Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Mülki Məcəlləsinin 655-ci maddəsinin müddəalarına əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.

Mülki Məcəllənin 657.4-cü maddəsinin müddəalarına əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. 

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən alınmış malların (işlərin, xidmətlərin) dəyərinə görə hesablanmış ƏDV məbləği isə malları (işləri, xidmətləri) təqdim edən şəxs tərəfindən verilmiş elektron qaimə-faktura əsasında həmin şəxsin ƏDV depozit hesabına ödənilir.

Bildiririk ki, yuxarıda qeyd olunan qaydada Mülki Məcəllənin müddəalarına uyğun olaraq faktorinq əməliyyatlarının aparılmasına vergi qanunvericiliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda mallar (işlər, xidmətlər) alınarkən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi isə Vergi Məcəlləsinin 175.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Qeyd olunanlara əsasən pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşmə qanunvericiliklə şəxsə verilən hüquq olduğundan faktorinq əməliyyatları çərçivəsində faktor tərəfindən müqavilə dəyərinin əsas məbləği satıcının bank hesabına, ƏDV-məbləği isə verilmiş elektron qaimə-faktura əsasında alıcı tərəfindən satıcının ƏDV depozit hesabına ödənildiyi halda ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilə bilər.

Bununla belə, sorğunuzda qeyd olunan halda, əməliyyatın vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 175-ci, Mülki Məcəllənin 655-ci və 657-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda vergi ödəyicisinin sadələşdirimiş vergi ödəyicisi olmaq hüququ saxlanılır. 

Sorğunuza əsasən, fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət edildiyi üçün və gəlirlərin yalnız vergi ödəyicisi (sorğunuzda universitet) tərəfindən ödənildiyi halda vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir. 

Gəlir vergisi əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq "Gəlir vergisi bəyannaməsi" vergi orqanına təqdim edilir. 

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd olunan vergi ödəycisi tərəfindən vahid hesabat təqdim olunarkən məcburi dövlət sosial sığorta məqsədləri üçün "Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər", icbari tibbi sığorta məqsədləri üçün isə "Fərdi sahibkarlar" fəaliyyət növləri qeyd olunmalıdır.

Əlavə olaraq bildiririk ki, müəssisə tərəfindən əsas fəaliyyət növü ilə bağlı olan işlərin və xidmətlərin yerinə yetirilməsi üzrə işlərə cəlb etdiyi işçilərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmaqla əmək münasibətləri rəsmiləşdirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 101-ci, 102.1.30-cu, 108-ci maddələri və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-3-cü maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Cavab 1, 3, 4. Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Lakin, mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin və ya sərnişinlərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, cəmiyyətin vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları) həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda həmin vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və əldə etdiyi xidmət haqlarının dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir. 

Həmçinin bildiririk ki, "7010001 SƏRNİŞİN DAŞIMA OFİSİ" fəaliyyət kodunu seçməklə sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 156-cı, 218-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Fiziki şəxsin yaşadığı ünvan fərqli olduğu halda, fiziki şəxsin uçot məlumatlarının dəyişdirilməsi üçün "Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edilməlidir. 

Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

Asan İmza və digər elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı metodiki köməkliyin göstərilməsi və ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəllləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanlarında uçot prosedurları və etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəllləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, mülki qanunvericiliyə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. 

Bununla yanaşı, xalis aktivlər dedikdə bütün öhdəliklər çıxıldıqdan sonra, xalis aktivlərin dəyəri nəzərdə tutulur. 

Əsas: Mülki Məcəllənin 99-cu maddəsi.

 

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota almasını təmin etməlidir.

Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. 

Vergi ödəyicilərinin fəaliyyət göstərdiyi təsərrüfat subyektlərinin mülkiyyətçisi qismində onların ailə üzvləri olduqda, bu zaman daşınmaz əmlakla bağlı tərəflər arasında yaranan münasibətlərin əvəzsiz istifadəyə dair müqavilə ilə rəsmiləşdirilməsi mümkündür. Bununla bağlı vergi orqanına tərəflərin ailə üzvü olması haqqında sənəd təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi həmin əmlakın ümumi sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə müvafiq bələdiyyələr tərəfindən hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi hər il 1 avqust tarixinədək mənzilin mülkiyyətçisinə çatdırılır. Mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

Mənzil-kommunal istismar idarələrinə vətəndaşlar tərəfindən ödənilən məbləğlər isə vergi deyil, dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqıdır. Mənzil (ev) xidməti tarifləri, habelə yaşayış binalarında liftdən istifadəyə görə ödənişlər Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı ilə, mərkəzi istilik sisteminin fəaliyyətinin təşkili və isti su təchizatı ilə bağlı xidmətlərin haqqı Tarif Şurasının müvafiq qərarları ilə müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 8-ci, 197.1.1-ci, 198.1.1-ci, 199.1-ci və 200-cü maddələri, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 244-IIQ nömrəli Qanununun 7-ci və 11.4-cü maddələri, “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı, “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Tarif (Qiymət) Şurasinin 4 nömrəli 24.10.2011-ci il tarixli Qərarı, “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Tarif (Qiymət) Şurasının 5 nömrəli 24.10.2011-ci il tarixli Qərarı.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır. 

Təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq) ərizəyə əlavə olunmalıdır. 

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən,  kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Göründüyü kimi həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları üçün vergi güzəşti nəzərdə tutulsa da, həmin şəxslərin nəvələri üçün hər hansı vergi güzəşti nəzərdə tutulmamışdır.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, “Mənfəət vergisinin bəyannaməsi”nin “Əmək haqqı və ona bərabər tutulan ödənişlər” sətrinin xanalarında “əcnəbi işçilər üzrə” və “yerli işçilər üzrə” sətirlərinin xanalarında göstərilmiş məbləğlərin cəmi göstərilir. Bu sətirlərdə hesabat dövrü ərzində gəlirin əldə edilməsi ilə bağlı işəgötürən tərəfindən muzdla işləyən fiziki şəxslərə (daimi və müvəqqəti) aparılan əmək haqqı və ona bərabər tutulan ödənişlərin məbləğləri göstərilir. Qeyd olunan məbləğlərə ödəmə mənbəyində tutulan vergilər və digər tutulmalar da daxildir. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərar nəzərə alınaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərinin işində müəyyən dəyişiklik edilib. Belə ki, vergi ödəyiciləri 2022-ci il martın 9-dan etibarən həmin mərkəzlərdə göstərilən xidmətlərdən, iş rejimi nəzərə alınmaqla, onlayn növbəyə yazılmadan istifadə edə bilərlər.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru Vergi Məcəlləsinin 125.1-1-ci maddəsinə uyğun olaraq həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.

Əsas: Vergi Məcəlləsinin 125.1-1-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Qeyd olunanlara əsasən, yuxarıda sadalanan təsdiq edici sənədlərdən birini iş yerinizə təqdim etməklə 1 yanvar 2022-ci il tarixdən etibarən vergi güzəştindən yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs (dövlət qurumu) tərəfindən tutularaq, qalan məbləğ fiziki şəxsə ödənilməlidir. 

Həmçinin bildiririk ki, fiziki şəxsin aldığı və Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş icarə haqqı gəlirləri həmin şəxsin ümumi gəlirlərindən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 100-cü, 124-cü və 150.1.6-cı  maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, ƏDV ödəyicisi olan hüquqi şəxs, eyni zamanda mənfəət vergisinin ödəyicisi kimi, əldə olunan gəlirlərdən Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərqdən 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan çox olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərion sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi mənfəət vergisindən azaddır. Bu zaman hüquqi şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı və işçi sayı 10 nəfərdən çox olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün saytımızın "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 155-ci və 218-ci maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver: