Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır.  Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

Qeyd olunanlara əsasən hüquqi şəxsin fiziki şəxsə çevrilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Hüquqi şəxsin fəaliyyətinə xitam verməklə, fəaliyyətini dayandırmaqla və ya eyni zamanda fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətini həyata keçirə bilərsiniz. 

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. 
Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Mülki Məcəllənin 4-cü fəsli.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, muzdlu işə cəlb edilmiş hər bir işçi ilə yazılı əmək müqaviləsi bağlanmalı, qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsinin bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməli, bu şəxslərlə Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı hesablanmalı, həmin əmək haqqından ödəmə mənbəyində vergi, sosial və işsizlikdə sığorta haqları tutulmalı və vergi orqanına bu barədə hesabat təqdim edilməlidir. 

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.  İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır 

Bununla yanaşı, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.

Vergi ödəyiciləri uçotda olduqları vergi orqanına “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddəsi, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi 250 manatdan 5000 manatadək birdəfəlik ödəmə formasında həyata keçirilir, yəni növbəti aylarda bu maliyyə dəstəyinin ödənilməsi nəzərdə tutulmur.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində isə məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslərin ƏDV qeydiyyatına alınmasına dair tələblər müəyyən edilmişdir. Həmin maddə ilə müəyyən olunmuş tələblərdən biri də qeyd olunan fəaliyyətlə məşğul olan və  ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə vermək niyyətində olan şəxslər tərəfindən göstərilən xidmətlər üzrə əməliyyatların uçotunun vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparılması və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanının təmin edilməsidir.

Bu məqsədlə qeyd olunan fəaliyyətlə məşğul olan və göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan vergi ödəyicisi tərəfindən özünün elektron informasiya sisteminə vergi orqanının çıxış imkanı əldə etməsi üçün müvafiq texniki baza yaradılmaqla ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Ümumi qiymət: 3/55
Qiymət ver:

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

ASAN İmza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə bütün mobil operatorlardan (AzercellBakcellNar) ASAN İmza SİM-kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və ASAN İmza SİM-kartı ("ICCID" nömrəsinin sistemə daxil edilməsi üçün) ilə birlikdə ASXM-ə (Vergi ödəyicilərinə xidmət mərkəzinə və ASAN xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət etməlidir.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Ümumi qiymət: 5/52
Qiymət ver:

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla bu linkdən istifadə etməklə tanış ola bilərsiniz.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan halda sahibkarlıq fəaliyyətinə başladığınız günədək vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı, təsərrüfat subyekti olduğu halda vergi orqanında uçota qoymalısınız. Təsərrüfat subyekti fiziki şəxsdən icarəyə götürüldüyü halda, həmin şəxsə ödənilən icarə haqqından 14 faiz dərəcə ilə vergi tutmalı və vergi orqanına hesabat təqdim etməlisiniz.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
ƏDV qeydiyyatına durmaq öhdəliyi isə, sahibkarlıq fəaliyyətindən ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda yaranır.
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 334-cü, 124-cü, 218.5.10-cu, 218.6.2-ci və 220-ci maddələri.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsini geri almaq mümkündür. Bu zaman istehlakçı fiziki şəxs olmalı, ƏDV ödəyicisi olan satıcı isə yeni nəsil kassa aparatlarından istifadə etməlidir.

İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Bütün istifadəçilər BirBank tətbiqi vasitəsilə də çekin üzərində olan QR kodu “skan” edə və ƏDV-ni daha rahatlıqla geri qaytara bilər. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunacaq.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz

Ümumi qiymət: 0/50
Qiymət ver:

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki,  Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqənin keçirilməsi sentyabr ayınadək təxirə salınıb. Müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişiklik olarsa, bu barədə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində əlavə məlumat yerləşdiriləcək.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsi qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda Vergi Məcəlləsində və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.

Hasilatın Pay Bölgüsü üzrə bağlanmış sazişlərə və onlara uyğun olaraq təsdiq edilmiş protokollara əsasən həmin sazişlər çərçivəsində Podratçı tərəfə və ya Əməliyyat şirkətinə malları, işləri və xidmətləri birbaşa və ya dolayısı ilə təqdim edən hər bir subpodratçı, bu təqdim edilən mallar, işlər və xidmətlər üzrə ƏDV-ni sıfır faiz (0%) dərəcə ilə tətbiq edir. Onların Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin  ƏDV-dən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir. Qeyd edilən sertifikat təqdim olunmadığı halda malların, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV-yə cəlb olunur.

Eyni zamanda, Hasilatın Pay Bölgüsü haqqında sazişlərə və onlara uyğun olaraq təsdiq olunmuş protokollara əsasən həmin sazişlər çərçivəsində iş, xidmət təqdim edən xarici hüquqi şəxslərə iş və xidmətlərə görə ödənilən ödənişlərdən sazişlərdən asılı olaraq müəyyən edilmiş dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və bu əməliyyat Azərbaycan Respublikasında karbohidrogen fəaliyyəti ilə bağlı mallar, işlər yaxud xidmətlərin təqdim edilməsi üçün podratçı tərəflə və ya əməliyyat şirkəti ilə və ya subpodratçı ilə birbaşa və ya vasitəli müqavilə bağlayan xarici subpodratçılara şamil edilir.

Hasilatın pay bölgüsü haqqında Sazişə dair protokollar (PSA) ilə buradan tanış ola bilərsiniz.

Cavab 2. Müraciətinizdə qeyd olunan şəxs gəlir vergisi ödəyicisi olduğu üçün il ərində əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı olan və gəlirdən çıxılmasına yol verilən xərcləri çıxmaqla 20 faiz (mikro sahibkarlıq subyekti olduqda 5 faiz) dərəcə ilə gəlir vergisi  ödəməlidir. Həmçinin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ay üzrə (günlərin sayından asılı olmayaraq) qanunla müəyyən edilmiş sosial sığorta haqqını ödəməli və vergi orqanına hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 108-ci, 109-cu maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, təsərrüfat subyekti (obyekti) - malların (işlərin, xidmətlərin) təqdim edilməsinin həyata keçirildiyi, həmçinin vergi ödəyicisinin gəlirlərinin formalaşmasında iştirak edən yer hesab olunur. Vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.  Qeyd etdiyiniz fəaliyyəti həyata keçirmək üçün nəzərdə tutulan təsərrüfat subyekti (obyekti) yerləşdiyi ərazi üzrə vergi orqanında uçota qoyulmalı, həmin təsərrüfat subyektində (obyektində) əhali ilə nağd pul hesablaşmaları ciddi hesabat blankları vasitəsi ilə, istəyinizə əsasən NKA quraşdırıldıqa bu hesablaşmalar NKA vasitəsi ilə aparılmalıdır. 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

Yeni nəsil kassa aparatlarına aid tələblər, operator lar və digər aidiyyəti məsələlər barədə suallara www.e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz. Müraciətinizdə qeyd olunan digər avadanlıqların əldə olunması ilə bağlı tərəfimizdən məlumatın verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.24-cü, 16.1.8-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, «Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara «Fərqlənmə nişanı» verilir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilmiş vergi və məcburi dövlət sosial sığorta haqqı onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsinin 221-ci maddəsi., "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

Ümumi qiymət: 0/50
Qiymət ver:

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi ödəyicisi elektron kabinetinə daxil olaraq məktubla tanış ola bilər.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

Ümumi qiymət: 5/51
Qiymət ver: