Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Avropa Birliyi (AB) qitənin əksər hissəsini əhatə edən 28 Avropa ölkəsinin iqtisadi və siyasi tərəfdaşlıq etdiyi birlikdir.

AB İkinci Dünya müharibəsindən sonra yaradılmışdır. Məqsəd iqtisadi əməkdaşlığı təşviq etmək olmuşdur ki, nəticədə bir-biri ilə ticarət əlaqələri saxlayan ölkələr iqtisadi cəhətdən bir-birindən qarşılıqlı asılı olacaq və bir-biriləri ilə münaqişədən yayınacaqdılar. 1958-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi (EEC) ilkin olaraq altı ölkə - Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq və Hollandiya arasında iqtisadi əməkdaşlığın təməlini qoymuş oldu. O vaxtdan indiyə qədər böyük vahid bazar yaradılmış və inkişafı tam gücü ilə davam etdirilməkdədir. 

İqtisadi birlikdən Siyasi birliyə doğru

İqtisadi birlik kimi fəaliyyətə başlayan təşkilat tədricən, inkişafa yardımdan tutmuş ətraf mühitə qədər, siyasi sahələri əhatə edən təşkilata çevrilir. 1993-cü ildə isə Avropa İqtisadi Birliyi (EEC) adı Avropa Birliyi (EU) adı ilə əvəz olunur. Avropa Birliyi qanunun aliliyinə əsaslanır: Hər şey könüllü və demokratik şəkildə, bütün üzv ölkələri tərəfindən razılaşdırılmış müqavilələrə əsasən həyata keçirilir. Bu müqavilər fəaliyyətinin bir çox sahələrində Avropa Birliyinin məqsədlərini müəyyən edir.

Mobillik, inkişaf, sabitlik və vahid valyuta

Avropa birliyi artıq yarım əsrdir ki, sülhə, sabitliyə, rifaha nail olub, həyat standartlarının yüksəldilməsinə kömək edib və vahid Avropa valyutası olan avroya keçidi təmin edib. Avropa ölkələri arasındakı sərhədlərin ləğv edilməsi sayəsində insanlar qitənin hər tərəfinə rahat səyahət edə bilirlər. Beləliklə Avropada yaşamaq, işləmək və səyahət etmək  asanlaşıb. Vahid və ya "daxili" bazar Avropa Birliyində əsas iqtisadi mühərrik rolunu oynayaraq malların, xidmətlərin, pulun və insanların sərbəst hərəkət etməsinə şərait yaradır. Digər  əsas məqsəd isə Avropalıların bundan maksimum faydalana bilməsini  təmin etmək üçün bu böyük resursu inkişaf etdirməkdir.

İnsan hüquqları və bərabərlik

AB-nin əsas məqsədlərindən biri həm daxildə, həm də bütün dünyada insan hüquqlarının qorunmasına təşviq etməkdir. İnsanın ləyaqəti, azadlıq, demokratiya, bərabərlik, insan hüquqlarına hörmət və qanunun aliliyi Avropa Birliyinin əsas dəyərləridir. 2009-cu ildə Lissabon müqaviləsinin qüvvəyə mindiyi tarixdən indiyə qədər, Fundamental Hüquqlar haqqında Avropa Birliyi Xartiyasında  bütün bu hüquqlar vahid sənəd halına gətirildi. Avropa Birliyi təsisatları, habelə AB üzvü olan hökumətlər müvafiq qanunları tətbiq edən zaman onları müdafiə etməklə bağlı hüquqi öhdəlik daşıyır.

Şəffaf və demokratik təsisatlar

Avropa Birliyi davamlı inkişaf fonunda öz idarəetmə orqanlarının daha şəffaf və daha demokratik olmasını daim diqqətdə saxlayır. Ölkə parlamentlərinə böyük rol verilməsinə baxmayaraq, Avropa təsisatları ilə işləyən birbaşa seçilimiş Avropa Parlamentinə daha böyük səlahiyyətlər verilir. Əvəzində, Avropa vətəndaşları siyasi proseslərdə iştirakı üçün gündən-günə artan kanallara yiyələnnir.