Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Pərviz Azər Süleymanov pa***@mail.ru ID: 8436
Salam. Mənim DSMF borcum vardı. Haqqımda məhkəmə qətnaməsi var. Bu gün tamamını ödədim. Bilmək istərdim ki, üzərimdən məhdudiyyət nə vaxt qalxacaq?
04/08/2023 Прочитано: 209 Средняя стоимость: 5

Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün bu linkdən istifadə edə bilərsiniz. https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

Əsas: Vergi Məcəlləsinin 23-cü və 24-cü maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Mirrəhim Rəhimli ef***@mail.ru ID: 8378
Səhmdar cəmiyyətinin səhmdarlarının 30 yanvar 2023-cü il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə 2022-ci maliyyə iliində yaranmış xalis mənfəətin dividend şəkilində bölüşdürülməsi elan edilmişdir. Səhmdar cəmiyyəti tərəfindən dividendlərin ödənilməsi 2023-cü ilin fevralın 1-dən sonra həyata keçirilmişdir. Belə olduqda həmin dividend gəlirləri, Vergi Məcəlləsinin 102.1.22. -ci maddəsinədə nəzərdə tutulmuş vergidən azadolmalar və güzəştlər emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend gəlirlərinə aiddirmi? Əvvəlcədən təşəkkür edirəm!
01/08/2023 Прочитано: 319 Средняя стоимость: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəalarına əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Qeyd olunanlara əsasən 2023-cü ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 102-ci maddələri.

4/5 (5 Средняя стоимость)
Оцените:
Nərmin Nəbiyeva Altay ne***@gmail.com ID: 8366
Salam. Mənə ABB-dən belə bir mesaj gəlib "Hörmətli müştəri, qanunvericiliyə və daxil olmuş vergi bildirişinə əsasən, müvafiq məlumatlarınız vergi orqanına təqdim ediləcək. Əlavə məlumat üçün filial/şöbəyə müraciət ede bilərsiniz." ABB-yə yaxınlaşdım, vergi xidməti ilə əlaqə saxlamaq lazım olduğu bildirildi. Zəhmət olmasa, bu haqda məlumat verərdiniz.
01/08/2023 Прочитано: 230 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 

Eyni zamanda Vergi Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, vergi orqanları vergi nəzarəti zamanı və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində digər dövlətin səlahiyyətli orqanları ilə məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın və ya kredit təşkilatının xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) eyniləşdirmə məlumatını, onun bank hesabları və əməliyyatları barədə məlumat, həmçinin bu məlumatı təsdiq edən sənədləri almaq hüququna malikdir.

Kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi formada bu Məcəllənin 76.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada göndərilən bildirişi aldıqdan sonra həmin bildirişdə göstərilən məlumatların vergi orqanına veriləcəyi barədə 5 iş günü müddətində hesab sahibinə rəsmi məlumat göndərməlidir (verməlidir) və 15 gün müddətində tələb olunan məlumatları vergi orqanına təqdim etməlidir.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 23-cü və 76-cı maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyeva Səma Əfqan sk***@mail.ru ID: 8464
Salam. Mən kollecdə müəllim isləyirəm, 3 uşaq anasıyam, yoldaşım Mühafizə polisində işləyir. 3 usağa görə vergiyə güzəşt almır. Mən 3 uşağa görə vergiyə güzəşt ala bilərəmmi? Hansı sənədlər lazımdır?
31/07/2023 Прочитано: 220 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

 "Gəlir vergisindən güzəşt hüququnun əldə edilməsinə dair arayış" formasını saytımızdan əldə edə bilərsiniz.

 https://www.taxes.gov.az/vn/beyanname/2001/guzestin_elde_edmesi_barede.pdf .

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Средняя стоимость)
Оцените:
Aytən Abbasova Rəfayil ay***@gmail.com ID: 8336
Salam, 6920102 kodu ilə fəaliyyə göstərilir. Qeydiyyat Sumqayıt şəhəridir. Ödənilməli olan vergi və dövlət digər ödənişləri neçə faizlə hesablanır? Zəhmət olmasa, məlumat verərdiniz. Öncədən təşəkkürlər.
31/07/2023 Прочитано: 207 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət (6920102-mühasibat uçotu üzrə məsləhətlər) sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Niyaz Kəlbiyev ka***@mail.ru ID: 8282
Salam. Cəmiyyətimiz 20.05.2023 tarixdə mal satıb və 05.06.2023-ci il tarixində elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmaması müəyyən edilib. Xahiş edirəm, bildirəsiniz 05.06.2023-ci il tarixdə EQF-yə düzəliş edilirsə, bu halda E-QF hansı tarixi olacaq və ƏDV bəyannamasında hansı hesabat dövründə əksini tapmalıdır? Nəzər alaq ki, müəssisəmiz ƏDV ödəyicisidir. Çox sağolun.
31/07/2023 Прочитано: 226 Средняя стоимость: 5

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” (bundan sonra – Qaydalar) təsdiq edilmişdir.

Qaydaların 2.5.1-ci bəndinin müddəalarına əsasən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi halda, elektron qaimə-fakturanın “Növü” sətrində “Düzəliş” qeydi seçilməklə düzəliş edilən elektron qaimə-fakturanın seriyası, nömrəsi, tarixi və düzəlişin səbəbi “Əlavə qeydlər” sətrində göstərilir.

Qaydaların 2.8-ci bəndinə əsasən elektron qaimə-fakturanın seriyası, nömrəsi və verilmə tarixi proqram tərəfindən avtomatik generasiya olunur. Bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanın gücləndirilmiş elektron imza vasitəsilə imzalanaraq göndərildiyi tarix həmin elektron qaimə-fakturanın verilmə tarixi sayılır.

Qaydaların 3.6-cı bəndinin əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.

Eyni zamanda, düzəliş edilərək geri qaytarılan elektron qaimə-fakturada düzəliş edilən məlumatlar cari elektron qaimə-fakturanın təsdiq edildiyi hesabat dövrü üzrə təqdim edilən vergi bəyannamələrində əks olunaraq nəzərə alınmalıdır.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı.

 

5/5 (4 Средняя стоимость)
Оцените:
Tural Ələkbərov tu***@gmail.com ID: 8461
Salam. Avtomobil ticarəti ilə məşğul olmaq üçün VÖEN olan şəxs xaricdən avtomobil alarkən ödənilən ƏDV əvəzləşdirilirmi? Yəni, gömrükdə ödənilən ƏDV sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs həmin ƏDV-ni əvəzləşdirə bilərmi? Əvəzləşdirə bilərsə, həmin məbləğdən gəlir vergisi ödənişlərini də edə bilərmi?
29/07/2023 Прочитано: 269 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV qeydiyyatında olan vergi ödəyicisi tərəfindən idxal edilmiş mallara görə idxalda ödənilmiş ƏDV-nin məbləğləri idxal sənədləri əsasında Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.

Eyni zamanda vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi Vergi Məcəlləsinin 87-ci maddəsində təsbit edilmişdir.

Vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin onun sonrakı öhdəliklər üzrə ödəmələrinin hesabına aid edilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 87-ci və 175-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Nizami Həsənov at***@gmail.com ID: 8161
Salam. A MMC həm icarə və hüquq fəaliyyəti ilə məşğuldur. V.M 218.5.4 sadələşmiş vergi ödəyicisi olma hüququnun olmadığını nəzərə alıb, V.M 221.7 maddəsinə əsasən icarə üzrə gəlir, pərakəndə ticarət üzrə isə sadələşdirilmiş vergi ödəyicisidir. Və 218.1, 218.2 maddənin tələblərinə cavab verir. V.M 218.6 maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşmiş vergi ödəyicisi olmaq hüququnu saxlayır. A MMC icarəni yalnız e-qaimə ilə rəsmiləşdirir, hüquq xidmətini isə yalnız vətandaşlara göstərir. Yuxarıda qeyd etdiyim məqamları nəzərə alsaq və fərz etsək ki, A MMC 1-ci rüb rəzində e-qaimə ilə 10 000 AZN miqdarında icarə xidməti, 500 azn miqdarında isə vətəndaşlara hüquq xidməti göstərilib. Və 221.7 maddəsinə əsasən icarə gəlir vergisinə, hüquq xidməti isə sadələşmiş vergiyə cəlb olunduğunu nəzərə alsaq, yuxarıdakı misala əsasən, ümumi 10 500 AZN dövriyyənin e-qaimə ilə rəsmiləşən hissəsi 30 faizi keçib, bu zaman hüquq fəaliyyətinə tətbiq olunan sadələşmiş vergi V.M 218.6 maddəsinə əsasən ləğv oluna bilərmi?
29/07/2023 Прочитано: 263 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, bu Məcəllənin 218.1-ci və 218.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılmaqla hüquqi şəxs tərəfindən göstərilən icarə xidmətlərindən əldə olunan gəlirlər mənfəət vergisinə, həmin dövr üzrə göstərilən hüquq xidmətlərinə görə əldə olunan gəlirlər isə sadələşdirilmiş vergiyə cəlb olunduqda, Vergi Məcəlləsinin 218.6.2-ci maddəsində nəzərdə tutulan müddəalar yalnız sadələşdirilmiş vergiyə cəlb edilən gəlirlərə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 221-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Sakit Əliyev sa***@mail.ru ID: 8142
Salam. Şirkət ona məxsus olan iştirak payını satır. Bu zaman alıcıya elektron qaimə-faktura yazmalıyıqmı? Yazmasaq cəriməsi varmı?
29/07/2023 Прочитано: 231 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su hesab edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. Malların təqdim edilməsi zamanı mallar göndərilən vaxt elektron qaimə-faktura təqdim edilməlidir.

Buna əsasən müraciətdə göstərilən halda, şirkət tərəfindən vergi orqanında uçotda olan şəxsə iştirak payının təqdim edilməsi zamanı Vergi Məcəlləsinin 71-1-ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura təqdim edilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 58-ci və 71-1-ci maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Məhəmməd Knyazov me***@mail.ru ID: 8302
Salam. Vergi Məcəlləsinin 102.1.11 və 106.1.14-cü maddədə kənd təsərrüfatı fəaliyyətindən azadolmalar fiziki və hüquqi şəxslərin xaricdən də əldə etdiyi kənd təsərrüfatı fəaliyyətindən gəlirlərə də şamil edilirmi?
29/07/2023 Прочитано: 275 Средняя стоимость: 5

Bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.

Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyəti ilə məşğul olan şəxslərə vergi qanunvericiliyində nəzərdə tutulan vergi azadolmalarının tətbiqinin mahiyyəti ölkədə kənd təsərrüfatı sahəsinin inkişafı, özünəməşğulluğun təmin edilməsi, həmin sahənin məhsullarına olan tələbatın daxili istehsal hesabına təmin olunması, idxaldan asılılığın azaldılması və ərzaq təhlükəsizliyi baxımından aqrar sahədə dövlət siyasətinin həyata keçirilməsidir.

Bununla yanaşı, müvafiq azadolmadan yararlanmaq üçün kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən satılan məhsulun onlara məxsus torpaqlarda yetişdirildiyini təsdiq edən sənədlər (həmin şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin və bu prosesdə istifadə olunan əmlakların müvafiq sənədləri), habelə kənd təsərrüfatı məhsullarının ailə kəndli təsərrüfatından istehsal edildiyi halda bələdiyyə orqanı tərəfindən uçota götürüldüyünü təsdiq edən vəsiqənin surəti və digər zəruri sənədlər mövcud olmalıdır.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, Azərbaycan hüdudlarından kənarda kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərə münasibətdə Vergi Məcəlləsinin 102.1.11-ci və 106.1.14-cü maddələrində nəzərdə tutulan azadolmalar tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələri.

5/5 (5 Средняя стоимость)
Оцените:
Elnur Atakişiyev at***@gmail.com ID: 8076
Salam, gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident A MMC təsisçisi ƏDV qeydiyyatında olan B MMC-nə 10 000 dividend ödəyir və VM-nin 106.10 maddəsinə əsasən həmin dividenddən ödəmə mənbəyində vergi tutmur. Daha sonra B MMC həmin gəlirdən təsisçisi fiziki şəxsə dividend ödəyir. Bu zaman VM-nin 122.2 maddəsinin 2-ci sətrinin müddəaları fiziki şəxsə ödənilən dividendə şamil olunurmu? Daha dəqiq desək, fiziki şəxsə ödənilən dividenddən ÖMV tutulmalıdırmı?
29/07/2023 Прочитано: 179 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 106.10-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Belə ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (payçısı) olan fiziki və hüquqi şəxsə ödənilən dividenddən ödəmə mənbəyində vergi tutulmur.

Bununla yanaşı, Vergi Məcəlləsinin 122.2-ci maddəsinin müddəalarına əsasən dividendin faktiki sahibi olan hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

Qeyd olunanlara əsasən müraciətdə göstərilən halda, ödəmə mənbəyində vergidən azad olunan dividend gəlirini əldə edən ƏDV qeydiyyatında olan rezident müəssisə tərəfindən həmin dividendin öz təsisçisi olan fiziki şəxsə yenidən dividend şəklində verilməsi zamanı Vergi Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 106-cı və 122-ci maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Məsud Həsənzadə ma***@gmail.com ID: 8075
2023-cü ildən etibarən texnologiya parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən gəlirlərindən gəlir vergisinin və məcburi dövlət sosial sığorta haqqının hesablanmasında yeni metodlar tətbiq edilmişdir. Bununla bağlı müəssisəmizin texnologiyalar parkının rezidentlik şəhadətnaməsi alması ərəfəsində olduğunu nəzərə alaraq yuxarıda qeyd edilən dəyişikliklərlə bağlı Əmək haqqından tutulmalara aid aşağıda qeyd etdiyimiz suala Dövlət Vergi Xidmətinin yanaşmasını bildirməyinizi xahiş edirik: Misal: Neft-qaz sektorunda fəaliyyətdə olan şirkətdə əməkdaşın muzdlu işdən aylıq gəliri 9000 manat, Həyatın Yığım Sığortası müqaviləsi isə aylıq 3660 manat təşkil edir. Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə uyğun olaraq həyatın yığım sığortası üzrə işçinin aylıq əmək haqqından 3000 manat çıxılır və sığorta şirkətinə ödənilir. Bu halda, hesablama aşağıdakı kimidir: (9000-3000-2500)*25%+350=1225 manat – gəlir vergisi; (9000-3000)*3%=180 manat - sığortaedənin vəsaiti hesabına ödənilən MDSS haqqı; (9000-3000)*22%=1320 manat - sığortaolunanın gəlirlərindən tutulan MDSS haqqı; 3000+3000*22% = 3660 manat – həyat yığım sığortasına köçürülən məbləğ. Sual: Texnologiyalar parkının rezidenti statusu aldıqdan sonra hesablama necə aparılacaq? Yuxardakı formada izah etməyinizi xahiş edirik.
29/07/2023 Прочитано: 364 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları gəlir vergisindən azaddır.

Eyni zamanda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqqına cəlb edilmir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, muzdlu işdən əldə edilmiş aylıq gəlirin 8000 manatadək olan hissəsi 0 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir, qalan vergiyə cəlb olunan digər məbləğdən isə həyatım yığım sığortasına ayrılan məbləğ çıxıldıqdan sonra qalan məbləğdən 5 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Eyni zamanda, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə məcburi dövlət sosial sığorta haqqından azadolma sığortaolunanın gəlirlərinə münasibətdə tətbiq edildiyindən və fiziki şəxslər Qanunun 14.8-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etdiyi təqdirdə, məcburi dövlət sosial sığorta haqqı sabit məbləğdən, yəni minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından hesablandığından, Qanunun 14.8-ci maddəsi tətbiq edildikdə fiziki şəxslərin həyatın yığım sığortası üzrə nəzərdə tutulan sığorta haqqından azadolma hüququ yaranmır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qayıbova Şəlalə Sabir sq***@mail.ru ID: 8173
102.1.15. yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək; Sual: Bu maddədə qeyd olunan yarışlara müəssisə tərəfindən öz işçiləri arasında keçirilən bilik yarışlarından əldə edilən uduş (natura və yaxud pul şəklində) aiddir? Müəssisə tərəfindən öz işçiləri arasında keçirilən bilik yarışlarından əldə edilən uduş (natura və yaxud pul şəklində) fiziki şəxsin muzdlu işdən əldə etdiyi ümumi gəlirə aiddir (gəlir vergisi hesablalamaq üçün)? Hansı azadolmalar verilir, vergiyə cəlb olunan gəlirə hansı dəyərlə aid etmək lazımdır?
29/07/2023 Прочитано: 194 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri gəlir vergisindən azaddır. Beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işdən əldə olunan gəlir hesab edilir.

Bununla yanaşı, Mülki Məcəllənin 1082-ci maddəsinin müddəalarına əsasən müsabiqə müəyyən hərəkəti yerinə yetirməyə görə mükafatlandırma barədə açıq elandır. Bu zaman hərəkəti yerinə yetirən şəxslər (iştirakçılar) bir və ya bir neçə nəfərdən ibarət münsiflər heyətinin və ya mükafatı təyin etmiş şəxsin verdiyi prizi almaq üçün müsabiqədə iştirak etməkdən ötrü işlərin təqdim edilməsi barədə ərizə verirlər.

Mükafatlandırmaya dair açıq elanın predmeti priz verilməklə müsabiqədə iştirak etmək üçün işlərin təqdim edilməsi barədə ərizə olduqda bu elan yalnız işlərin təqdim edilməsi müddəti göstərildikdə qüvvəyə malikdir.

Göstərilənləri nəzərə alaraq, vergi öhdəliyinin dəqiq müəyyən edilməsi baxımından sorğuda qeyd olunan bilik yarışının keçirilməsi ilə bağlı elan, yarışın iştirakçıları barədə məlumat, yarışın şərtləri, yarışın keçirilməsi ilə bağlı digər izahatlar və təsdiqedici sənədlər ilə birlikdə vergi ödəyicisi tərəfindən uçotda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 102-ci maddələri, Mülki Məcəllənin 1082-ci maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bayramova Əlviyyə el***@gmail.com ID: 8454
Salam, mən bilmək istərdim ki, əgər hansısa bir obyekt açsam onun vergisi neçə manatdır, dövlət rüsumu ilə?
28/07/2023 Прочитано: 141 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fidan Salmanova ta***@gmail.com ID: 8450
Vergi Məcəlləsinin 13.2.16.14-1- ci maddəsində qeyd edilən fiziki şəxslər tərəfindən dolayısilə edilən ödənişlər dedikdə nə nəzərdə tutulur?
27/07/2023 Прочитано: 203 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər Azərbaycan mənbəyindən gəlirlərə aid edilmişdir.

Vergi Məcəlləsinin 125-1-ci maddəsinə uyğun olaraq Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələrdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 125-1-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ülvi Gülmalıyev Zahid ul***@gmail.com ID: 8438
Salam, qeyri rezindetə ödənişlər zamanı ƏDV ödənişi nə vaxt edilməlidir sanksiya yazılmaması üçün? Yerli müəssisələrə ödənişlər zamanı ƏDV 2023-ədək eyni gündə ödəniş edilməlidir, əks halda ödənilməyən ƏDV-nin 50%-i sanksiya olunurdu. Bu yanaşma qeyri rezindetdə necədir? Ödəmə günü ƏDV ödənilməzsə, 3-4 gün sonra ödəniş edilərsə hər hansı sanksiya olurmu? Xahiş edirəm ətraflı cavab verəsiniz.
26/07/2023 Прочитано: 202 Средняя стоимость: 5

Bildiririk ki, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb olunması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, ƏDV-yə cəlb olunması isə bu Məcəllənin 169-cu maddəsi ilə tənzimlənir.

Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir.

Vergi Məcəlləsinin 169.5-ci maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. 

5/5 (3 Средняя стоимость)
Оцените:
Əhmədov Məhəmməd Məhəmmədkərimoviç ah***@gmail.com ID: 8434
Salam. Sualım fəaliyyət kodun seçilməsindən ibarətdir. Viza dəstəyi üzrə xidmətlərin göstərilməsi üçün hansı fəaliyyət kodu seçməliyəm? Bu fəaliyyətlə bağlı müvafiq kod tapa bilmədim. Öncədən təşəkkürlər.
26/07/2023 Прочитано: 108 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyəti 6910004 (HÜQUQİ SƏNƏDLƏRİN HAZIRLANMASI: ÜMUMİ MƏSƏLƏLƏR ÜZRƏ TÖVSİYƏLƏRİN VƏ MƏSLƏHƏTLƏRİN VERİLMƏSİ) fəaliyyət kodunu seçməklə həyata keçirə bilərsiniz. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Marat Afandiyev jp***@mail.ru ID: 8432
Здравствуйте! Правда ли, что при отсутствии каких-либо операций в отчетный период, финансовые санкции за несвоевременное предоставление отчета в размере 40 азн не налагаются (не взимаются?). Спасибо!
26/07/2023 Прочитано: 105 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, tərəfinizdən vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparılmadığı halda, hesabatların vaxtında təqdim olunmamasına görə maliyyə sanksiyasının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmayıb. 

Əsas: Vergi Məcəlləsinin 57.1-ci maddəsi.

5/5 (1 Средняя стоимость)
Оцените:
Şəmsəddin Kərimov Vaqif Yu***@gmail.com ID: 8426
Salam peyk antenası, TV-yə aid əşyalar və s. satmaq işi qurmaq istəyirəm. Onlayn, nağd və ya kredit ilə. Ətraflı bilmək istəyirəm ki, qanuna uyğun neçə faiz vergi ile VÖEN açılır? Həm də onlayn satışda kredit açmaq olur, yoxsa yox? Tam qanuni şəkildə izah ede bilərsiniz?
25/07/2023 Прочитано: 175 Средняя стоимость: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, kreditlərin verilməsi bankların və bank olmayan kredit təşkilatının fəaliyyətinə aid edilərək lisenziya tələb edən fəaliyyət növlərinin siyahısına daxil edilmişdir. Kredit siyasətinə dair əlavə məlumatın alınması üçün aidiyyəti üzrə Mərkəzi Banka müraciət etməyiniz məqsədəuyğundur.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Xəyyam Həsənli kh***@gmail.com ID: 8425
Salam. Alınmış əmlak üçün edilən aylıq ödənişlərdən "edvgerial" mümkündür deyə bilirəm. Bundan yararlanmaq üçün nə etmək lazımdır? Ödəmələrin bəlli bir şəkildə olmasına tələbat varmı? Nağd, köçürmə, kart və s. Təşəkkür edirəm.
24/07/2023 Прочитано: 99 Средняя стоимость: 0

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

0/5 (0 Средняя стоимость)
Оцените: