Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Sadıqlı Turan sa***@gmail.com ID: 4858
Müəssisə faktiki olaraq Sumqayıtda yerləşir. Hüquqi ünvan isə Cəlilabad şəhəridir və bu səbəbdən 6 saylı Ərazi Vergilər idarəsində qeydiyyatdadır. Qeydiyyatı 2 Saylı Ərazi Vergilər idarəsinə dəyişmək üçün hansı prosedur olmalıdır. Xahiş edirik bu barədə bizə məlumat verəsiniz.
30/06/2021 Oxunub: 106 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanından  kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

İqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınma vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir. Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması barədə müraciətinə Dövlət Vergi Xidmətinin təhlil və uçota nəzarət strukturu tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun baxılır. Sorğunuzla bağlı zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 34.3-1-ci maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 20 avqust tarixli 1917050000012100 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması" Qaydası.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Leyla Kərimova le***@exxonmobil.com ID: 4857
31 dekabr 2021-ci il – 2020-ci vergi ilə üzrə Ölkələrarası Hesabatın təqdim edilməsi üçün son tarix. AÇG Sazişi ile isleyen şirketlere aideti varmı bu hesabatın?
30/06/2021 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının rezidenti olan və Transmilli şirkətlər qrupuna daxil olan Əsas müəssisə, Müvəkkil müəssisə və ya Qrupdaxili müəssisə Hesabat verilən ilin 30 iyun tarixinədək müvafiq bildirişi elektron ərizə vasitəsi ilə Azərbaycan Respublikasının vergi orqanlarına təqdim edir. Qeyd olunan hesabat, hasilatın pay bölgüsü haqqında sazişlər əsasında fəaliyyət göstərən müəssisələrə də aid edilir.

Transmilli şirkətlər qrupuna daxil olan Azərbaycan Respublikasının rezidenti olan müəssisənin hesabatının vergi orqanına təqdim edilməsi müddəti, forması və qaydası ilə səhifəmizin "Beynəlxalq vergi münasibətləri" bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bəylər Baxşəliyev Zahid oğlu be***@aramex.com ID: 4856
Salam. Pegasus MMC beynəlxalq poçt xidməti kimi öz xidməti təklifimizi sizin sorğunuza uyğun olaraq Sizə göndərmək istəyirik. Saytda hara daxil olub sorğuya cavab verə bilərik, zəhmət olmasa köməklik göstərərdiniz. Təşəkkürlər.
30/06/2021 Oxunub: 67 Orta qiymət: 0

Dövlət Vergi Xidməti tərəfindən elan olunan sorğularla bağlı təkliflərinizi office@taxes.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zakir Vəliyev Müzəffər oğlu za***@mail.ru ID: 4854
Tikinti müəssisəsi ƏDV-yə cəlb olunmaqla pilot layihə əsasında çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir. Bağlanmış müqavilələr əsasında sakinlərə məxsus sökülməsi nəzərdə tutulan mövcud sahələrinə əlavə edilməklə yaşayış və qeyri-yaşayış sahələri veriləcəkdir. Sakinlərə veriləcək sahələrə görə heç bir ödəniş olmadığını nəzərə alaraq həmin sahələrin vergiyə (MV və ƏDV) necə cəlb olunacağını şərh etmənizi xahiş edirəm.
30/06/2021 Oxunub: 190 Orta qiymət: 5

Bildiririk ki, pilot layihə çərçivəsində sökülmüş binaların mülkiyyətçilərinə yeni inşa edilən binalardan verilən yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi zamanı mənfəət (gəlir) vergisi hesablanarkən həmin binaların (mənzillərin və digər sahələrin) digər şəxslərə təqdim edilməsindən əldə edilən gəlir cəmiyyətin (fərdi sahibkarın) gəlirlərinə aid edilir, bu gəlirin əldə edilməsi ilə bağlı olan tikinti xərcləri, o cümlədən mənzilləri sökülmüş vətəndaşlara verilən mənzillərin tikintisinə çəkiliş xərclər də gəlirdən çıxılan xərclərə aid edilir. Vergi Məcəlləsinin 13.2.15-ci və 108-ci maddələrinə görə dövlətə ayrılan hissə vergitutulan gəlirlərə aid edilmədiyindən və həmin tikintilərlə bağlı çəkilən məsrəflər gəlirdən çıxılan xərclərə aid edildiyindən sökülən mənzillərlə bağlı sakinlərə verilən mənzillər (mülkiyyətçilərin sökülən sahələri həddində) gəlirlərə aid edilmir və tikinti ilə bağlı çəkilən xərclər olduğundan həmin xərclər təqdim edilən digər mənzillərin maya dəyərinə daxil edilir.

Bunlarla yanaşı, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən 164.1.47-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsinin təqdim edilməsi üzrə dövriyyələr ƏDV-dən azaddır.

Əsas:  Vergi Məcəlləsinin 13.2.15-ci,108-ci və 164.1.47-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Həkimov İlkin Pərviz oğlu il***@bk.ru ID: 4853
Əmək haqqı hesablamasında Xəstəlik vərəqinə görə hesablanmış müavinətdən işsizlikdən sığorta haqqı tutulurmu?
30/06/2021 Oxunub: 266 Orta qiymət: 5

Bildiririk ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan digər gəlirlərlə toplanmaqla işəgötürən tərəfindən gəlir vergisinə cəlb olunmalıdır.

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
İradə Mustafayeva ir***@outlook.com ID: 4852
Salam. Yazıb Sizdən xahiş edirik ki, aşağıda əks olunan sualımızı cavablandırasınız. Öncədən minnətdarlığımızı bildiririk. Bildirmək istərdik ki, “X” MMC avtomobil idxal edib, avtomobilin lizinqlə satışını həyata keçirmək istəyir. “X” MMC ƏDV qeydiyyatındadır. Sualımız ondan ibarətdir ki, Gömrük Rəsmiləşdirilməsi zamanı avtomobilə görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququmuz varmı? Lizinqlə bu avtomobilləri təqdim etdikdə ƏDV bəyənnaməsində öz əksini necə tapacaqdır? Ümumilikdə qeyd etdiyimiz fəaliyyət növü ilə məşğul olan ƏDV ödəyicisinin hansı vergi öhdəlikləri yaranır?
30/06/2021 Oxunub: 288 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.25-ci maddəsinə əsasən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı ƏDV-dən azaddır. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. Göründüyü kimi lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı,  habelə maliyyə lizinqi əməliyyatları ƏDV-dən azaddır.

Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən ƏDV-dən azad olunan əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

Maliyyə lizinqi əməliyyatları Vergi Məcəlləsinin 140-cı maddəsi ilə müəyyən edilir. Vergi Məcəlləsinin 140.1-ci maddəsinin müddəalarına əsasən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.

Qeyd olunanlara əsasən cəmiyyət tərəfindən maliyyə lizinqinə verilən nəqliyyat vasitələrinin alışına görə ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən əvəzləşdirilmir.

Bunlarla yanaşı cəmiyyət maliyyə lizinqi əməliyyatları ilə yanaşı, ƏDV-yə cəlb olunan əməliyyatlar aparırsa ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq tənzimlənir.

Belə ki, Vergi Məcəlləsinin 175.4-cü maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrı-ayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 140-cı, 164-cü, 175-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Ramazanlı Elvin Cəmil oğlu el***@yahoo.com ID: 4511
Malgöndərənlə müqavilə EXW, FCA, FAS, FOB və s. kimi İnkoterms şərtləri ilə bağlandıqda daşıma qeyri-rezident müəssisə tərəfindən aparılan zaman VM-nin 125.1.4-cü maddəsinə görə 6% ÖMV tutulur və büdcəyə ödənilir. Müqavilə malgöndərənlə SİF,CFR, CPT, CİP, DPU və s. kimi İnkoterms şərtləri ilə bağlandıqda (yəni daşıma xərci malgöndərənə aid olduqda) və malgöndərən qeyri-rezident olduqda VM-nin 125.1.4-cü maddəsi tətbiq olunmalıdırmı ? Tətbiq olunmalıdırsa, daşıma xərci necə təyin edilir ?
29/06/2021 Oxunub: 184 Orta qiymət: 5

Bildiririk ki, qeyri-rezident tərəfindən yüklərin xarici ölkədən Azərbaycan Respublikasına çatdırılması ilə bağlı göstərilən nəqliyyat xidmətləri üçün rezident tərəfindən aparılan ödənişlərdən ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə vergi tutulur.

Bununla yanaşı, qeyri-rezidentlə bağlanmış müqavilə əsasında qeyri-rezident tərəfindən təqdim edilən malların dəyərinə malların daşınması ilə bağlı xərclər də aid edildiyi halda qeyri-rezident tərəfindən müstəqil olaraq daşıma xidmətləri malların alıcısına göstərilmədiyindən rezident şəxs tərəfindən qeyri-rezidentə aparılan belə ödənişlərdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Qadir Hümbətov ec***@gmail.com ID: 4441
Salam. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 93 maddəsində (Gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.) qeyd edilən "natural şəkildə verilməyən ərzaq payının dəyəri"ndən icbari tibbi sığorta tutulurmu?
29/06/2021 Oxunub: 131 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Eyni zamanda "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.

Göründüyü kimi, natural şəkildə verilməyən ərzaq payının dəyərinin gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqlarının tərkibinə daxil olması Əsasnamədə təsbit edilmişdir.

Qeyd olunanlara əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı, o cümlədən əmək haqqına natural şəkildə verilməyən ərzaq payının dəyəri kimi verilən əlavə icbari tibbi sığorta haqlarına cəlb olunur.

Əsas: Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” Qanunu və "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Səmra Abbasova sa***@bk.ru ID: 4584
Salam. İnvestisiya təşviqi sənədi almış şəxs 4 il güzəştlərdən istifadə edərək fəaliyyət göstərdikdən sonra öz ərizəsi ilə həmin sənədi ləğv edirsə, 4 il ərzində güzəşt olunmuş vergi məbləğləri büdcəyə ödənilməlidirmi?
29/06/2021 Oxunub: 146 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 67-2.1-ci maddəsinə əsasən investisiya təşviqi sənədini almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir.

Eyni zamanda Vergi Məcəlləsinin 67-2.4-cü maddəsinə əsasən investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ investisiya edilmədikdə, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada nəzərdə tutulan hallarda investisiya təşviqi sənədi ləğv edildikdə, vergilər üzrə faizlərin ödənilməsi istisna olmaqla, investisiya layihəsinin icrasına başlandığı tarixdən etibarən bu Məcəllə ilə müəyyən edilmiş vergi azadolmaları tətbiq edilən gəlirlər və əməliyyatlar üzrə vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi investisiya təşviqi sənədi verilmiş şəxslər tərəfindən yerinə yetirilir. Bu zaman yenidən hesablanmalı vergilərin məbləği investisiya təşviqi sənədinin ləğv edildiyi hesabat dövründə və ya vergi nəzarəti zamanı bu hal aşkar edildiyi halda yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Beləliklə qeyd edilən sahə üzrə fəaliyyət göstərilmədikdə, investisiya təşviqi sənədi üzrə nəzərdə tutulan güzəştlərin ləğvinə əsas verən hallar yaranmış olarsa verilən güzəştlərin bərpa edilməsi həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 67-2-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nərmin Allahverdiyeva Zeynal nr***@gmail.com ID: 4849
AR Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində qeyd edilmiş "Sığorta hadisəsi baş verdikdə sığorta olunanın və faydalanan şəxsin həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsaitə" "İstehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunda nəzərdə tutulmuş sığorta ödənişləri daxildirmi?
29/06/2021 Oxunub: 146 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsində qeyd edilmiş sığorta hadisəsi qanunla və sığorta müqaviləsi ilə müəyyən edilən bütün növ sığortalara aid edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Hüseynov Elşən Ərəstun oğlu el***@bestfinance.az ID: 4570
Mənzil tikintisi ilə məşqul olan şirkət bina tikmək üçün həyət evləri alıb, evlərin çıxarışında torpaq sahəsi göstərilməyib, yalnız evlərin sahəsi (kvm) göstərilib. Evlər payçılardan birinin adınadır. Payçı mənzil tikintisi üçün alınan evləri nizamnamə kapitalı şəklində balansa qoyarsa gələcəkdə təqdim edilən mənfəət vergisi bəyannaməsində xərc kimi hansı bölümdə əks etdiriləcək və bu məbləğin vergitutma məqsədləri üçün xərc kimi tanınmasında gələcəkdə hər hansı bir problemlə qarşılaşa bilərmi?
29/06/2021 Oxunub: 206 Orta qiymət: 5

Bildiririk ki, bina tikintisi ilə məşğul olan şəxslər tikilən binalar üzrə gəlirlərin və xərclərinin uçotunun tanınması Vergi Məcəlləsinin 130.6-cı maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Eyni zamanda payçının müəssisənin nizamnamə kapitalına qoyduğu pay məbləği müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilmir, həmin evlərin söküntüsü üzrə çəkilən xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əlavə olaraq bildiririk ki, sorğuda göstərilən sualın mahiyyəti tam aydın olmadığı üçün əməliyyatın xarakteri açıqlanmaqla zəruri təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Qafarov Mirsahib Musa mi***@gmail.com ID: 4848
Müəssisənin təsisçisinə məxsus sahibkarlıq fəaliyyətində istifadə etmədiyi avadanlıqları var. Bu avadanlıqlar müxtəlif dövrlərdə fiziki şəxslərdən alınmış və bu barədə rəsmi sənəd tərtib edilməmişdir. Qeyd olunan avadanlıqlar istehsal prosesində istifadə edilməsinə və müəssisənin balansına qəbul edilməsinə zərurət yaranmışdır. Bu avadanlıqların müəssisənin balansına qəbul edilməsinə dair məlumat verməyinizi sizdən xahiş edirik.
29/06/2021 Oxunub: 123 Orta qiymət: 5

Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər.

Belə ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. 

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-2-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Zakir Vəliyev Müzəffər oğlu za***@mail.ru ID: 4478
Müəssisə ƏDV-yə cəlb edilən yaşayış binası tikir. Binanın zirzəmi hissəsi tikilib. Mənzil satışı isə 4-10-cu mərtəbələrdən satılıb. Uçot metodu: Kassa. 1. Mənfəət vergisinin bəyannaməsinin 200.1 N-li "Malların təqdim edilməsindən gəlir" sətrində satılmış mənzillərin dəyəri göstərilməlidir? 2. Satışın maya dəyərində hansı xərc göstərilməlidir? 3.Tikilmiş zirzəminin maya dəyəri bəyannamədə necə göstərilməlidir?
29/06/2021 Oxunub: 236 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir.

Buna əsasən gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan vergi ödəyicisi tərəfindən hesabat ili ərzində satışını həyata keçirdiyi mənzillərin tikintisi üzrə işlər tamamlanmadığı halda (sorğuda göstərilən halda tikintisi hələ başlamamış mərtəbələr) cəmiyyətin həmin alqı-satqı əməliyyatları üzrə mənfəət vergisi məqsədləri üçün öhdəliyi yaranmır.

Eyni zamanda tikilən binadan təqdim ediləcək yaşayış və qeyri-yaşayış sahələrinin 1 kv.m-nın maya dəyəri həmin binanın tikintisi ilə bağlı istehsala silinmiş məsrəflər, o cümlədən alınmış mal-materialların, iş və xidmətlərin dəyəri, habelə əmək haqqı və digər xərclər əsasında müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 130-cu, 134-cü və 166-cı maddələri.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Natiq Əliyev Firuddin al***@gmail.com ID: 4596
Salam. Əsas fəaliyyət növünün kodu - 66190 - Maliyyə xidmətləri sahəsində sair yardımçı fəaliyyət olan müəssisə, kollektor fəaliyyəti ilə məşğuldur. Belə ki, müəssisənin bankla bağladığı müqaviləyə əsasən, Bankın müştəriləri problemli kredit borcunu banka ödədikcə, bank ödəniş məbləğinin müəyyən faizini müəssisəyə komissiya şəklində ödəyir. Məsələ ilə bağlı, Vergi məcəlləsinin 164.1.2 maddəsində - maliyyə (maliyyə lizinqi daxil olmaqla) xidmətlərinin göstərilməsi - ƏDV-dən azad olunan əməliyyatlara aid edilmişdir. Həmçinin, Vergi məcəlləsinin 13.2.14 maddəsindəki Maliyyə xidmətlərinin açıqlaması ilə bağlı 13.2.14.2 hissəsində - müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar – göstərilmişdir. Sualımız bundan ibarətdir ki, Vergi məcəlləsinin 13.2.14.2 hissəsində qeyd olunan maliyyə xidmətləri olan - müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi - xdiməti çərçivəsində, müəssisənin yuxarıda qeyd olunan gəlirləri ƏDV-dən azad olunan əməliyyatlara daxildirmi? Öncədən təşəkkürümü bildirirəm.
29/06/2021 Oxunub: 211 Orta qiymət: 5

Bildiririk ki, sifarişçinin tapşırığı ilə borcların yığılmasını həyata keçirən şəxsin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə müəyyən olunan maliyyə xidmətlərinə aid edilmir və həmin fəaliyyətdən əldə olunan gəlirlər ümumi qaydada ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 159-cu maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Səlcuq Yusifli Toğrul ys***@gmail.com ID: 4537
A şəxsi B şəxsinə mallar təqdim edir və bu əməliyyat üzrə elektron qaimə-fakturanı B şəxsinə verir. A şəxsi sonradan tapşırıq müqaviləsi əsasında C şəxsinə tələb hüquqlarını verir və B şəxsindən borcları almağı tapşırır. Belə olduğu təqdirdə C şəxsi vergi nöqteyi nəzərdən borc məbləğini B-dən alıb, sonra A-ya ötürə bilərmi? Bilərsə necə etməlidir?
29/06/2021 Oxunub: 120 Orta qiymət: 3

Bldiririk ki, bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilən malların dəyərinin alınması hüququnun tapşırıq müqaviləsinə əsasən üçüncü bir vergi ödəyicisinə verilməsinə vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda tərəflər arasında bağlanan müqavilə üzrə borcların yığılması üzrə göstərilən xidmətlərə görə əladə olunan xidmət haqların Vergi Məcəlləsi ilə müəyyə olunmuş ümumi qaydada vergiyə cəlb edilir.

Əlavə olaraq qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Maxsudov Valeh Məhəmmədəli va***@mail.ru ID: 4847
Salam. Mən ƏDV-də nömrəmi dəyişmək istəyirəm. Bunu necə edə bilərəm? Köhnə nömrəm işləmir. Ona görə ƏDV-yə yığılan pulu istifadə edə bilmirəm.
27/06/2021 Oxunub: 57 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elçin Cəfərli Ağabala oğlu El***@gmail.com ID: 4846
Ali təhsilliyəm iş axtarıram 27 yaşım var.
27/06/2021 Oxunub: 77 Orta qiymət: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Natiq İskəndərli İskəndər na***@list.ru ID: 4845
Salam. Bilmək istərdimki, Bakalavr ixtisasım Turizm və Otelçilikdir (Azərbaycan Turizm və Menecment Universiteti) və hal-hazırda Azərbaycan Dövlət iqtisad Unversitetində magistr üzrə - MBA (Biznesin idarə edilməsi- Vergi idarə etməsi və vergi planlaşdırması üzrə) 2-ci kursda təhsil alıram. Hal-hazırda belə göstəricilərlə mən Vergilər xidmətinə işlə əlaqədar müraciət edə bilərəmmi? Etsəm bakalavr ixtisasım qeyri-məqbul sayılarmı və ya sayılmaz? Xahiş edirəmki, ətraflı məlumat verəsiniz. Təşəkkürlər!
26/06/2021 Oxunub: 72 Orta qiymət: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi  qaydada müraciət edə bilərsiniz.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədova Mətanət Rəşid qızı ma***@inbox.ru ID: 4844
İstehsal olunan malın satışının təşkilində Agentlərin (makler,diller və s) xidmətindən istifadə edirik. Bu işin müqabilində onlara əvvəlcədən müqavilə üzrə razılaşdırılmış məbləğ və ya faiz ödənilir. Onu da bildirim ki, bu xidməti göstərən fiziki şəxslərdir ki, göstədikləri xidmətə görə elektron qaimə təqdim edirlər və gördükləri işə görə gəlir vergisi ödəyirlər. Bilmək istəyirdim ki, bu cür xidmətlər gəlirdən çıxılan xərc hesab edilirmi?
25/06/2021 Oxunub: 95 Orta qiymət: 5

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 

Sorğunuzda qeyd olunan xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Zərifə Bəshirova Qurban ez***@mail.ru ID: 4843
Sumqayıtda "Sera gəlinlik" iyula kirayə etdiyimiz 350 AZN-lik gəlinliyə (götürməmişdik, orada qalıb) özləri qədərini demədi, nə verərsiz dedilər. 100 manat beh verdik. 1 sutka olmamış gedib gəlinliyi istəmədik deyə behin 20-ni götürün 80-nini istədik, vermirlər. Çek verməyiblər. Bir özləri düzəltdiyi müqavilədə 100 azn beh yazıblar. Necə etməliyik ki, qaytarsınlar.
25/06/2021 Oxunub: 99 Orta qiymət: 0

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

İstehlakçı hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Onu da qeyd edək ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver: