Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, 1 yanvar 2014-cü il tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, həmin şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmiş, eyni zamanda fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri müddət məhdudiyyəti qoyulmadan gəlir vergisindən azad edilmişdir.

Kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Sorğunuzda qeyd olunan fəaliyyət kənd təsərrüfatı məhsullarının satışına aid edilmədiyi üçün ümumi qaydada vergiyə cəlb olunur. 

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci, 218.5.8-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir.

Vergi Məcəlləsinin 175.2-ci maddəsində “başqa məqsədlər üçün” dedikdə, sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, habelə ƏDV tutulan əməliyyatlarla bağlı olmayan əməliyyatlar nəzərdə tutulur. Ölkə hüdudlarından kənarda malların satılması cəmiyyətin xarici ölkədə daimi nümayəndəliyi yaradılmaqla və ya müəssisə təsis edilməklə həyata keçirilir ki, bu zaman həmin subyektlərin fəaliyyəti üzrə həmin ölkənin qanunvericiliyi tətbiq edilir. Bu baxımdan faktiki əməliyyatlar və işin halları barədə ətraflı məlumatlar qeyd edilməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada malların ixrac qeydi ilə satışı ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur.

Malların ixrac qeydi ilə satışına dair tələblər və ixrac qeydi ilə alınan malların ixracının həyata keçirilməsi prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası” (bundan sonra – Qayda) ilə tənzimlənir.

Qaydanın 5-ci maddəsinin müddəalarına əsasən istehsalçı tərəfindən ixrac qeydi ilə satılacaq mallar üzrə ixracatçıya bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada “Malların ixrac qeydi ilə satış qaiməsi” təqdim edilir. “Malların ixrac qeydi ilə satış qaiməsi”ndə istehsalçı tərəfindən satılmış malların 3 (üç) ay müddətində ixrac edilməsi şərti qeyd edilir. İxracatçı ixrac qeydi ilə satılan malların ixrac edilməsinə dair məlumatı malların gömrük rəsmiləşdirilməsini həyata keçirdikdən sonra 1 (bir) iş günü müddətində bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada istehsalçıya və Dövlət Vergi Xidmətinə təqdim edir.

Əlavə olaraq bildiririk ki, malların ixrac qeydi ilə satışı ilə bağlı hər hansı sertifikatın alınması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bununla yanaşı, malların ixrac qeydi ilə satışı üzrə əməliyyatların elektronlaşdırılması başa çatanadək istehsalçı tərəfindən ixrac qeydi ilə satılacaq mallar üzrə satıcı tərəfindən lisenziyası olan mətbəədə sifariş olunmuş “Malların ixrac qeydi ilə satış qaiməsi”nin kağız daşıyıcısında tərtib edilərək ixracatçıya təqdim edilir. Kağız daşıyıcısında tərtib olunmaqla alıcı şəxsə təqdim olunmuş “Malların ixrac qeydi ilə satış qaiməsi”nin skan olunmuş surəti malsatan tərəfindən qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 165-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr tarixli 448 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların ixrac qeydi ilə satışı Qaydası”.

Ümumi qiymət: 4/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 80-ci maddəsinin müddəalarına əsasən yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (hüquqi varisləri) bu maddədə müəyyən edilmiş qaydada yerinə yetirir. Bir hüquqi şəxs təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə digər hüquqi şəxsə çevrildikdə, onun vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisi yeni yaranan hüquqi şəxs sayılır.

Vergi Məcəlləsinin 147.1-ci maddəsinə əsasən yenidəntəşkilin iştirakçısı olan hüquqi şəxsə və ya hüquqi şəxslərə məxsus əmlakın və iştirak paylarının dəyəri həmin əmlakın və iştirak paylarının bilavasitə yenidəntəşkildən əvvəlki dəyəri ilə eynidir. Eynilə əsas vəsaitlərin hər hansı amortizasiya kateqoriyasına aid olan balans dəyəri həmin əsas vəsaitləri alan şəxsə keçir.

Əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna balans üzrə qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Qeyd edilən əməliyyatlar üzrə işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə ətraflı məlumatlar təqdim edilməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 80-ci, 114-cü və 147-ci maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan satışı zamanı tətbiq edilən ticarət əlavəsi ƏDV-nin məqsədləri üçün vergitutuma obyektidir.

Bu zaman ticarət əlavəsi elektron qaimə-fakturanın “ƏDV-yə 18 faiz dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri (manatla)” sütununda, malın alış dəyəri isə elektron qaimə-fakturanın “ƏDV-yə cəlb edilməyən əməliyyatların dəyəri (manatla)” sütununda əks olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 175-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, əsas vəsaitlərin qalıq dəyəri ilin sonuna hesablanmış amortizasiya ayırmaları və təmir normaları çıxılmaqla müəyyənləşdirilir. Amortizasiya olunmayan hallar və aktivlər Vergi Məcəlləsinin 114-cü maddəsində göstərilmişdir ki, bunlardan biri də konservasiya edilmiş əsas vəsaitlərdir.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

Ümumi qiymət: 4/56
Qiymət ver:

Bildiririk ki, məktəbəqədər təhsil müəssisəsi – məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi hesab olunur.

Göründüyü kimi. qeyd olunan fəaliyyətin fiziki şəxslər tərəfindən həyata keçirilməsi qanunvericikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda, Azərbaycan Respublikasında dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.

Bu barədə ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinə və lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə (www.economy.gov.az ) müraciət etməyinizi tövsiyə edirik.

Əsas: "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının 14 aprel 2017-ci il 585-VQ saylı və “Lisenziyalar və icazələr haqqında”Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunları.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qeyri-rezident hüquqi şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı və baş ofisin tapşırıqlarını yerinə yetirməklə fəaliyyət göstərdiyi halda həmin nümayəndəlik vergi orqanında mənfəət vergisinin ödəyicisi kimi qeydiyyata alınmalıdır. Bu zaman baş ofisdən göndərilən saxlanma xərcləri ilə sənədlərlə rəsmiləşdirilmiş xərclər arasındakı fərq mənfəət vergisinə cəlb edilir.

Qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən gəlir və xərclərinin uçotu aparılmadıqda və ya qeyri-rezidentin daimi nümayəndəliyi vasitəsilə əldə etdiyi gəlirini birbaşa müəyyən etmək mümkün olmadığı halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq nümayəndəliyin xərclərinin maliyyələşdirilməsi ilə bağlı baş ofis tərəfindən köçürülən məbləğ üzrə şərti rentabellik norması əsasında müəyyən edilmiş vergitutma obyektindən mənfəət vergisi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 104-cü, 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.

Bunlarla yanaşı kənd yerlərində ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan istehsal və digər təsərrüfat fəaliyyətinin birgə həyata keçirilməsi ailə kəndli təsərrüfatı hesab edilir. Ailə kəndli təsərrüfatlarının fəaliyyəti sahibkarlıq fəaliyyəti sayılmır və dövlət qeydiyyatına alınmaları tələb olunmur. Bu təsərrüfatların uçotu bələdiyyələr tərəfindən aparılır. Ailə kəndli təsərrüfatının illik dövriyyəsi qanunvericiliklə müəyyən olunmuş miqdarı keçdikdə onlar dövlət vergi orqanlarında qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti subyekti kimi fəaliyyət göstərirlər.

Sahibkarlar tərəfindən həmin şəxslərdən kənd təsərrüfatı məhsullarının alışı zamanı kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədlər) əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat ərazi vergi orqanına verilməlidir.

Bunlardan əlavə, sahibkarlar tərəfindən kənd təsərrüfatı məhsulları ailə kəndli təsərrüfatından alındığı halda tərtib olunan həmin təsərrüfatın bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti əlavə edilməli və həmin şəxslərə ödənilmiş məbləğlər barədə məlumat təsərrüfatın uçota alındığı bələdiyyəyə təqdim edilməlidir.

Qeyd olunan şərtlər daxilində ailə kəndli təsərrüfatlarından və kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmış kənd təsərrüfatı məhsullarına görə onlara ödənilən məbləğdən ödəmə mənbəyində vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 101-ci, 102-ci, 106-cı, 164-cü, 199-cu, 207-ci, 219-cu maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, Azərbaycan Respublikasının “Ailə kəndli təsərrüfatı haqqında” 14 iyun 2005-ci il tarixli 926-IIQ nömrəli və “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli qanunları. 

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.

Əsas: Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı, aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinə (Elektron poçt ünvanı: vergi@nakhchivan.az) müraciət etməyiniz tövsiyə olunur. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxslər xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərə görə əmlak vergisinin, mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisinin ödəyiciləridir.

Əmlakın və torpağın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği 15 avqust və 15 noyabr tarixlərinədək fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Əlavə olaraq bildiririk ki, “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini bələdiyyələrə ödəyə bilərsiniz. 

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün bələdiyyələr tərəfindən təqdim edilən “Yerli vergi ödəyicisinin kodu” (YVÖK) istifadə olunmalıdır. Ödəyicilər bu kodu müvafiq bələdiyyə orqanlarına müraciət edərək əldə edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 198-ci və 201-ci maddələri.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyətini həm hüquqi şəxs kimi, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz. 

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Həmçinin bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz. Təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə və ya gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Elektron qeydiyyat haqda istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Həmçinin bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Muzdlu işçisi olmayan fərdi sahibkarlar tərəfindən isə işsizlikdən sığorta haqqının ödənilməsi tələb olunmur.

Əsas: “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş xərclərin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aid deyildir. 

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı muzdlu işdə və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən hesablanır.

Qeyd edilənlərə əsasən, işəgötürən tərəfindən işçilərin kirayə haqları ilə bağlı xərclərinin üçüncü şəxsin, misal olaraq kirayə verənin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı hesablanmır. İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər gəlir vergisinə və işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

Bildiririk ki, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər işçinin işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi, “Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında" və  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar - əmtəəsiz əməliyyat sayılır.

Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Eyni zamanda, əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 175-ci maddəsi ƏDV- nin əvəzləşdirilməsini tənzimləyir. 

Sorğunuzda qeyd olunan halda vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13.2.81-ci, 13.2.82-ci, 109.9-cu və 175.11-ci maddələri.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği) nəzarət-kassa aparatının çeklərində əks olunmalıdır. 

Eyni zamanda bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. 

Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Qeyd edilənlərə əsasən, müəssisə gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə apardığı halda, dekabr ayında təhvil verilmiş xidmətlər üzrə gəlirlər müvafiq olaraq dekabr ayının gəlirlərinə aid edilir və 2021-ci ilin mənfəət vergisi bəyannaməsində nəzərə alınmalıdır.

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.

ƏDV tutulan əməliyyatın vaxtını isə Vergi Məcəlləsinin 166-cı maddəsi müəyyən edir. Belə ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 130-cu, 134-cü, 135-ci, 136-cı və 166-cı maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver: