Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan hər iki halda fiziki şəxslərə icarə haqqını ödəyən vergi ödəyicisi (hüquqi şəxs) olduğu üçün icarəyə götürən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı və hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etəlidir.

Eyni zamanda, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Sorğunuzda qeyd olunan fiziki şəxs vergi uçotunda olduğundan, onun tərəfindən müvafiq icarə xidmətləri göstərildiyindən, həmin şəxs tərəfindən icarəyə götürən hüquqi şəxsə elektron qaimə-faktura verilməlidir. Həmin gəlirlərdən hüquqi şəxs tərəfindən ödəmə mənbəyində vergi tutulduğu üçün bir daha vergi hesablanmır.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin tələbinə əsasən, sorğunuzda qeyd olunan xərclərin müəssisənin gəlirindən çıxılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 71-ci, 99.3.3-cü, 109.3-cü, 124-cü maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, rezident hüquqi şəxsə bağışlanmış borc pul vəsaitləri onun gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək ümumi qaydada mənfəət vergisinə cəlb olunmalıdır.

Eyni zamanda, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci,104-cü, 105-ci və 121.1-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vətəndaşın xüsusi mülkiyyətində olan yaşayış sahəsinə əmlak vergisinin hesablanması zamanı ümumi sahəsinin (30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə Qazax şəhəri üzrə müəyyən olunan 0,2 manat vergi dərəcəsi tətbiq edilir ((60,3 – 30) x 0,2 = 6,06 manat) .

Eyni zamanda, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır və müraciətinizdə qeyd olunanlara əsasən, siz əmlak vergisindən azad edilirsiz. Güzəşt hüququnu təsdiq edən sənədi aidiyyəti bələdiyyəyə təqdim etməklə güzəştdən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci, 199.3-cü maddəsi.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi malların təqdim edilməsi hesab olunur və müraciətinizdə qeyd olunan halda, müəssisə ödəməli olduğu faizlərin  yerinə malları tədqim etdiyi üçün, həmin borcun dəyəri onun gəlirlərinə, təqdim olunan malların maya dəyəri isə xərclərinə aid edilir. Belə ki, Vergi Məcəlləsinin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət  qoyulmamışdır.

Həmçinin bildiririk ki, hüquqi və fiziki şəxslərə ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutularaq köçürülməli və bəyan edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 13.2.18-ci, 119.1.2-ci, 123-cü, 131-136-cı maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan və yeganə fəaliyyəti ictimai iaşə olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək üçün “İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməsi haqqında məlumat forması” ilə vergi orqanına müraciət edə bilərlər.  Bu halda yeganə fəaliyyəti ictimai iaşə  olan şəxslər bu fəaliyyət üzrə sadələşdirilmiş vergini 8 faiz dərəcə ilə hesablayırlar.

İctimai iaşə fəaliyyəti dedikdə fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti başa düşülür.

Qeyd olunan şərtlərə cavab verməyən (fəaliyyəti yalnız ictimai iaşə olmayan) və müvafiq Məlumat formasını təqdim etməyən vergi ödəyiciləri isə ƏDV qeydiyyatına durmaq öhdəliyi yarandığı dövrdən etibarən müvafiq ərizə ilə vergi orqanına müraciət edərək ƏDV ödəyicisi kimi ƏDV bəyannaməsini təqdim etməlidirlər.

Qeyd olunanlar, habelə vergi orqanına edilmiş müraciət barədə daha ətraflı məlumat üçün aidiyyəti üzrə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 155.1-ci, 218.1.2-ci və 220.1-1-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

“Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən müəyyən şərtlər nəzərə alınmaqla fiziki şəxsin şəxsi istehlakı üçün alınan malların güzəştli qaydada (gömrük ödənişlərini, yəni gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq ödənilmədən) gömrük sərhədindən keçirilməsi nəzərdə tutulur.

Həmin Qaydalarla tanış olmağınızı, aydın olmayan məqamlar barədə məlumatın alınması üçün aidiyyəti üzrə bu sahədə səlahiyyətli qurum olan Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsi 20.5-ci, 169.1-ci, 169.3-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi orqanlarının inzibati binasına gələrək şəxsən müraciət etməklə, poçt vasitəsilə müraciət etməklə, Nazirliyin Çağrı Mərkəzinə zəng etməklə və elektron xidmətlər vasitəsilə müraciət etməklə vergi orqanlarında qəbula yazıla bilərsiniz.

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxslərinin qəbul qarafiki, ünvan və telefon nömrələri haqda məlumat saytımızın “Əlaqə” bölməsinin "Qəbul qrafiki" altbölməsində yerləşdirilmişdir. Məlumatla buradan tanış ola bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 07 fevral  2017-ci il tarixli 1717040100179600 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında vətəndaşların qəbulu və vergi ödəyiciləri ilə fərdi görüşlərin keçirilməsi Qaydaları”.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, sorğunuzda göstərilən halda fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində muzdlu işlə əlaqədar əldə etdiyi gəlir himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.

Təsdiqedici sənədlər təqdim olunmayan dövr üzrə vergi güzəştinin nəzərə alınması isə vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 102.1.6-cı, 102.5-ci, 102.6-cı və 102.8-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 5/51
Qiymət ver:

İsmayilov Əsgər Hüseyn oğlunun (VÖEN 2004743552) vergi ödəyicisi kimi fəaliyyəti aktivdir və vergi borcu yoxdur.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi vergi uçotuna alınan zaman seçdiyi vergitutma metodundan asılı olaraq vergi orqanına hesabatlar təqdim etməlidir. Həmçinin vergi hesabatını və ya müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər hesabat üçün 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Qeyd olunanlarla bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Bu Qaydalar "Dövlət qulluğu haqqında Qanun"a, "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə uyğun olaraq hazırlanmışdır və dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması məsələlərini, müsabiqənin keçirilməsini, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin vəzifəyə təyin olunmasını və ehtiyat kadrlar siyahısına daxil edilməsini, ehtiyat kadrların idarə edilməsini və siyahıdan çıxarılmasını tənzimləyir.

Eyni zamanda, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasnamələrinin layihələrinin iki ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi haqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göstəriş verilmişdir.

Qeyd olunan layihələr Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra sorğuda qaldırılan məsələ barədə məlumat veriləcəkdir.

Ümumi qiymət: 4/51
Qiymət ver:

Bildiririk ki, gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.

Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Əvvəlki ildə gəlir vergisi ödəyicisi olmadığınız halda siz 151.5-ci maddədə nəzərdə tutulan qaydada, mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamaqla cari vergini hesablamalı və rüb başa çatdıqdan sonrakı ayın 15-dən gec olmayaraq bu barədə arayış təqdim etməlisiniz.

Cari vergi arayışının forması və doldurulması qaydası, eyni zamanda gəlir vergisi bəyannaməsinin forması və doldurulması qaydası ilə səhifəmizin “Bəyannamə” bölməsinin “Bəyannamə, hesabat və ərizə formaları” hissəsində tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-cü, 151-ci və 218.5.10-cu maddələri.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul” bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

 

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə əsasən, təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt olaraq ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir.

Məlumat üçün qeyd edək ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir.

- Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir;

-  Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir;

- Tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;

- natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; - təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri natura formasında ödənildiyi halda malı (işi, xidməti) təqdim edən şəxs üçün ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş malın (işin, xidmətin) dəyərinin naturada əldə edildiyi vaxtdır.

Əsas: Vergi Məcəlləsinin 166.1.3-cü maddəsi, Mülki Məcəllənin 372-ci və 373-cü maddələri.

Ümumi qiymət: 4/52
Qiymət ver:

Bildiririk ki, 2019-cu il yanvarın 1-dən 2022-ci il yanvarın 1-dək özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisi Vergi Məcəlləsinin 199.12-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində vergi ödəyicisinin ərizəsi əsasında qaytarılır və ya onun razılığı ilə sonrakı vergi öhdəliklərinin yerinə yetirilməsinə aid edilir.

Göründüyü kimi, azadolma ipoteka krediti ilə əldə olunmuş daşınmaz əmlaklara görə deyil, qeyd olunan tarixdə özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinə adi edilir.

Müraciətinizdə qeyd olunan digər məsələ ilə bağlı bildiririk ki, banklara ödənilən faizlərin vergisinin qaytarılması haqda müddəa vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

2016-cı ilin fevral ayının 1-dən etibarən 7 il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azad edilmişdir. Qeyd olunan güzəşt isə banklara qoyulmuş əmanətlər üzrə əldə olunan gəlirlərə şamil olunur.

Vergi qanunvericiliyi və inzibatçılığı barədə üzləşdiyiniz suallarla bağlı saytımızda (www.taxes.gov.az) yerləşdirilən məlumatlarla tanış ola, eyni zamanda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-ci və 199.12-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sahibkarların inzibati yükünün asanlaşdırılması üçün vergi ödəyiciləri və ictimaiyyət nümayəndələrinin təklifləri nəzərə alınaraq elektron qaimə- fakturanın 9 növü müəyyən edilmişdir. Əvvəlki qanunvericiliyə əsasən, malların geri qaytarılması zamanı malları təqdim edən şəxslər tərəfindən e-qaimənin dəqiqləşdirilməsi tələb olunurdu ki, bu da həmin şəxslərin buna əməl etmədiyi halda malları alan şəxslər üçün çətinlik yaradırdı, mal qalığı məlumatları uzlaşmırdı və bu, vergi orqanı ilə əlavə yazışmalara, vaxt və resurs itkisinə səbəb olurdu.

Qeyd olunan çətinliyin aradan qaldırılması məqsədilə e-qaimələrin çeşidlənməsi həyata keçirildi və malları geri qaytaran şəxslər malların geri qaytarılması e-qaiməsini tərtib edərək qarşı tərəfə göndərəcəklər. Bu halda məqsəd yalnız işin asanlaşdırılması deyil, eyni zamanda uçot sisteminin düzgünlüyünün təmin olunmasıdır.

Bununla belə, inzibatçılığın və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində əsaslandırılmış təkliflərinizi rəsmi qaydada Vergilər Nazirliyinə təqdim edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 4/51
Qiymət ver:

Gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.
Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
Cari vergi ödəmələri Vergi Məcəlləsinin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.
Arayış və arayışın doldurulması qaydası saytımızın “Bəyannamələr” bölməsində yerləşdirilmişdir.
 

Ümumi qiymət: 5/51
Qiymət ver: