Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda İnternet Vergi İdarəsi portalı üzərindən hüquqi şəxsin fəaliyyətinin onlayn rejimdə yenidən dayandırılması mümkündür. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, arayışda qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə vergi ödəyicisinin fəaliyyətinin dayandırılması haqqında müraciətində göstərilən son tarixdən etibarən fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidməti keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Sorğunuzda qeyd olunan çeklər üzrə ƏDV-nin müəyyən olunmuş hissəsinin geri qaytarılması təmin edilmişdir. 

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər.

Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Eyni zamanda bildiririk ki, icbari tibbi sığorta üzrə sığorta haqları şəxsin fəaliyyəti üzrə gəlir əldə etmədiyi dövrlər üzrə hesablanmır.

Əsas:  “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci və 15-10-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs konvertasiya olunmuş vəsaiti vergiyə cəlb olunmadığı aşkar edildikdə həmin şəxsin belə gəliri (vergidən azad olunan gəlir növü istisna olmaqla) onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilir və Vergi Məcəlləsinin 16-cı, 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınır və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə kameral vergi yoxlaması qaydasında vergilərin hesablanması həyata keçirilir.

Elektron müraciətlərinizin araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Ümumi qiymət: 2/53
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.   

İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əmək haqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman işçiyə hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.4-cü maddəsində nəzərdə tutulan vergi güzəştinin məbləği çıxılır. 

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinin müddəlarına əsasən beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyərinin 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə – 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. 

Eyni zamanda Vergi Məcəlləsinin 101.5-ci maddəsinin müddəlarına əsasən  yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, keçirilən müsabiqədən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisindən azad olunan hissə çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Sorğunuzda qeyd olunan müsabiqənin keçirilməsi gəlirin əldə olunması ilə bağlı olduğu halda, həmin xərclər gəlirdən çıxıla bilər.

 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və tutulmuş vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Ümumi qiymət: 4/58
Qiymət ver:

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. Yenə də qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünürsüzsə, müvəkkil banklara və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. 

Buna əsasən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.
Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.  

Ümumi qiymət: 4/57
Qiymət ver:

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

“Sosial sığorta haqqında” Qanuna əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir

Həmin şəxs, eyni zamanda muzdlu işçi kimi fəaliyyət göstərdikdə sığortaedən tərəfindən ödənilən əməkhaqqından sosial sığorta haqqı tutulmalı və ödənilməlidir. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq  gəliri 200 manat və az olarsa məbləğin 3 faiz, 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. 

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci, 221-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.  

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200.000 manatdan artıq olduğu halda vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci, 159-cu, 172-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Siz banka getmədən onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə vergilərinizi və digər icbari ödənişlərinizi ödəyə bilərsiniz. 

Vergi ödəyicisi www.gpp.az saytına daxil olub "Büdcə ödənişləri" hissəsindən müvafiq qurumu seçərək ( "Dövlət Vergi Xidməti", "Dövlət Sosial Müdafiə Fondu", "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi") özünə məxsus VÖEN-i daxil edib, fəaliyyət növünə uyğun Təsnifat kodunu əlavə edərək kart məlumatları əsasında vergi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəyə bilər.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işdən əldə olunan gəlirə aid edilir.  Eyni zamanda, il ərzində alınan hədiyyənin 1000 manatadək hissəsi gəlir vergisindən azad edildiyi üçün, işçinin aldığı hədiyyənin 1000 manatdan artıq olan hissəsindən ümumi qaydada vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır. Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir. Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 104-cü maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Qeyd olunanlara əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi geri qaytarılır. Sorğuda göstərilən halda fiziki şəxslər tərəfindən tibbi və ya digər xidməltətə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təsbit edir.

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmaları nəzarət-kassa aparatı ilə deyil ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanı yaradılmışdır və vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında məlumat kommersiya (vergi) sirri hesab edilmir. Riskli vergi ödəyiciləri ilə bağlı məlumatlandırma riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm səyyar vergi yoxlaması, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən müddəalarına əsasən riskli vergi ödəyicilərinə münasibətdə bir sıra məhdudiyyətlər tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə müəyyən edilir və Qərar 29.07.2020-ci il tarixdən qüvvəyə minmişdir.

Eyni zamanda, vergi ödəyicisi digər bir vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub, "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə edə bilər. 

Ümumi qiymət: 0/50
Qiymət ver: