Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında konvensiya

(Strasburq, Paris, 25 yanvar 1988 il)

Preambula

Bu Konvensiyanı imzalamış Avropa Şurasının üzvü olan Dövlətlər və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr,

Şəxslərin, sərmayələrin, malların və xidmətlərin beynəlxalq hərəkətinin inkişafı, çox mühüm bir hal olmaqla yanaşı, vergidən yayınma imkanlarını artırdığını və bununla da, vergi orqanlarının əməkdaşlığının fəallaşmasını tələb etdiyini hesab edərək;

Son illər beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizəyə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə yönəldilən müxtəlif səyləri alqışlayaraq;

Vergi ödəyicilərinin adekvat müdafiəsi təmin edilməklə, istənilən vergi növünə aid olan məsələlər üzrə qarşılıqlı inzibati yardımın bütün formalarının inkişafı üçün dövlətlərin əlaqəli səylərinin zəruri olduğunu hesab edərək;

Vergi ödənişləri üzrə öhdəliklərin düzgün müəyyən edilməsində və vergi ödəyicilərinə öz hüquqlarını təmin etməkdə yardım edilməsində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb edə biləcəyini təsdiq edərək;

Müvafiq hüquqi proseduralara əsasən, hər bir şəxsin hüquq və vəzifələrini müəyyən edən fundamental prinsiplərin vergi məsələlərinə də tətbiq olunmasının bütün dövlətlərdə tanınmalı olduğunu və diskriminasiyadan və ikiqat vergitutmadan müvafiq müdafiə də daxil olmaqla, vergi ödəyicilərinin maraqlarının qorunmasında dövlətin yardım etməli olduğunu hesab edərək;

Bununla əlaqədar, məlumatın məxfiliyinin qorunmasının vacibliyinə və şəxsi həyatın toxunulmazlığının və şəxsi məlumatın saxlanmasının qorunması üzrə beynəlxalq müdafiə vasitələri nəzərə alınmaqla, dövlətlər tərəfindən görülən tədbirlərin və verilən məlumatların yalnız daxili qanunlara və təcrübəyə uyğun olmasına əmin olaraq;

Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiyanın bağlanması istəyini nəzərə alaraq;

Aşağıdakılar haqqında razılığa gəldilər.

 

I fəsil. Konvensiyanın mövzusu

Maddə 1. Konvensiyanın obyekti və aidiyyəti şəxslər

1. Tərəflər, III fəsilin müddəalarına uyğun olaraq, vergi məsələlərində bir-birinə inzibati yardım göstərəcəklər. Belə yardım, zəruri hallarda, məhkəmə orqanlarının gördüyü tədbirlərlə nəticələnə bilər.

2. İnzibati yardıma aid ediləcək:

a) vergi məsələləri üzrə birgə araşdırmaların aparılması və belə araşdırmalarda digər ölkələrdə iştirak da daxil olmaqla, informasiya mübadiləsi;

b) əmlaka həbs qoyma tədbirləri də daxil olmaqla, vergi borclarının alınması üzrə yardım;

c) sənədlər xidməti.

3. Aidiyyəti şəxs istənilən Tərəfin və ya istənilən digər dövlətin rezidenti və ya milli şəxsi olduqda, hər bir Tərəf inzibati yardım göstərəcəkdir.

Maddə 2. Konvensiyanın şamil edildiyi vergilər

1. Konvensiya tətbiq edilir:

a) aşağıdakı vergilərə münasibətdə:

i) gəlir və ya mənfəət vergilərinə,

ii) gəlir və ya mənfəət vergilərindən ayrı alınan, kapitalın artımına vergilərə,

iii) Tərəfin adından alınan xalis aktivlərə vergilərə, və

b) aşağıdakı vergilərə münasibətdə:

i) Tərəfin siyasi qurumları və ya yerli orqanlarının adından alınan mənfəət, gəlir, kapitalın artımı və ya xalis gəlirlərə vergilərə,

ii) dövlət büdcəsinə və ya ictimai hüquqa uyğun olaraq, yaradılmış sosial sığorta təşkilatlarına ödənilən sosial təminatlar üzrə mütləq ödəmələrə,

iii) gömrük rüsumları istisna olmaqla, Tərəfin adından alınan digər kateqoriyalı vergilərə, yəni:

A. əmlak, miras vergilərinə və ya hədiyyələrə,

B. daşınmaz əmlak vergilərinə,

C. əlavə dəyər vergiləri və ya satış vergilərinə bənzər, ümumi istehlak vergilərinə,

D. aksizlərə bənzər, mallara və ya xidmətlərə xüsusi vergilərə,

E. avtonəqliyyatdan istifadəyə və ya sahib olmaya görə vergilərə,

F. avtonəqliyyatdan fərqli olan daşınar əmlakdan istifadəyə və ya sahib olmaya görə vergilərə,

G. istənilən digər vergilərə;

iv) Tərəfin siyasi qurumları və ya yerli hakimiyyət orqanlarının adından alınan iii)-cü yarımbənddə göstərilən kateqoriyalarda vergilərə.

2. Konvensiyanın şamil edildiyi tətbiq olunan vergilər, 1-ci bənddə qeyd olunan kateqoriyalarda, A Əlavəsində göstərilmişdir.

3. 2-ci bənddə göstərilən siyahıya edilən düzəlişlər nəticəsində A Əlavəsinə edilməsi nəzərdə tutulmuş istənilən dəyişikliklər haqqında Tərəflər Avropa Şurasının Baş Katibini və ya İƏİT-nın Baş Katibini (bundan sonra «Depozitarilər» adlandırılacaq) xəbərdar edəcəklər. Belə dəyişikliklər Depozitari belə bildirişi aldıqdan üç aylıq dövr keçəndən sonrakı ayın birinci günündən qüvvəyə minəcək.

4. Konvensiya Tərəfə münasibətdə qüvvəyə mindikdən sonra Razılığa gələn Dövlətdə tətbiq olunan, A Əlavəsində sadalanmış tətbiq olunan vergilərə əlavə olaraq və ya onların əvəzinə qəbul edilmiş mahiyyətcə eyni və ya oxşar bütün vergilərə də onların qəbul edildiyi andan şamil ediləcək və bu halda maraqlı olan Tərəf belə verginin qəbul edildiyi haqda Depozitarilərdən birini xəbərdar edəcək.

II fəsil. Ümumi anlayışlar

Maddə 3. Anlayışlar

1. Kontekstdən digərləri tələb olunmayınca, Konvensiyanın məqsədləri üçün:

a) «müraciət edən Dövlət» və «müraciət edilən Dövlət» terminləri, müvafiq olaraq vergi məsələləri üzrə inzibati yardımın göstərilməsi üçün müraciət edən istənilən Tərəfi və belə yardımın göstərilməsi üçün müraciət edilən istənilən Tərəfi ifadə edir;

b) «vergi» termini, 2-ci maddəyə uyğun olaraq, Konvensiyanın şamil edildiyi istənilən vergini və ya sosial sığorta məqsədləri üçün ödənişi ifadə edir;

c) «vergi tələbi» termini ödənilmə üçün müəyyən edilmiş, mülkiyyətdə olan və hələlik ödənilməmiş, istənilən miqdarda vergini, ona görə faizləri, ona aid inzibati cərimələri və vəsaitləri ifadə edir;

d) «səlahiyyətli orqan» termini B Əlavəsində göstərilən şəxsləri və orqanları ifadə edir;

e) «milli şəxslər» termini Tərəfə münasibətdə:

i) həmin Tərəfin vətəndaşı olan bütün şəxsləri,

ii) həmin Tərəfin qüvvədə olan qanunlarına müvafiq statusu müəyyən edilən bütün hüquqi şəxsləri, yoldaşlıqları, assosiasiyaları və digər təşkilatları ifadə edir.

Bu haqda bəyanat vermiş hər bir Tərəf üçün, yuxarıda istifadə edilmiş terminlər C Əlavəsində göstərilən mənada başa düşüləcəkdir.

2. Konvensiyanın tətbiqinə münasibətdə müəyyən edilməyən istənilən termin, kontekstdən digərləri tələb olunmayınca, Konvensiyanın şamil edildiyi vergilərə münasibətdə Tərəfin qanunları ilə müəyyən edilmiş mənanı daşıyacaqdır.

3. Tərəflər B və C Əlavələrində edilməsi nəzərdə tutulmuş istənilən dəyişikliklər haqqında Depozitarilərdən birini xəbərdar edəcəklər. Belə dəyişikliklər adı çəkilən Depozitarinin belə bildirişi aldığı tarixdən üç aylıq dövr keçəndən sonrakı ayın birinci günündən qüvvəyə minəcəkdir.

III fəsil. Yardımın formaları

I bölmə. İnformasiya mübadiləsi

Maddə 4. Ümumi müddəalar

1. Tərəflər istənilən informasiya mübadiləsi aparacaqlar, o cümlədən bu Bölmədə nəzərdə tutulduğu kimi, aydınlıqla aşağıdakılara aid edilən:

a) vergilərin hesablanması və yığılması, vergi tələblərinin alınması və icrası, və

b) inzibati orqanlar qarşısında işin qaldırılması və ya işin qaldırılması üçün məhkəmə orqanları qarşısında təşəbbüs göstərilməsi.

Bu prinsiplərə uyğun olmayan informasiya, bu Konvensiyanın şərtlərinə əsasən mübadilə predmeti olmayacaqdır.

2. Tərəf, yalnız informasiyanı təqdim etmiş Tərəfdən əvvəlcədən verilmiş icazə olduqda, bu Konvensiyanın şərtlərinə uyğun alınmış informasiyada cinayət məhkəməsi qarşısında dəlil kimi istifadə edə bilər. Lakin iki və daha çox Tərəf əvvəlcədən icazə şərtinin götürülməsi barədə qarşılıqlı razılığa gələ bilər.

3. Hər bir Tərəf Depozitarilərdən birinə məlumat göndərərək, göstərə bilər ki, onun daxili qanunvericiliyinə uyğun olaraq, 5-ci və 7-ci maddələrə müvafiq onun tərəfindən informasiya verilənə qədər, öz rezidentini və milli şəxsini bu barədə məlumatlandıra bilər.

Maddə 5. Xahiş əsasında informasiya mübadiləsi

1. Müraciət edən Dövlətin xahişi ilə müraciət edilən Dövlət müraciət edən Dövlətə ayrı-ayrı şəxslərə və sövdələşmələrə aid 4-cü maddədə göstərilən istənilən informasiyanı təqdim edəcəkdir.

2. Müraciət edilən Dövlətin vergi işlərində olan informasiya, informasiya təqdim edilməsi haqqında xahişi təmin etmək üçün kifayət qədər deyilsə, həmin Dövlət müraciət edən Dövləti tələb olunan informasiya ilə təmin etmək üçün bütün zəruri tədbirləri görəcəkdir.

Maddə 6. Avtomatik informasiya mübadiləsi

Halların kateqoriyasından asılı olaraq və qarşılıqlı razılıq əsasında müəyyən ediləcək proseduralara uyğun olaraq, iki və ya daha çox Tərəf 4-cü maddədə göstərilən informasiya üzrə avtomatik mübadilə edəcəkdir.

Maddə 7. Xahiş olmadan informasiya mübadiləsi

1. Bir Tərəf digər Tərəfə, əvvəlcədən xahiş olmadan, aşağıdakı hallarda informasiya göndərəcək:

a) adı birinci çəkilən Tərəfin digər Tərəfin vergi yığılmasında itkiləri ola biləcəyi barədə şübhələnməyə əsası olduqda;

b) vergiyə cəlb edilən şəxsin adı birinci çəkilən Tərəfdə vergi ödəməkdən azad olunması və ya azalma alması digər Tərəfdə vergini və ya vergi ödənişləri üzrə borcu artıra bilər;

c) bir Tərəfdə vergiyə cəlb edilən şəxsin digər Tərəfdə vergiyə cəlb edilən şəxslə işgüzar əlaqələri bir və ya bir neçə ölkə vasitəsi ilə elə həyata keçirilir ki, bu və ya digər Tərəfdə vergilərin yığılmasında itkilər ola bilər;

d) Tərəfin, gəlirlərin bilərəkdən müəssisə qrupları arasında köçürülməsi nəticəsində vergilərin yığılmasında itkilər ola biləcəyi barədə şübhə etməyə əsası olduqda;

e) adı birinci çəkilən Tərəfə digər Tərəfin göndərdiyi informasiya, sonuncu Tərəfdə vergitutmanın qiymətləndirilməsi üçün müvafiq informasiyanın alınması zərurətini yaratdıqda.

2. Hər bir Tərəf 1-ci bənddə təsvir olunan və digər Tərəfə təqdim edilən informasiyanın aydın olması üçün zəruri olan tədbirləri görəcək və proseduraları həyata keçirəcək.

Maddə 8. Vergi məsələləri üzrə araşdırmanın eyni zamanda aparılması

1. Tərəflər müraciətə əsasən, vergi məsələləri üzrə eyni zamanda araşdırmanın aparılması hallarını və proseduralarını müəyyənləşdirmək məqsədi ilə məsləhətləşmələr aparacaq. Hər bir Tərəf həmin araşdırmada iştirak edib-etməyəcəyini müəyyən edəcək.

2. Bu Sazişin məqsədləri üçün vergi məsələləri üzrə eyni zamanda araşdırmanın aparılması, istənilən zəruri informasiya mübadiləsi məqsədi ilə Tərəflərin birgə və ya qarşılıqlı əlaqəli maraqlarının olduğu şəxsin və ya şəxslərin vergi işlərinin eyni zamanda, hər bir Tərəfin öz ərazisində araşdırılması barədə Tərəflər arasında olan razılaşmanı ifadə edir.

Maddə 9. Digər ölkələrdə vergi araşdırmalarının aparılması

1. Müraciət edən Dövlətin səlahiyyətli orqanlarının xahişinə əsasən, müraciət edilən Dövlətin səlahiyyətli orqanları müraciət edən Dövlətin səlahiyyətli orqanlarının nümayəndələrinin müraciət edilən Dövlətdə vergi araşdırmalarının müvafiq mərhələsində iştirakına icazə verə bilər.

2. Xahişə müsbət cavab verildiyi halda, müraciət edilən Dövlətin səlahiyyətli orqanları araşdırmanın aparılması vaxtı, araşdırmanın yeri, araşdırmanın aparılması üçün təyin edilmiş orqanlar və ya rəsmi şəxslər, araşdırmanın aparılması üçün müraciət edilən Dövlət tərəfindən tələb edilən prosedur və şərait barədə müraciət edən Dövlətin səlahiyyətli orqanlarına mümkün qədər qısa müddətdə məlumat verəcəklər. Vergi araşdırmasının aparılması barədə bütün qərarları müraciət edilən Dövlət qəbul etməlidir.

3. Tərəf 1-ci bənddə göstərilən kimi, belə xahişlərlə, ümumi qaydada, razılaşmaq niyyəti olmadığı barədə Depozitarilərdən birini məlumatlandıra bilər. Belə bəyanat istənilən vaxt edilə bilər və ya geri çağırıla bilər.

Maddə 10. Ziddiyyətli informasiya

Əgər bir Tərəfin şəxsin vergi işləri haqqında informasiyası digər Tərəfdən aldığı informasiyaya uyğun deyilsə, bu halda, o, digər Tərəfi bu barədə xəbərdar edəcəkdir.

II bölmə. Vergilərin alınması üzrə yardım

Maddə 11. Vergi tələblərinin alınması

1. Müraciət edən Dövlətin xahişinə əsasən, müraciət edilən Dövlət 14-cü və 15-ci maddələrin müddəalarına uyğun olaraq, adı birinci çəkilən Dövlətin vergi tələblərinin alınması ilə bağlı, özünün vergi tələbi olduğu təqdirdə görməli olduğu bütün zəruri tədbirləri görəcəkdir.

2. Əgər Tərəflər arasında digər hallar razılaşdırılmayıbsa, 1-ci bəndin müddəaları, yalnız müraciət edən Dövlətdə alınmasına imkan verən sənədlərin predmeti olan və iddia edilməyən vergi tələblərinə şamil edilir.

Lakin əgər tələb, məlumat verən Dövlətin rezidenti olmayan şəxsə qarşı yönəldilibsə və daha iddia edilməyəcəksə, maraqlı olan Tərəflər arasında digər hal razılaşdırılmayınca, yalnız 1-ci bəndin müddəaları tətbiq ediləcəkdir.

3. Vəfat etmiş şəxsə və ya onun əmlakına münasibətdə vergi tələblərinin alınmasında yardım göstərilməsi öhdəliyi, tələbin bu əmlakdan və ya göstərilən alan şəxslərdən alınmasından asılı olaraq, əmlakın hər bir mülkiyyətçisi tərəfindən alınmış əmlakın və mülkiyyətin dəyəri ilə məhdudlaşır.

Maddə 12. Əmlaka həbs qoyulması üzrə tədbirlər

Tələb iddia edildiyi və ya vergilərin alınmasına imkan verən sənədin predmeti sayılmadığı halda belə, müraciət edən Dövlətin xahişinə əsasən, müraciət edilən Dövlət vergilərin alınması məqsədilə əmlaka həbs qoyulması üçün tədbirləri həyata keçirəcəkdir.

Maddə 13. Xahişə əlavə edilən sənədlər

1. Bu Bölmənin şərtlərinə uyğun olaraq, inzibati yardım haqqında xahişə əlavə ediləcəkdir:

a) vergi tələbinin Konvensiyanın şamil edildiyi vergiyə aid olduqda və alınmalı olduğu təqdirdə, 11-ci maddənin 2-ci bəndinə uyğun olaraq, vergi tələbinin iddia edilmədiyi və ya iddia edilə bilinməyəcəyi barədə ərizə;

b) müraciət edən Dövlətdə vergi tələbinin alınmasına icazə verən sənədin rəsmi surəti, və

c) vergi tələbinin alınması və ya əmlaka həbs qoyulması tədbirlərini həyata keçirmək üçün tələb olunan istənilən digər sənəd.

2. Müraciət edən Dövlətdə vergi tələbinin alınmasına icazə verən sənəd, zəruri olduğu halda və müraciət edilən Dövlətdə qüvvədə olan qanunlara uyğun olaraq, sonuncu Dövlətdə alınmasına icazə verən sənədlərə əsasən qəbul ediləcək, tanınacaq, tamamlanacaq və ya bərpa ediləcəkdir.

Maddə 14. Vaxt limiti

1. Vergi tələbinin alınması müddətini ötən istənilən dövrlə bağlı məsələlər müraciət edən Dövlətin qanunlarına uyğun həll ediləcək. Yardım haqqında xahişdə bu dövrün xüsusiyyətləri göstəriləcəkdir.

2. Yardım haqqında xahişə əsasən, müraciət edilən Dövlət tərəfindən, bu Dövlətin qanunlarına uyğun olaraq, 1-ci bənddə göstərilən dövrün kəsilməsi və ya dayandırılması ilə nəticələnə bilən verginin alınmasına dair hərəkətlər, müraciət edən Dövlətin qanunlarına əsasən həmin nəticəni verəcək. Müraciət edilən Dövlət belə hərəkətlər haqqında müraciət edən Dövləti məlumatlandıracaqdır.

3. İstənilən halda, müraciət edilən Dövlət, verginin alınmasına imkan verən ilkin sənədin tarixindən 15 illik dövr keçdikdən sonra, təqdim edilmiş yardım haqqında xahişi icra etməyə borclu deyildir.

Maddə 15. Üstünlük

Alınması barədə yardım göstərilən vergi tələbinin alınması üçün istifadə edilən qayda, müraciət edilən Dövlətin öz vergi tələblərinin alınmasına tətbiq edilən qaydalara uyğun gəldiyi halda belə, həmin Dövlətdə vergi tələblərinə verilən xüsusi üstünlüyə malik deyildir.

Maddə 16. Ödənişə möhlət

Müraciət edilən Dövlət, onun qanunları və ya inzibati təcrübəsi belə hallara yol verirsə, möhlətli ödənişə və ya ödənişlərin vaxtının uzadılmasına icazə verə bilər, lakin bu barədə müraciət edən Dövləti qabaqcadan xəbərdar etməlidir.

III bölmə. Sənədlər xidməti

Maddə 17. Sənədlər xidməti

1. Müraciət edən Dövlətin xahişinə əsasən, müraciət edilən Dövlət, məhkəmə qərarlarına dair sənədlər də daxil olmaqla, müraciət edən Dövlətdən göndərilən və bu Konvensiyanın şamil edildiyi vergilərə aid sənədləri ünvan sahibinə təqdim edəcəkdir.

2. Müraciət edilən Dövlət sənədlər xidmətini:

a) bu növ sənədlər xidməti üçün özünün daxili qanunları ilə müəyyən edilmiş qaydada;

b) imkan daxilində müraciət edən Tərəfin tələb etdiyi spesifik qaydada və ya həmin qaydaya daha yaxın öz qanunları ilə müəyyən edilmiş qaydada göstərəcək.

3. Bir Tərəf, digər Tərəfin ərazisindəki şəxsə, sənədlər xidmətini birbaşa poçt vasitəsilə həyata keçirə bilər.

4. Konvensiyanın heç bir müddəası, Tərəfin öz qanunlarına əsasən göstərəcəyi istənilən sənədlər xidmətini, qanuni qüvvədən məhrum etmiş kimi şərh etməyəcək.

5. Bu maddəyə uyğun olaraq, sənəd təqdim edilərkən, sənədin tərcüməsi əlavə edilməməlidir. Lakin ünvan sahibinə sənədin dili aydın olmadığı halda, müraciət edilən Dövlət onun tərcümə edilməsi və ya rəsmi dillərin birində xülasənin tərtib edilməsi üçün tədbirlər görəcək. Bir üsul kimi, o, müraciət edən Dövlətdən sənədin tərcümə edilməsini və ya müraciət edilən Dövlətin, Avropa Şurasının və İƏİT-nın rəsmi dillərinin birində xülasə təqdim edilməsini xahiş edə bilər.

IV fəsil. Bütün növ yardımlara aid müddəalar

Maddə 18. Müraciət edən Dövlətin təqdim etdiyi informasiya

1. Zəruri olduğu halda, yardım haqqında xahişdə göstərilməlidir:

a) səlahiyyətli orqanın çıxış etdiyi xahişin təşəbbüsçüsü olan orqan və ya agentlik;

b) barəsində xahiş edilən şəxsin adı, ünvanı və identifikasiyasına kömək edəcək digər məlumatlar;

c) informasiyanın təqdim edilməsi barədə xahiş olduğu halda, istənilən informasiyanın alınması ilə bağlı müraciət edən Dövlətin tələbatını təmin edən forma;

d) verginin alınması və ya əmlaka həbs qoyulması haqda xahiş olduğu halda, tələbin alınması mümkün ola biləcək vergi tələbinin xüsusiyyəti, vergi tələbi və əmlak haqqında məlumat;

e) sənədlər xidməti barədə xahiş olduğu halda, tələb olunan sənədin məzmunu və xüsusiyyətləri;

f) yardımın müraciət edən Dövlətin qanunları və inzibati təcrübəsinə uyğunluğu və onun 19-cu maddənin tələbləri baxımından müvafiqliyi.

2. Yardım haqqında xahişə aid istənilən digər informasiyanın alındığı halda, müraciət edən Dövlət onu müraciət edilən Dövlətə göndərəcəkdir.

Maddə 19 . Sorğunun rədd edilməsinin mümkünlüyü

Müraciət edən Dövlət onun ərazisində olan bütün vasitələrdən, bu vasitələrdən istifadə edilməsi hədsiz çətinliklərə gətirib çıxara bilən hallar istisna olmaqla, istifadə etməyibsə, müraciət edilən Dövlət xahişi yerinə yetirməyə borclu olmayacaqdır.

Maddə 20. Yardım haqqında xahişə cavab

1. Yardım haqqında xahiş qəbul edilibsə, müraciət edilən Dövlət görülmüş tədbirlər və əldə edilmiş nəticələr barədə, mümkün qədər qısa müddətdə müraciət edən Dövləti xəbərdar edəcəkdir.

2. Xahiş rədd edilibsə, müraciət edilən Dövlət bu qərar və onun səbəbləri haqqında, mümkün qədər qısa müddətdə müraciət edən Dövləti xəbərdar edəcəkdir.

3. İnformasiyanın təqdim edilməsi xahişi barəsində müraciət edən Dövlət, informasiyanın almaq istədiyi formanı müəyyən edibsə və müraciət edilən Dövlətin bunu yerinə yetirmək imkanı varsa, müraciət edilən Dövlət onu tələb edilən formada təqdim edəcəkdir.

Maddə 21. Şəxslərin müdafiəsi və yardım edilmə öhdəliklərinin hüdudları

1. Bu Konvensiyada heç nə, müraciət edilən Dövlətin qanunları və inzibati təcrübəsi ilə şəxslərə verilmiş hüquq və təminatlara toxunmur.

2. 14-cü maddə istisna olmaqla, bu Konvensiyanın müddəaları, müraciət edilən Dövlətin qarşısına aşağıdakı öhdəliklərin qoyulması kimi şərh edilməyəcəkdir:

a) onun öz qanunları və inzibati təcrübəsinə və ya müraciət edən Dövlətin qanunları və ya inzibati təcrübəsinə zidd olan tədbirləri görmək;

b) onun dövlət siyasətinə (ictimai asayişinə) və ya öz mühüm maraqlarına zidd hesab etdiyi tədbirləri görmək;

c) onun öz qanunları və ya inzibati təcrübəsi ilə və ya müraciət edən Dövlətin qanunları və ya inzibati təcrübəsi ilə alınması mümkün olmayan informasiyanı təqdim etmək;

d) istənilən ticarət, işgüzar, sənaye, kommersiya və ya peşə sirrlərini və ya ticarət proseslərini açan, və ya açılması dövlət siyasətinə (ictimai asayişə) və ya onun mühüm maraqlarına zidd olan informasiyanı təqdim etmək;

e) müraciət edən Dövlətdə tətbiq edilən vergitutmanı ümumi qəbul edilmiş vergitutma prinsiplərinə və ya müraciət edən Dövlətlə müraciət edilən Dövlət arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması barədə və istənilən digər Konvensiyanın prinsiplərinə və ya müddəalarına zidd olan hal kimi qiymətləndirdikdə, inzibati yardım göstərmək;

f) bu Konvensiyanın tətbiqi, müraciət edilən Dövlətin milli şəxsi və müraciət edən Dövlətin milli şəxsləri arasında diskriminasiya münasibətlərinə gətirib çıxardıqda, yardım göstərmək.

Maddə 22. Məxfilik

1. Bu Konvensiyanın şərtlərinə uyğun bir Tərəfin aldığı istənilən informasiya, bu Tərəfin öz qanunları əsasında aldığı informasiya qədər və ya digər Tərəfin müvafiq şərtləri daha məhdudlaşdırıcıdırsa, həmin digər Tərəfdə tətbiq edilən məxfilik şərtlərinə əsasən məxfi sayılacaqdır.

2. Belə informasiya, istənilən halda, yalnız bu Tərəfin vergilərinin hesablanmasına, yığılmasına, alınmasına, araşdırmasına və ya apellyasiya üzrə qəbul edilmiş qərarlara cəlb edilmiş şəxslər və ya hakimiyyət orqanları (məhkəmə və inzibati və ya nəzarət orqanları daxil olmaqla) üçün açılacaq. Yalnız yuxarıda qeyd edilən şəxslər və hakimiyyət orqanları və yalnız bu məqsədlər üçün informasiyadan istifadə edə bilər. Onlar 1-ci bəndin müddəalarından asılı olmayaraq, təqdim edən Tərəfin səlahiyyətli orqanından alınmış ilkin razılığa uyğun olaraq, həmin informasiyanı bu vergilərə dair məhkəmə araşdırmaları zamanı və ya məhkəmə qərarlarında aça bilərlər. Lakin istənilən iki və ya daha çox Tərəf ilkin razılıq şərtlərinin geri götürülməsi barədə birgə razılığa gələ bilərlər.

3. Əgər Tərəf, 30-cu maddənin 1-ci bəndinin a) yarımbəndində nəzərdə tutulmuş qeyd-şərti edibsə, bu Tərəfdən informasiyanı alan istənilən digər Tərəf, həmin informasiyadan qeyd-şərtin predmeti olan kateqoriyada vergi məqsədləri üçün istifadə etməyəcək. Müvafiq olaraq, belə qeyd-şərti edən Tərəf, bu Konvensiyanın şərtlərinə uyğun olaraq, aldığı informasiyadan qeyd-şərtin predmeti olan kateqoriyada vergi məqsədləri üçün istifadə etməyəcəkdir.

4. 1-ci, 2-ci və 3-cü bəndlərin müddəalarından asılı olmayaraq, Tərəfin aldığı informasiya, əgər belə informasiya təqdim edən Tərəfin qanunlarına əsasən digər məqsədlər üçün istifadə edilə bilərsə və bu tərəfin səlahiyyətli orqanından istifadə üçün icazə olduqda, digər məqsədlər üçün istifadə edilə bilər. Bir Tərəfin digər Tərəfə təqdim etdiyi informasiya, adı birinci çəkilən Tərəfin səlahiyyətli orqanından əvvəlcədən alınmış razılığa əsasən, üçüncü Tərəfə verilə bilər.

Maddə 23. Məhkəmə təhqiqatı

1. Bu Konvensiyanın şərtlərinə uyğun olaraq, müraciət edilən Dövlətin gördüyü tədbirlər barədə məhkəmə təhqiqatları yalnız bu Dövlətin müvafiq orqanları tərəfindən keçiriləcəkdir.

2. Bu Konvensiyanın şərtlərinə uyğun olaraq, müraciət edən Dövlətin gördüyü tədbirlər barədə məhkəmə təhqiqatları, o cümlədən vergilərin alınması sahəsində vergi tələbinin və ya onun alınmasına imkan verən sənədin mövcudluğuna və ya məbləğinə aid olanlar, yalnız bu Dövlətin müvafiq orqanları tərəfindən aparılacaq. Əgər belə təhqiqatlar aparılırsa, müraciət edən Dövlət müraciət edilən Dövləti məlumatlandıracaq və o, adı çəkilən orqanların qərarına qədər proseduru dayandıracaq. Lakin müraciət edən Dövlətin xahişi olduğu təqdirdə, müraciət edilən Dövlət alınmanı təmin etmək üçün əmlaka həbs qoyulması tədbirlərini keçirəcək. Müraciət edilən Dövlət, habelə bu cür təhqiqatlar haqqında istənilən maraqlı şəxs tərəfindən məlumatlandırıla bilər. Belə məlumat alındıqda, zərurət olduğu halda, müraciət edilən Dövlət bu məsələyə dair müraciət edən Dövlətlə məsləhətləşmələr aparacaqdır.

3. Təhqiqat üzrə yekun qərar qəbul edilən kimi, müraciət edilən Dövlət və ya əks halda müraciət edən Dövlət, yardım haqqında xahiş üçün onda olan qərar və nəticələr barədə digər Dövləti xəbərdar edəcəkdir.

V fəsil. Xüsusi müddəalar

Maddə 24. Konvensiyanın icrası

1. Tərəflər bu Konvensiyanın icrası məqsədilə, müvafiq səlahiyyətli orqanlar vasitəsilə bir-biri ilə əlaqə saxlayacaqlar. Bu məqsədlə səlahiyyətli orqanlar birbaşa əlaqə saxlaya bilər və onların adından çıxış etmək səlahiyyətlərini tabeliklərində olan orqanlara həvalə edə bilərlər. İki və ya daha çox Tərəfin səlahiyyətli orqanları Konvensiyanın icrası üsulunu birgə razılaşdıra bilər.

2. Əgər müraciət edilən Dövlət hesab edərsə ki, bu Konvensiyanın icrası bu və ya digər hallarda ciddi və arzuolunmaz nəticələrə gətirib çıxaracaq, müraciət edən və müraciət edilən Dövlətlərin səlahiyyətli orqanları bir-biri ilə məsləhətləşmələr aparacaq və məsələnin qarşılıqlı razılaşma əsasında həll edilməsinə çalışacaqlar.

3. Tərəflərin səlahiyyətli orqanlarından ibarət olan koordinasiya orqanı İƏİT-nın himayəsi altında bu Konvensiyanın icrasına və inkişafına nəzarət edəcək. Bu məqsədlə koordinasiya orqanı, Konvensiyanın məqsədlərinə nail olmasına kömək edən istənilən tədbirləri məsləhət görəcəkdir. O cümlədən o, vergi məsələlərində beynəlxalq əməkdaşlığın fəallaşdırılması məqsədilə yeni üsulların və prosedurların öyrənilməsi üçün forum vəzifəsini yerinə yetirəcək və zəruri hallarda, Konvensiyaya düzəlişlər edilməsini və ya yenidən baxılmasını məsləhət görəcəkdir. Konvensiyanı imzalamış, lakin hələ ratifikasiya etməmiş, qəbul etməmiş və ya bəyənməmiş ölkələr, koordinasiya orqanının iclaslarında müşahidəçi kimi təmsil olunmaq hüququna malikdirlər.

4. Tərəf Konvensiyanın müddəalarının təfsiri məsələləri üzrə rəy çıxarılması xahişi ilə koordinasiya orqanına müraciət edə bilər.

5. İki və ya daha çox Tərəfin Konvensiyanın icrası və ya təfsiri məsələlərinə dair çətinlikləri və ya şübhələri yarandıqda, bu Tərəflərin səlahiyyətli orqanları məsələnin qarşılıqlı razılaşma yolu ilə həll edilməsinə çalışacaqlar. Razılaşma haqqında koordinasiya orqanına məlumat veriləcəkdir.

6. İƏİT-nın Baş Katibi Tərəfləri və Konvensiyanı imzalamış, hələ ratifikasiya etməmiş, qəbul etməmiş və ya bəyənməmiş dövlətləri, yuxarıda göstərilmiş 4-cü bəndin müddəalarına uyğun olaraq, çıxarılmış rəy haqqında və yuxarıda göstərilmiş 5-ci bəndə uyğun olaraq, əldə edilmiş qarşılıqlı razılaşmalar haqqında məlumatlandıracaqdır.

Maddə 25. Dil

Yardım haqqında xahişlər və onlara cavablar, İƏİT-nın və Avropa Şurasının rəsmi dillərindən birində və ya maraqlı olan razılığa gələn Dövlətlər arasında razılaşdırılmış istənilən digər dildə tərtib ediləcəkdir.

Maddə 26. Xərclər

Maraqlı Tərəflər arasında digər hallar razılaşdırılmayınca:

a) yardımın göstərilməsi üzrə adi xərcləri müraciət edilən Dövlət ödəyəcəkdir;

b) yardımın göstərilməsi üzrə xüsusi xərcləri müraciət edən Dövlət ödəyəcəkdir.

VI fəsil. Sonuncu müddəalar

Maddə 27. Digər beynəlxalq sazişlər və razılaşmalar

1. Bu Konvensiyada nəzərdə tutulmuş yardım göstərilməsi imkanları, maraqlı Tərəflər arasında qüvvədə olan və ya gələcək beynəlxalq sazişlərdə və ya digər sənədlərdə, habelə vergi məsələləri üzrə əməkdaşlığa dair digər sənədlərdə olan imkanları məhdudlaşdırmır və onlarla məhdudlaşdırılmır.

2. Bu Konvensiyanın qaydalarından asılı olmayaraq, Avropa İqtisadi Birliyinin üzvü olan Tərəflər, qarşılıqlı münasibətlərdə bu Birlikdə qüvvədə olan ümumi qaydaları tətbiq edəcəklər.

Maddə 28. Konvensiyanın imzalanması və qüvvəyə minməsi

1. Bu Konvensiya Avropa Şurasının üzvü olan ölkələri və İƏİT üzvü olan ölkələr tərəfindən imzalamaq üçün açıq olacaq. O, ratifikasiya edilməli, qəbul edilməli və ya bəyənilməlidir. Ratifikasiya fərmanları, qəbul etmə və ya bəyənmə haqqında sənədlər Depozitarilərdən birinə saxlanma üçün təhvil veriləcək.

2. Bu Konvensiya, 1-ci bəndin müddəalarına uyğun olaraq, beş dövlət tərəfindən bu Konvensiya ilə bağlı olduqları haqqında razılıqlarını bildirdikləri tarixdən üç aylıq dövr keçəndən sonrakı ayın birinci günündən qüvvəyə minəcəkdir.

3. Gələcəkdə Konvensiya ilə bağlı olmaq haqqında öz istəklərini bildirən Avropa Şurası üzvü olan istənilən dövlətə və ya İƏİT üzvü olan istənilən ölkəyə münasibətdə, Konvensiya ratifikasiya fərmanını və ya qəbul etmə, yaxud bəyənmə haqqında sənədlərin saxlanmaya təhvil verildiyi tarixdən üç aylıq dövr keçəndən sonrakı ayın birinci günündən qüvvəyə minəcəkdir.

Maddə 29. Konvensiyanın tətbiq əraziləri

1. Hər bir Dövlət imzalanma vaxtı, ratifikasiya fərmanının və ya qəbul etmə, yaxud bəyənmə haqqında sənədlərin saxlanmağa təhvil verilməsi zamanı, Konvensiyanın tətbiq ediləcəyi ərazini və ya əraziləri göstərə bilər.

2. İstənilən Dövlət hər hansı sonrakı vaxt, Depozitarilərdən birinə ünvanlanmış bəyanat vasitəsi ilə, Konvensiyanın tətbiqini, bəyanatda göstərilmiş istənilən digər əraziyə şamil edə bilər. Belə əraziyə münasibətdə, Konvensiya Depozitarinin belə bəyanatı aldığı tarixdən üç aylıq dövr keçəndən sonrakı ayın birinci günündən qüvvəyə minəcəkdir.

3. Əvvəlki iki bənddən istənilən birinin şərtlərinə uyğun olaraq edilmiş istənilən bəyanat, belə bəyanatda göstərilən istənilən əraziyə münasibətdə, Depozitarilərdən birinə göndərilmiş bildiriş vasitəsi ilə geri çağırıla bilər. Ləğv edilmə Depozitarinin belə bildirişi aldığı tarixdən üç aylıq dövr keçəndən sonrakı ayın birinci günündən qüvvəyə minəcəkdir.

Maddə 30. Qeyd-şərtlər

1. İstənilən Dövlət imzalanma vaxtı və ya ratifikasiya fərmanının və ya qəbul etmə, yaxud bəyənilmə haqqında sənədlərin təhvil verilməsi zamanı və ya istənilən digər sonrakı vaxt bəyan edə bilər ki, o, aşağıdakı hüquqları özündə saxlayır:

a) bu Konvensiyanın A Əlavəsinə uyğun olaraq bu kateqoriyaya özünün heç bir daxili vergisinin aid edilməməsi şərti ilə, 2-ci maddənin 1-ci bəndinin b) yarımbəndində göstərilən istənilən kateqoriyada digər Tərəflərin vergiləri ilə bağlı yardımın heç bir formasını göstərməmək;

b) istənilən vergi tələbinin alınmasında və ya bütün vergilər üzrə və ya yalnız 2-ci maddənin 1-ci bəndində göstərilən bir və ya daha çox kateqoriyalarda vergilər üzrə inzibati cərimələrin alınmasında yardım göstərməmək;

c) bu Dövlətə münasibətdə Konvensiyanın qüvvəyə mindiyi tarixə və ya yuxarıda göstərilən a) və b) bəndlərinə uyğun olaraq əvvəllər qeyd-şərt edilmişdirsə, müvafiq kateqoriyalı vergilərə münasibətdə belə qeyd-şərtin ləğv edilməsi tarixinə olan istənilən vergi tələbinə münasibətdə yardım göstərməmək;

d) bütün vergilər üçün və ya yalnız 2-ci maddənin 1-ci bəndində göstərilən bir və ya daha çox kateqoriyalarda vergilər üçün sənədli xidmətlərin təqdim edilməsində kömək göstərməmək;

e) 17-ci maddənin 3-cü bəndində nəzərdə tutulduğu kimi, poçt vasitəsilə sənədli xidmətlərin göstərilməsinə icazə verməmək.

2. Heç bir digər qeyd-şərt edilə bilməz.

3. Tərəfə münasibətdə Konvensiya qüvvəyə mindikdən sonra, bu Tərəf ratifikasiya, qəbul etmə və ya bəyənmə vaxtı edilməmiş, 1-ci bənddə sadalanan bir və ya daha çox qeyd-şərt edə bilər. Belə qeyd-şərtlər Depozitarilərdən birinin qeyd-şərti qəbul etdiyi tarixdən üç aylıq dövr keçəndən sonrakı ayın birinci günündən qüvvəyə minəcəkdir.

4. 1-ci və 3-cü bəndlərə uyğun olaraq qeyd-şərt etmiş istənilən Tərəf, Depozitarilərdən birinin ünvanına göndərilmiş bildiriş vasitəsilə onu tam və ya qismən geri götürə bilər. Ləğvetmə adı çəkilən Depozitarinin belə bildirişi aldığı tarixdən qüvvəyə minəcəkdir.

5. Bu Konvensiyanın müddəasına münasibətdə qeyd-şərt etmiş Tərəfdən bu müddəanı istənilən digər Tərəf icra etməsini tələb edə bilməz, lakin əgər qeyd-şərt hissəvi xarakter daşıyırsa, o, bu müddəanın özü qəbul etdiyi dərəcədə tətbiqini tələb edə bilər.

Maddə 31. Konvensiyanın qüvvədən düşməsi

1. İstənilən Tərəf, istənilən vaxt Depozitarilərdən birinə göndərdiyi bildiriş vasitəsilə bu Konvensiyanı ləğv edə bilər.

2. Belə ləğv edilmə Depozitarinin bildirişi aldığı tarixdən üç aylıq dövr keçəndən sonrakı ayın birinci günündən qüvvəyə minəcəkdir.

3. Konvensiyanı ləğv etmiş istənilən Tərəf, bu Konvensiyaya uyğun olaraq aldığı sənədlərin və informasiyanın onda olduğu bütün müddətdə 22-ci maddənin müddəaları ilə bağlı olacaqdır.

Maddə 32. Depozitarilər və onların vəzifələri

1. Ünvanına sənəd, bildiriş və ya məlumat göndərilmiş Depozitari:

a) istənilən imzalanma,

b) ratifikasiya fərmanının və ya qəbul etmə və ya bəyənmə haqqında sənədlərin təhvil verilməsi,

c) 28-ci və 29-cu maddələrin müddəalarına uyğun olaraq, Konvensiyanın qüvvəyə minməsi barədə istənilən tarix,

d) 4-cü maddənin 3-cü bəndinin və ya 9-cu maddənin 3-cü bəndinin müddəalarına uyğun olaraq, edilmiş istənilən bəyanat və istənilən belə bəyanatın ləğv edilməsi,

e) 30-cu maddənin müddəalarına uyğun olaraq, edilmiş istənilən qeyd-şərt və 30-cu maddənin 4-cü bəndinin müddəalarına uyğun olaraq istənilən qeyd-şərtin ləğv edilməsi,

f) 2-ci maddənin 3-cü və 4-cü bəndlərinin, 3-cü maddənin 3-cü bəndinin, 29-cu maddənin və ya 31-ci maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq, alınmış istənilən bildiriş,

g) bu Konvensiyaya aid olan istənilən digər sənəd, bildiriş və məlumat haqqında Avropa Şurası üzvü olan ölkələri və İƏİT üzvü olan ölkələri məlumatlandıracaqdır.

2. 1-ci bəndin müddəalarına uyğun olaraq, məlumat alan və ya bildiriş göndərən Depozitari, dərhal bu barədə digər Depozitariləri xəbərdar edəcəkdir.

Bunun təsdiqi olaraq, buna tam səlahiyyətləri olan, aşağıda imza edənlər, bu Konvensiyanı imzaladılar.

Strasburqda 1988-ci il 25 yanvar tarixində, bir nüsxəsi Avropa Şurasının arxivinə, bir nüsxəsi isə İƏİT-nın arxivinə təhvil veriləcək, iki nüsxədə, ingilis və fransız dillərində icra edilmişdir, hər iki mətn eyni qüvvəyə malikdir. Avropa Şurasının və İƏİT-nın Baş Katibləri Avropa Şurasının üzvü olan hər bir Dövlətə və İƏİT üzvü olan hər bir ölkəyə təsdiq edilmiş surətləri göndərəcəklər.

İmzalamaq üçün açıqdır: 25 yanvar 1988-ci il.

Qüvvəyə minmə tarixi: 5 ratifikasiya fərmanı təhvil veriləndən üç ay keçdikdən sonra.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (№– 12, (I kitab) 31 dekabr 2003-cü il, maddə 708).

Azərbaycan Respublikası 9 dekabr 2003-cü il tarixli, 551-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.

 

1988-ci il 25 yanvar tarixli «Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında» konvensiyaya dair Azərbaycan Respublikasının bəyanatları

I. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).

II. Azərbaycan Respublikasına münasibətdə:

1. Konvensiyanın şamil edildiyi vergilərə (Əlavə A) daxil edilsin:

Maddə 2, bənd 1.a.i:

Fiziki şəxslərin gəlir vergisi,

Hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa),

Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində tutulan vergilər,

Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən tutulan vergi.

Maddə 2, bənd 1.b.i:

Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Maddə 2. bənd 1.b.ii:

Dövlət sosial müdafiə fonduna ayırmalar.

Maddə 2, bənd 1.b.iii.A:

Hüquqi şəxslərin əmlak vergisi.

Maddə 2. bənd 1.b.iii.B:

Hüquqi şəxslərin torpaq vergisi.

Maddə 2, bənd 1.b.iii.C:

Əlavə dəyər vergisi.

Maddə 2. bənd 1.b.iii.D:

Aksizlər.

Maddə 2, bənd 1.b.iii.E:

Yol vergisi.

Maddə 2, bənd 1.b.iii.K:

Mədən vergisi.

Sadələşdirilmiş sistem üzrə vergi,

«Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən alınan rüsumlar.

Maddə 2, bənd 1.b.iv;

Fiziki şəxslərin torpaq vergisi,

Fiziki şəxslərin əmlak vergisi,

Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi.

2. Konvensiya üzrə səlahiyyətli orqanlara (Əlavə B) daxil edilsin:

  • Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi.

3. «Vətəndaş» termininin (Əlavə C) tərifi aşağıdakı kimi verilsin:

«vətəndaş» termini:

  • Azərbaycan Respublikası vətəndaşı olan bütün fiziki şəxsləri;
  • Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, belə status almış bütün hüquqi şəxsləri (tərəfdaşlıq və birgə müəssisə daxil olmaqla), şirkətləri, assosiasiyaları və digər təşkilatları ifadə edir.