyir. Bu halda vergi yükü icarəyə verən şəxsin üzərinə düşdüyünü nəzərə alaraq, ödəmə mənbəyində tutulan vergi məbləğinin  icarəçinin gəlirindən çıxılan xərc kimi nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 108-ci, 109-cu və 124-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda sorğuda qeyd olunan təsərrüfat subyekti (mağaza) fiziki şəxsdən icarəyə götürüldüyü halda ödənilən icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101-ci, 124-cü və 220-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.2.7-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizədə vergi ödəyicisi artıq ödəmənin adı və təsnifat kodunu, ödənilmə tarixini, yaranma səbəbini, məbləğini (rəqəmlə və sözlə, manatla) qeyd etməlidir.

Ərizənin doldurulması haqda köməkliyin göstərilməsi üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları.

Ümumi qiymət: 0/50
Qiymət ver:

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla  bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. 

Ümumi qiymət: 0/50
Qiymət ver: