Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə (N 55)

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 1 mart 2001-ci il
55

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR 

Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarının təsdiq edilməsi barədə[2] QAYDALARI

1. Ümumi müddəa

Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir.[3]

2. Xarici hüquqi şəxsin mənfəətinin müəyyən edilməsi üçün meyarlar

Azərbaycan Respublikasında, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında daimi nümayən-dəlik vasitəsi ilə həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi mənfəətinin müəyyən edilməsinə imkan verən ayrıca uçotun aparılmadığı hallarda, həmin xarici hüquqi şəxsin mənfəəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəyi əsasında vergi ödəyicisi ilə müvafiq vergi orqanı arasında razılaşdırılmış üsul əsasında müəyyən edilə bilər. Bu məqsəd üçün konkret halda aşağıdakı meyarlardan biri qəbul edilir:

Azərbaycan Respublikasında məhsul (iş, xidmət) satışından gəlirin məbləği;

Azərbaycan Respublikasında fəaliyyətlə əlaqədar olan xərclərin məbləği;

Azərbaycan Respublikasındakı daimi nümayəndəliyin işçilərinin sayı.

3. Xarici hüquqi şəxsin mənfəətinin müəyyən edilməsi üsulları

3.1. Xarici hüquqi şəxsin Azərbaycan Respublikasında fəaliyyəti ilə əlaqədar əldə etdiyi mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir:

3.1.1. xarici hüquqi şəxsin belə fəaliyyətlə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında:

M = (G : 100 + R) x R

burada,

M xarici hüquqi şəxsin mənfəəti;

G xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı fəaliyyətindən əldə etdiyi gəlir;

R şərti rentabellik normasıdır.

3.1.2. xarici hüquqi şəxsin belə fəaliyyətlə əlaqədar xərcləri əsasında:

M = (X : 100) x R

burada,

M xarici hüquqi şəxsin mənfəəti;

X xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı xərcləri;

R şərti rentabellik normasıdır.

3.2. Vergi orqanı xarici hüquqi şəxsin mənfəətini həmin xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı nümayəndəliyinin işçilərinin sayının onun ümumi işçilərinin sayında xüsusi çəkisi göstəricisi əsasında xarici hüquqi şəxsin məcmu mənfəətinin bölüşdürülməsi üsulu ilə aşağıdakı qaydada müəyyən edir:

M = Mm x (N1: N2)

burada,

M xarici hüquqi şəxsin mənfəəti;

Mm xarici hüquqi şəxsin məcmu mənfəəti;

N1 daimi nümayəndəliyin işçilərinin sayı;

N2 xarici hüquqi şəxsin ümumi işçilərinin sayıdır.

3.3. Xarici hüquqi şəxsin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

3.4. Xarici hüquqi şəxsin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər, o cümlədən müvafiq qaydada tərtib edilməyən ilkin sənədlərdə göstərilən xərclər aid edilir.

Xarici hüquqi şəxsin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə aid edilən və müvafiq normativlər əsasında hesablanaraq gəlirdən çıxılan xərclər, xarici hüquqi şəxsin əsas fəaliyyəti ilə bağlıdırsa, bu xərclər bütövlükdə nəzərə alınır.

4. Xarici hüquqi şəxsin vergiyə cəlb olunan mənfəətinin müəyyən edilməsi

Xarici hüquqi şəxsin Azərbaycan Respublikasında əldə etdiyi mənfəətinin yalnız bir hissəsi vergiyə cəlb olunduğu halda, vergi orqanı vergiyə cəlb olunan mənfəəti müəyyən etmək üçün aşağıdakı meyarlardan istifadə edə bilər:

xarici hüquqi şəxsin Azərbaycan Respublikasında vergiyə cəlb olunan fəaliyyətin həyata keçirilməsi üçün sərf etdiyi iş vaxtının nümayəndəliyin ümumi iş vaxtında xüsusi çəkisi;

xarici hüquqi şəxsin Azərbaycan Respublikasında vergiyə cəlb olunan fəaliyyətin həyata keçirilməsinə çəkdiyi xərclərinin, onun Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə həyata keçirdiyi fəaliyyətlə bağlı ümumi xərclərində xüsusi çəkisi;

xarici hüquqi şəxsin Azərbaycan Respublikasında vergiyə cəlb olunan fəaliyyətin həyata keçirilməsindən əldə etdiyi gəlirlərinin, onun Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsi ilə fəaliyyətindən əldə olunan ümumi gəlirlərində xüsusi çəkisi.

5. Xarici hüquqi şəxs tərəfindən təqdim edilməli sənədlər[4] 

Xarici hüquqi şəxs tərəfindən bu Qaydaların məqsədləri üçün təqdim edilməli olan müvafiq sənədlər rezidenti olduqları dövlətin səlahiyyətli maliyyə və ya vergi orqanları tərəfindən təsdiq edilməlidir.

6. Vergi ödəyicisinin (xarici hüquqi şəxsdən başqa) vergiyə cəlb olunan mənfəətinin (gəlirinin) müəyyən olunması[5]

6.1. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir:

6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında:

M1 = G1 : ( 100 + R) x R

burada:

M1 vergi ödəyicinin mənfəəti;

G1 vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir;

R şərti rentabellik normasıdır.

6.1.2. vergi ödəyicisinin  fəaliyyəti ilə əlaqədar xərcləri əsasında:[6]

M1 = X1 : 100 x R

burada:

M1 vergi ödəyicisinin mənfəəti;

X1 vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər;

6.1.3. Vergi ödəyicisinin  mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

6.1.4. Vergi ödəyicisinin (xarici hüquqi şəxslər istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.[7]

7. İdman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətdən (gəlirdən) verginin hesablanması[8]

7.1. İdman mərc oyunlarının həyata keçirilməsi fəaliyyəti üzrə mənfəətin müəyyən olunması çətin sahə sayıldığı üçün bu fəaliyyəti həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) mənfəəti şərti olaraq onun gəlirlərinin (oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitlərinin) 30 faizi miqdarında qəbul edilir.

İdman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) mənfəəti oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitlərinin məbləği əsasında aşağıdakı şərti üsulla hesablanır:

M2 = G2 x 30% = G2 x 30/100

Burada:

M2 - vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) mənfəəti;

G2 - vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) gəliri (oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitləri);

30% - gəlirdən mənfəətin hesablanması üçün qəbul edilmiş faiz.

Mənfəətin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105-ci maddəsi ilə müəyyən edilmiş 20 faiz dərəcəsi ilə vergiyə cəlb olunması və idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) mənfəətinin onun gəlirlərinin (oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitlərinin həcminin) 30 faizini təşkil etməsi nəzərə alınmaqla, verginin məbləği oyun iştirakçılarından qəbul edilmiş vəsaitin aşağıdakı üsulla müəyyən edilən 6 faizini təşkil edir:

Vm = G2 x 30% x 20% = G2 x 6% = G2 x 6/100

Burada:

Vm - mənfəət vergisinin məbləği;

G2 - vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) gəliri (oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitləri);

30% - gəlirdən mənfəətin hesablanması üçün qəbul edilmiş faiz;

20% - mənfəət vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 105-ci maddəsi ilə müəyyən edilmiş dərəcəsi;

6% - oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitlərindən mənfəət vergisinin həcmi.

Misal: İdman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) gəlirlərinin (oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitlərinin) məbləği 120,0 min manatdır. Bu zaman mənfəət vergisinin məbləği aşağıdakı kimi müəyyən edilir:

Vm = 120000 x 6/100 = 7200 manat

7.2. İdman mərc oyunlarının həyata keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) mənfəətinin (gəlirinin) müəyyən olunması çətin sahə sayıldığı üçün onun mənfəəti (gəliri) şərti olaraq ona verilən komisyon haqqın (mükafatın) 20 faizi miqdarında qəbul edilir.

Agentin (mərc oyunları satıcısının) mənfəəti ona verilən komisyon haqqın (mükafatın) məbləği əsasında aşağıdakı şərti üsulla hesablanır:

MGa = H x 20% = H x 20/100

Burada:

H - agentə (mərc oyunları satıcısına) verilən komisyon haqqın (mükafatın) məbləği;

20% - agentə (mərc oyunları satıcısına) verilən komisyon haqdan (mükafatdan) mənfəətin (gəlirin) hesablanması üçün qəbul edilmiş faiz.

Hüquqi şəxslərin mənfəətinin və fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.3-cü və 105-ci maddələrinə əsasən 20 faiz dərəcəsi ilə vergiyə cəlb olunması və agentin (mərc oyunları satıcısının) mənfəətinin (gəlirinin) ona verilən komisyon haqqın (mükafatın) 20 faizini təşkil etməsi nəzərə alınmaqla, mənfəət (gəlir) vergisinin məbləği komisyon haqqın (mükafatın) aşağıdakı üsulla müəyyən olunan 4 faizini təşkil edir:

Vmg = H x 20% x 20% = H x 4% = H x 4/100

Burada:

Vmg - mənfəət (gəlir) vergisinin məbləği;

H - agentə (mərc oyunları satıcısına) verilən komisyon haqqın (mükafatın) məbləği;

20% - agentə (mərc oyunları satıcısına) verilən komisyon haqdan (mükafatdan) mənfəətin (gəlirin) hesablanması üçün qəbul edilmiş faiz;

20% - mənfəət (gəlir) vergisinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.3-cü və 105-ci maddələri ilə müəyyən edilmiş dərəcəsi;

4% - agentə (mərc oyunları satıcısına) verilən komisyon haqqın (mükafatın) məbləğində mənfəət (gəlir) vergisinin həcmi.

Misal: Agentə (mərc oyunları satıcısına) verilən komisyon haqqın (mükafatın) məbləği 10,0 min manatdır (o cümlədən, satıcının satdığı biletlərdən, operatorla imzalanmış müqavilədə göstərilən şərtlər daxilində alacağı komisyon haqqın məbləği 8,0 min manat, satıcının ödədiyi uduşlu biletlərin ümumi məbləği üzrə alacağı haqqın məbləği 2,0 min manat təşkil edir). Bu zaman agentin (mərc oyunları satıcısının) ödəməli olduğu mənfəət (gəlir) vergisinin məbləği aşağıdakı kimi müəyyən edilir:

Vmg = 10000 x 4/100 = 400 manat

Qeyd. İdman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunları Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) fəaliyyəti malların (işlərin, xidmətlərin) təqdim olunması ilə bağlı olmadığı üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaitləri və agentə (mərc oyunları satıcısına) ödəniləcək komisyon haqq (mükafat) ƏDV-nin vergitutma obyektini yaratmır.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitə-sində qeydiyyatdan keçmiş lotereyalardan əldə olunan uduşlar gəlir vergisindən azaddır. İdman mərc oyunlarının təşkilinə və keçirilməsinə dövlət nəzarəti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirildiyindən, lotereyalardan əldə olunan uduşlar üzrə Vergi Məcəlləsinin 102.1.13-cü maddəsində nəzərdə tutulan azadolma idman mərc oyunlarından əldə edilən uduşlara da şamil edilir.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       4 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 04, maddə 214)

2.       29 dekabr 2010-cu il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 12, maddə 1126)

3.       12 iyun 2013-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 21 iyun 2013-cü il, 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 749)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 4 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 04, maddə 214) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarının adında və 1-ci bəndində "Xarici hüquqi şəxsin əldə etdiyi" sözləri "Vergi ödəyicisinin" sözləri ilə əvəz edilmişdir.

29 dekabr 2010-cu il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 12, maddə 1126) ilə adında və 1-ci bəndində "ödəyicisinin" sözlərindən sonra ", o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi" sözləri, "mənfəəti" sözündən sonra "(gəliri)" sözü və "mənfəətin" sözündən sonra "(gəlirin)" sözü əlavə edilmişdir.

12 iyun 2013-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 21 iyun 2013-cü il, 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 749) ilə adından və 1-ci hissəsindən ", o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının)" sözləri çıxarılmışdır.

 

[2] 29 dekabr 2010-cu il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 12, maddə 1126) ilə adında "ödəyicisinin" sözündən sonra ", o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi" sözləri, "mənfəəti" sözündən sonra "(gəliri)" sözü və "mənfəətin" sözündən sonra "(gəlirin)" sözü əlavə edilmişdir.

12 iyun 2013-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 21 iyun 2013-cü il, 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 749) ilə edilmiş "Vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydaları" adından və 1-ci hissənin mətnindən ", o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının)" sözləri çıxarılmışdır.

 

[3] 4 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 04, maddə 214) ilə 1-ci bölmədə "xarici hüquqi şəxsin Azərbaycan Respublikasında daimi nümayəndəliyi vasitəsi ilə" sözləri "vergi ödəyicisinin" sözləri ilə əvəz edilmişdir.

29 dekabr 2010-cu il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 12, maddə 1126) ilə 1-ci bənddə "ödəyicisinin" sözündən sonra ", o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının)" sözləri, "mənfəəti" sözündən sonra "(gəliri)" sözü və "mənfəətin" sözündən sonra "(gəlirin)" sözü əlavə edilmişdir.

 

[4] 4 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 04, maddə 214) ilə 5-ci bölmənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

 

[5] 4 aprel 2003-cü il tarixli 42 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 04, maddə 214) ilə 6-cı bölmə əlavə edilmişdir.

12 iyun 2013-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 21 iyun 2013-cü il, 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 749) ilə edilmiş "Vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydaları" 6-cı hissənin adına və mətninə ismin müvafiq hallarında "mənfəət" sözündən sonra ismin müvafiq hallarında "(gəlir)" sözü əlavə edilmişdir.

 

[6] 29 dekabr 2010-cu il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 12, maddə 1126) ilə 6.1.2-ci yarımbəndin birinci abzasında və 6.1.3-cü yarımbənddə "ödəyicisinin" sözündən sonra "(idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisi (mərc oyunlarının Operatoru) və bu oyunların keçirilməsində vasitəçi olan agent (mərc oyunları satıcısı) istisna olmaqla)" sözləri əlavə edilmişdir.

12 iyun 2013-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 21 iyun 2013-cü il, 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 749) ilə edilmiş "Vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydaları" 6.1.2-ci və 6.1.3-cü yarımbəndlərdən "(idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisi (mərc oyunlarının Operatoru) və bu oyunların keçirilməsində vasitəçi olan agent (mərc oyunları satıcısı) istisna olmaqla)" sözləri çıxarılmışdır.

 

[7] 29 dekabr 2010-cu il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 12, maddə 1126) ilə 6.1.4-cü yarımbənddə "(xarici hüquqi şəxslərdən başqa)" sözləri "(xarici hüquqi şəxslər, habelə idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisi (mərc oyunlarının Operatoru) və bu oyunların keçirilməsində vasitəçi olan agent (mərc oyunları satıcısı) istisna olmaqla)" sözləri ilə əvəz edilmişdir.

12 iyun 2013-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 21 iyun 2013-cü il, 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 749) ilə edilmiş "Vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydaları" 6.1.4-cü yarımbənddən ", habelə idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisi (mərc oyunlarının Operatoru) və bu oyunların keçirilməsində vasitəçi olan agent (mərc oyunları satıcısı)" sözləri çıxarılmışdır.

 

[8] 29 dekabr 2010-cu il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 12, maddə 1126) ilə 7-ci bənd əlavə edilmişdir.

12 iyun 2013-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 21 iyun 2013-cü il, 133; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 06, maddə 749) ilə edilmiş "Vergi ödəyicisinin, o cümlədən idman mərc oyunlarını həyata keçirən vergi ödəyicisinin (mərc oyunlarının Operatorunun) və bu oyunların keçirilməsində vasitəçi olan agentin (mərc oyunları satıcısının) əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydaları" 7-ci hissə ləğv edilmişdir.