Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Apelyasiya Şurasında vergi ödəyicisinin şikayəti təmin edilmişdir

Vergi Apelyasiya Şurasında fiziki şəxs Sadıqov Anar Telman oğlunun Vergilər Nazirliyinə ünvanlanmış ödəmə mənbəyində tutulan vergi üzrə kameral qaydada hesablanmış əlavə verginin ləğv edilməsi barədə təkrar şikayətinə baxılmışdır.

Bakı Vergilər Departamenti tərəfindən aparılmış kameral yoxlama zamanı, vergi ödəyicisinin 2012-ci ilin 4-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin təqdim etmədiyi aşkarlanmış, bununla əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, lakin, vergi ödəyicisi tərəfindən qeyd olunan müddət ərzində müvafiq təsdiqedici sənədlər, yazılı izahat məktubu və cari bəyannamə vergi orqanına təqdim olunmadığından, ona Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə əlavə vergi hesablanmışdır.

Vergi ödəyicisinin kameral qaydada hesablanmış əlavə vergi məbləğinin azaldılması barədə vergi orqanlarına ünvanlandığı müraciətləri araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində qeydiyyatda olan fiziki şəxs Anar Sadıqov sahibkarlıq fəaliyyətini həyata keçirdiyi MEGAFUN Ticarət və Biznes Mərkəzinin 2-ci mərtəbəsində yerləşən “Cafe Yellow Eggs” adlı ictimai iaşə obyektini Babək Babayev adlı şəxslə bağlanmış 28 sentyabr 2012-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə götürmüş və həmin ilin dekabr ayının 3-də vergi orqanında uçota qoymuşdur.

A.Sadıqov fəaliyyətinə 2013-cü ilin yanvar ayından başlasa da, bağlanmış icarə müqaviləsinin şərtləri, o cümlədən icarəçinin əvvəlcədən 2 aylıq ödəniş məbləği həyata keçirməsi, icarə haqqının hesablanmağa başlanma tarixini nəzərdə tutan “Təhvil-təslim aktı”nın onda olan surətini itirdiyindən və icarə haqqını ödəmədiyi barədə təsdiqedici sənədləri təqdim etmədiyindən vergi orqanı ona 2012-ci ilin 4-cü rübü üçün ödəmə mənbəyində tutulan vergi üzrə əlavə vergi hesablamışdır.

A.Sadıqov araşdırmaya təqdim etdiyi izahatında satış dövriyyəsi (gəliri) aşağı olduğundan icarə müqaviləsinin şərtlərinə  vaxtında əməl edə bilmədiyini, icarə haqqını gecikmə ilə ödədiyini, 2 aylıq ödəniş məbləğlərinin gələcək dövrlər üçün əvvəlcədən ödəniş haqqı olduğunu, fəaliyyətinə 2013-cü ilin yanvarından başladığını bildirmişdir.

Vergi ödəyicisinin Bakı Vergilər Departamentinə və Vergilər Nazirliyinə ünvanlandığı şikayətləri mövcud sənədlər əsasında əsassız hesab olunmuş və “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar qəbul edilmişdir.

Vergi Apelyasiya Şurasının iclasında vergi ödəyicisinin təkrar şikayətinə onun özünün iştirakı ilə baxılmışdır.

Təkrar şikayəti araşdıran Vergi Apelyasiya Şurası işin faktiki hallarını, gətirilmiş dəlilləri, toplanmış materialları və sübutları bir daha nəzərdən keçirərək ödəmə mənbəyində tutulan vergi üçün kameral hesablamaya əsas olan ödənişin edilməsinin təsdiq olunmadığını, icarə müqaviləsinə əsasən obyektin 2012-ci ilin sentyabr ayında icarəyə götürülməsinə baxmayaraq, 2013-cü ilin yanvar ayınadək təmir edildiyini, həmin müddət ərzində obyektin işləməsini təsdiq edən sübutların olmadığını, 2012-ci ilin sentyabr ayında edilən ödənişin 2013-cü ilin yanvar və 2015-ci ilin dekabr aylarının icarə haqqı üçün depozit məbləği olduğunu, ödənişin 2012-ci ilin 4-cü rübü üçün olduğunu təsdiqləyən sənədin olmadığını nəzərə alaraq, əlavə hesablanmış verginin ləğv edilməsi və şikayət ərizəsinin təmin edilməsi barədə qərar çıxarmışdır.