Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Cavab 1. Bildiririk ki, hüquqi şəxs işçi sayı 10 nəfərdən artıq olmadığı halda seçiminə əsasən sadələşdirilmiş və ya mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilər. Belə ki, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və mənfəət (gəlir) vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Cavab 2. ƏDV məqsədləri üçün qeydiyyata durmaq öhdəliyi Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 ayın istənilən ayında (aylarında) 200 min manatdan artıq olduqda yaranır.

Həmçinin bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən şəxslərin ƏDV məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan vergi tutulan əməliyyatlarını ƏDV-dən azad edilən malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi təşkil etdiyi halda, həmin vergi ödəyicilərinin məcburi qaydada ƏDV məqsədləri üçün qeydiyyata alınması tələb olunmur.

Cavab 3. Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir.

Cavab 4. Bildiririk ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Həmçinin mikro sahibkarlıq subyekti olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin (mənfəətin) 75 faizi gəlir (mənfəət) vergisindən azaddır.

Qeydiyyat proseduru, yarana biləcək vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və onlayn növbə tutmaqla ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 106.1.20-ci, 155.1-ci, 164-cü, 175.6-cı, 218.5.8-ci və 220-ci maddələri.

Общая цена: 4/52
Оцените:

Bildiririk ki, fərdi sahibkarlar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. 

Eyni zamanda, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə fiziki şəxs vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, müəssisənin direktoruna və ya işçilərinə məxsus şəxsi avtonəqliyyat vasitəsinin hüquqi şəxsin məqsədləri üçün istifadəsi tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla bağlanmış icarə müqaviləsi əsasında həyata keçirilməlidir. Bu zaman müqavilədən irəli gələn vergi öhdəlikləri də qanunvericiliyin tələbinə uyğun olaraq yerinə yetirilməlidir.

Qeyd olunan şəxslər tərəfindən müəssisəyə müqavilə əsasında xidmətlərinin göstərilməsi zamanı müəssisə tərəfindən dəyəri ödənilən yanacaq və digər xərclər bilavasitə gəlirin əldə edilməsi ilə bağlı olduğu halda, müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu zaman rezident fiziki şəxs yanacağın sərfiyyatına dair işin icrası haqqında məlumatı (haradan haraya), getdiyi yürüşü (km.) və s. əks etdirən müvafiq təsdiqedici sənədləri müəssisəyə təqdim etməlidir.

Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 108-ci maddələri.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər (əmək müqaviləsi və ya mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərməsindən asılı olmayaraq) məcburi dövlət sosial sığorta haqqından azad edilmişlər.

Eyni zamanda əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin (sığortaolunanın) işsizlikdən sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna əsasən əmək müqaviləsi ilə işləyən əcnəbi işçilərin, o cümlədən Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər üzrə işsizlikdən sığorta haqqı hesablanır.

Общая цена: 5/52
Оцените:

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və proseduralarına əsasən ƏDV konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. Vergi ödəyiciləri təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər, lakin son istehlakçının ƏDV-ni geri qaytarmaq imkanı olmur.

Yuxarıda qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan halda vergi ödəyicisi tərəfindən ofis üçün içməli su, o cümlədən digər təmizlik vasitələri alınan zaman ödənilən ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

Əsas: Vergi Məcəlləsinin XI fəsli.

 

Общая цена: 4/55
Оцените:

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur. Yaşayış sahəsinin ölçüsü mülkiyyət hüququnu təsdiq olunan sənədə (çıxarışa) əsasən müəyyən olunur.

Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs tərəfindən ailə üzvü olan şəxsə daşınmaz əmlakın təqdim olunması vergi öhdəliyini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

Общая цена: 5/53
Оцените:

Vergi Məcəlləsinin müddəalarına əsasən, yalnız gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müraciətinizdə qeyd olunan Koronavirusla Mübarizəyə Dəstək Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna ödənilən vəsaitlərin vergi ödəyicisinin gəlirlərindən çıxılması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Общая цена: 4/55
Оцените:

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bununla yanaşı pərakəndə ticarət fəaliyyətini həyata keçirən vergi ödəyicisi nağd pul hesablaşmalarını Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidir.

Yeni nəsil kassa aparatlarının (e-kassa) quraşdırılması ilə bağlı e-kassa operatorlarına müraciət etməyiniz tövsiyə olunur. Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və digər məsələlər barədə suallara www.e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 102-ci, 124-cü, 220-ci maddələri.

Общая цена: 5/52
Оцените:

Cavab 1. Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müraciətinizdə qeyd olunan birinci halda, gəlirdən çıxılmasına yol verilməyən xərclərlə bağlı ödənilmiş əlavə dəyər vergisinin məbləği həmin xidmətlərin dəyərinin tərkib hissəsi olmaqla, müəssisənin gəlirdən çıxılmayan xərclərinə aid edilir və sərbəst mənfəət hesabına maliyyələşdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

Cavab 2. Bildiririk ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş qaydada və formada verilən mükafatlar əmək haqqının tərkibi olmaqla tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilir.

Əlamətdar hadisələr, ad günləri, dövlət bayramları və s. ilə bağlı işçiyə verilən mükafatlar isə işəgötürən tərəfindən kommersiya məqsədləri üçün qarşıya qoyulmuş işlərin yerinə yetirilməsi ilə bağlı edilən ödəniş olmadığından və işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirildiyindən həmin xərclər gəlirdən çıxılan xərclərə aid edilmir. 

Əsas: Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu, Əmək Məcəlləsinin 157-ci maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Eyni zamanda, vəkillik fəaliyyəti ilə fərdi qaydada məşğul olan və vergi orqanında uçotda olan vəkilin göstərdiyi xidmətlərə görə əldə etdiyi ödənişlərdən bu fəaliyyət üzrə çəkilmiş xərclər, o cümlədən qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə məcburi dövlət sosial sığorta haqqı hesablanaraq ödənilməlidir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mühaaribə veteranları üçün nəzərdə tutulmuş güzəşt yalnız muzdlu işdən əldə olunan gəlirlərinə münasibətdə tətbiq olunur.

Vergi ödəyicisinin fərdi qaydada uçota alınmaqla sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən, o cümlədən vəkillik fəaliyyətindən əldə etdiyi gəlirlər muzdlu işdən gəlirə aid edilmədiyi üçün azadolma həmin gəlirlərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.2.7-ci maddələri,  “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.5-ci maddəsi, , “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.

Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə müraciət edənlərə məlumat veriləcək.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat müraciət zamanı çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Общая цена: 0/50
Оцените:

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə fiziki şəxs vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə xidmət mərkəzlərində (o cümlədən ASAN xidmət mərkəzlərində) emal müddəti nəzərə alınmaqla müraciət zamanı elektron kabinetə göndərilir (ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir).

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

Общая цена: 0/50
Оцените: