Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Volosenkov Aleksey Borisoviç a.***@mosresurs.com ID: 8598
Salam! Şirkətimiz Azərbaycan rezident şirkəti ilə müqavilə bağlamağı planlaşdırır. Mənə deyin, şirkəti, onun hüquq qabiliyyətini necə yoxlaya bilərik? Şirkət üçün çıxarış necə əldə edilə bilər?
07/09/2023 Прочитано: 191 Средняя стоимость: 5

Bildiririk ki, kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əlavə olaraq bildiririk ki, vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını səhifəmizin“Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” adlı elektron xidmətinə daxil olaraq “Ada görə axtarış” və ya “VÖEN-ə görə axtarış” menyuları vasitəsilə də əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi ödəyicisi digər bir vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub, "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə edə bilər. 

Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu və Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Nəbiyev Əli Çingiz oğlu el***@gmail.com ID: 8494
Mən bərbərlik salonu işlədirəm. Bir aydır yer götürmüşəm və fəaliyyət göstərirəm. Necə vergi ödəyicisi kimi qeydiyyata düşüm bilmirəm və mənim güzəştli vaxtım nə qədərdir?
07/09/2023 Прочитано: 302 Средняя стоимость: 5

Bildiririk ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən bərbər fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər. 

Buna əsasən həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır. 

"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. 

Eyni zamanda vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota almasını təmin etməlidir. Vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 218-ci, 220-ci maddələri və Vergilər Nazirliyinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Fazil Mirzəyev Ədalət El***@gmail.com ID: 8500
Salam. Öyrənmək istərdim ki, obyekt icarəyə verdikdə onun vergisi nə qədərdir? Obyekti icarəyə verən aylıq nə qədər vergi verməlidirr? Cavabı e-mail adresimə göndərsəniz şad olardım. Qabaqcadan təşəkkür edirəm.
07/09/2023 Прочитано: 181 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3.3-cü, 124-cü və 149-cu maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Səfərova Tamara Novruz sa***@gmail.com ID: 8588
Təsisçi ilə direktor eyni şəxs olduğu zaman direktor dəyişikliyi necə həyata keçirilir? Öncədən təşəkkürlər
05/09/2023 Прочитано: 158 Средняя стоимость: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.

Əsas: Mülki Məcəllənin 53.3-cü  maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fərhad Nəsibov Əlirza oğlu sn***@yandex.ru ID: 8496
Şəxsi mülkiyyətim olan torpaq sahəsini satdığıma görə vergi ödəməliyyəmmi?
05/09/2023 Прочитано: 240 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. 

Belə ki, fiziki şəxs tərəfindən torpaq sahəsinin təqdim edilməsi zamanı notarius tərəfindən torpaq sahələrinin hər kvadrat metri üçün 0,5 manat məbləğinə torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur.

Müraciətiniz barədə ətraflı məlumatı torpaq sahəsinin təyinatı və yerləşdiyi ərazi haqda məlumat verərək, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri.

5/5 (2 Средняя стоимость)
Оцените:
Samir Babayev sa***@gmail.com ID: 8584
Salam. Mənim adıma 1006235282 nömrəli VÖEN var. Çoxdandır istifadə etmirəm. Bu VÖEN'i bağlatmaq (dondurmaq) istəyirəm. Xahiş edirəm, mənə kömək edin. Mənim anlayışım yoxdur.
05/09/2023 Прочитано: 155 Средняя стоимость: 0

Bildiririk ki, Babayev Samir  Sabir oğlu (VÖEN 1006235282) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Müraciətiniz barədə ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseyn Həsənov Nağı oğlu hu***@gmail.com ID: 8582
Salam. Əgər hüquqi şəxs bank hesabından aylıq cari xərclər üçün 30 000 manatadək vəsait nağdlaşdırmışdırsa və bu vəsaiti təyinatı üzrə xərcləməmişdirsə (və xərcə salmamışdırsa) bu vəsait üzrə ÖMV yaranırmı? Əgər yaranırsa, ÖMV bəyannaməsində hansı xanada qeyd olunmalıdır?
04/09/2023 Прочитано: 165 Средняя стоимость: 0

Bildiririk ki, ödəmə mənbəyində verginin (ÖMV) tutulması vaxtı və qaydası Vergi Məcəlləsinin 150-ci maddəsi ilə tənzimlənir. 

Vergi Məcəlləsinin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.

Sorğunuzda qeyd olunan xərcin təyinatı haqda məlumat verilmədiyi üçün ÖMV-yə cəlb olunub-olunmaması haqda məlumatın verilməsi imkan xaricindədir. Bundan əlavə, fəaliyyətinizlə bağlı vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 150-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cəfərov Əli İldırım da***@gmail.com ID: 8520
Salam mənim adıma olan VÖEN 1301319052 bağlanmışdı. (2007) Hal-hazırda onun bağlı olması haqda rəsmi sənədi necə əldə ede bilərəm?
04/09/2023 Прочитано: 137 Средняя стоимость: 0

Bildiririk ki, Cəfərov Əli İldırım oğlu (VÖEN 1301319052) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin 4 sentyabr 2023-cü il tarixinə olan məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Quliyeva Günay Vüqar qızı gu***@mail.ru ID: 8512
Salam. VÖEN itirildikdə və viza üçün lazım olduqda, başqa hansı sənəd vermək olar və yaxud necə etmək olar?
04/09/2023 Прочитано: 117 Средняя стоимость: 5

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Xidmət mərkəzində şəhadətnamənin yeni nüsxəsi ilə bağlı müraciətlər emal olunduqda, yeni nüsxə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. 

Eyni zamanda, vergi orqanına müraciət edərək vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayış əldə edə bilərsiniz. Qeyd olunan arayış 5 iş günü ərzində təqdim edilir.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hüseyn Əliyev Səyahət al***@gmail.com ID: 8573
Salam, VM-də amortizasiya ayırmaları ilə bağlı 114.4-cü maddəsində qeyd olunmuşdur ki, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Sualım onunla bağlıdır ki, aşağı norma ilə amortizasiya tətbiq edildikdə, aktivin qalıq dəyərindən aşağı faiz dərəcəsi ilə hesablanmış məbləğ çıxılmalıdır, yoxsa həmin aktivin uyğun olduğu kateqoriyanın maksimum faiz göstəricisinə əsasən hesablanmış məbləğ çıxılacaq? Misal üzərində nəzərdən keçirsək, 10 000 azn dəyərində nəqliyyat vasitəsini alışla rəsmiləşdirən müəssisə tutaq ki ilk ilində 15% amortizasiya tətbiq etmişdir. İlin sonunda aktivin qalıq dəyəri 10 000 - (10 000*15%) olmalıdırmı, yoxsa 10 000-(10 000*25%) kimi qalmalıdır? Qeyd edək ki, müəssisə aradakı fərqi (10 000* (25%-15%)) il sonunda 114.4-cü maddəyə əsasən gələcək illərin mənfəət vergisi zamanı nəzərə alacaq və MV bəyannaməsinin 247-ci sətrində əks etdirəcək.
01/09/2023 Прочитано: 152 Средняя стоимость: 1

Bildiririk ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı normalar tətbiq etdiyi halda yaranan fərqin azadolmadan sonrakı illərdə gəlirdən çıxılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 114.4-cü maddəsi.

1/5 (1 Средняя стоимость)
Оцените:
Rüfət Aslanov Rövşən oğlu ru***@hotmail.com ID: 8567
Salam, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən ASC-nin (açıq tipli səhmdar cəmiyyətinin) fiziki şəxs olan səhmdarlarına ödənilən dividenddən 10% ödəmə mənbəyindən azad edilir?
30/08/2023 Прочитано: 202 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Qeyd olunan maddədə səhm və istiqrazların emissiyasını həyata keçirən emitent şəxsdən asılı olmayaraq, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış istənilən səhm və istiqrazlar üzrə ödənilən gəlirlərə vergi güzəştinin tətbiqi nəzərdə tutulmuşdur.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Əliyeva Lamiyə Vaqif qızı la***@gmail.com ID: 8566
Salam. Mənim atam Birinci Qarabağ müharibəsi veteranıdır və hal-hazırda həyatdadır. Mən özüm dövlət işində işləyirəm. Bilmək istəyirəm, atamın veteranlığı mənim vergidən azad olunmağım üçün əsasdır?
29/08/2023 Прочитано: 203 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Eyni zamanda qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Həmçinin, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Qeyd olunan güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (4 Средняя стоимость)
Оцените:
Kəmalə Həsənzadə ca***@gmail.com ID: 8562
Salam, mən yutubdan pul çıxarmaq üçün VÖEN-ə bağlı kart müraciəti etmək istəyirəm, amma Asan imza çıxır qarşıma. 2024 dən məcburidir, amma hal-hazırda məcburi deyil. Çox guman mən tapmıram o linki. Zəhmət olmasa, yönlendirərdiniz onlayn olaraq VÖEN-ə bağlı kart necə ala bilərəm?
28/08/2023 Прочитано: 201 Средняя стоимость: 5

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğunuz vergi orqanına müvafiq qaydada müraciət etməyiniz tələb olunur.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

QeydVergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Samir İmanov Natiq sa***@gmail.com ID: 8557
Salam. Vergi Məcəlləsi 102.1.22-2 maddəsinə əsasən 5 il müddətində kütləvi bazarlarda alınan səhmlər əsasında əldə olunan divident vergidən azaddır. Bank, bank olmayan kredit təşkilatı və s. fiziki şəxs olan səhmdarlarına dividend ödəyəndə ödəmə mənbəyindən 10% vergiyə cəlb etməməlidirmi? Azadolma banklara şamil edilmirsə, burada kütləvi təşkil edilmiş və tənzimlənən bazarlarda əldə olunan səhm dedikdə nə nəzərdə tutulur? Mümkünsə, nümunə göstərəsiniz. Təşəkkürlər!
26/08/2023 Прочитано: 296 Средняя стоимость: 5

Bildiririik ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Buna əsasən Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər üzrə ödənilən dividend gəlir vergisindən azaddır.

Eyni zamanda, Mülki Məcəllənin 100.1-ci maddəsinə əsasən səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.

Bununla yanaşı, Azərbaycan Respublikasında investisiya qiymətli kağızlarının buraxılışının, dövlət qeydiyyatının, kütləvi təklifinin, depozitar və ticarət sonrası sistemlərin, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülünün, qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın təşkilinin, idarə edilməsinin və ləğvinin prinsip və qaydalarını, investorların hüquqlarının müdafiəsi sahəsində münasibətlərin, habelə qiymətli kağızlar bazarında tənzimlənmə və nəzarətin hüquqi və iqtisadi əsasları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu (bundan sonra – Qanun) ilə müəyyən edilir. 

Qanunun 1-ci maddəsinin müddəalarına əsasən tənzimlənən bazar – fond birjasının daxili qaydalarına uyğun olaraq ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alğı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistemdir.

Qanunun 8-ci maddəsinin müddəalarına əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi onların qeyri-müəyyən sayda şəxsə, yaxud kütləvi informasiya vasitələri ilə və ya 50 nəfərdən artıq şəxsə təklif edilməsidir. İnvestisiya qiymətli kağızlarının (dövlət müəssisələri özəlləşdirilərkən yaradılan səhmdar cəmiyyətlərinin səhmləri istisna olmaqla) kütləvi təklifi fond birjası vasitəsilə həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, Mülki Məcəllənin 100-cü maddəsi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu.

5/5 (2 Средняя стоимость)
Оцените:
Hüseynxanova Gülnarə Çərkəz bc***@gmail.com ID: 8556
9313001 SAĞLAMLIQ KLUBLARININ VƏ BƏDƏN TƏRBİYƏSİ MƏRKƏZLƏRİNİN FƏALİYYƏTİ kodu üçün hansı tələblər var? Lisenziyaya ehtiyac varmı?
26/08/2023 Прочитано: 126 Средняя стоимость: 0

Bİldiririk ki, sorğunuzda qeyd olunan fəaliyyətə dair tələblər haqda ətraflı məlumatla saytımızın "Xidmətlər" bölməsinin "Vahid standartlar" alt bölməsində yerləşdirilmiş "İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları"nda tanış ola bilərsiniz:

0/5 (0 Средняя стоимость)
Оцените:
Gunay Mikayılzadə gu***@gmail.com ID: 8555
Salam, hər vaxtınız xeyir olsun. Mən işə qəbul olmaq istəyirəm. CV formamım sizə necə yollaya bilərəm? Öncədən təşəkkürlər
25/08/2023 Прочитано: 95 Средняя стоимость: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən  əldə edə bilərsiniz.

5/5 (1 Средняя стоимость)
Оцените:
Ceyhun Əsədov Cavanşir oğlu ce***@gmail.com ID: 8554
Öyrənmək istəyirdim ki, mikro, kiçik, orta və iri sahibkarlıq fəaliyyəti subyektləri ilin sonunda ayrı-ayrılıqda hansı növ vergi hesabatlarını təqdim edirlər?
25/08/2023 Прочитано: 182 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicilərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması ilə bağlı vergi qanunvericiliyində xüsusi bəyannamə (hesabat) forması nəzərdə tutulmamışdır.

Vergi ödəyicisinin öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi, ƏDV) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq edildiyi halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir (mənfəət) vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir (mənfəət) vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin (mənfəətinin) 75 faizi gəlir vergisindən azaddır.

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bəyannamələrin formaları, o cümlədən doldurulması qaydaları ilə internet səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 96-cı, 101-ci, 102-ci, 104-cü, 106-cı, 155-ci, 159-cu, 218-ci və 219-cu maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ənvər Hüseynov Əsəd hu***@mail.ru ID: 8552
Salam, zəhmət olmasa mənə məxsus 1.28 ha biçənək və 1.88 ha əkin sahəsi üçün nə qədər vergi ödəyəcəyim barədə məlumat verəsiniz.
25/08/2023 Прочитано: 147 Средняя стоимость: 0

Bildiririk ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə torpaq vergisi Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarına əsasən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyən edilmiş şərti ballar əsasında hesablanır.

Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. 

Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş  “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 206-cı və 208-ci maddələri, Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarı.

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədova Aytac Nadir qızı ay***@mail.ru ID: 8551
Xarici vətəndaşın Azərbaycanda qeydiyyatda olan şirkətin təsisçi olması üçün hansı sənədlər və hansı formada tələb olunur?
24/08/2023 Прочитано: 121 Средняя стоимость: 0

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Kommersiya və ya publik hüquqi şəxsin təsisçisinin dəyişdirilməsi ilə bağlı ətraflı məlumat üçün Bakı şəhəri üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və ya (195-1) Çağrı Mərkəzinə müraciət edə bilərsiniz. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Baxışov Rəşid Xaliq oğlu re***@gmail.com ID: 8543
Salam. Mən 1 həftə öncə VÖEN açdırmışam. Bağlatdırmaq istəyirəm. Necə edim? Yaxınlaşım ofisinizə ya onlayn bağlamaq olur?
22/08/2023 Прочитано: 128 Средняя стоимость: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki  “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

QeydVergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

 

0/5 (0 Средняя стоимость)
Оцените: