Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

 

1. FATCA / CRS hesabatını kimlər təqdim etməlidir?

Cavab: Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın 2.2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının hesabatverən maliyyə institutu dedikdə beynəlxalq müqavilələrə əsasən, xarici dövlətlərin müvafiq səlahiyyətli orqanlarına təqdim edilməsi nəzərdə tutulmuş məlumatları təqdim etmək öhdəliyi daşıyan və Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) tövsiyələrinə uyğun olaraq maliyyə institutu kimi müəyyən edilmiş aşağıdakı hüquqi şəxslər nəzərdə tutulur:

- depozitar fəaliyyətini həyata keçirən istənilən hüquqi şəxs;

- bank fəaliyyəti və ya poçt rabitəsinin milli operatorunun fəaliyyəti çərçivəsində depozitlər qəbul edən istənilən hüquqi şəxs;

- həyatın yığım sığortası və ya annuitet sığortası müqaviləsini bağlayan, yaxud belə müqavilələr üzrə ödənişlər etmək öhdəliyini daşıyan sığorta şirkəti (və ya sığorta şirkətinin daxil olduğu holdinq şirkəti) olan istənilən hüquqi şəxs;

- investisiya təşkilatı.

Azərbaycan Respublikasının hesabat verməyən maliyyə institutlarının siyahısı Qaydaların 1 nömrəli əlavəsi ilə təsdiq edilmişdir.

2. FATCA / CRS hesabatlarının təqdim edilməsi üçün son tarix hansıdır?

Cavab: Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın 6.2-ci bəndinə əsasən hesabat verilməli maliyyə əməliyyatları barədə məlumatlar hesabat verməli maliyyə institutları tərəfindən beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, lakin məlumatların aid olduğu təqvim ili başa çatdıqdan sonrakı ilin 1 iyul tarixindən gec olmayaraq vergi orqanına ötürülməlidir. Məsələn, 2021-ci hesabat ilinə dair hesabatın təqdim edilməsi üçün son gün 2022-ci ilin 30 iyun tarixidir.

3. Dəqiqləşdirilmiş hesabat istənilən vaxt və istənilən dövr üçün göndərilə bilər?

Cavab: Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın 6.16.-6.19.-cu bəndlərinə müvafiq olaraq Hesabatverən maliyyə institutları (HVMİ) tərəfindən vergi orqanlarına təqdim edilmiş müvafiq e-hesabat Dövlət Vergi Xidməti tərəfindən beynəlxalq müqavilələrin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanına ötürülənədək, həmin e-hesabatdakı məlumatlarda hər hansı dəyişiklik edilməsinə zərurət yarandığı halda, HVMİ tərəfindən “dəqiqləşmiş” e-hesabat təqdim edilə bilər. Azərbaycan Respublikasının 1 iyun 2017-ci il tarixində qoşulduğu “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”nın 3-cü bölməsinə əsasən məlumat mübadiləsi məlumatın aid olduğu təqvim ili bitdikdən sonra doqquz ay ərzində aparılmalıdır. Dövlət Vergi Xidməti tərəfindən hesabatların 1 sentyabr tarixindən başlayaraq mübadilə edildiyini nəzərə alaraq, dəqiqləşdirilmiş hesabatların təqdim edilməsi üçün son tarix 31 avqust müəyyən edilmişdir.

HVMİ tərəfindən təqdim edilmiş müvafiq e-hesabat Dövlət Vergi Xidməti tərəfindən beynəlxalq müqavilələrin tərəfi olan xarici dövlətin səlahiyyətli orqanına ötürüldükdən sonra HVMİ müvafiq e-hesabatdakı hər hansı məlumatda dəyişiklik etmək istədikdə, müvafiq hesab sahibləri barəsindəki məlumatların dəyişiklik edilmiş versiyasını həmin hesab sahibləri üçün “dəyişiklik” bölməsini seçməklə yenidən tərtib edərək, imzaladıqdan sonra “dəyişiklik” e-hesabatı formasında vergi orqanlarına təqdim edir.

4. Qeyri-rezident sahibkar şəxslərin FATCA / CRS anketində Azərbaycan vətəndaşlarına məxsus olan VÖEN barədə məlumat qeyd edilməlidirmi?

Cavab: Şəxslərin yalnız rezident olduğu ölkədəki identifikasiya nömrəsi qeyd olunmalıdır.

5. Şəxs özünüqiymətləndirmə anketi doldurmaqdan imtina edərsə, bu halda hesabat verilməli hesab olduğunu necə müəyyən etmək olar?

Cavab: Hesab açmaq üçün müraciət etmiş fiziki və hüquqi şəxs tərəfindən özünüqiymətləndirmə sənədi təqdim edilmədikdə, hesabın açılmasından imtina olunmalıdır (əsas: Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” 3.7.4-cü, 3.9.8-ci, 4.7.5-ci və 4.9.7-ci bəndləri).

6. ABŞ şəxslərinə münasibətdə əldə olunan W-8 BEN (W-8 BEN-E) formaları hansı müddətlərdə yenilənməlidir?

Cavab: ABŞ şəxslərinə münasibətdə əldə olunan W-8 BEN (W-8 BEN-E) anket forması həmin formada əks olunan məlumatlarda hər hansı dəyişiklik olmadığı təqdirdə, anket imzalandıqdan sonra növbəti 3-cü ilin 31 dekabr tarixinə qədər etibarlı sayılır (əsas: https://www.irs.gov/pub/irs-prior/iw8--2018.pdf). Məsələn, W-8BEN anketinin imzalanma tarixi 30.09.2021-ci il tarixidirsə, anket məlumatlarında heç bir dəyişiklik yoxdursa, sənədin qüvvədə olma tarixi 31.12.2024-cü il tarixinədək olacaqdır. Forma barədə əlavə məlumat ABŞ-ın Daxili Gəlirlər Xidmətinin rəsmi internet səhifəsindən əldə oluna bilər.

7. Özünüqiymətləndirmə anketi doldurmuş müştərinin anketdə qeyd etdiyi VÖEN nömrə necə yoxlanılmalıdır?

Cavab: Özünüqiymətləndirmə anketindəki məlumatların həqiqiliyi hesab sahibi tərəfindən mütləq qaydada təsdiqlənməli və təhrif olunmuş məlumata görə məsuliyyət daşıdığı barədə məlumatlandırılmalıdır. Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın 4.1-1.-ci bəndinə əsasən HVMİ özünüqiymətləndirmə sənədini və ya yazılı dəlilləri və ya rəsmi sənədləri qeyri-düzgün və ya əsassız hesab etdikdə və ya əsassız hesab etməyə əsası olduqda, HVMİ özünüqiymətləndirmə sənədinə və ya yazılı dəlillərə və ya rəsmi sənədlərə əsaslanmamalıdır. HVMİ tərəfindən xarici ölkənin müvafiq səlahiyyətli orqanı tərəfindən həmin ölkənin rezidentinə verilmiş vergi ödəyicisinin identifikasiya (və ya ekvivalent) nömrəsinin strukturu barədə məlumatlar İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi internet səhifəsində (https://www.oecd.org/tax/automatic-exchange/crs-implementation-and-assistance/tax-identification-numbers/) yerləşdirilmişdir.

8. Etibarnamə ilə müraciət etmiş şəxslər tərəfindən hesab açılarkən özünüqiymətləndirmə anketi etibarnamə ilə müraciət etmiş şəxs yoxsa etibarnamədə qeyd olunan hesab sahibi tərəfindən doldurulmalıdır? Anketdə kimin məlumatları əks olunmalıdır?

Cavab: Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nın 2.2.36-ci bəndində qeyd edildiyi kimi, özünüqiymətləndirmə sənədi fiziki və ya hüquqi şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi məqsədilə HVMİ tərəfindən əldə edilən sənəddir. Özünüqiymətləndirmə sənədi hesab sahiblərinin məlumatlarını əks etdirməlidir. Qaydaların 2.2.23.-cü bəndinə əsasən "hesab sahibi" dedikdə hesabın mövcud olduğu maliyyə institutu tərəfindən maliyyə hesabının sahibi kimi qeyd edilmiş və ya müəyyənləşdirilmiş şəxs başa düşülür.

Digər şəxslərin xeyrinə və ya onların adından maliyyə hesabına malik olan və maliyyə institutu olmayan şəxs (agent, depozitar, nominal saxlayıcı, imzalayan şəxs, investisiya məsləhətçisi və ya vasitəçi) hesab sahibi sayılmır, bu halda hesab sahibi qismində həmin digər şəxslər çıxış edirlər. Həyatın yığım sığortası və ya annuitet sığortası müqaviləsi üzrə nağd pul dəyərini əldə etmək və ya müqavilədə faydalanan şəxsi dəyişmək hüququna malik istənilən şəxs hesab sahibi sayılır. Nağd pul dəyərini əldə etmək və ya müqavilədə faydalanan şəxsi dəyişmək hüququna malik şəxs mövcud olmadığı təqdirdə, müqavilədə sahib kimi qeyd edilən və ya müqavilənin şərtlərinə əsasən ödənişi almaq hüququ verilmiş istənilən şəxs hesab sahibi sayılır. Həyatın yığım sığortası və ya annuitet sığortası müqaviləsinin icra edilməsi vaxtı çatdıqda, müqaviləyə əsasən ödəniş almaq hüququna malik olan hər bir şəxs hesab sahibi sayılır.

Mülki Məcəlləsinin 362-ci bəndinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab açılarkən özünüqiymətləndirmə anketi etibarnamə ilə müraciət etmiş şəxs tərəfindən hesab sahibi barədə olan məlumatlar doldurularaq imzalanır.

9. Həm ad həm soyad mövcud olmayan şəxslərin hesabları barədə məlumat təqdim olunarkən ad və soyad hissəsi necə doldurulmalıdır?

Cavab: CRS sxemi ad və soyad üçün məlumat elementlərinin doldurulmasını tələb edir. Adı mövcud olmayan fiziki şəxslərin hesabları barədə məlumat təqdim olunarkən ad barədə məlumat hissəsində “NFN” (Ad yoxdur) kimi qeyd edilməli, soyad mövcud olmayan fiziki şəxslərin hesabları barədə məlumat təqdim olunarkən isə soyad hissəsində hesab sahibinin "mononimi" qeyd edilməlidir.

10. Bankda hesabı mövcud olan şəxslər tərəfindən yeni hesab açılarkən əvvəllər təqdim edilmiş özünüqiymətləndirmə anketi və məlumatlarında hər hansı dəyişiklik baş verməyibsə yeni özünüqiymətləndirmə anketi yenidən doldurulmalıdır?

Cavab: Yeni hesabın açılması ilə bağlı müraciət edən şəxsin maliyyə institutunda əvvəllər hesab açılarkən təqdim edilmiş özünüqiymətləndirmə anketinin mövcud olub-olmamasından asılı olmayaraq, yeni hesab açılarkən HVMİ bütün şəxslərdən özünüqiymətləndirmə sənədini almalıdır. Özünüqiymətləndirmə anketi şəxslərə görə deyil, hər yeni açılmış hesaba münasibətdə əldə edilməlidir (əsas: Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası” 3.7.2-ci, 3.9.5.-ci,4.7.1.-ci və 4.9.2.-ci bəndləri).

11. Məsafədən bank hesabı açılarkən özünüqiymətləndirmə anketi necə imzalanmalıdır?

Cavab: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) təsdiq etdiyi “Vergi Məsələləri üzrə Maliyyə Məlumatlarının Avtomatik Mübadiləsi üçün Standart”a (bundan sonra - Standart) əsasən özünüqiymətləndirmə anketi yalnız hesab sahibi tərəfindən imzalandıqda (və ya qanunvericiliklə müəyyən olunmuş digər qaydada təsdiq edildikdə), və imzalama tarixi və hesab sahibinin zəruri məlumatları əks olunduqda etibarlı sayılır. “Digər qaydada təsdiq” dedikdə özünüqiymətləndirmə anketinin təsdiq edilməsinin maliyyə institutları tərəfindən elə təşkil olunmasıdır ki, onu dolduran şəxs tərəfindən imzalandığı (təsdiq etdiyini) etibarlı və aydın (qanunvericiliyə uyğun) şəkildə nümayiş etdirilsin.

Həmçinin, Standarta əsasən özünüqiymətləndirmə anketinin elektron formada təqdim edilməsinə o halda yol verilir ki, elektron sistem daxil olan məlumatın həqiqiliyini və özünüqiymətləndirmə anketinin təqdim edilməsi, yenilənməsi və ya dəyişdirilməsi ilə nəticələnən istifadəçi girişinin bütün hallarının sənədləşdirilməsini, həmçinin sistemə daxil olan və özünüqiymətləndirməni təqdim edən şəxsin özünüqiymətləndirmə sənədində adı göstərilən şəxs olmasını, eyni zamanda özünüqiymətləndirmə anketinin kağız daşıyıcıda tələb edildiyi hallarda maliyyə institutu tərəfindən tələbin yerinə yetirilməsi təmin etmiş olsun.

Maliyyə institutları tərəfindən məsafədən hesabların açılması zamanı müştərinin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə formalarının elektron imzalanmaqla və ya qanunvericiliklə müəyyən olunmuş digər qaydada təsdiq edilməklə elektron formada qəbul edilməsini məqbul sayılır. (Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 04.02.2022-ci il tarixli № 04/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 4.2-ci, 5.2-ci, 5.5-ci, 5.13-cü bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası")