Bildiririk ki, vergi orqanlarına işə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.
Bu Qaydalar "Dövlət qulluğu haqqında Qanun"a, "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə uyğun olaraq hazırlanmışdır və dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması məsələlərini, müsabiqənin keçirilməsini, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin vəzifəyə təyin olunmasını və ehtiyat kadrlar siyahısına daxil edilməsini, ehtiyat kadrların idarə edilməsini və siyahıdan çıxarılmasını tənzimləyir.
Adı qeyd olunan Qaydalar və Əsasnamələrdə hər hansı dəyişiklik qeydə alınmamışdır. Hər hansı dəyişiklik olquğu halda, bu haqda ictimaiyyətə məlumat təqdim olunacaq.
Vergi və sosial sığorta haqqı üzrə mükəlləfiyyətləriniz faktiki fəaliyyət növünə uyğun olmadığı halda, bu barədə uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz. Eyni zamanda, bir neçə fəaliyyət növü ilə məşğul olduğunuz halda həmin fəaliyyətlərə və qanunvericiliyə uyğun olaraq fərqli mükəlləfiyyətlərə sahib ola bilərsiniz.
Əlavə olaraq qeyd etmək istərdik ki, “Sual-cavab” bölməsinə daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin mobil telefonuna göndərilməsi nəzərdə tutulmamışdır.
Bildiririk ki, xəzinədarlıq orqanından ödənilmiş vəsaitin büdcəyə daxil olmasını təsdiqləyən məlumat vergi orqanına kağız daşıyıcısında, sənədin surəti kimi verildiyi halda həmin sənədin surətinin alındığı gündən sonrakı 2 iş günü, elektron şəkildə verildikdə isə 1 iş günü ərzində vergi orqanının əməkdaşı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir.
Ödədiyiniz vəsaitin şəxsi hesab vərəqənizdə nəzərdə tutulmuş müddətdə əks olunmadığı halda, uçotda olduğunuz vergi orqanına müraciət edərək aydınlaşdıra bilərsiniz.
Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli 1817040101501600 nömrəli Əmri ilə təsdiq edilmiş Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları.
Bildiririk ki, saytımızda yerləşdirilən ədəbiyyat siyahısı dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunacaq 100 test tapşırığından 80-ni əhatə edir. Müsabiqənin test imtahanı mərhələsində namizədlərə təqdim olunan 100 test tapşırığının 20-ni məntiqi təfəkkürün müəyyən edilməsi istiqamətində tapşırıqlar təşkil edir.
Bildiririk ki, vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, dövlət vergi orqanları müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.
Yuxarıda qeyd olunanlara əsasən, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: https://www.taxes.gov.az/az/page/vergiler-nazirliyine-muraciet
Bildiririk ki, qeyri-rezident hüquqi şəxs istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdiyi halda daimi nümayəndəlik yaratmalıdır. Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmalı olmayan bölmələr isə Azərbaycan Respublikasında fəaliyyətə başladıqdan 30 gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər.
Vergi orqanında uçota alındıqdan sonra şəhadətnamə- dublikat almaq üçün vergi orqanına müraciət edilə bilər.
Əsas: Vergi Məcəlləsinin 33.8-ci maddəsi.
Müraciətinizin mahiyyəti aydın olmadığı üçün dəqiqləşdirərək yenidən “Sual-cavab” bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
Bildiririk ki, malların dəyərinin hissə-hissə ödənilməklə nisyə qaydada satışı həyata keçirildikdə, bu cür satış zamanı hər ödəniş hissəsinə mütənasib alıcıya nəzarət-kassa aparatının çeki təqdim olunur və həmin çekdə Vergi Məcəlləsinin 50.8-ci maddəsində nəzərdə tutulmuş məlumatlar əks etdirilir.
Əsas: Vergi Məcəlləsinin 16-cı və 50-ci maddələri.
Bildiririk ki, Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.
Əliyev Emil Tahir oğlu (VÖEN 2004143672) 15.11.2019-cu il tarixinə vergi borcunuz yoxdur.
Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Müraciətinizdə qeyd olunan məsələnin aidiyyəti üzrə cavablandırılması üçün Qida Təhlükəsizliyi Ağentliyinə müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.
ƏDV məqsədləri üçün daxil olan məbləğ isə ödəmə mənbəyində tutulan gəlir vergisinin məbləğini də özündə ehtiva edir.
Xarici dövlətdə əldə olunan gəlirlərin bəyan edilməsi ilə bağlı isə bildiririk ki, rezident hüquqi şəxs digər dövlətdə ödənilən mənfəət vergisini xərc kimi gəlirdən çıxa bilmir, xaricdə vergiyə cəlb olunan gəlirləri də daxil olmaqla, bütün gəlirlərindən bu gəlirdən çıxıla bilən bütün xərcləri çıxır, yaranan fərqdən Azərbaycan Respublikasında qüvvədə olan vergi dərəcəsi ilə mənfəət vergisini hesablayır, hesablanmış vergi məbləğindən xaricdə ödənilən gəlir vergisini və ya gəlirdən hesablanan digər vergini çıxır, yerdə qalan məbləği isə büdcəyə ödəyir.
Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 127.1-ci, 161.1-ci, 165.1.3-cü və 168.1.5-ci maddələri.
Bildiririk ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 5 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.
Əmlakın digər əmlakla dəyişdirilməsi zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır.
Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.
Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün saytımızda “Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması” kalkulyatoru yerləşdirilmişdir.
Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 220.8-ci maddələri.
İcarəyə verən şəxs rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri olduqda isə onların bu fəaliyyətləri üzrə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur, icarəyə verən həmin rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri vergi öhdəliyini mənfəət vergisinin ödəyicisi olmaqla ümumi qaydada özləri yerinə yetirirlər. Belə ki, bu fəaliyyətdən əldə edilən gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər çıxdıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanaraq hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Mənfəət vergisinin bəyannaməsi” vergi orqanına təqdim edilməklə həmin müddət ərzində də hesablanmış mənfəət vergisinin məbləği dövlət büdcəsinə ödənilməlidir.
Əmlakın icarəyə verilməsi fəaliyyəti göstərərək ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatının həcmi 200.000 manatdan artıq olan hüquqi şəxs növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda isə digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdir. Bu halda əmlakın icarəyə verilməsi və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılmalıdır.
Əlavə olaraq bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş verginin dərəcəsi bütün respublika üzrə 2 faiz müəyyən edilmişdir.
Əsas : Vergi Məcəlləsinin 104-cü, 105-ci, 149-cu, 155.1-ci, 218.5.4-cü, 220.1-ci və 221.7-ci maddələri.
Bildiririk ki, amortizasiya hesablanması məqsədləri üçün ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda amortizasiya olunmayaraq, “Mənfəət vergisinin bəyannaməsi”nin “Xərclər” hissəsinin “VM-nin 114.6 maddəsinə əsasən çıxılan əsas vəsaitlərin qalıq dəyərinin məbləği” sətrində qeyd olunmaqla birbaşa gəlirdən çıxılır.
Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda turagentlərə ödəmələrin yalnız nağdsız qaydada həyata keçirilməsi təsbit olunur.
Eyni zamanda, müştərilər tərəfindən birbaşa otelə nağdsız qaydada ödənişlərin edilməsi ilə bağlı qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Müraciətinizdə qeyd olunan turizm şirkəti ilə otellər arasında müqavilələrin şərtləri vergi qanunvericiliyi ilə tənzimlənmədiyi üçün münasibət bildirilməsi imkan xaricindədir.
Cavab 1. Bildiririk ki, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur və bu gəliri ödəyən rezident şəxs tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.
Qeyd edilən xidmətə görə qeyri-rezidentə ödənilən məbləğ ƏDV-yə cəlb edilmir.
Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 125-ci maddələri.
Cavab 2. Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Müvafiq olaraq, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq xərcini müvafiq surətdə xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.
Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı xərcin faktiki çəkildiyi vaxt sayılır. Həmçinin, vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt, vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır.
Elektron qaimə-faktura malların (iş və ya xidmətlərin) təqdim edilməsindən sonra tərtib edildikdə elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilməlidir.
Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 71-1-ci, 133-cü, 136-cı maddələri.
Cavab 3. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilmiş, fərmanların icrası məqsədi ilə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli və 04.10.2017-ci il tarixli Q-12 nömrəli Qərarları ilə müvafiq sahələr üzrə ciddi hesabat blankları formaları təsdiq edilmişdir.
Sorğunuzda qeyd edilən ciddi hesabat blanklarının tətbiqi isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsindən irəli gəlir.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci və 176-cı maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”.
Cavab 1. Bildiririk ki, Azərbaycan Respublikası ərazisində diplomatik nümayəndəliklərdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablanır.
Qeyd olunan iş yerlərində çalışan şəxslərin əmək haqqından vergilər 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcəsi ilə vergi hesablanır.
Əsas: Vergi Məcəlləsinin 101.1-ci maddəsi.
Cavab 2. “Diplomatik əlaqələr haqqında” 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasının 23-cü maddəsinə əsasən akkreditə edən dövlət və nümayəndəlik başçısı konkret xidmət növünün ödənişi olan vergi, yığım və rüsumlardan başqa nümayəndəliyin şəxsi və ya kirayə etdiyi binalarına münasibətdə bütün dövlət, rayon və bələdiyyə vergi, yığım və rüsumlarından azaddırlar.
Vyana Konvensiyasının 28-ci maddəsinə əsasən özünün rəsmi vəzifələrini yerinə yetirərkən nümayəndəliyin aldığı mükafatlar və pullar bütün vergi, yığım və rüsumlardan azad edilir.
Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.
Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər.
Cavab 1-2. Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:
əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.
Nəqliyyat vasitələri üzrə illik amortizasiya norması 25 faiz müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə (nəqliyyat vasitələri üçün 25 faiz) 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1.5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.
Müraciətinizdə qeyd olunan halda:
18 000 + 10 000 = 28 000
28 000 – (28 000 *50%) və ya 28 000 – (28 000 * 37,5 %)
Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.