Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

OECD-nin yaranmasının kökləri ikinci dünya müharibəsindən sonrakı dövrə təsadüf edir. 1948-ci ildə müharibədən sonrakı Avropanın yenidən qurulması ilə bağlı ABŞ hökumətinin qəbul etdiyi "Marşal Planı"nın həyata keçirilməsi üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (Organisation for European Economic Cooperation-OEEC) yaradıldı. 14 dekabr 1960-cı ildə Kanada və ABŞ-ın yeni OECD Konvensiyasını imzalamaları ilə OEEC-yə qoşulmuş oldular. Beləliklə sözügedən Konvensiyanın 30 sentyabr 1961-ci ildə qüvvəyə minməsi ilə OECD yaradılmış oldu. OECD-nin əsas məqsədi dünyada insanların iqtisadi və sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyan siyasətin təşviq edilməsidir. Hazırda təşkilatın 36 üzv dövləti var. Mənzil qərargahı Fransa Respublikasının paytaxtı Paris şəhərində yerləşir. Təşkilatın Baş Katibi 2006-cı ildən etibarən Meksikadan olan Anxel Qurriyadır.

Avropa Şurası və OECD tərəfindən birgə hazırlanmış “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Çoxtərəfli Konvensiya” 25 yanvar 1988-ci ildə hər iki təşkilatın üzv dövlətləri tərəfindən imzalanması üçün açıq elan edilmişdir. Hazırda Konvensiyaya 127 yurisdiksiya qoşulub (12 fevral 2019-cu il tarixinə). Azərbaycan Respublikası 26 mart 2003-cü il tarixində Konvensiyanı, 23 may 2014-cü il tarixində isə həmin Konvensiyaya düzəlişlər edilməsi haqqında Protokolu imzalamışdır.

Vergi sahəsində Qlobal Əlaqələr Proqramı

Vergilər Nazirliyinin OECD ilə əməkdaşlığı Azərbaycanda müstəqil vergi xidmətinin yaradılmasının ilk illərinə təsadüf edir. 1990-cı illərin ortalarından etibarən postsovet məkanında yeni yaranmış dövlətlərin vergi orqanları OECD-nin Ankara şəhərində yerləşən Çoxtərəfli Vergi Mərkəzində keçirilən tədbirlərə dəvət edilmişdir. Azərbaycan Respublikasının vergi orqanının nümayəndələri də həmin vaxtlardan etibarən OECD-nin sözügedən tədbirlərində iştirak etməyə başlamışlar. OECD-nin Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi (CTPA) ilə əməkdaşlığın inkişaf etdirilməsi Vergilər Nazirliyi üçün prioritet istiqamətlərdən biridir. Vergilər Nazirliyi xüsusən CTPA ilə Vergi sahəsində Qlobal Əlaqələr Proqramı (Global Relations Programme in taxation - GRP) çərçivəsində əməkdaşlıq edir. GRP tərəfindən CTPA-in Çoxtərəfli Vergi Mərkəzlərində (Ankara, Budapeşt, Vyana, Yançjou, Seul və Mexiko şəhərləri) təşkil edilən tədbirlərdə Vergilər Nazirliyinin əməkdaşları mütəmadi əsasda iştirak edirlər.

Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum

Məlum olduğu kimi, vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi sahəsində bir çox nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tövsiyə edilən standart OECD tərəfindən hazırlanmış “Vergitutma sahəsində məlumat mübadiləsi və şəffaflıq standartı”dır. Bu standartın tətbiqinə nail olmaq məqsədilə, OECD-nin Vergi siyasəti və inzibatçılığı Mərkəzi nəzdində “Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum” yaradılıb. 2009-cu ildən yenidən qurulan Qlobal Forum vergi şəffaflığına dair beynəlxalq standartın tətbiqinə məsul aparıcı beynəlxalq quruma çevrilmişdir. 2013-cü ilin fevral ayında OECD-nin Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumuna üzv olan Azərbaycan Respublikası məlumat mübadiləsi və şəffaflıq sahəsində beynəlxalq razılaşdırılmış standartın tətbiqi öhdəliyini qəbul edib. Bu standart çərçivəsində ölkənin məlumat mübadiləsi və şəffaflıq sahəsində qanunvericilik bazası, o cümlədən, onların icra vəziyyəti müvafiq reytinq balı ilə qiymətləndirilir. Azərbaycan üzrə yekun reytinqi əks etdirən hesabat 4 noyabr 2016-cı il tarixində Qlobal Forum tərəfindən nəşr olunub və beləliklə, Azərbaycan Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə “Əsasən uyğundur” (largely compliant) reytinq balına layiq görülüb. Bu nəticə ölkənin investisiya potensialının dünya miqyasında tanıdılması ilə xarici investisiyaların cəlbinin stimullaşdılması və genişləndirilməsi, eləcə də Azərbaycanın bütün maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir forumda etibarlı tərəfdaş kimi tanınması baxımından xüsusi əhəmiyyətə malikdir. Qlobal Forum tərəfindən ölkənin vergi məlumatlarının mübadiləsi sisteminin növbəti qiymətləndirilməsinin 2020-ci ildə keçirilməsi nəzərdə tutulur.  Hazırda Vergilər Nazirliyi OECD-nin Qlobal Forumunun Avtomatik məlumat mübadiləsi üzrə İşçi Qrupunda təmsil olunur.

Ümumi Hesabatlılıq Standartı

Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard - CRS) vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı maliyyə institutlarında olan hesabları haqqında məlumatların toplanması və həmin şəxslərin rezident olduqları dövlətlərlə avtomatik mübadiləsinin vahid prinsiplərini tənzimləyir. Bu standart 2014-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 4 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”ndə ölkə hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarəti həyata keçirmək üçün digər dövlətlərlə maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədilə hökumətlərarası müqavilələrin bağlanması nəzərdə tutulmuşdur. Sərəncamın icrasını təmin etmək məqsədilə 1 iyun 2017-ci il tarixində Azərbaycan Respublikası “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya (Multilateral Competent Authority Agreement-MCAA) qoşulmaq barədə bəyanatı imzalamışdır. Razılaşmaya qoşulmaqda əsas məqsəd Çoxtərəfli Razılaşmanın məlumat mübadiləsinin aparılma müddəti və qaydasına əsasən, tərəfdaş yurisdiksiyaların rezidentləri olan fiziki və hüquqi şəxslərin hesabat verilməli hesablarının qalığı (dəyəri) və digər məlumatların ümumiləşdirilərək həmin yurisdiksiyalara göndərilməsi, eyni zamanda bu yurisdiksiyalarda Azərbaycan Respublikasının rezidentləri olan fiziki və hüquqi şəxslərin hesabat verilməli hesablarının analoji məlumatlarının mübadilə edilməsidir. İmzalanmış bəyanata əsasən, Azərbaycanda CRS-ın tətbiqinə 1 iyul 2017-ci il tarixdən başlanılmışdır.

Vergi cinayətlərinin araşdırılması üzrə OECD-nin Beynəlxalq Akademiyası

Vergilər Nazirliyi OECD çərçivəsində İtaliya Respublikasının paytaxtı Roma şəhərində (Ostiyada) “Guardia di Finanza Economic and Financial Police School”un nəzdində yerləşən Vergi cinayətlərinin araşdırılması üzrə OECD-nin Beynəlxalq Akademiyası ilə əməkdaşlıq edir.

Faydalı linklər:

http://www.oecd.org/
http://www.oecd.org/ctp/
http://www.oecd.org/tax/transparency/about-the-global-forum/
http://www.oecd.org/tax/automatic-exchange/common-reporting-standard/
http://www.oecd.org/ctp/crime/tax-crime-academy.htm