Bildiririk ki, Vergi Məcəlləsinin 33.10-cu maddəsinə əsasən Vergi orqanı bu Məcəlləyə uyğun olaraq vergi ödəyicilərini uçota aldıqdan sonra 1 iş günü müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada məlumat verir. Qeyd olunan maddədə “orqan” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olub özü-özlərini və başqalarını sığortaedən fiziki şəxslərin DSMF orqanlarında sığortaedən və sığortaolunan kimi uçotu Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır.
Qeyd olunanlara əsasən, Sığortaedənin uçot nömrəsiin (SUN) əldə olunması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Maddədə qeyd olunan güzəştdən İkinci dünya müharibəsi zamanı həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladları da istifadə edə bilərlər.
Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;
Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.
Mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.
Bu baxımdan da təsisçi əmlakını təsis etdiyi hüquqi şəxsə istifadəyə verəndə tərəflər arasında icarə müqaviləsi bağlanmalıdır.
Hüquqi şəxsin təsisçisi ilə hüquqi şəxs vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab edilirlər və bu şəxslər arasında bağlanmış əqd üzrə vergi öhdəlikləri müəyyən olunarkən bazar qiyməti nəzərə alınmalıdır.
Müvafiq qaydada icarə müqaviləsi və ay alğı-satqı müqaviləsi tərtib edildiyi halda hüquqi şəxs əsas vəsaiti balansa salaraq amortizasiya xərci hesablaya bilər.
Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci və 18.2.1-ci maddələri, Mülki Məcəllənin 52-ci və 700.1-ci maddələri.
Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnaməni (vergi orqanından təhvil götürüldüyü halda onun əslini) şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya poçt vasitəsilə vergi orqanına təqdim edə bilərsiniz. Eyni zamanda, gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.
Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir.
Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Xarici ölkələrə ezamiyyələr zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.01.2008-ci il tarixli 14 nömrəli Qərarı ilə müəyyən edilən norma daxilində işçilərə ödənilən ezamiyyə xərcləri, habelə işçinin xarici ölkəyə gediş-gəlişinə görə alınan təyyarə biletinə çəkilmiş xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.
Faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normadan artıq olan hissəsi isə gəlirdən çıxılmır.
Bildiririk ki, Sığortaedən tərəfindın vergi orqanına təqdim olunan Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatın “Məcburi dövlət sosial sığortası üzrə məlumat” adlı 2-ci bölməsinin “Hesabat dövründə işçilərin sayı” bəndi üzrə “Siyahı sayı (nəfər)” sətrində hesabat dövründə fəaliyyətinin olub-olmamasından asılı olmayaraq sığortaedən ilə əmək müqaviləsi bağlamış və hesabat dövrü başlayana qədər həmin müqaviləyə xitam verilməmiş işçilərin sayı göstərilir.
“Faktiki say (nəfər)” sətrində isə hesabat dövründə faktiki olaraq məcburi dövlət sosial sığorta haqqı hesablanmış işçilərin sayı göstərilir.
Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatın doldurulması qaydası ilə saytımızın "Bəyannamələr" bölməsində "Bəyannamə və ərizə formaları, arayış və hesabatlar" altbölməsində
tanış ola bilərsiniz.
Bildiririk ki, eyni məzmunlu müraciətiniz səhifəmizdə 27.09.2019-cu il tarixdə (ID 100) cavablandırılmışdır
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan şəxslər tərəfindən həmin məhsulların satışı ümumi qaydada vergiyə cəlb olunur və 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV qeydiyyatı üçün vergi orqanına ərizə təqdim etməlidir.
Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanır. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, Məcəllənin digər maddələrində östərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.
Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 102.1.11-ci, 106.1.14-cü, 153-cü, 155-ci, 159-cu, 164.1.18-ci və 174.3-cü maddələri.
Bildiririk ki, emitent tərəfindən fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində gəlir vergisindən azaddır. Buna əsasən həmin tarixdən etibarən göstərilən fəaliyyət üzrə əldə olunan mənfəətdən səhmdar fiziki şəxslərə ödənilən dividendlər vergidən azaddır. Qeyd olunan azadolma yalnız fiziki şəxslərə şamil olunur. Hüquqi şəxslərə ödənilən dividend məbləği isə ümumi qaydada ödəmə mənbəyində vergiyə cəlb olunur.
Mülki Məcəllənin 997-ci maddəsi ilə istiqrazlar və səhmlər investisiya qiymətli kağızlara aid edilir.
Eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən Qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci və 102.1.22-ci və 102.1.22-1-ci maddələri, Mülki Məcəllənin 997-ci maddəsi.
Bildiririk ki, dövlət vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.
Yuxarıda qeyd olunanlara əsasən qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidməti keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.
Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.
Bildiririk ki, fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Lakin mülkiyyətinizdə olan və 5 ildən az yaşayış yeri üzrə qeydiyyatda olduğunuz yaşayış sahəsi təqdim edilən zaman müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.
Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs tərəfindən ailə üzvü olan şəxsə daşınmaz əmlakın təqdim olunması vergi öhdəliyini yaratmır.
Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.
Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün saytımızda Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər üçün ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi məbləğinin hesablanması kalkulyatoru yerləşdirilmişdir.
Bax: Vergi Məcəlləsinin 218.4.3-cü, 220.8-ci maddələri.
Bildiririk ki, muzdlu işlə əlaqədar gəlir vergisinin güzəştli qaydada hesablanması yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir və bu sektorda əmək haqlarının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədini daşıyır. Lakin, 1 yanvar 2019-cu il tarixdə edilmiş dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əmək haqqı 2500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırılmışdır. Əmək haqqının 200 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcə ilə vergi tutulur.
Göründüyü kimi, ölkə üzrə minimum əməkhaqqı məbləğinin Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə əlaqəsi nəzərdə tutulmamışdır.
Bildiririk ki, vergi ödəyicisi tərəfindən nağd qaydada hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən hədd daxilində, yəni təqvim ayı ərzində ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə 15.000 manatdan artıq olmamaqla həyata keçirilməlidir. Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən bu həddən yuxarı məbləğlər üzrə ödənişlər isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Əks təqdirdə ödənişi həyata keçirən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsində göstərilən maliyyə sanksiyaları tətbiq edilir.
Əsas:Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.
Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 13.2.16.17-ci, 13.2.33-cü, 125.1.4-cü, 165.1.4-cü maddələri.
Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün, saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.
Qeyd olunan dəyişikliyə əsasən əhaliyə xidmət göstərdiyiniz halda sadələşdirilmiş vergi ödəyicisi olaraq ümumi gəlirlərinizdən xərclər çıxılmadan 2% dərəcə ilə vergi ödəməlisiniz, digər vergi ödəyicilərinə fəaliyyət məqsədləri üçün xidmət göstərdiyiniz halda gəlir və ya mənfəət vergisinin ödəyicisi olaraq fəaliyyət göstərməlisiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 218.5.10-cu, 220-ci maddələri.
Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.
Qanunvericiliyə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır.
Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 108-ci, 130.1-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci və 102.4.1-ci maddələri ilə müəyyən edilmiş güzəştlər İkinci dünya müharibəsi, Qarabağ müharibəsi və digər döyüş əməliyyatlarında həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin, Məcəllənin 102.4.2-ci maddəsi ilə müəyyən edilmiş güzəşt isə 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş döyüşçü olmayan digər şəxslərin həmin maddələrdə qeyd olunan yaxınlarına şamil olunur.
Bildiririk ki, təqvim ili ərzində vergi ödəyicisinin vergi qanunvericiliyi ilə ailə üzvü hesab olunan şəxsdən aldığı hədiyyə, maddi yardım və mirasın tam dəyəri gəlir vergisindən azaddır, eyni zamanda təqdim edən şəxs üçün də sadələşdirilmiş vergi üzrə vergi öhdəliyi yaranmır.
Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü maddəsi.